27.09.2018 20:54
Türkiyə Respublikasının Türk Tarix Qurumu (TTQ) və Strateji Düşüncə İnstitutunun (SDİ) birgə əməkdaşlığı və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun dəstəyi ilə Bakıda “Qafqaz: tarix, çağdaş dövr, gələcək” adlı beynəlxalq konfrans keçirilib.
Beynəlxalq konfransda Strateji Düşüncə İnstitutunun rəhbəri Məhəmməd Savaş Kafkasyalı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Türk Tarix Qurumunun sədri, professor Rəfiq Turan, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və başqaları çıxış ediblər.
Bildirilib ki, Tarix İnstitutu ilə Türkiyənin Strateji Düşüncə İnstitutu arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Azərbaycan, Türkiyə və digər türk-müsəlman respublikalarının tarixindəki strateji əhəmiyyətli problemlər müəyyən edilir və bu istiqamətdə birgə tədqiqatlar aparılır.
Akademik Yaqub Mahmudov bildirib ki, ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir: “Ermənilərin köçürülməsi ilə bağlı əlimizdə minlərlə arxiv sənədi var. Prezident İlham Əliyevin tapşırığı ilə İrəvan xanlığı, Qarabağ və Naxçıvanın tarixi yazılıb. Dünyaya sübut etmişik ki, ermənilər Qafqaza gəlmədirlər. Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb”.
Yaqub Mahmudov qeyd edib ki, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” fundamental tədqiqatı türk, rus, ingilis, rumın, italyan, ispan və ərəb dillərinə tərcümə edilərək dünya ölkələrində yayılıb.
Elmi konfransda Azərbaycan, Türkiyə, Rusiya və dünyanın digər ölkələrindən tanınmış mütəxəssislər məruzələrlə çıxış ediblər.
Tədbirdə Azərbaycan tarixçilərinin “Qafqaz tarixində Azərbaycan Albaniya dövlətinin yeri və rolu”, “Qafqaz tarixində miqrasiya prosesləri: kimmerlər, iskitlər və saklar”, “Qafqaz tarixində Dərbənd”, “Arxiv sənədlərində Azərbaycanın əhalisi (XVIII – XIX əsrin əvvəlləri)”, “Çar Rusiyasının Cənubi Qafqazda erməni dövləti yaratmaq siyasəti”, “XX əsrin əvvəllərində Cənubi Qafqazın türk-müsəlman əhalisinə qarşı soyqırımları”, “Bolşevik Rusiyasının türk dünyasını parçalamaq siyasəti və Qərbi Zəngəzurun ermənilərə verilməsi”, “Azərbaycanın tarixi taleyində neft problemi” və digər mövzularda məruzələri dinlənilib.
Konfrans “Tarix və mədəniyyət”, “Siyasət”, “İqtisadiyyat”, “Keçmişdən günümüzə Qafqazın tarixində regional məsələlər” və “Qafqazın gələcəyi” adlı bölmələrdə fəaliyyət göstərib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.