AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

AMEA-nın İctimai Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

29.12.2024 12:24

AMEA-nın İctimai Elmlər Bölməsinin müəssisələrinin 2024-cü il üzrə illik hesabatlara həsr olunmuş Ümumi yığıncağı keçirilib.

İclasda bölmənin üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin direktorları, müavinləri, elmi katibləri, mühüm nəticələrin icraçıları, eləcə də AR ETN İqtisadiyyat İnstitutunun məsul şəxsləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti v.i.e., bölmənin Ümumi yığıncağının sədri akademik Gövhər Baxşəliyeva açıb.

Əvvəlcə Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra akademik Gövhər Baxşəliyeva növbəti ildə institutların qarşısında duran əsas vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Sonra AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair məlumat verən müəssisənin direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov vurğulayıb ki, hesabat ilində institutda çap olunan fundamental elmi əsərlər, eləcə də tədqiqatlar ölkə rəhbərliyinin çağırışına, tapşırıq və tövsiyələrinə əsaslanıb. O, həmçinin institut əməkdaşlarının “Böyük Qayıdış”la bağlı görülən və görülməsi nəzərdə tutulan işlərdən söz açıb.

Professor Kərim Şükürov “Şuşa şəhərinin 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı seçilməsi”, Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin keçirilməsi, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edil­məsi bağlı institutda “Şuşa şəhəri və İslam dünyası: qarşılıqlı əlaqələr və zənginləşmə”, “Naxçıvan Muxtar Respublikası - 100 il: uğurlar və perspektivlər”, “Şuşa: keçmişi və inkişaf perspektivləri gəncliyin gözü ilə”, “Məhəmməd Füzuli: dövrü və mühiti”, “Türk sivilizasiyasının dirçəlişi”, “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr”, “I Beynəlxalq Şah İsmayıl Xətai”, “Birinci dünya müharibəsinin Yaxın Şərq və Qafqaz meydanı Osmanlı dövlətinin savaşa qatılmasının 110 illiyi” mövzularında beynəlxalq və respublika səviyyəli elmi konfransların və müxtəlif tədbirlərin keçirildiyini, bir sıra kitabların nəşr olunduğunu bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə Tarix və Etnologiya İnstitutunda elmi-tədqiqat işləri əsas 5 istiqamət, 17 problem, 43 mövzu, 197 iş üzrə aparılıb və 4 mühüm nəticə əldə olunub. O, “Səfəvi dövləti tarixinin aktual problemlərinin öyrənilməsi, “Qərbi Azərbaycan XIX yüzilliyin ikinci yarısı - XX yüzilliyin əvvəllərində”, “Möhtəşəm 20 il (1993-2023)”, “Birinci və İkinci Qarabağ müharibələri: Azərbaycanın erməni işğalçıları üzərində qələbəsinə etnoloji baxış” kimi mühüm nəticələrin əldə olunduğunu qeyd edib.

Hesabat ilində AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, AR Elm və Təhsil Nazirliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihəyə əsasən, 4 ay müddətində institutda gürcü mütəxəssis, Tiblisi Dövlət Universitetinin müəllimi, professor Roman Lolua müvafiq əməkdaşlara onlayn şəkildə qədim alban dili üzrə dərslər keçib.

Tarix elmləri doktoru Kərim Şükurov onu da bildirib ki, institutda ötən ildə olduğu kimi, cari ildə də kitabların elektron nəşrləri həyata keçirilib və həmin kitablar müəssisənin rəsmi saytında yerləşdirilib.

Daha sonra Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya, Arxeologiya və Antropologiya, Fəlsəfə və Sosiologiya, Qafqazşünaslıq institutlarının kadr məsələlərinə baxılıb.

Sonda çıxış edən akademik Gövhər Baxşəliyeva Ümumi yığıncağın iştirakçılarını qarşıdan gələn əlamətdar günlər münasibətilə təbrik edib, onlara cansağlığı və yaradıcılıq uğurları arzulayıb.

 

Paylaş: