AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“İnformasiya mədəniyyəti millətin inkişaf səviyyəsini xarakterizə edən ən mühüm inteqral göstəricidir”

23.10.2024 16:46

Oktyabr ayının 23-də AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda AMEA-nın vitse-prezidenti , Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevlə görüş keçirildi.

Tədbiri giriş sözü ilə açan Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov bildirdi ki, müasir dövrdə İnformasiya Texnologiyaları İnstitutu Azərbaycanın “Silikon vadisi” hesab olunur, uğurları ilə diqqətəlayiq yer tutur. Bu yaxınlarda Stenford Universiteti süni intellekt sahəsində dünya reytinqini açıqlayıb, İnformasiya Texnologiyaları İnstitutu həmin reytinq cədvəli üzrə böyük irəliləyiş əldə edib.

Professor Kərim Şükürov “25 oktyabr- İnstitut günü” çərçivəsində keçirilən tədbirin əlamətdar dövrə təsadüf etdiyini, 89 il əvvəl yaradılmış Tarix İnstitutunun əvvəlki onilliklərin müsbət irsini davam etdirdiyini, müasir sosial və elmi çağırışlara cavab verdiyini bildirdi. Hazırda institutda “Azərbaycan tarixi” bircildlyi üzərində iş görüldüyünü xatırladan professor Kərim Şükürov Tarix və Etnologiya İnstitutunun İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlığı davam etdirməyə, müxtəlif əməkdaşlıq layihələrinin həyata keçirilməsində maraqlı olduğunu açıqladı.

“Azərbaycanda informasiya mədəniyyətinin təşəkkülü və təkamülü tarixinin araşdırılması zərurəti” mövzusunda çıxış edən AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev xatırlatdı ki, 2023-cü il oktyabr ayının 23-də İnformasiya Texnologiyaları İnstitutu ilə Tarix və Etnologiya İnstitutu Heydər Əliyevin 100 illiyi ilə bağlı konfrans keçirib, ümummilli liderin birinci və ikinci hakimiyyətləri dövründə ölkədə informasiya texnologiyalarının inkişafı müzakirə edilib, çıxışlar söylənilib. Akademik vurğuladı ki, qlobal, regional və ölkədə gedən proseslər informasiya texnologiyaları sahəsinə yeni baxışın yaranması zərurətini ortaya çıxarıb.

XXI əsrdə qlobal informasiya cəmiyyətinin strateji potensialının artdığına diqqəti çəkən AMEA-nın vitse- prezidenti “Tarix və informasiya” başlığı altında informasiya mədəniyyətinin formalaşması prosesinin əsas hədəfləri , informasiya inqilabları, informasiya inqilablarının motivasiyaları, informasiya mədəniyyətinin təkamülü, informasiya iqtisadiyyatı, informasiya müxtəlif elm sahələrinin tədqiqat obyekti kimi, informasiyanın emalı üsulları, alətləri və texnologiyalarının təkamülü, informasiyanın mühafizəsi, informasiyanın paylanması, yayılması kimi məsələləri geniş izah etdi.

Azərbaycanda informasiya mədəniyyətinin təşəkkülü və təkamülü tarixinin araşdırılması elmi probleminə diqqəti çəkən akademik Rasim Əliquliyev tarix və informasiya çərçivəsində tədqiqat mövzuları, beynəlxalq təcrübə, tədris və araşdırmalar haqqında danışdı. “Artıq yeni sosio-mədəni cəmiyyətə inteqrasiya olunmuşuq, internet yeni virtual cəmiyyət formalaşdırıb”- deyən akademik Rasim Əliquliyev bildirdi ki, müasir bəşəri çağırışlara cavab vermək üçün rəqəmsal transformasiya vacibdir.

Rəqəmsal tarix və tarixi informatika çərçivəsində miltidissiplinarlığa geniş yer ayıran Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev tarixi araşdırmalarda informasiya texnologiyalarının tətbiqi problemlərinə toxundu, ali məktəblərdə “rəqəmsal tarix” və “tarixi informatika” fənnlərinin tədris olunmasını, dərsliklərin hazırlanmasını və xarici ədəbiyyatların tərcümə olunmasını, eləcə də tarixi informatika sahəsində multidissiplinar tədqiqatlar aparılmasını vacib saydı. AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev çıxışını “İnformasiya mədəniyyəti millətin inkişaf səviyyəsini xarakterizə edən ən mühüm, ən informativ inteqral göstəricidir” fikirləri ilə bitirdi. Dəyirmi masa institut əməkdaşlarının sualları, müzakirələrlə davam etdi.

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

???? info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

Paylaş: