AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunun “British Library” ilə əlaqələri yaradılıb

23.12.2024 10:49

Müasir dövrdə tarixi elmi sahəsində beynəlxalq təcrübənin, yeni tədqiqat üsullarının öyrənilməsi, o cümlədən başqa ölkələrdəki nüfuzlu arxiv və kitabxanalardakı qədim kitabların, əlyazmaların araşdırılması aktuallıq daşıyır.

Elmi əməkdaşların başqa ölkələrdə təcrübə keçməsinə, xarici arxiv və kitabxanalarda işləyib tariximiz üçün vacib tədqiqat materialları əldə etməsinə böyük önəm verən AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitunun direktoru, tarix elmləri doktoru Kərim Şükürovun təşəbbüsü ilə institutun “Atropatena və Albaniya (Qafqaz) tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Ramil Ağayev noyabr ayının əvvəlində London şəhərinə elmi ezamiyyətə göndərilib. 

Tarix elmləri doktoru, dosent Ramil Ağayev Londonun məşhur kitabxana və arxivlərində, Tarix Muzeyində olub, Böyük Britaniya kitabxanasında (“British Library”) humanitar, nadir kitablar, Asiya və Afrika tədqiqatları bölmələrində, “SOAS Library”də tədqiqatlar aparıb. “British Library”nin SOAS bölməsinin şöbə müdiri Michael Erdmanla elmi əlaqələrin genişləndirilməsi haqqında razılıq əldə olunub. Azğrbaycanlı alim burada Atropatena və Albaniya ilə bağlı bir sıra nadir kitabları və əlyazmaları nəzərdən keçirib. Tarix elmləri doktoru R. Ağayev Atropatena tarixi ilə bağlı materialların İran kataloqunda, Albaniya tarixi ilə bağlı materialların erməni kataloqunda  verilməsi, ermənilərin üç cilddə ingilis dilində nəşr etdikləri topluda Albaniya mənbələrini erməni mənbələri kimi təqdim etməsi, 5 cildlik  erməni dilində mənbələr toplusunda Alban mənbələrini erməni mənbələri kimi təqdim etməsi kimi məsələləri üzə çıxarıb.

 Elmi ezamiyyət zamanı Azərbaycan tarixini əks etdirən ərəb və farsdilli mənbələrlə də tanış olan R.Ağayev bir sıra mənbələrin azərbaycanlı alimlər tərəfindən hələ də tədqiqata cəlb edilmədiyini və yaxud az cəlb edildiyini dəqiqləşdirib. Nadir kitablardan sayılan “Tarixi-Türkməniyyə” əsərini və “Ərəb-qıpçaq lüğəti”ni və bir sıra kitabların fotosurətlərini çıxardıb. Elmi ezamiyyət zamanı müəyyən edilib ki, tariximizlə bağlı kitablar əsasən Ağa Xan Universitetinin (Akha-Khan University) kitabxanasında saxlanılır. Səfər zamanı məşhur Britaniya Muzeyinin Azərbaycanın qədim tarixi ilə bilavasitə bağlı olan bölmələri də nəzərdən keçirilib.

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

???? info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: