AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“İkinci Dünya müharibəsində Azərbaycanın iştirakı tarixçi tələbələrin gözü ilə”

10.05.2024 12:14

Tarix və Etnologiya İnstitutunda Bakı Qızlar Universitetinin tələbələrinin iştirakı ilə konfrans keçirilib

May ayının 8-də AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “İkinci Dünya müharibəsində Azərbaycanın iştirakı tarixçi tələbələrin gözü ilə” adlı elmi konfrans keçirilib.

İclası açan institutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev konfransın mahiyyətindən danışıb.Qeyd edib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra İkinci dünya müharibəsinin tarixinin öyrənilməsinə maraq bir qədər azalmışdı. Bunun obyektiv səbəbləri var idi. Cəmiyyətdə sovet dövrünə münasibət birmənalı deyildi və bu dövrlə bağlı hər bir məsələni qaralamaq, orada ancaq qara səhifələr axtarmaq meyli var idi. Nəsillərin dəyişilməsinin və kütləvi şüurun sovet keçmişindən uzaqlaşmasının bu prosesə böyük təsiri olmuşdu. Azərbaycanın gənc nəsli üçün İkinci dünya müharibəsi artıq uzaq keçmiş idi.

Onların yaddaşında bu dövr müharibəni görmüş və ondan əziyyət çəkmiş insanlardakı kimi emosional iz qoymamışdır.

İ.Niftəliyev qeyd etmişdir ki, müasir Vətən tarixşünaslığında Azərbaycanın İkinci dünya müharibəsində iştirakı əsas üç istiqamətdə tədqiq olunur: Birincisi, vaxtilə qizli saxlanılmış arxiv sənədlərinin çap olunması sayəsində problemin mənbəşünaslıq bazası genişlənir; İkincisi, Azərbaycanın müharibədə iştirakı ilə bağlı sovet tarixşünaslığında araşdırılmış mövzular yenidən nəzərdən keçirilir; Üçüncüsü, problemin tədqiqat sahəsi genişlənir, əvvəllər üzərlərində qadağa qoyulmuş mövzular araşdırılır və müharibə dövrü ilə bağlı tariximizin "ağ ləkələri" silinir.

“Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru İkram Ağasiyev “İkinci dünya müharibəsi və müasir dünya” adlı məruzə ilə çıxış edib.

XX əsrdə bəşəriyyətin üzləşdiyi dünya müharibələrinin, o cümlədən İkinci dünya müharibəsinin tarix elmi müstəvisində düzgün qiymətləndirilməsinin aktuallığına toxunub, xüsusi ilə gənc tarixçilərin həmin faciələrə obyektiv qiymət verməsinin vacibliyinə diqqəti çəkib.

Tədbirdə tələbələr Mustafayeva Aygün Fazil qızı “Azərbaycan faşist Almaniyasının planlarında ”, İbrahimova Maya Naməddin qızı “Azərbaycanın milli diviziyaları İkinci dünya müharibəsi illərində”, Həsənzadə Ülviyyə Vüqar qızı “Azərbaycan qadını ikinci dünya müharibəsi illərində”, Aslanova Lalə İlqar qızı “İkinci dünya müharibəsi illərində azərbaycanlıların partizan hərəkatında iştirakı”, Mikayıllı Vəfa Muxtar qızı “Azərbaycanlıların Avropada antifaşist hərəkatında iştirakı”, Əliyeva Səyyarə Əlbəndə qızı “Azərbaycan milli legionları İkinci dünya müharibəsi illərində”, Dəmirova Sima Müşfiq qızı “ İkinci dünya müharibəsi illərində SSR-nin qələbsində Bakı neftinin rolu”, Xəlilova Əlvan Natiq qızı “Azərbaycan kəndi İkinci dünya müharibəsi illərində”, Tağıyeva Nəzrin İmran qızı “İkinci dünya müharibəsi illərində Azərbaycan generalları”, Quliyeva Ləman Əbəlfəz qızı “Azərbaycan Sovet İttifaqı qəhrəmanları” adlı məruzələrlə çıxış ediblər.

Sonda maraqlı müzakirələr aparılıb, gəlinən ən mühüm qənaət bu olub ki, siyasətçilər, dövlət xadimləri, tarixçilərlə yanaşı, gənc nəsillər tarixi dərindən öyrənməlidir, obyektiv qiymətləndirməlidir, bu, keçmişin dərslərindən düzgün nətəcə çıxarmağa, gələcəkdə faciələrdən qorunmağa imkan verə bilər.

________-

İctimaiyyətlə əlaqələr şöbəsi

 

 

Paylaş: