AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“15 sentyabr 1918-ci il dönümü: Azərbaycan tarixində yeri və əhəmiyyəti”

13.09.2024 20:29

13 sentyabr 2024-cü il tarixində AMEA A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Bakının azad edilməsinin 106-cı il dönümünə həsr olunmuş “15 sentyabr 1918-ci il dönümü: Azərbaycan tarixində yeri və əhəmiyyəti” adlı dəyirmi masa keçirilib.

 

Tarix elmləri doktoru, dosent Vasif Qafarov “Bakının azad olunması uğrunda diplomatik mübarizə”, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Məmmədzadə “Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ilə Osmanlı hərbi komandanlığı arasında münasibətlər”, tarix elmləri doktoru, dosent Vaqif Abışov “15 sentyabr Bakının azad edilməsi bolşevik-daşnak siyasətinin iflası kimi”, böyük elmi işçi Aygün Əzimova “Bakı uğrunda mübarizədə ingilis amili”, elmi işçi Lamiə Sultanova “Bakı şəhərinin azad edilməsi üçün göstərilən ilk cəhdlər” adlı məruzələrlə çıxış edərək Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsinin tarixi, siyasi, eləcə də geosiyasi əhəmiyyətindən danışıblar.

 

Çıxışlarda qeyd olunub ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycanın Əlahiddə Müsəlman Korpusu Bakını daşnak-bolşevik işğalından azad edib. 1918-ci ilin sentyabrında Bakının azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bakının işğaldan azad edilməsi ilə Azərbaycanın müstəqilliyi təmin olunub, bu zəfər tarixi-siyasi və mənəvi-psixoloji əsaslara söykənməklə Türkiyə-Azərbaycan qardaşlığının rəmzinə çevrilib.

Dəyirmi masada bildirilib ki, Bakının daşnak-bolşevik işğalı altında olması yenicə istiqlaliyyətini elan etmiş Azərbaycan Cümhuriyyətinin mövcudluğuna ciddi təhdid idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. Özünün çox ağır durumuna baxmayaraq Osmanlı dövləti qardaş Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərib, bu ordu öz tarixi vəzifəsini şərəflə yerinə yetirib.

 

 Sentyabrın 15-də şərəfli missiyasını uğurla başa çatdıraraq Bakını işğalçılardan təmizləməklə Azərbaycan dövlətçiliyinə qardaş töhfəsini verib, xalqımızı darda qoymayıb.

______________________________

İctimaiyyətlə əlaqələr şöbəsi

???? info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: