AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Abbasqulu ağa Bakıxanov- 230

13.06.2024 09:32

12 iyun 2024-cü il tarixində Tarix və Etnologiya İnstitutunda A.A Bakıxanovun anadan olmasının 230 iliyinə həsr edilmiş dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru Kərim Şükürov bildirib ki, sonuncu Bakı xanlarından olan Mirzə Məhəmmədin ailəsində 1794-cü il iyunun 21-də dünyaya göz açan Abbasqulu ağa mükəmməl təhsil alıb, onun dünyagörüşünün zənginləşib formalaşmasında isə həyatının Tiflis dövrü böyük rol oynayıb. Qafqazdakı rus qoşunları baş komandanının dəftərxanasında çalışan, bir çox Şərq dillərini mükəmməl bilən A.A.Bakıxanov rus-qacar, rus-osmanlı müharibələrinin gedişində rusların işğal etdikləri şəhərlərdə ələ keçirildiyi məscid, məqbərə kitabxanalarının, Batumun Cümə məscidinin kitabxanasının, Ərdəbildəki məşhur Şeyx Səfi kitabxanasının siyahılarını tərtib edərkən Şərq və Qərb qaynaqları ilə tanış olub. Şair və tərcüməçi Abbasqulu ağa Bakıxanov Azərbaycanda elmi tarixşünaslığının əsasını qoyub, “Qüdsi” təxəllüsü ilə Azərbaycan, fars və ərəb dillərində klassik şərq poeziyasının müxtəlif janrlarında bədii əsərlər yazıb-yaradıb.

Professor Hacı Həsənov “Azərbaycan tarixşünaslığının inkişafında Bakıxanov mərhələsi” mövzusunda çıxış edərək söyləyib ki, XIX əsrdə Azərbaycanda yerli tarixçilər və salnaməçilərin bütöv bir nəsli yetişib, onlardan hər biri milli tarixşünaslığımızın inkişafına öz töhfəsini verib. Lakin təkzibolunmaz həqiqətdir ki, XIX əsrin birinci yarısında Azərbaycan tarixi üzrə ən mükəmməl əsəri Abbasqulu ağa Bakıxanov yazıb. Abbasqulu ağa Azərbaycan tarixşünaslığına yeni nəfəs gətirib, Azərbaycan tarixşünaslığında zəngin qaynaqlara, mötəbər mənbələrə əsaslanaraq, Avropa və Rusiya tarixşünaslığının ənənələrindən bacarıqla bəhrələnərək yeni tarixşünaslıq məktəbinin bünövrəsini qoyub. Azərbaycan tarixçilərinin fikrincə, onun elmi yaradıcılığının zirvəsi “Gülüstani-İrəm”dir. Əsər ilk məxəzlər əsasında, müəllifin uzun illər apardığı ciddi tədqiqatın nəticəsində yazılıb. Müəllif özü müraciətnamələrində əsər haqqında “mənim uzun illər zəhmətinin məhsuludur” - deyə vurğulayıb. Abbasqulu ağa Bakıxanov yığcam, lakin dolğun məzmunlu müqəddimədə tarix elminə qısa tərif verir, onu cəmiyyət və xalq üçün ən faydalı elmlərdən sayır. Tarixə çox ciddi elmi tələblər baxımdan yanaşan müəllif bəşəriyyətin keçmiş həyatını təcrübə adlandırır, həyatı yaxşı qurmaq üçün bu təcrübədən istifadə etməyi lazım bilir.

Tarix və Etnologiya İnstitutunun “Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Şahin Fərzəliyev “A.A Bakıxanovun bədii yaradıcıllığının başlıca xüsusiyyətləri barədə” adlı məruzə ilə çıxış edərək deyib ki, Abbasqulu ağa Bakıxanov klassik Azərbaycan poeziyasının sirlərinə bələd olan şair kimi tanınıb, “Qanuni-Qüdsi”, “Əsrarül-mələkut”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri ilə böyük şöhrət qazanıb. Professor Şahin Fərzəliyev Azərbaycan tarixşünaslığında Bakıxanovun rolundan danışaraq bildirib ki, Abbasqulu ağa ensiklopedik biliyə malik mütəfəkkirlərdən biridir. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri onun hərtərəfli biliyə malik alim olduğunu göstərir.

Daha sonra aparıcı elmi işçi, dosent Sevinc Mustafayeva “A.A Bakıxanovun elmi yaradıcılığı haqqında”, aparıcı elmi işçi, dosent Ramil Niftəliyev “XIX əsrdə Bakıxanovlar ailəsinin həyat və fəaliyyəti haqqında bəzi maraqlı məlumatlar” mövzusunda çıxış ediblər.

Tədbirdə Abbasqulu ağa Bakıxanovun Rusiya və Avropa ilə yaxından tanış olması, “Gülüstan” adlı elmi-ədəbi məclis təşkilatçısı, “Divani-hikmət” adlı ədəbi məclisin iştirakçısı olması kimi maraqlı tarixi-ədəbi məsələlər haqqında müzakirələr aparıldı.

_____________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

Paylaş: