10.05.2024 21:36
Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq məhz professor Kərim Şükürov tərəfindən İran və Rusiya imperiyası arasında əhalinin miqrasiyasının hüquqi-siyasi məsələləri, miqrantların dinamikası və yerləşməsi məsələləri, əhalinin öyrənilməsinin mənbələri və tarixşünaslığı, Azərbaycanın tarixi demoqrafiyası tədqiq edilib.
Kərim Şükürov 1956–cı il may ayının 10–da Bərdə rayonunda anadan olub. 1962–ci ildə Bərdə şəhər 1 № li orta məktəbin birinci sinfinə gedib, 1972–ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1977–ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurub. 1977-1980-ci illərdə Bərdə şəhər 1 № li orta məktəbində müəllim, direktor müavini, Bərdə rayon komsomol komitəsinin ikinci katibi işləyib. Bərdə şəhər sovetinin deputatı seçilib.
1980–ci ilin sentyabrında BDU-nun aspiranturasına (istehsalatdan ayrılmaqla) daxil olub, eyni zamanda universitetdə pedaqoji fəaliyyətə başlayıb. 1983–cü ildə aspiranturanı bitirdikdən sonra universitetə müəllim təyin olunub. Əvvəlcə (1983-1989) SSRİ tarixi (oktyabra qədərki dövr), sonra (1989-cu ildən) Azərbaycan tarixi kafedrasında pedaqoji fəaliyyətini davam etdirib. Azərbaycanın tarixi demoqrafiyası Elmi-Tədqiqat laboratoriyasının təşkilatçılarından olub, ona rəhbərlik edib. Hazırda AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktorudur.
Kərim Şükürov 1984-cü ildə namizədlik (fəlsəfə doktoru), 2007-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. On bir kitab və monoqrafiyanın, yüzdən çox məqalənin müəllifidir. “Azərbaycan əhalisi haqqında ədəbiyyat. Biblioqrafik göstərici.” (Bakı, 1994), “Türk xalqları XVI-XX yüzilliklərdə: say dinamikası (Çar Rusiyası və Sovetlər İttifaqı üzrə)” (Bakı, 1997), “Azərbaycan tarixi. Üç hissədə”, I-II hissələr (Bakı, 1994-2004), “Azərbaycan əhalisi: öyrənilməsi tarixi və qaynaqları (qədim zamanlardan müasir dövrədək)” (Bakı, 2004), “Türkmənçay – 1828. Tarixi xronika” (Bakı, 2006), “Qarabağ: real tarix, faktlar və sənədlər” (Bakı, 2005, Yaqub Mahmudovla birgə), “Naxçıvan: tarixi və abidələri”, (Bakı, 2007, Y. Mahmudovla birgə) kitabları çap edilib.
Kitab və məqalələri Azərbaycan dili ilə birgə rus, ingilis, alman, ərəb və fars dillərində nəşr edilib.
Respublika elmi konfransları ilə birgə Ankara (1994, 1997), Lefkoşa (1995), Praqa (1996, 1999), Naxçıvan (2006), Bakı (2007), Qars (2007), Berlin (2008) və başqa beynəlxalq konfranslarda da iştirak edib.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və Siyasi elmlər üzrə Ekspert şurasının və AMEA-nın Tarix və Etnologiya İnstitutunun Elmi Şurasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 25 may 2012-ci il tarixli Sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərin müəlliflərindən biri kimi, Kərim Kərəm oğlu Şükürova 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatı verilib.
Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının qərarı ilə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomu və fəxri döş nişanı təqdim edilib.