AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

BƏRDƏ

Azərbaycan qədim tarixə malik şəhərlər diyarıdır (antik mənbələrdə Kür çayı sahilində 29 şəhər qeyd edilir). Həmin şəhərlərdən biri də vaxtilə ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi – paytaxtı olmuş Bərdə şəhəridir.

Arxeoloji tədqiqatlar nəticəsində Bərdə ərazisində Kür-Araz mədəniyyətinə (b.e.ə. IV-I minilliyin əvvəlləri) aid izlər aşkar olunduqdan sonra ərazinin qədim yaşayış məskəni olması, eradan əvvəl (IV əsrdə) şəhər tipli yaşayış məskəninə çevrilməsi təsdiq edilmişdir.

Dünyanın ən qədim insan məskənlərindən, bəşər sivilizasiyasının qədim ocaqlarından biri olan Quruçay mədəniyyətinə yaxın və Kür-Araz mədəniyyətinin mövcud olduğu regionda, Azərbaycan Albaniyasının Uti nahiyəsinin mərkəzində meydana gəlmiş qədim Bərdə şəhərinin qalıqları indiki Bərdənin 5-6 kilometrliyindədir. Həmin yerdə antik və erkən orta əsrlərdə mövcud olmuş şəhər, ilk orta əsrlərdən etibarən yerini qismən dəyişmiş, indiki Bərdənin yerləşdiyi ərazidə həyatını davam etdirmişdir.

Tarixi-arxeoloji tədqiqatlarla müəyyən edilmişdir ki, Azərbaycan Albaniyasının Uti nahiyəsinin mərkəzində, Kür və Tərtər çayları arasında yaşayış tunc və dəmir dövründə intensiv inkişaf etmiş, burada təsərrüfatın inkişafı, sənət və ticarətin tərəqqisi nəticəsində e.ə. IV əsrdə Bərdə şəhəri yaranmışdır.

Arxeoloji materialların, yazılı mənbələrin tədqiqi ilə şəhərin qədim dövrünün tarixini öyrənmək, onun antik dövrdə mövcud olduğunu sübut etmək, ərazinin təbii-coğrafi xüsusiyyətini, həmçinin qədim şəhərin quruluşunu, adının etimologiyasını tədqiq etmək mümkün olmuşdur.

Bərdə şəhəri ilk orta əsrlərdə ölkədə baş vermiş ictimai-siyasi və ideoloji mübarizənin mərkəzi olmuşdur. Maniçilik, məzdəkizm hərəkatı Bərdədə əks-səda tapmış, yaqubilik hərəkatının ocağı isə əsasən Bərdə olmuşdur.

Tarixi-coğrafi baxımdan demək olar ki, Bərdə şəhəri Kür və Tərtər çayları arasında Tərtər çayının sol sahilində salınmışdır. Bərdə ərazisinin coğrafi təsviri haqqında ilkin məlumata yunan və latın mənbələrində – Strabonun və Ptolomeyin “Coğrafiya”sındə, Böyük Plinin “Təbii tarixi”ndə rast gəlinir.

Bərdə şəhəri Şərq şəhərləri tipinə uyğun əlamətləri ilə bərabər, özünəməxsus plan quruluşuna, müdafiə istehkamlarına malik olmuşdur. Arxeoloji qazıntılar zamanı həmin müdafiə istehkamlarının qalıqları, həmçinin qala qapılarının izləri aşkar edilmişdir.

Bərdə strateji cəhətdən əlverişli, iqtisadi baxımdan inkişaf etmiş şəhər kimi erkən orta əsrlərdə Albaniyanın iqtisadi, siyasi və mədəni mərkəzinə – paytaxtına çevrilmişdir.

Bərdə şəhərinin siyasi həyatı V-VII əsrlərdə bütövlükdə Azərbaycan Albaniya dövlətində baş vermiş siyasi hadisələrlə sıx bağlı olmuşdur. Bərdə dövlətin möhkəmlənməsi uğrunda gedən mübarizənin, xarici müdaxiləçilərə qarşı savaşların, habelə daxili çəkişmələrin mərkəzində olmuşdur. Həmin dövrdə Albaniya qədim dövlətçilik ənənələrinə malik olan, bu ənənələr üzərində möhkəmlənən və öz müstəqilliyini qorumaq uğrunda gərgin mübarizə aparan Azərbaycan dövlətlərdən biri idi.

Bərdə Albaniyanın paytaxt şəhəri kimi ictimai həyatın bir sıra amillərini – hərbi-strateji, inzibati amilləri, sənətkarlıq və ticarəti, din və mədəniyyəti özündə cəmləşdirərək hərbi gücə, siyasi nüfuza, iqtisadi və mədəni əlaqələrə malik şəhər olmuşdur.

Nəhəng imperiyaların arasında öz suverenliyini əsrlər boyu qoruyub saxlayan Albaniya dövləti xüsusilə VII əsrdə qüdrətli dövlət olmuş, Cavanşirin ağıllı və çevik siyasəti sayəsində Sasani və Bizans imperiyaları, Xəzər xaqanlığı və Ərəb xilafəti Albaniya ilə hesablaşmışdır. Həmin dövrdə Albaniyanın paytaxtı Bərdə şəhəri olmuşdur. Alban hökmdarları II Vaçe, III Vaçaqan, Varaz-Qriqor, Cavanşir, Varaz-Trdat, ictimai xadimlər Viro, Nerses Bəkir, şair Dəvdək Bərdədə yaşamış və fəaliyyət göstərmişlər.

V-VII əsrlərdə maddi və mənəvi mədəniyyət baxımından Bərdədə güclü tarixi ənənə yaranmışdır. Çoxlu elm, təhsil ocaqları yaradılmış, şəhər ölkənin mühüm mədəniyyət mərkəzinə çevrilmişdir. Bərdədə alban əlifbası ilə tarixi və bədii əsərlər, o cümlədən Azərbaycan tarixinin günümüzə qədər gəlib çatan yeganə yazılı mənbəyi olan M.Kalankatlının «Albaniya tarixi» yazılmışdır. Həmçinin, müxtəlif dillərdə yazılmış xeyli sayda qədim dünyəvi və dini əsərlər alban dilinə tərcümə edilmişdir.

Ərəblərin Arranı işğalınadək Bərdədə Sasani mərzbanlarının iqamətgahı və alban katolikoslarının patriarxlıq taxtı yerləşirdi. 654-cü ildə ərəb sərkərdəsi Həbib ibn Məsləmənin Qafqaza ikinci yürüşündən sonra Xilafətin şimal vilayətlərinin canişini öz iqamətgahını Dəbildən Bərdəyə köçürdü. Bərdə ərəblərin Qafqazdakı canişinliyinin mərkəzinə çevrildi. Abbasilərin hakimiyyət başına gəlməsi (750-ci il) ilə Bərdənin inzibati və siyasi mərkəz kimi əhəmiyyəti daha da artır.

Təəssüf ki, 705-ci ildə ərəblər tərəfindən Albaniyanın dövlət müstəqilliyinə son qoyulmuş, ərazisi Xilafətin tərkibinə qatılmışdır. Bərdə o dövrdə «Arran» adlandırılan inzibati-ərazi bölgüsünə daxil edilmiş, bölgənin mərkəzi şəhəri kimi fəaliyyət göstərmişdir.

VIII əsrdə Bərdə şəhəri Qafqazdan keçən ticarət yollarının üstündə yerləşən mühüm məntəqə və eyni zamanda Cənubi Qafqazın ticarət yollarının kəsişdiyi mərkəz olmuşdur. Xilafət dövründə əmirlik mərkəzi kimi beynəlxalq ticarət yollarının üzərində yerləşməsi Bərdəni Avropanın və Asiyanın bir çox şəhərləri ilə əlaqələndirmiş, bu da şəhərin tərəqqisində böyük rol oynamışdır. Bərdə şəhəri VIII əsrdən X əsrin ikinci yarısınadək yalnız Arranın deyil, eyni zamanda Qafqazın, habelə Yaxın və Orta Şərqin sənət və ticarət mərkəzlərindən biri, ölkənin siyasi, ictimai və mədəniyyət mərkəzi kimi tanınmışdır.

İnkişaf etmiş orta əsrlərdə şəhər böyümüş, ərazisi 30 kv. km, əhalisi 100 000 nəfərdən çox olmuşdur. Şəhərin antik və ilk orta əsrlərdə möhrə və çiy kərpiclə tikilmiş müdafiə istehkamını artıq bişmiş kərpiclə tikilmiş əzəmətli qala divarı əvəz etmişdir. Orta əsrlər Bərdə şəhəri yeni forma və quruluşa malik olmuşdur. İnkişaf etmiş orta əsrlərdə şəhərin ərazisi təqribən 40 hektar olmuşdur.

IX əsr - X əsrin birinci yarısında Bərdə şəhəri çiçəklənmə dövrünü yaşamış, Yaxın və Orta Şərqin möhtəşəm şəhərlərindən biri kimi məşhurlaşmışdır. Orta əsr mənbələrində Bərdə «Arranın anası» adlandırılmışdır. X əsrin 20-ci illərində Bərdədə olmuş ərəb coğrafiyaşünası-səyyahı əl-İstəxri bir fərsəx eni, bir o qədər də uzunluğu olan bu böyük şəhər haqqında məlumat verirkən, “İraqla Xorasan arasında, Rey və İsfahandan sonra Bərdədən daha münbit torpaqlı, əlverişli mövqe tutan başqa şəhər” olmadığını bildirir. Əl-İstəxri dövründə “Fars və Xuzistanı ipəklə təchiz edən” Bərdədə sənətkarlıq və ticarətin inkişafı yalnız o dövr mənbələri ilə deyil, son illərdə şəhərdə aparılmış arxeoloji qazıntıların nəticələri ilə də təsdiq edilir.

Orta əsrlərdə Bərdədə doğulmuş, öz fəaliyyətləri, əsərləri ilə Yaxın və Orta Şərq ölkələrində tanınmış «Bərdəi» təxəllüslü böyük alimlər nəsli olmuşdur. Onlar Bərdədə və müsəlman dünyasının böyük elm mərkəzlərində dini və dünyəvi təhsil almış, Azərbaycanda, həmçinin müsəlman dünyasının bir çox ölkələrində fəaliyyət göstərmişlər. Bərdəli alimlərin arasında riyaziyyatçı, mühəndis, təbib, tarixçi, filosof, hüquqşünas, şair, hədisçi, natiq, münəccim və siyasi xadimlər olmuşdur.

Bərdəli alimlər sırasında Əbu Səid Əhməd ibn Hüseyn Bərdəi, Məhəmməd ibn Zeyd Bərdəi, Məkki ibn Əhməd Bərdəi, Əbu Bəkr Məhəmməd ibn Yəhya Hilali əl-Bərdəi, Səid ibn Əmr Əbu Osman əl-Əzdi əl-Bərdəi, Əhməd ibn Ömər Əbu-l-Həsən əl-Bərdəi, Əbu Bəkr Əhməd ibn Harun Bərdici əl-Bərdəi, Əbu Bəkr Əbdü-l-Əziz ibn Həsən Bərdəi, Məhəmməd ibn Xalid Bərdəi, Səid ibn Qasim Bərdəi, Əbu Əli Hüseyn ibn Süfvan ibn İshaq ibn İbrahim Bərdəi, Əli ibn Əbdü-l-Əziz Bərdəi, Əbu Bəkr Məhəmməd ibn Abdullah Bərdəi, Şeyx İbrahim ibn Şihabəddin Gülşəni Bərdəi, Mühyiddin Məhəmməd əl-Bərdəi, Məhəmməd ibn Zeyd ibn Yədəhdəvayh əl-Heysəm əl-Bərdəi, Sədullah əl-Bərdəi, Qazi Məhiyəddin Bərdəi daha məşhur olmuşlar.

X əsrin 40-cı illərində (944/45) Salarilər dövlətinin tərkibində olan Bərdə şəhəri slavyanların hücumu nəticəsində dağıdılmışdı. Salari hökmdarı Mərzuban ibn Məhəmməd şəhərin bərpa olunmasına diqqət yetirmədiyi və qonşuluqda yerləşən Gəncə şəhəri Şəddadilərin paytaxtına çevrilməsi Bərdə şəhərinin Yaxın və Orta Şərqin mühüm ticarət və sənət mərkəzi kimi süqut etməsini sürətləndirmişdir. X əsrin ikinci yarısından etibarən Bərdə siyasi qüdrətini itirmişdi. Rusların yürüşündən bir neçə il sonra Bərdədə olmuş ərəb coğrafiyaşünas-səyyahı İbn Havqəl ondan əvvəl bu şəhərdə olmuş əl-İstəxrinin məlumatını təsdiq etsə də, Bərdənin hələ də ağır günlər keçirdiyini bildirir: “Ruslarla müharibə zamanından başlayaraq hakim dairələrin təzyiqi, ölkəni ağılsız adamların idarə etməsi nəticəsində vaxtaşırı baş verən və bu günədək davam edən basqınların törətdiyi dağıntılara baxmayaraq Bərdənin bazar, karvansara və hamamları çoxdur”. Əl-Müqəddəsi bu şəhər gələrkən “onun kənarları artıq dağılmış, əhalisi azalmışdı. Bərdənin qalsı isə nizamsız halda idi”.

Ərəb müəlliflərinin Bərdədə istehsal və buradan ixrac edilən mallar, eləcə də bu nahiyənin kənd təsərrüfatı məhsulları haqqında məlumatları da maraq doğurur. “Bərdənin Bab əl-Əkrad adlı darvazası yanında bazar günü açılan əl-Kürkiy adlı bazar var. O bir fərsəx uzunluğunda, bir fərsəx enindədir. Hər həftənin bazar günləri hər yerdən, hətta İraqdan belə adamlar buraya axışır. Bu, hətta Ərdəbil yaxınlığındakı Kursurə bazarından da böyükdür. Bərdənin xəzinəsi Şamda olduğu kimi came məscidindədir... Bərdə beytülmalının qurğuşundan damı, dəmir qapısı, doqquz sütunu vardır. Hökmdarın evi şəhər içində, came məscidinin yanında, bazarlar isə şəhər kənarında – rabatdadır...”.

X əsrin ikinci yarısı – XI əsrdə xarabalıqlar içərisində qalmış Bərdə şəhəri iqtisadi əlaqələrin və kənd təsərrüfatının inkişafı hesabına həyatını davam etdirmişdir.

Bərdə şəhəri XII əsrin birinci rübündən etibarən Azərbaycan Atabəylər dövlətinin tərkibində olmuş, iqamətgahı Bərdədə yerləşən Şəmsəddin Eldəniz şəhəri yenidən bərpa etdirmişdir.

XIII əsrin əvvəllərində monqolların hücumları Bərdənin iqtisadi həyatını kəskin şəkildə tənəzzülə uğratmışdır. Azərbaycanın bir sıra şəhərləri kimi, Bərdə də monqollar tərəfindən dağıdılmış, talan edilmiş, şəhər iqtisadi cəhətdən yenidən tənəzzül dövrü keçirmişdir.

Bərdə şəhəri XIII əsrin ikinci yarısında Elxanilər dövlətinin tərkibinə daxil olmuşdur. Bu dövrdə feodal özbaşınalığının qarşısının alınması, mərkəzi hakimiyyətin güclənməsi digər Azərbaycan şəhərləri kimi Bərdənin də inkişaf etməsinə şərait yaratmışdır. Şəhərdə sənətkarlıq, ticarət və mədəniyyət yenidən inkişaf etmişdir. Bu dövrdə Bərdə şəhərində Hülakuların zərbxanası fəaliyyət göstərmişdir.

XIV əsrin ikinci yarısında bir-birini əvəz edən daxili müharibələr və yadellilərin hücumları zamanı Bərdə də həmin hərbi-siyasi hadisələrin təsirinə məruz qalmışdır. Əmir Teymurun Azərbaycana yürüşü və Teymurilər dövrü Bərdə şəhərinin tarixində də öz izini qoymuşdur.

XV əsrin əvvəllərində Bərdə Azərbaycan Qaraqoyunlu dövlətinin tərkibinə daxil oldu. Qaraqoyunlu və Ağqoyunlular dövründə Azərbaycanın bir çox şəhərləri kimi Bərdənin də inkişafı yüksək səviyyədə olmuşdur. Həmin dövrdə Bərdədə Ağqoyunlu padşahlarının adına pullar zərb olunmuşdur. I Şah İsmayılın başçılığı altında mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövləti yaranan zaman Bərdə şəhəri onun tərkibinə qatılmışdır. XVI əsrin ortalarında şah I Təhmasib dövründə Bərdədə hamam və karvansaralar tikilmiş, bağ salınmışdır.

XVI əsrin sonlarında Azərbaycanın əksər əraziləri kimi Bərdə şəhəri də Osmanlıların hakimiyyəti altına keçmiş və Gəncə-Qarabağ əyalətinin tərkibində 7 sancaqdan biri olmuşdur. Bərdə sancağı Bərdə şəhərini, Bərdə, Sir, Bayat və İncərud nahiyəsini əhatə etmişdir. XVII əsrin əvvəllərində I Şah Abbas Azərbaycan torpaqlarını Osmanlı işğalından azad etməsi Qarabağın əsas şəhərlərindən biri olan Bərdənin sonrakı inkişafına öz təsirini göstərdi.

XVII əsrin sonlarında Səfəvi imperiyasında baş verən iqtisadi böhran Azərbaycanın digər şəhərlərində olduğu kimi, Bərdənin də iqtisadi həyatına ağır zərbə vurdu.

XVIII əsrin əvvəllərində Azərbaycan Səfəvi dövləti, Rusiya imperiyası və Osmanlı dövləti arasında müharibələr meydanına çevrilmişdir. Bu zaman Qarabağa (Gəncə-Qarabağ əyalətinə) aramsız basqınlar başlanmış, Bərdədən Qazaxa qədər olan düzənlik yerlərdəki yaşayış məskənləri talanmış, xeyli insan həlak olmuşdur. Bərdə nahiyəsində xeyli kənd uzun illər boş qalmışdır.

1747-ci ildə məşhur Azərbaycan sərkərdəsi Nadir Şah Əfşarın öldürülməsindən sonra onun yaratmış olduğu imperiya süqut etdi. Müstəqil xanlıqlar yaranmağa başladı. Bərdə şəhəri Qarabağ xanlığının tərkibində qaldı. Bu zaman Bərdə şimal ölkələri ilə əlaqə yolunun üstündə mühüm məntəqəyə çevrildi. Bu zaman inkişaf etmiş sənətkarlıq və ticarət mərkəzi kimi onun mövqeyi daha da artmışdır.

XIX əsrin əvvəllərində Qarabağ xanlığı Rusiya tərəfindən işğal edilən zaman Bərdə şəhəri Rusiyanın tabeliyinə keçmişdir. Azərbaycanın iqtisadi inkişafdan geri qalan digər şəhərləri kimi Bərdə də nəinki zəifləmiş, hətta şəhər olaraq mövcudluğunu itirmək səviyyəsinə düşmüşdür. Sonralar Bərdə yenidən şəhər həyatını bərpa və davam etdirmişdir. Sovet hakimiyyəti illərində Bərdə şəhəri Azərbaycan SSR-də əsas pambıqçılıq rayonu kimi tanınmışdır.

«Qarabağın Bərdə şəhəri qədim tarixə, zəngin ənənəyə malikdir» deyən Ulu Öndərin göstəriş və tələbi ilə Bərdədə yeni inşa edilmiş nəhəng tikililər – mədəniyyət sarayı, vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksi, poçt-rabitə, mehmanxanalar, zavod və fabriklər, ticarət mərkəzi, bazar kompleksi, məktəb binaları, xəstəxana və poliklinikalar, çoxmərtəbəli ictimai və məişət xidməti binaları, körpülər və s. vaxtilə şəhərin həyatını dövrün inkişaf səviyyəsinə uyğun yeniləşdirmişdisə, bu böyük işləri layiqincə davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü və göstərişi ilə son dövrlərdə burada tikilmiş olimpiya idman kompleksi, Heydər Əliyev muzeyi, akademik Zərifə Əliyeva adına orta məktəb, ictimai binalar, istehsal müəssisələri, salınmış parklar və görülmüş çoxsaylı abadlıq işləri və s. Bərdə üçün daha geniş inkişaf perspektivləri açmışdır.

Paylaş: