AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Üç universitetin tələbələri Tarix və Etnologiya İnstitutunda təcrübə keçirlər

18.02.2025 10:50

Fevral ayının 17-də AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti və Bakı Slavyan Universitetinin tələbələrinin istehsalat təcrübəsi başladı. Bu münasibətlə institutun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov tələbələrlə görüş keçirdi.

Professor K. Şükürov rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin tarixi, onillər ərzində görülən işlər, aparılan tədqiqatlar, institutun müasir vəziyyəti, planlar haqqında haqqında geniş məlumat verdi. Qeyd etdi ki, üç universiteti təmsil edən 70-dən çox tələbənin Tarix və Etnologiya İnstitutunda istehsalat təcrübəsi keçməsi unikal hadisədir və bu praktika dövrünün tələbələrin həyatında dərin iz buraxan günlərə çevriləcəyinə, dünyagörüşlərini genişləndirəcəyinə inanır. Görüşdə bildirildi ki, belə istehsalat təcrübələri gələcəkdə həyatını elmə bağlayacaq gənclərin seçilməsi, institutun gəncləşdirilməsi baxımdan mühüm əhəmiyyət daşıyır. İnstitut direktoru vurğuladı ki, fevral-may aylarını əhatə edən istehsalat təcrübəsi zamanı tarix elminə xüsusi marağı olan tələbələr diqqətdə saxlanılacaq, gələcəkdə onların elmi fəaliyyətlə məşğul olması üçün dəstək göstəriləcək, istiqamət veriləcək.

Professor Kərim Şükürov qeyd edib ki,, tələbələrin istehsalat təcrübəsi Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik, Tarix və Etnologiya İnstitutunun 90 illik yubileyi dövrünə düşür, bu münasibətlə bir sıra tədbirlər, eləcə də martın 27-də “Elm günü” münasibəti ilə tədbir keçiriləcək.

Tarix və Etnologiya İnstitutunda universitetlərlə əməkdaşlığa, tələbələrin təcrübə keçməsinə böyük önəm verilməsi ilə bərabər, bu prosesə məsuliyyətlə, diqqətlə yanaşılır. “Təcrübə müddətində Tarix və Etnologiya İnstitutunun bütün potensialı sizin ixtiyarınızdadır”- deyən institut direktoru universitetlərlə imzalanmış müqavilələrə əsasən tələbələrin yüksək səviyyədə təcrübə keçməsi üçün institut rəhbərliyinin əlindən gələni əsirgəməyəcəyini bildirdi.

Tədbirdə bildirildi ki, istehsalat təcrübəsinə xüsusi hazırlıq görülüb, əlaqələndirici və praktika rəhbərləri müəyyənləşdirilib, müvafiq tapşırıqlar verilib. Həm universitetlərdən, həm də institutdan təyin olunan praktika rəhbərləri birgə işləyəcək, tələbələrlə yüksək səviyyəli iş qurulacaq, qrafik üzrə davamiyyətə xüsusi diqqət yetiriləcək.

Görüşdən sonra tələbələr təcrübə keçəcəkləri şöbələr üzrə bölündü, müvafiq təlimatlar verildi.

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

Paylaş: