28.11.2024 15:48
Vətəndaş bərabərliyinin elanına (1920) qədər Azərbaycan türklərinin əsilzadə zümrəsini təşkil edən soyların şəcərə məsələsi bu vaxta qədər öz həllini gözləyən ciddi etnoloji problemlərdən biri olaraq qalırdı. Nəhayət, bu boşluq xeyli dərəcədə doldurulmuş hesab oluna bilər. Belə ki, A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İsmayıl Umudlunun Tiflis, Yelizavetpol və İrəvan quberniyalarının materialları əsasında yazdığı “Azərbaycanın əsilzadə şəcərələri” monoqrafiyası ilə bu məsələyə həm elmi-nəzəri, həm də praktik baxımdan aydınlıq gətirilir.
İnstitutdan bildirildiyinə görə, əsilzadəlik və şəcərə ənənəsinə, şəcərələrin tədqiqinin etnoloji aspektinə diqqət yetirilən bu tədqiqat işində Yelizavetpol (Gəncə) quberniyası Qazax qəzası üzrə 24 ağalıq/bəylik, Tiflis quberniyası Borçalı və Tiflis qəzaları üzrə daha 41 ağalıq/bəylik soyunun və Tiflisdə yaşamış tatar əsilzadə Terequlovların şəcərələrinə aydınlıq gətirilir. Bu sıradan Qazax əyalət xanlarının naməlum şəcərəsi xeyli dərəcədə bərpa edilmişdir. Eləcə də, Qafqazın o zamankı inzibati mərkəzi olan Tiflisdə yaşamış Terequlovlar İdel-Ural tatar soyunun Azərbaycanın maarif və mədəniyyətinə töhfələrindən və onların şəcərələrindən bəhs edilir.
Mövzu çərçivəsində İrəvan quberniyası türk-müsəlman ağalıq/bəylik soyları şəcərələrinin öyrənilmə probleminə də toxunulur, Naxçıvan qəzası Yaycı kəndində yaşamış, bu bölgədə bir sıra kəndləri idarə etmiş sultanların şəcərəsi təqdim edilir. Əsərdə Qazax və Ağstafa rayonlarının XVIII-XIX yüzilləri əhatə edən zəngin epiqrafikası ilk dəfə tədqiqata cəlb olunub. Burada bir sıra əsilzadə soyların şəcərələri sıfırdan başlanaraq bərpa olunmuş, digərlərinin ilkin variantı inkişaf etdirilmiş, dəqiqləşdirilmişdir. Xronoloji çərçivə 300-500 il arasında dəyişir.
Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov dəfələrlə öz çıxışlarında etnoloqların diqqətini bu istiqamətə yönəltmiş, bu zümrənin tarixinin öyrənilməsinin Azərbaycan üçün prioritet məsələlərdən olduğunu göstərmişdir. Çünki dünya təcrübəsində yazılı şəcərəçilik tarixən daha çox hakim sülalələr və əsilzadə soylar (nəsillər), yəni dövlətçilik tarixi və ənənəsi ilə bağlı praktika kimi görülür. Bu baxımdan Azərbaycanda əsilzadə iyerarxiyasının, əsilzadə soylar nomenklaturasının formalaşması və onların şəcərələri prioritet ətnoloji məsələ kimi qarşıya çıxır. Bu kontekstdə 1920-ci ilə qədərki Cənubi Qafqaz quberniyaları və qəzaları üzrə əsilzadə soylar və onların şəcərə problemi bir-biri ilə sıx bağlı olan elmi məsələ kimi qoyulmuş və şərhi verilmişdir.
Bəlli olur ki, türk xalqlarında əsilzadəlik və şəcərə məsələsinın tarixi zümrələrə və mənsəblərə ilk dəfə ad vermiş Oğuz xaqan (e.ö. 209-174) ilə başlanır. Bu məsələyə Mirzə Kazım Bəy vaxtilə diqqət yetirmiş, onu qanunların ilk təsisçisi, nizami hərbi qüvvələrin yaradıcısı olmaqla bərabər, həm də “öz İmperiyasında müxtəlif zümrələrə və mənsəblərə ad vermişbir xaqan kimi xarakterizə etmişdir”. Bu məqamı Fəzlullah Rəşidəddin də qeyd edir. “Xaqan”, “yabğu”, “şad”, “xan”, “xanlar xanı”, “ulu bəy”, “bəy”, “bəylərbəyi”, “ağa”, “tarxan”, “darğa” kimi mənsəb adları ilk orta əsrlərdən bəri ümumtürk tarixini müşayiət edir. Eləcə də bu adlar onlarla bu və digər dərəcədə təmasda olan qonşu xalqlar tərəfindən Türklərdən iqtibas olunmuşdur. Bundan belə nəticəyə gəlirik ki, türklərdə, o cümlədən azərbaycanlılarda yuxarı təbəqə iyerarxiyasının formalaşmasının, deməli, onun ayrılmaz yol yoldaşı olan şəcərəçiliyin ən azından iki min illik tarixi vardır.
Azərbaycanda əsilzadəlik və mənsəblər sistemi Rusiya ilhaqından sonra əsaslı şəkildə təftiş olunmuş, Rusiyanın Qafqaz siyasəti məcrasında sistemləşdirilmiş, bu işin gedişində şəcərə atributu aktivləşdirilmişdir. Tiflis, Bakı, Şuşa və İrəvan bəy komissiyaları bu sahədə mühüm işlər görmüşdür. Bu tədqiqatın davamı olaraq 1920-ci ilə qədər Azərbaycan türklərində yuxarı zümrəni təşkil etmiş 250-yə qədər xanlıq, ağalıq/bəylik soylarının reyestrinin tərtibi üzərində iş aparılır.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir