AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycanın milli dövlətçilik tarixində Cümhuriyyətin yeri

27.05.2024 11:42

24 may 2024-cü il tarixində AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Azərbaycan Cümhuriyyətinin 106-cı ildönümünə həsr olunmuş “Azərbaycanın milli dövlətçilik tarixində Cümhuriyyətin yeri” adlı dəyirmi masa keçirilib.

İnstitutun elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev billdirib ki, bu gün müstəqil respublikamız 106 il əvvəl təməli qoyulan milli və demokratik dövlət quruculuğu ənənələrinə sadiqlik nümayiş etdirir, onları yeni mütərəqqi çalarlarla daha da zənginləşdirir : “Müstəqil milli dövlətə sahib olmaq hər bir xalqın ən böyük uğuru və tarixi nailiyyətidir. Şərqin ilk demokratik respublikası olan AXC türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşüb.Cəmi 23 ay mövcud olmasına baxmayaraq, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın zəngin dövlətçilik tarixində çox mühüm bir mərhələni təşkil edir”.

Tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı “Azərbaycan Cümhuriyyətin yaranışının əks-sədası” adlı məruzə ilə çıxış edərək deyib ki, 1918-1920-ci illər Azərbaycan dövlətçilik tarixində mühüm mərhələ sayılır. Bu illərdə Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik dövlətçiliyi milli dövlət formasında yenidən bərpa edilib: “28 May İstiqlalının elanı Şərq aləmində və türk dünyasında yeni, demokratik prinsiplərə söykənən bir dövlətin qurulduğunu xəbər verib. Rusiya əsarətində yaşayan türk xalqları arasında azadlıq bayrağını ilk dalğalandıran Azərbaycan olub. Məhəmməd Əmin Rəsulzadə 28 May İstiqlalını mühüm hadisə adlandıraraq yazırdı: “O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən millət olaraq dövlət qurmuş və bu dövlətin istiqlalı uğrunda bütün mövcudiyyəti ilə meydana atılmışdır””.

Tarix üzrə fəlsəfə doktoru dosent Natiq Məmmədzadə “Azərbaycan Cümhuriyyətinin siyasi sisteminin özəllikləri” adlı məruzə ilə çıxış edib: “Azərbaycan Xalq Cümhuriyyətinin siyasi sisteminin formalaşdırılması, təbii ki, dövlət quruculuğunun özü ilə bağlı bir proses idi. Siyasi sisteminə görə AXC klassik parlament respublikası idi, hökumət, yəni ali icraedici qurum, ali qanunverici qurum qarşısında cavabdehlik daşıyırdı. Bu İstiqlal bəyannaməsinin 6-cı bəndində öz əksini tapıb: “Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai Milli və Şurai-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur”. İstənilən halda ən mühüm fakt və nəticə ondan ibarətdir ki, AXC liderləri demokratik siyasi sistemə dövlət yaratdılar”.

Tədbirdə məruzələr ətrafında müzakirələr aparılıb.

_____________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

Paylaş: