27.06.2024 10:20
Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən institutun elmi katibi,tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyev bildirib ki, 26 iyun günü Azərbaycan tarixi, dövlətçiliyi tarixi baxımdan mühüm əhəmiyyət daşıyır, məhz həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə ilk hərbi hissə-Əlahiddə Azərbaycan korpusu yaradılıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Sərəncamla 26 iyun tarixi, yəni Əlahiddə Azərbaycan korpusunun yaranma günü Azərbaycan Silahlı Qüvvələri Günü elan edilib.
Azərbaycan ordusu həm 1918-1920-ci illərdə, XX əsrin sonuncu onilliyində qanlı- qadalı döyüş yolu keçib, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda minlərlə hərbçimiz şəhid olub. 2020-ci il Vətən müharibəsi, eləcə də 1923-cü ilin 19-20 sentyabr antiterror əməliyyatı nəticəsində Ermənistanın işğalçılığına son qoyulub, erməni seperatizmi darmadağın edilib.
“Azərbaycan Cümhuriyyət tarixi” şöbəsinin müdiri, t.ü.f.d., dosent Kamran İsmayılov “Azərbaycan Cümhuriyyəti ordusunun döyüş yolu” mövzusunda çıxış edərək söyləyib ki, 1918-ci il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. 26 iyun isə tariximizin əlamətdar səhifələrindən biri - Azərbaycan Milli Ordusunun yarandığı gündür. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürülüb, 2018-ci il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olunub. K.İsmayılov vurğulayıb ki, 1918-ci ilin iyul-sentyabr ayları Qafqaz İslam Ordusu və Azərbaycan Ordusunun əməliyyatları nəticəsində Bakı daşnak-bolşevik-sentrokaspi işğalından azad edilib, ikincisi, cənubda əvvəlcə Denikin ordusu, sonra da Sovet Rusiyası tərəfindən dəstəklənən rus-kazak hərbi hissələri dağıdılıb, 1920-ci ilin yaz aylarında Qarabağ hərəkatı uğurlar nəticələnib, yekun olaraq 1920-ci il aprelin 15-də Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib.
Aparıcı elmi işçi, t.ü.f.d. Mübariz Ağalarlı “Azərbaycan hərb tarixinin humanitar aspektləri və İkinci Qarabağ müharibəsi” mövzusunda çıxış edərək deyib ki, İkinci Qarabağ savaşında şanlı ordumuz ədalətlilik prinsipi, beynəlxalq hüquq normaları və humanitar qanunlara söykənərək, müharibə qanunlarına riayət etmiş, beynəlxalq hüququn bütün prinsiplərinə hörmətlə yanaşıb : “44 günlük Vətən müharibəsi çərçivəsində Azərbaycan dövləti, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini (822, 853, 874, 884) və BMT-nin sülhməramlı missiyasının sülhə məcbur etmə prinsipini əsas götürərək beynəlxalq humanitar qaydalar çərçivəsində erməni işğalçılarına qarşı zəfər yürüşü həyata keçirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya dövlətlərinə müraciətində bildirib ki, “Ermənistan öz terrorçu mahiyyəti ilə Cənubi Qafqazda potensial təhlükə mənbəyidir”. Azərbaycan Prezidentinin qətiyyətlə söylədiyi bu fikirlər, erməni dövlətinin və erməniçiliyin istər ideoloji-mənəvi, istərsə də hərbi-siyasi təsisatlarının terrorçu mahiyyətini bir daha üzə çıxarır.
Böyük elmi işçi Aygün Əzimova “Azərbaycan ordusunun təşəkkül tarixi və Şəmkir hadisələri” mövzusunda danışaraq 1917-ci il Qafqaz Müsəlman Qurultayı, Zaqafqaziya Seymi çərçivəsində müsəlmanlardan ibarət könüllü hərbi birləşmələrin yaradılması barədə qərarlar haqqında məlumat verdi, ermənilər və gürcülərdən fərqli olaraq azərbaycanlılardan ibarət hərbi hissələrin yaradılmasının ciddi çətinliklərlə üzləşdiyini faktlarla izah etdi. Qafqaz cəbhəsindən geri çəkilən rus qoşunlarını tərksilah məqsədi ilə Şəmkir dəmiryolu stansiyası keçirilən əməliyyatda iştirak edən qüvvələrin rolu, həmin dövrdə hərbi işin təşkilində böyük çətinliklərin olduğunu vurğulayıb.
Elmi işçi Lamiə Sultanova “Səməd bəy Mehmandarov və Azərbaycanın müstəqilliyi məsələsi” adlı çıxışında Azərbaycanın böyük sərkərdəsi S. Mehmandarovun Azərbaycanda ordu quruculuğunda rolu, fəaliyyəti barədə məlumat verdi.
Aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadə “Azərbaycan Xalq Cümhuriyyətinin Qarabağ zəfəri” adlı məruzə ilə çıxış edərək deyib ki, Cümhuriyyətimiz yarandığı ilk gündən Ermənistanın hücumlarına məruz qalıb, Azərbaycan Ordusunun Qafqaz İslam Ordusu ilə birgə Bakını 1918-ci ilin sentyabrında işğaldan azad etməsi, 1920-ci ilin aprelin baş vermiş Qarabağ hərəkatı Azərbaycanın böyük hərbi zəfərləri idi. Hətta general Həbib bəy Səlimovun 1920-ci il aprel ayının 27-də baş nazirə göndərdiyi teleqramda Zəngəzurun azad edilməsinin vacib olduğu, Azərbaycan ordusunun bu vəzifənin öhdəsindən gəlməyə hazır olduğu bildirilirdi, lakin bolşevik işğalı bu planın yarımçıq qalmasına gətirib çıxardı. N.Məmmədzadənin fikrincə, ordumuzun 1920-ci ilin aprel zəfəri Qarabağın “de fakto” və “de yure” Azərbaycanın tərkib hissəsi olaraq qalmasını təmin edib, müasir dövrdə isə Azərbaycan Ordusu tarixi varisliyə sahib çıxaraq ərazi suverenliyimizi tam təmin edib.
__________________________________________
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi