AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ŞAMAXI

Azərbaycanda şəhərsalma mədəniyyətinin ən qədim mərkəzlərindən olan Şamaxı şəhəri Azərbaycan Albaniya dövlətinin ən iri yaşayış məskənlərindən biri idi. Tarix boyunca davam edən dəhşətli zəlzələlər zamanı təkrar-təkrar yerlə-yeksan olmuş və dəfələrlə yerini dəyişmiş Şamaxının arxeoloji qazıntılar zamanı ən qədim yerini müəyyən etmək mümkün olmasa da, antik müəlliflərinin yazılı məlumatları və Şamaxı şəhəri yaxınlığındakı Xınıslı qazıntılarının nəticələrinə görə Şamaxı şəhərinin ən azı 2500 il yaşı vardır.

Şamaxının adı ilk dəfə antik mənbələrdə – yunan coğrafiyaşünası Klavdi Ptolemeyin “Coğrafiya” əsərində Albaniya ölkəsinin 29 şəhəri sırasında “Mamaxiya” “Camaxeya” və ya “Kemaxeya” formasında çəkilir. Sonralar mənbələrdə şəhər “Kemaxiya”, “Əşşamaxiyyə”, ərəblər adını dəyişdirdiyi zaman qısa müddət “Yezidiyyə” və sonra yenidən bu günə kimi “Şemaxi” və “Şamaxı” adlandırılmışdır.

Qədim yaşayış məskəni yerində tədricən bir şəhər kimi formalaşan Şamaxı obyektiv səbəblər üzündən zaman-zaman sərhədlərini dəyişdirməli olsa da, bəzən hətta xarabalıqlar içindən yenidən baş qaldırsa da, erkən orta əsrlərdə də bir şəhər kimi varlığını və əhəmiyyətini qoruyub saxlaya bilmiş, Xilafətin hakimiyyəti illərində isə tədricən mühüm ictimai-iqtisadi və siyasi mərkəzə çevrilmişdir.

IX əsrdən başlayaraq Şamaxı şəhəri haqqında mənbələrdə çox geniş məlumat verilir. Bu 918-ci ildə hərbi-strateji baxımdan çox əlverişli mövqedə yerləşən qədim Şamaxının Şirvanşahlar dövlətinin paytaxtına çevrilməsi ilə bağlıdır.

Dövrün ərəb coğrafiyaşünasları, səyyahları Şamaxı şəhərini “Şəməxiyyə” adlandırırlar. Əl-Bəlazuri Şamaxı şəhərinin əş-Şammax ibn Şucanın adını daşıdığını bildirir. Bir sıra tədqiqatçılar isə Şamaxı sözünün “Şam” və “əxi” (Şamın qardaşı) sözündən götürülməsini güman edirlər. Şamaxı sözünün ərəblər və ya ərəb dili ilə əlaqələndirən digər mülahizələrin də mövcud olmasına rəğmən, bu şəhərin daha qədim tarixə malik olmasını nəzərə alsaq onun adının, qədim kimak tayfalarının adi ilə bağlı olub, qədim Alban şəhəri “Kemaxeya”dan yarandığı daha düzgündür.

Onu da qeyd edək ki, orta əsr ərəb müəllifləri əl-İstəxri, İbn Havqəl, Əl-Müqəddəsi, Yaqut əl-Həməvi və başqaları Şamaxını “gözəl”, “evləri daşdan tikilmiş”, “axar suları, bağları və gəzməli yerləri olan şəhər” kimi təqdim edir.

XI əsrin son rübünün əvvəlində naməlum müəllif tərəfindən yazılan "Tarix-i əl-Bab" əsərinə görə Şamaxı şəhəri Şirvanşah Əbu Tahir Yezid ibn Məhəmməd tərəfindən bərpa olunaraq paytaxta çevrilmiş və onun şərəfinə Yezidiyyə adlandırılmışdır.

Şamaxı şəhəri Azərbaycan Şirvanşahlar dövlətinin mərkəzi kimi inkişaf etmiş, nəqliyyat yollarının əhəmiyyəti xeyli artmışdı. Ərəb müəlliflərinin məlumata görə IX-XIII əsrlərdə Şamaxı qərbdən Bərdə-Gəncə-Tiflis, şimaldan Şabran-Dərbənd, şərqdən Xəzər dənizi, cənubdan Pirsaat çayı kənarı ilə uzanan karvan yolları vasitəsilə dünyanın bir çox ölkələri ilə iqtisadi, mədəni əlaqələr saxlayırdı.

Şamaxıda tapılmış Orta Asiya şəhərlərinə məxsus basma naxışlı saxsı qablar XI – XII əsrlərdə Şamaxının Orta Asiya şəhərləri ilə iqtisadi-mədəni əlaqələri olduğunu sübut edir. XII əsrdə Şamaxı Hindistanla, Çinlə də iqtisadi-mədəni əlaqələr saxlamışdı. Arxeoloji qazıntılar zamanı Şamaxıda tapılmış mis sikkələr, Çində istehsal edilmiş çini qablar, beynəlxalq ticarət əlaqələrinə xidmət edən karvansaralar qədim Şamaxının tarixi ipək yolundakı rolunu sübut edir.

İbn əl-Əsir 1222-ci ildə Şamaxının zəbt edilib dağıdılmasını, şəhər əhalisinin monqol işğalçılarına qarşı qəhrəmancasına müqavimət göstərməsini parlaq surətdə təsvir edir. Şamaxı ətrafında arxeoloji qazıntılar aparılarkən monqol hücumu zamanı dağıdılan böyük ictimai bina aşkar edilmişdir. XIII əsrə aid təbəqələrdən aydın görünən yanğın izləri monqol qoşunlarının Şamaxını dağıtmasına dair mənbələrin verdiyi məlumatı təsdiqləyir.

Tarixin sonrakı dövrlərində Şamaxının ticarət dövriyyəsində oynadığı rol müxtəlif mənbələr tərəfindən təsdiqlənir. 1434-cü ildə Qaraqoyunlu hökmdarı İsgəndərin Şirvana hücumu zamanı Şamaxı şəhəri amansızlıqla qarət olunur, dağıntılara məruz qalır. Bu, monqol yürüşlərindən sonra ən dağıdıcı basqın olmuşdur.

XV əsrin 30-80-ci illərində Azərbaycanın nisbətən sabit siyasi şəraitdə olması şəhər həyatının kifayət qədər yüksək inkişafını təmin etmişdir. Qaraqoyunlu hökmdarı Cahanşahın, Ağqoyunlu hökmdarı Həsən padşahın dövründə şəhərlərin inkişafında xeyli irəliləyiş baş vermişdir. Həsən padşahın islahatı şəhərlərin, o cümlədən Şamaxı şəhər təsərrüfatının canlanmasında yeni mərhələnin başlanğıcı olmuşdur.

XV əsrdə Şamaxıda 30-60 min nəfər yaşamışdır. Bu şəhər Azərbaycan miqyasında ən iri iqtisadi mərkəz idi. Kontarinin verdiyi məlumata görə Təbrizlə müqayisədə Şamaxı həyat üçün əlverişli olan məhsulların çoxluğu baxımından Təbrizdən üstün olmuşdur. 1538-ci ildə Şirvan ərazisi Səfəvilər dövlətinə birləşdirildikdən sonra Şamaxı şəhəri Şirvan bəylərbəyliyinin paytaxtına çevrilmişdir.

XVI əsrdə Cənubi Qafqazda ipək istehsalı və ticarətinin cəmləşdiyi şəhərlərdən biri məhz Şamaxı olmuşdur. Bu mənada Cenkinson Şamaxını “gözəl kral şəhəri” adlandırmışdır. Şamaxıda rus, hind, türk, fars tacirlərinə xidmət edən karvansaraylar vardır. XVI əsrin II yarısında burada ingilis “Moskva şirkəti”nin daimi nümayəndəliyi açılmışdır. Moskva tacirləri Şamaxı bazarlarında Moskvada hazırlanmış sənətkarlıq məhsullarını satır, yerli malları, əsasən də xam ipəyi, ipək parçaları alırdılar.

XVII əsrin əvvəllərində Şamaxı şəhəri xeyli möhkəmləndirilmişdir. Adam Olearinin verdiyi məlumata görə, Şamaxı hər iki tərəfdən ayrıca divarlarla əhatələnmiş və iki hissədən ibarət olan bir şəhər idi”. Şəhərin şimal hissəsi cənub hissədən bir qədər kiçik idi. Burada daşdan hörülmüş 5 qapı vardı”. Həmin dövrdə şəhərdə 700 ev və 26 məhəllə, 40 məktəb, 70 məscid, 7 hamam, 44 karvansara, 200-ə yaxın dükan olmuşdur.

1725-ci ildə Şamaxıda olmuş ingilis Henri Bryus öz xatirələrində, Şamaxı şəhərini Cənubi Qafqazın ən məşhur ticarət mərkəzi kimi qiymətləndirirdi.

Şamaxının ipək yolu üzərində yerləşməsi şəhərin iqtisadi inkişafı üçün əlverişli şərait yaratmışdır. Lakin 1192-ci ildə baş vermiş birinci və 1667-ci ildəki ikinci zəlzələ, müharibələr Şamaxının iqtisadi inkişafına müəyyən zərbə vurmuşdu. Belə ki, 1670-ci ildə Şamaxıya gəlmiş hollandiyalı səyahətçi Yan Streys qeyd edirdi ki, “məni ən çox təəccübləndirən o idi ki, şəhəri tamamilə yerlə-yeksan edən və viran qoyan həmin zəlzələdən 3 ildən də az müddət keçməsinə baxmayaraq, şəhər yenidən bərpa olunmuşdur”. 1724-cü il Rusiya ilə Türkiyə arasında bağlanmış İstanbul müqaviləsi, Şirvana daxili muxtariyyətin verilməsi Şamaxı şəhərinin ticarət əlaqələrinin əvvəlki səviyyəyə çatmasına imkan yaratmışdı.

XVII əsr məşhur Osmanlı səyyahı Evliya Çələbi Şamaxı şəhərini belə təsvir etmişdir: “qırx xanlıq, qırx səkkiz qəza olub, qırx nahiyəsi, 70 qalası, 1300-ə qədər abad kəndi var. Qədim və abad bir şəhərdir... Şəhər içində təxminən yeddi minə qədər torpaqla örtülü abad evləri var. Hər yerindən çay keçir. Bağ və bağçalarının hesabı yoxdur. 26 məhəlləsi var, Meydan və Şabran məhəllələri şəhərin çox gözəl yerində yerləşir. Evləri olduqca yaraşıqlıdır, 70-ə qədər mehrabı var”. Evliya Çələbi şəhərdə 5 böyük məscid, 7 mədrəsə, 40 məktəb, 7 hamam, 44 daş karvansa, iki yüzə qədər dükanın olduğunu qeyd edirdi.

Şamaxı şəhəri həmişə strateji məkan kimi qonşu dövlətlərin diqqət mərkəzində olmuşdu. XVIII əsrin əvvəllərində yaranmış beynəlxalq şəraitdən və Səfəvi imperiyasının zəifləməsindən yararlanan ermənilər Azərbaycan torpaqlarını ələ keçirmək üçün layihələr tərtib edərək özlərinə xaricdə havadarlar axtarmağa başladılar.

Rusiyada danışıqlar aparan İsrail Ori adlı erməni I Pyotru yürüşə şirnikləndirmək üçün Cənubi Qafqazda olan ermənilərin sayını süni şəkildə artıraraq, çara saxta, şişirdilmiş məlumatlar verir, tarixi Azərbaycan şəhərlərindən – Şamaxı, İrəvan, Naxçıvan və başqa şəhərlərimizdən azərbaycanlıları qovmaq və rus qoşunlarını burada möhkəmləndirmək kimi məkrli siyasət hazırlayırdı. İ.Ori 1701-ci il iyulun 25-də I Pyotra rus qoşunlarını Cənubi Qafqaza yürüşə həvəsləndirmək məqsədi ilə 18 bənddən ibarət xüsusi hərbi müdaxilə planını göndərmişdi. O, öz məktubunda I Pyotrdan Cənubi Qafqaza yürüş zamanı Şamaxı şəhərini xüsusi nəzarət altında saxlamağı xahiş edirdi.

“Şamaxının tutulması Armeniya torpağına girmək üçün ilk açardır” – ifadəsini işlədən İ.Orinin planına görə 5 min atlı və 5 min piyadadan ibarət olan rus qoşununun gəmilərlə Niyazabada gəlməli, oradan quru yolla Şamaxı istiqamətində irəliləməli və xristian süvarisinin köməyi ilə Şamaxı şəhəri 2 saat müddətinə ələ keçirilməli idi.

Rusiya imperatorunun Şərq siyasətində Şimal-Şərqi Azərbaycan mühüm əhəmiyyət kəsb edirdi. Hətta Şirvan üsyanından əvvəl Peterburqda qarşıda duran yürüş barədə tərtib olunan sənədlərdə bu yürüş “Şamaxı ekspedisiyası” adlandırılırdı.

Xanlıqlar dövründə Şamaxı şəhəri xanlığın mərkəzi kimi yenə də iqtisadi və siyasi əhəmiyyətini saxlamışdı. XVIII əsrin əvvəllərində Şamaxıda olmuş ingilis səyyahı Con Bel şəhəri dağ döşündə amfiteatr şəklində tikilmiş şəhər kimi xatırlayırdı. Lakin Şamaxı şəhəri Nadir xan Əfşar tərəfindən 1734-cü ildə dağıdıldığı üçün əhalinin Yeni Şamaxıya köçürülməsi ilə əlaqədar Şamaxının adı tarixi ədəbiyyatda Köhnə Şamaxı kimi çəkilir. XVIII yüzilliyin 70-ci illərində Şamaxıda 1000-ə yaxın evdə 5-6 min adam yaşayırdı. Şəhərlər inzibati cəhətdən məhəllələrə bölünürdü. S.Qmelinin verdiyi məlumata görə, Köhnə Şamaxı doqquz məhəlləyə bölünürdü: Yuxarı qala, Sarıtorpaq, Qala bazar, Yəhudi, İmam, Meydan, Şahpəri, Gilandibli, Nar ağacı məhəllələri.

Xanlığın paytaxtı kimi özünün çiçəklənmə dövrünü yaşayan Köhnə Şamaxı sənətkarlıq mərkəzi olmaqla yanaşı, həm də böyük ticarət mərkəzi idi. S.Solovyovun təbirincə desək, Şamaxı şəhərinin əhalisi sanki ticarət üçün yaranmışdır.

1768-ci ildə Şamaxı xanlığı qubalı Fətəli xan tərəfindən tabe edilərkən, Fətəli xan Dərbənd, Quba və Salyandan Köhnə Şamaxıya 1000 ailə köçürür. 1769-cu ilin iyulunda Yeni Şamaxı dağıdılır və əhalisi Köhnə Şamaxıya köçürülür.

1789-cu ildə qubalı Fətəli xanın ölümündən sonra, Şamaxı xanlığında hakimiyyət uğrunda daxili çəkişmələr baş verir. 1792-ci ildə həmin mübarizədə Mustafa xan qalib gəlir. Mustafa xan mərkəz kimi Köhnə Şamaxını yox, Yeni Şamaxını seçir. Lakin əsrin sonunda bütün əhali Köhnə Şamaxıya qayıdır. Beləliklə, 1775-ci ildən xaraba vəziyyətində qalan Şamaxı şəhəri yenidən öz əvvəlki yerində bərpa edilib tikilməyə başladı.

Bu qədər dağıntı və zorakı köçürmələrə baxmayaraq, Şamaxı şəhəri xanlıqlar dövründə də sənətkarlıq mərkəzi kimi öz əvvəlki şöhrətini qoruyub saxlaya bilmişdi. XVIII əsrin sonlarında Azərbaycanda olmuş S.Bronevskinin təbirincə desək, «ticarət və sənətin qədim ruhu Şamaxıda hələ tamamilə sönməmişdi».

Rusiyadan İrana və Hindistana, yaxud əks istiqamətə mal aparan tacirlər çox zaman Bakı və Niyazabad limanları vasitəsilə Şamaxıya gəlir, burada mal mübadiləsi aparırdılar. Bakıdan Tiflisə gedən yol Şamaxıdan keçdiyi üçün Şamaxının ticarət dövriyyəsində oynadığı rol inkaredilməzdir. S.Zevakin Şamaxının hələ XVI-XVII yüzilliklərdə Rusiyanın Səfəvi dövləti ilə ticarət əlaqəsinin mərkəzi olduğunu göstərirdi. 1721-ci ildə isə Fransa sarayına xarici və Rusiya ticarətində Şamaxı ipəyinin əsas rol oynadığı haqqında məlumatlar çatırdı.

1805-ci ilin sonlarında xeyli müqavimətdən sonra Şamaxı xanlığı daxili müstəqilliyi saxlanılmaqla Rusiya imperiyasının tərkibinə qatılır. 1820-ci ildə isə çar Rusiyası Şamaxı xanlığını tamamilə ləğv edir. 1846-cı ildə Şamaxı şəhəri quberniya mərkəzinə çevrilir.

1917-ci il fevral inqilabı nəticəsində çarizmin devrilməsi Azərbaycanın ictimai-siyasi həyatında ciddi dəyişikliklərə səbəb oldu. Şamaxıda da Müsəlman Milli Şurası yaradıldı. Şuranın əsas məqsədi Şamaxının azərbaycanlı əhalisini milli ideallar ətrafında birləşdirmək, onun maraq və mənafelərini müdafiə etməkdən ibarət idi.

Lakin 1917-ci ilin sonları - 1918-ci ilin əvvəllərində Cənubi Qafqazda, o cümlədən Bakıda formalaşmış hərbi-siyasi şərait Şamaxıya da təsirsiz ötüşmədi. 1918-ci ildə S.Şaumyanın fitvası ilə erməni silahlı dəstələri, Şamaxıda Sovet hakimiyyəti qurmaq adı altında, Bakıda törədikləri dəhşətli qırğından sonra ikinci qırğını Şamaxı qəzasında törətmişdilər. Şaumyan 1918-ci ilin aprelin 13-də Sovet Rusiyası Xalq Komissarlar Sovetinə göndərdiyi məktubda Şamaxıya artilleriya və pulemyotları olan «yeni dəstələr» göndərdiyini etiraf edirdi. S.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti erməni hərbi hissələrini Şamaxıya göndərərək yerli azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətdilər.

Ermənilər Şamaxı şəhərində azərbaycanlılara məxsus 1 milyard manatlıqdan yuxarı dəyəri olan əmlakı qarət etmiş, şəhərin azərbaycanlılara məxsus bütün evlərini yandıraraq məhv etmişlər. Şəhərdə 13 məscid, o cümlədən böyük tarixi abidə olan «Cümə məscidi» yandırılmışdır. M.Ə.Rəsulzadə qeyd edirdi ki, əski Şirvanşahların bu qədim paytaxtı bir həmlədə atəşə verilib, məşhur tarixi camiyə varıncaya qədər yaxıldı. Yalnız erməni məhləsi salamat buraxıldı.

Şamaxı şəhəri və Şamaxı qəzası 1918-ci ilin iyul ayının 18-də Qafqaz İslam Ordusu və Azərbaycan korpusunun birgə apardıqları uğurlu döyüş əməliyyatları nəticəsində azad edilənə qədər daşnak-bolşevik qüvvələrinin işğalı altında qaldı.

Şamaxı şəhəri düşmənlərdən azad edildikdən sonra sağ qalmış əhali yavaş-yavaş geri dönməyə başladı. Şəhərdə həyat tədricən öz axarına düşürdü. Az müddət ərzində qəddi-qəmətini düzəldən Şamaxı Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynamış mərkəzə çevrildi.

1969-cu ildə Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə Şamaxının yenidən inkişafı və tərəqqisi başlamışdı. Onun şəxsi tapşırığı ilə hazırlanmış «Şamaxı rayonunun iqtisadiyyatının və mədəniyyətinin daha da inkişaf etdirilməsi tədbirləri haqqında» Azərbaycan KP MK və Nazirlər Sovetinin 1978-ci il 21 yanvar tarixli qərarından sonra rayonun sosial-iqtisadi sahələrinin inkişafı böyük vüsət aldı.

1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Şamaxının inkişafının yeni mərhələsinə başladı. Bu dövrdə Şamaxı rayonunun daxili imkanlarından və ehtiyat mənbələrindən səmərəli istifadə olunmuş, iqtisadiyyatın sabitləşməsi istiqamətində xeyli işlər görülmüşdü.

24 noyabr 2003-cü il tarixində ölkə prezidenti İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» fərman və dövlət başçısı tərəfindən təsdiq olunan «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı» digər bölgələrlə yanaşı, Şamaxıda sosial-iqtisadi tərəqqidə, həyat səviyyəsinin daha da yüksəldilməsi və məşğulluğun təmin edilməsi sahəsində dönüş yaratmışdır.

Belə ki, «Star» LTD şirkətinə daxil olan Şamaxı xalça sexində 40 ədəd dəzgah quraşdırılmış və bu sexdə «Quba-Şirvan», «Naxçıvan», «Qarabağ» və «Təbriz» xalçaları toxunur. 2005-ci ildə «Star» LTD şirkəti tərəfindən tikilib istifadəyə verilmiş Şamaxı televizor istehsalı zavodunda «Toshiba» firmasının ehtiyat hissələri əsasında «Star» markalı 37, 54, 72, 74 dioqanallı «LCD»lər, «Plazma», «CV»lər, «VCD»lər və rəqəmli «Resiverlər» istehsal edilir. 2006-cı ildən fəaliyyət göstərən «Azsamand» minik avtomobili istehsalı zavodunun tikintisinə «Star» LTD şirkəti tərəfindən 10 milyon ABŞ dolları həcmində investisiya qoyulmuşdur.

2007-ci ildə məişət cihazları istehsal edəcək «Azərelektronika» zavodunun tikintisi başa çatdırılmışdır. Şamaxı şəhərində möhtəşəm Heydər Əliyev muzeyi tikilib istifadəyə verilmiş, mədəniyyət sarayı yüksək səviyyədə təmir olunmuş, yeni və müasir avadanlıqlarla təmin edilmişdir. Həmçinin, S.Ə.Şirvani adına Tarix-diyarşünaslıq muzeynin binası əsaslı təmir olunmuş, muzeyin həyətində, Şamaxı rayonundan olan 12 böyük şəxsiyyətin büstü qoyulmuşdur.

Xalqımıza Xaqanilər, Nəsimilər, Seyid Əzim Şirvanilər, Abbas Səhhətlər, habelə onlarla digər böyük mütəfəkkirlər, maarifçilər bəxş etmiş və dahi Sabiri yetirmiş Şamaxı Azərbaycanın ən böyük mədəniyyət mərkəzlərindən biridir.

Bu gün Şamaxı özünün böyük intibah dövrünü yaşayır. Ulu Öndərin və Prezident İlham Əliyevin gündəlik qayğısı sayəsində Şamaxı özünün tarixi ənənələrini saxlamaqla müstəqil Azərbaycanın ən müasir sənaye, kənd təsərrüfatı və mədəniyyət mərkəzinə çevrilmişdir.

Mənbələr və ədəbiyyat.

  • Аббас-Кули-Ага Бакиханов. Гюлистан-и Ирам. Редакция, комментарии, примечания и указатели академика АН Аз ССР З.М.Буниятова. Баку, «Элм», 1991.
  • Çələbi E. Səyahətnamə (türk dilindən işləyəni və şərhlərin müəllifi t.e.d., professor Seyidağa Onullahi). Bakı, 1997.
  • Джидди Г.А. Средневековый город Шемаха (IV-XVII вв.). Историко–археологическое исследование. Баку, 1981.
  • Ибн Хордадбех. Книга путей и стран (rus dilində). Ərəb dilindən tərcümə, şərhlər, tədqiqat, qeydlər və xəritələr Nailə Vəlixanlınındır. Bakı, «Elm», 1986.
  • Сара Ашурбейли. Государство Ширваншахов (VI-XVI вв.). Баку, «Элм», 1983.
  • Минорски В.Ф. История Ширвана и Дербенда Х–ХI веков. Москва, Изд. Вост. Лит. 1963.
  • AMEA A.Bakıxanov adına Tarix İnstitutunun Elmi əsərləri. cild 28. Bakı, 2009.
  • Bayramova N. Şamaxı xanlığı. Bakı, 2010.

Paylaş: