AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

20 Yanvar – tariximizin qanlı və şanlı səhifəsi

17.01.2025 15:32

17 yanvar 2025-ci ildə AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı “20 Yanvar tariximizin qanlı və şanlı səhifəsi” adlı dəyirmi masa keçirilib.

 Əvvəlcə faciə qurbanlarının və ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev çıxış edərək bildirib ki, 20 Yanvar hadisələrindən 35 il keçməsinə baxmayaraq, həmin dəhşətli günlərin ağrı-acıları bu gün də xalqımızın qəlbində, yaddaşında yaşayır: “Hər bir millətin taleyində müstəsna rol oynayan xüsusi tarixi günlər var ki, həmin gün xalqın qan yaddaşına əbədi yazılır. 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu olub. Bu gün də Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərin xatirəsini uca tutur”.

“Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İkram Ağasiyev “20 Yanvar – Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi”, aparıcı elmi işçi, hüquq üzrə fəlsəfə doktoru, dosent İlham Əliyev “20 Yanvar qətliamına hüquqi prizmadan baxış”, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Əzizə Nəzərli “28 aprel 1920 – 20 yanvar 1990: tarixi paralellər”, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Aypara Rüstəmova “20 Yanvar faciəsi haqqında nəşrlər”, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru İlham Həsənov “20 Yanvar qətliamına verilən siyasi qiymət haqqında”, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Aybəniz Osmanova “20 Yanvar qətliamı insanlığa qarşı cinayət kimi” mövzusunda çıxış ediblər.

 Çıxışlarda qeyd olunub ki, yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir və gənclərimiz tarixi həqiqətləri bilməlidir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar hadisələri tariximizin faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, taleyimizə əhəmiyyətli təsiri olan dönüş anıdır. Bildirilib ki, 20 Yanvar hadisələri xalqımıza qarşı törədilmiş cinayətdir. Sovet ordusunun qanlı əməlləri nəticəsində 20 Yanvar günlərində Azərbaycanda ümumilikdə 131 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilib. 20 Yanvar hadisələrinin təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir və unutmamalıdır. Çıxışlarda bildirilib ki, Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək sovet hakimiyyətinin bu əməlinə etiraz edən ümummilli lider Heydər Əliyev olub. Məhz Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini alıb, Milli Məclis 1994-cü il mart ayının 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edib. 

______________________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

Paylaş: