18.10.2024 15:26
Tədbirdə dövlət himnimiz səsləndirilib, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasına həsr olunmuş videoçarx nümayiş olunub.
İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev xalqımızın tarix boyu azadlıq, müstəqillik uğrunda fədakarcasına mübarizə apardığını, XX əsrin əvvəllərində cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm rol oynadığını, cümhuriyyətin ömrünün qısa olmasına baxmayaraq müstəqillik ideyasının ictimai şüurda kök saldığını vurğuladı. XX əsrin sonunda, 1991-ci il oktyabr 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu ilə yeni dönəmin başladığını vurğulayan direktor müavininin sözlərinə görə, dövlət müstəqilliyimizin bərpası ilə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli də olsa mövcudluğu dərin məna kəsb edib, böyük anlam qazanıb.
Dəyirmi masada “Azərbaycan Respublikasının tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru Mais Əmrahov “18 oktyabra aparan yol. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktının qəbulu” adlı məruzə ilə çıxış edib. Dövrün siyasi-sosial proseslərini təhlil edən şöbə müdiri Mais Əmrahov Konstitusiya Aktı haqqında geniş məlumat verib. Professor deyib edib ki, 1991-ci il oktyabrın 18-də XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olunub.
6 bölmə, 32 maddədən ibarət olan Konstitusiya aktında yazılıb ki, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal bəyannaməsini qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəldib. Azərbaycan Respublikasının Ali Soveti 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlal bəyannaməsini, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsini rəhbər tutaraq konstitusiya aktını qəbul edib. Prof. M. Əmrahov Konstititusiya Aktının hər bir bəndi haqqında geniş məlumat verib, XX əsrin sonuncu onilliyində Azərbaycan xalqının üzləşdiyi fəlakətlər, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, döyüş meydanındakı uğursuzluqlar, nəticəsiz danışıqlar və s. tarixi-siyasi proseslər, eləcə də Birinci Qarabağ müharibəsi dövründəki ictimai-siyasi vəziyyət haqqında danışıb.
Tədbirdə institutun elmi işçisi Gülşən Kəngərlinskaya “18 oktyabr- Müstəqil Azərbaycanın mədəniyyətinin inkişafında yeni mərhələnin başlanması” və aparıcı elmi işçi, t.ü.f.d. Gülnaz Mahmudova “Azərbaycanın ali təhsil sahəsində islahatlar (1993-2003-cü illərdə)” adlı məruzələrlə çıxış ediblər.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir