AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunda Birinci Dünya müharibəsinin 110 illiyi qeyd edilib

27.11.2024 16:19

27 noyabr 2024-cü il tarixində AMEA A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “BİRİNCİ DÜNYA MÜHARİBƏSİNİN YAXIN ŞƏRQ VƏ QAFQAZ MEYDANI: OSMANLI DÖVLƏTİNİN SAVAŞA QATILMASININ 110 İLLİYİ” adlı konfrans keçirilib.

Giriş sözü ilı çıxış edən institutun elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev bildirib ki, Birinci Dünya müharibəsinin başlamasından 110 il ötür.Bu savaş bəşəriyyət tarixində İkinci Dünya müharibəsinə qədərki ən böyük müharibədir. 28 iyul 1914-11 noyabr 1918 illərini əhatə edən müharibənin adı İkinci Dünya müharibəsinin başlanmasından sonra istifadə edilməyə başlanıb.

Bu müharibəyə iki alyansda birləşən, dünyanın ən böyük güc mərkəzləri qoşulmuşdu. Azərbaycan da Birinci Dünya müharibəsinə cəlb olunmuşdu. Bu Şimali Azərbaycanın müharibə edən Rusiya imperiyasının tərkibində olması və müharibə edən dövlətlərin ona dair planları ilə əlaqədar idi. Belə ki, çox əlverişli coğrafi mövqedə yerləşən və öz yeraltı, yerüstü sərvətləri ilə seçilən Azərbaycan iri dövlətlərin maraq dairəsində idi. Dövrün ziddiyyətlərinin kəskinləşməsinə, хаlqın həyаtındа аğır izlər burахmаsınа bахmаyаrаq, I Dünyа mühаribəsi аzərbаycаnlı hərbçilərin fоrmаlаşmаsındа dаhа bir sınаq mеydаnı оldu. Azərbaycanda müharibə ilə bağlı Rusiya mərkəzi hakimiyyət dairələrinə həm siyasi, həm mənəvi, həm də ictimai-xeyriyyə dəstəyi göstərilirdi. Azərbaycan da Rusiyanın tərkib hissəsi kimi, müharibə dövrünün qayğıları ilə yaşayırdı və həm Bakı, həm Yelizavetpol (Gəncə), həm də digər şəhərlər müharibə dövrünün şəhərlərinə çevrilmişdilər. Bəzi məlumаtlаrа görə, I Dünyа mühаribəsi cəbhələrində 200-ə qədər аzərbаycаnlı zаbit хidmət еdirdi. Lazımi statistika olmadığı üçün onların sayının daha çox olduğu ehtimal edilsə də, hər halda bu zabitlərin hаmısının хidmət yоlunu izləmək mümkün dеyil. Lаkin əldə оlаn fаktlаr аzərbаycаnlılаrın hərbi istеdаdını və bаcаrığını bir dаhа nümаyiş еtdirir.

Daha sonra t.e.d., professor İradə Bağırova “I Dünya müharibəsində iki hərbi blokun qarşıdurmasında Osmanlı dövlətinin yeri və rolu” adlı məruzə ilə çıxış edib.

   1914-cü ilin iyulun 28-də bəşəriyyət tarixində öz miqyası və qurbanlarına görə o vaxtadək misli görünməmiş müharibə - Birinci dünya müharibəsi  başlandı. Peşəkar orduların müharibəsi kimi başlayan bu savaş xalqların müharibəsinə çevrildi və imperiyaların süqutu, vətəndaş müharibələri ilə başa çatdı ki, bu da bütün XX əsrin tarixini müəyyənləşdirdi. Osmanlı dövləti bu müharibədə həm qalib, həm də məğlub olan bir çox ölkənin taleyini bölüşdü.
   Osmanlı dövləti Fransaya, İngiltərəya, sonra isə hətta Rusiyaya da hərbi-siyasi ittifaq təklif etsə də, Türkiyəni parçalamaq istəyən bu dövlətlərin heç biri “gənc türklərin” təklifini qəbul etmədi. Nəhayət Ənvər paşanın təsiri altında Almaniya ilə hərbi ittifaq quruldu. Alman kapitalının planlarında  Cənubi Azərbaycanda da Bağdad dəmir yolunun bir qolu olacaq Bağdad-Həmədan-Tehran xəttinin hazırlanmış layihəsi böyük yer tuturdu. Türkiyənin müharibəyə girməsi Almaniyanın mənafeyinə həm də ona görə cavab verirdi ki, rus ordusunun xeyli qüvvəsini Qafqaz cəbhəsinə cəlb etməklə almanların Avropa cəbhələrindəki hərəkətini asanlaşdırırdı. Rusiyanın ekspansionist planları heç kimdə şübhə doğurmurdu.
Osmanlı dövləti bu savaşda bir sıra döyüşlərdə qalib gəlməsinə baxmayaraq, nəticə etibari ilə uduzmuş tərəf oldu.
 I dünya müharibəsinin nəticəsində  dörd imperiya parçalanaraq, məhv oldu. Lakin ən böyük itkilərə məruz qalan Osmanlı imperiyası oldu. Fövqəldövlətlərin hələ XIX əsrdən qaldıqdığı Şərq məsələsi öz məntiqi yekununa çatdı. Versal konfransı dövründə   yaradılmış Millətlər Liqası tərəfindən müharibədə qalib gəlmiş Fransaya Suriya və Livan üzrə; İngiltərəyə - İordaniya, İraq və Fələstin  üzrə mandat verildi. Həmçinin Böyük Britaniyanın köməyi ilə gələcəkdə Səudiyyə Ərəbistanının tərkibinə girən Xicaz, Əsir və Yəmən dövlətləri yaradıldı. Faktiki olaraq müasir   Səudiyyə Ərəbistanı və Yəmən Osmanlı imperiyasının Ərəb yarımadasındakı torpaqlarından yaradılmış dövlətlərdir. Bu müharibə ilə Osmanlı dövlətinin tarixi sona çatdı və Türkiyə Cümhuriyyətinin tarixi başladı. Birinci Dünya Müharibəsi türk tarixinin özünün  Vətən uğrunda canından keçənlərin tarixinin başlanması demək idi.

Tofiq Mustafazadə “I Dünya müharibəsi ərəfəsində Rusiya imperiyasının Şərqi Anadoluda ermənilərin xeyrinə islahatlar keçirilməsi üçün göstərdiyi cəhdləri”,Prof. Dr. Selma Yel “Dünya Savaşı Arefesinde Osmanlı Devleti ve Kafkasya”, Nailə Hüseynova “Almaniya- Osmanlı münasibətlərində ikili siyasət”, Şamil Rəhmanzadə “Kayzer Almaniyasının himayəsi altında: Gürcüstan Demokratik Cümhuriyyətinin ilk addımları və ərazisi (1918-ci il, may-oktyabr)”, Mübariz Ağalarlı “I Dünya müharibəsi və Anadoluda Mücadilə hərəkatı (Azərbaycan Cümhuriyyəti aydınlarının əsərləri əsasında)”, Doç. Dr. Muhammed KÖSE Bekir ÖZGÜR “I. Dünya Savaşı Sırasında Bakü Müslüman Cemiyet-i Hayriye’sinin Erzincan’a Yaptığı Yardımlar”, t.ü.f.d Yaqut Əmirova “I Dünya müharibəsi illərində Osmanlı dövlətinin Qafqaz cəbhəsi Türkiyə mənbələrində”, t.ü.f.d Aygün Əzimova “I Dünya müharibəsinin Azərbaycanın ictimai-siyasi həyatına təsiri”,elmi işçilər Nigar Camalova “I Dünya müharibəsinin sonu: Osmanlıdan Qafqaza “erməni məsələsi”, Ruhəngiz Sultanova “Osmanlı imperiyasının Birinci Dünya müharibəsində iştirakı Azərbaycan mətbuatında” adlı məruzələrlə çıxış ediblər.

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

???? info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

Paylaş: