AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Xronika: "Azərbaycanlıların torpaqlarını erməniyə vermək üçün qurulan məhkəmə oyunu"

28.10.2024 13:32

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Xristianlıq dövrü abidələrimizə sahib çıxa bilmədik deyə, ermənilər öz adlarına çıxardılar" adlı veriliş efirə gedib.

Verilişdə tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov hayların 19-cu əsrdə Qərbi Azərbaycana köçürülməsindən sonra Azərbaycan mülkədarlarına məxsus torpaqların məhkəmə qərarları ilə əllərindən alınıb ermənilərə verilməsindən bəhs edib.

O bildirib ki, çar Rusiyası erməniləri Azərbaycanın xəzinə torpaqlarında yerləşdirmək adı ilə o vaxt saxta məhkəmələr qurub. Bununla da Azərbaycan mülkədarlarının torpaqlarını erməniyə vermək üçün böyük məhkəmə oyunu başlayıb. Azərbaycanlı torpaq sahibləri illərlə müqavimət göstərsə də, rusların məhkəmə sistemi daim ermənilərin xeyrinə qərarlar çıxarıb. Köçürülən ermənilərin torpaq tutmaq hiyləgərliyinə çar hakimiyyəti dəstək göstərib. Elə vəziyyət yaranıb ki, 12 il davam edən prosesdə məhkəmə sübut tapa bilməyib, əsas olmadan Azərbaycan mülkədarının əleyhinə qərarlar çıxarıb. Hətta ruslar köçürülən ermənilərə Azərbaycan əhalisini talayıb, dolanışıq qurmaq göstərişi də veriblər".

Onun sözlərinə görə, İrandan Dərələyəz mahalına köçürülən erməniləri rusların başqa adla təqdim etmək cəhdini Həsənalı Sultan ifşa edib: "Rus işğalından qorunmaq üçün Cənubi Azərbaycana keçən azərbaycanlıların evlərinə qanunsuz yolla ermənilər yerləşdirilirdi".

B.Həsənov bəzi qaranlıq məqamlara da aydınlıq gətirib və bildirib ki, Qərbi Azərbaycanda 200-dən çox məscidin olmasını sübut edən sənədlər var: "Xristianlıq dövrünə aid abidələrimizə sahib çıxa bilmədiyimiz üçün ermənilər həmin abidələri öz adlarına çıxardılar".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Paylaş: