İrəvan şəhəri Alagöz dağının cənub-şərqində, dəniz səviyyəsindən 1000 m. yüksəklikdə, Araz çayının sol tərəfdən qolu olan Zəngi çayının sahilində salınmışdır. İrəvan şəhərinin orta əsrlərə qədərki tarixi haqqında məlumat azdır. Tarixi qaynaqlarda ilk dəfə VII əsrdə adı çəkilən İrəvan toponimi haqqında müxtəlif məlumatlar vardır.
Qədim Urartu tarixinə şərik çıxmağa çalışan erməni müəllifləri İrəvan toponiminin Urartu mənbələrində adı çəkilən Erebuni qalasının adından götürülməsi fikrini əsaslandırmağa çalışırlar. Bəzi tədqiqatçılar isə İrəvan şəhərinin adını Urartu hökmdarı I Rusa tərəfindən Göyçə gölü ətrafında zəbt etdiyi 23 ölkələr sırasında olan Yeriaini (Eriaini) ölkəsinin adından irəli gəlməsi fikrini irəli sürürlər. Lakin rus müəllifləri qədim Erebuni qalasının İrəvan şəhərinin indiki yerindən bir verst (1,0668 km.) aralı olan “Qanlı təpə” adlanan təpənin yerində olmasını əsaslandırmışlar. Arxeoloq A.İvanovski bu təpə üzərində Urartu formalı qala qalıqları aşkar etmişdir. O, “Qanlı təpə” yaxınlığında, bir kəndlinin əkin zamanı tapdığı, dörd misralı mixi xətli yazılı daşı Moskva Arxeoloji Cəmiyyətinə aparmışdır. Ölçüləri 15x43,85 sm olan bu daşın üzərində həkk olunan yazı Urartu hökmdarı Arqiştiyə aiddir və bu şəkildə oxunur: 1.Arqişti; 2.Menuanın oğlu; 3.Bu qalanı tikdi; 4.10.100 daşdan ibarət.
İrəvan şəhərinin adının qədim Urartu hökmdarlarının saldırdığı Eribuni qalasının adı ilə əlaqələndirilməsi əslində ənənəvi erməni saxtakarlığından başqa bir şey deyildir. Erməni müəllifinin İrəvan toponimi ilə bağlı fikirləri heç biri elmi əsasa söykənməyir.
XVI əsr qaynaqları görə isə İrəvan şəhərinin adı Şah İsmayılın (1501-1524) sərkərdələrindən birinin – Rəvanqulu xanın adı ilə bağlanılır. Belə ki, şahın əmri ilə onun adamları burada qala tikmişlər. Bu fikiri isə əslində İrəvan şəhərinə deyil, İrəvan qalasının salınmasına aid etmək olar.
XIX əsr rus müəllifləri isə İrəvan toponimini həm ermənilərin qondarma «Nuh əfsanəsi» ilə bağlı yerevum «görünən», həm də tatarların (Azərbaycan türkləri – red.) «teçet» axan, rəvan mənasında işlətdiyini qeyd edir. Lakin, bu fikirlərin heç biri elmi əsasa söykənmir.
“İr” toponiminin erməni dilində izahı yoxdur. “İr (Yer)” qədim türk sözü olub «yerin günəşə baxan üzü»nə deyilir. Bəzi tədqiqatçıların fikrincə İrəvan toponimi türk dillərində İr «dağın gün düşən tərəfi», «dalğavari dağ zirvəsi» və farsca van «yer» sözlərindən ibarətdir. “İrəvan” toponiminin qədim türk teonimlərdən törənən etnik adlar sırasına daxil edilməsi və onun qədim türklərin İr (Yer) Tanrısı ilə eyniləşdirilməsi fikri daha düzgündür.
İrəvan şəhərinin bütün tarixi dövr ərzində Azərbaycan türklərinə məxsus olmasını dövrün qaynaqları təsdiq edir. Hələ XVI əsrdə Osmanlı yürüşləri zamanı Sultanın katibi olmuş İbrahim Rəhimizadə İrəvan şəhərini «Azərbaycan mülkünün gözü» adlandırmışdı.
XVIII əsrin ortalarında İrəvan xanlığının paytaxtına çevrilən İrəvan şəhəri özünün çiçəklənmə dövrünü yaşayırdı. Quruluşuna görə digər Azərbaycan şəhərlərindən fərqlənməyən İrəvan şəhəri şimaldan Qırxbulaq, qərbdən və cənubdan Zəngibasar mahalları ilə, şərqdən isə onu Qarni (Körpübasar) mahalından ayıran Oxçuberd dağının daşlı pillələri ilə həmsərhəd idi. İrəvan şəhəri onu əhatə edən bağlarla birgə geniş ərazini əhatə edirdi. Onun sahəsi 28 verstə bərabər idi.
İrəvan xanlığının paytaxtı, müstəqil inzibati mərkəz olan İrəvan şəhəri iki hissəyə – içəri şəhər (qala) və bayır şəhər hissəsinə bölünmüşdü.
İçəri şəhər əsasən İrəvan qalasından ibarət idi. İrəvan qalası 1583-cü ildə Osmanlı sərkərdəsi Fərhad paşa tərəfindən tikilmiş, sonralar dəfələrlə dağıdılmış, yenidən bərpa edilmiş, XVIII əsrin sonunda isə kifayət qədər möhkəmləndirilmiş və dəfələrlə ağır mühasirələrə tab gətirmişdi. İrəvan qalası Zəngi çayının sol sahilində yerləşirdi. Qala üç tərəfdən dərin xəndəklə, digər tərəfdən isə, Zəngi çayının sol sahilində sıldırımda tikilmiş 2 hündür divarla əhatə olunmuşdu. Qalanın iki qapısı vardı: şimalda məşhur Şirvan qapısı, cənubda isə Təbriz qapısı. Mühasirə zamanı sudan istifadə etmək üçün qaladan Zəngi çayına çıxış da var idi. 1813-cü ildə burada olan Q.Druvil yazırdı: «İrəvan qalası iki divarla əhatə olunub, şəhərdən yarım top atəşi məsafəsində yerləşir. Qala uzun müddət Türkiyə və İran arasında mübahisəyə səbəb olmuş, nəhayətdə İranın (Səfəvilərin - red.) hakimiyyəti altında qalmışdı. Qalanı xan idarə edir. Xan qalanın içərisində üç nizami tabor, qalanı qoruyan 60 top və süvari artilleriya bölüyünün yarısını saxlayır».
İrəvan qalasının içərisində Sərdarın sarayı, hərbçilərin evləri, dükanlar və iki məscid - Məhəmməd xan və Abbas Mirzə məscidləri yerləşirdi. Qalanın içərisinə 2 yerdən - Zəngi çayından və cənub-şərq tərəfdən - Qırxbulaq çayından yeraltı yolla su çəkilmişdi. Rusiya işğalına qədər İrəvan qalasında 800 ev vardı. Lakin işğaldan sonra bu evlərin çoxu dağıdılmışdı.
Bayır şəhər daha geniş ərazini əhatə edirdi. Göy məscid adı ilə tanınan məşhur Hacı Hüseynəli xan məscidi burada yerləşirdi. Göy məscid adı ilə məşhur olması onun kərpicinin göy rəngli kaşı ilə üzlənməsi ilə bağlıdır. 1760-1768-ci illədə İrəvan xanı Hacı Hüseynəli xan Qacar (1759-1783) tərəfindən inşa edilən bu məscid həyətində fontanlı daş çarhovuzun və ətrafında sıx kölgəli ağacların olması ilə seçilirdi. Dövrün mənbələrində İrəvan şəhərində məscidlərin daha çox olmasının və Rusiya işğalından sonra dağılması haqda məlumat vardır.
Bayır şəhər əsasən üç böyük məhəllədən ibarət idi. Həmin məhəllələr bunlar idi:
Şəhri (Əski şəhər) məhəlləsi – şəhərin şimal-şərq hissəsini əhatə edərək Qırxbulaq çayının sağ sahili ilə İrəvan qalasına kimi uzanırdı. Şəhərin mərkəzi bazarı və bütün meydanları, bir çox karvansaraları bu hissədə yerləşirdi.
Təpəbaşı məhəlləsi - Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə yerləşirdi. Bu məhəllə şəhərin qərb hissəsini əhatə edirdi. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Hüseynqulu xana məxsus məşhur Xanbağı da burada yerləşirdi.
Dəmirbulaq məhəlləsi – Şəhri məhəlləsindən cənub-şərqdə, İrəvan qalasının şərqində yerləşirdi. Hacı Cəfər bəy məscidi və hamamı, Hacı Nəsrulla bəy məscidi, həmçinin Həsənəli hamamı və Susuz karvansarası burada yerləşirdi. Yuxarıda göstərilən məhəllələrin sakinlərinin Azərbaycan türkləri olduğunu erməni mənşəli ABŞ tarixçisi C.Bornoutyan da gizlədə bilmir.
1836-cı ildə Leqkobıtov tərəfindən tərtib olunan mənbənin məlumatına görə, İrəvan qalasının ətrafında - bayır şəhərdə 1736 ev, 5 meydan, 8 məscid, 5 kilsə*, 6 karvansara, 1670 dükan, 9 ictimai hamam, 1470 üzüm və meyvə bağı, 40 dəyirman, 6 ding vardı. Leqkobıtovdan fərqli olaraq İ.Şopen İrəvan şəhərində 1730 ev olduğunu yazır. Bu evlərdən 792-i Şəhri (Əski şəhər), 622-i Təpəbaşı, 322-i isə Dəmirbulaq məhəlləsində yerləşirdi.
XIX əsrin I qərinəsində Rusiya tərəfindən işğal olunmasına baxmayaraq sonrakı dövrlərdə də İrəvan şəhəri öz gözəlliyini və Azərbaycan türklərinə məxsusluğunu saxlayırdı. B.Jelixovskaya bu haqda yazır: «İrəvan görünüşünə görə bütünlüklə tatar (Azərbaycan – red.) şəhəridir, uzaqdan çox gözəldir. Şəhərin yerləşdiyi düzənlik nəhəng çiçək səbətinə bənzəyir. Ağ evlər, qüllələr, qalanın xarabalıqları, rəngbərəng kaşılarla üzlənmiş məscid və təmtəraqlı minarələr: bunların hamısı bağların içərisində itir, piramidaşəkilli sərvlərin xiyabanı ilə dövrələnir, hər şey üzüm tənəkləri, sarmaşıq xalçaları ilə əhatə olunmuş, hamısı qızılgül və nar kolları ilə bəzədilmişdi. Zənqi çayı yüksək dağdan şəlalə kimi düzənliyə tökülür və qayalarda dərin yataq açaraq şəhərə doğru yönəlir və hər cür yaşıllığın keçilməz cəngəlliyində itir».
İrəvan şəhərində daimi yaşayan əhalinin tamamilə Azərbaycan türklərindən ibarət olmasını ilk mənbələr də təsdiq edir. Məsələn XVII əsr fransız səyyahı Şarden İrəvanda olarkən (1673) Səfiqulu xan Çuxursəd bəylərbəyi və İrəvan hakimi idi. Şarden onun incəsənəti və elmi sevdiyini, hamının ona hörmət etdiyini göstərir. Səyyahın məlumatına görə «….İrəvan qalası təxminən səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı qızılbaşlar yaşayırlar». «Qədim İrəvan» kitabında İrəvan əhalisindən bəhs edən Y.Şahəziz 1673-cü ildə İrəvanda olan fıransız səyyahı Şardenin İrəvan qalasında yaşayan əhali haqda məlumatını bir daha təsdiq edir və daha maraqlı bir məqama toxunur. O yazır ki, ermənilərin orada (İrəvan şəhərində - red.) yalnız dükanları var idi, onlar orada gündüzlər alver edir, axşamlar isə dükanlarını bağlayıb evlərinə gedirdi.
Ermənilər tərəfindən Rusiyaya və Avropanın digər xristian dövlətlərinə çatdırılan məlumatların təhrif olunmasını, ermənilərin sayının həmişə süni şəkildə şişirdilməsini nəzərə alsaq, demək olar ki, İrəvan şəhərinin özündə oturaq erməni əhalisi yaşamamışdır.
XVIII yüzilliyin əvvəlində missionerlik məqsədilə İrəvana gəlmiş yezuitlər ordeninin üzvü, missioner Monye yazır: «Evlərdən daha çox bağçalar və üzüm bağlarına qərq olmuş şəhər ikiqat qala divarları ilə əhatə olunmuşdur. Əhalinin ¼-i ermənilərdir». XVIII yüzillikdə İrəvanda olmuş Mami-Klerak Monyenin faktlarından təkcə faydalanmamış, hətta onu redaktə də etmişdir. Erməni tədqiqatçısı A.Q.İoannisyan da bu faktla razılaşaraq fransız tarixçisi, mühəndis Mami-Kleraka istinad edərək yazır ki, «qaynaqların məlumatına görə, ermənilər İrəvan şəhəri əhalisinin ¼-ni, azərbaycanlılar isə böyük əksəriyyətini təşkil edirdilər». Beləliklə, bəhs olunan dövrdə də Azərbaycanın qədim Çuxursəd (İrəvan) bölgəsində və İrəvan şəhərində yaşayan əhalinin böyük əksəriyyəti Azərbaycan türklərindən ibarət idi. Bunu yuxarıda göstərilən erməni mənbələrinin məlumatları, həm də İrəvanda olmuş Avropa səyyahları və missionerlərinin verdiyi konkret faktlar da təsdiq edir.
Hələ, XVIII əsrin əvvəllərində İrəvan şəhərində oturaq erməni əhalisinin yaşamadığını həmin dövrdə tərtib olunmuş arxiv sənədləri də təsdiq edir. Erməni-rus əlaqələrinə həsr olunmuş sənədlər toplusunun II cildinin I hissəsinə daxil edilmiş sənədlər içərisində maraqlı bir məlumat verilir. 1701-ci il 25 iyul tarixli «Yaddaş qeydləri» adlanan həmin sənəddə erməni avantüristi İsrail Ori rus qoşunlarını Cənubi Qafqaza yürüşə həvəsləndirmək üçün I Pyotra 18 bənddən ibarət layihə təklif edir. Layihənin 7-ci bəndində Rusiya imperatoruna İrəvan şəhəri haqda kəşfiyyat xarakterli məlumatlar çatdırılır və göstərilir ki, İrəvan şəhərində cəmi 300 nəfərdən bir az artıq erməni yaşayır və onlar da ticarətlə məşğul olurlar.
İdarəetmə: XVIII əsrin ikinci yarısında İrəvan şəhəri Azərbaycanın ən iri şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri idi. Xan öz ailəsi və xidmətçiləri ilə birlikdə burada yaşayırdı. İrəvan şəhərini xan tərəfindən təyin olunan kələntər və qalabəyi idarə edirdi. Yasovullar, onbaşılar, fərraşlar onlara tabe idi. İrəvan xanlığının idarə olunmasında saray məmurları mühüm rol oynayırdılar. Vəzir böyük səlahiyyətlərə malik idi. Xan sarayında vəzirdən başqa sərkərəli (maliyyə işlərinə baxan), eşikağası (xanın şəxsi təsərrüfatını idarə edən), sandıq ağası (xəzinədar), anbar ağası, qalabəyi, mühasib bəy və digər vəzifələr də var idi. Hərbi işə isə xanın özü rəhbərlik edirdi. Maraqlıdır ki, erməni müəllifi A.R.Qriqorian İrəvan xanlığının idarəçilik sistemindəki bütün bu vəzifələrin adlarını erməni dilinə tərcümə etməmiş, Azərbaycan dilində olduğu kimi vermişdir.
Çar Rusiyası XIX əsrin 20-30-cu illərindən başlayaraq erməniləri Cənubi Qafqazdakı Azərbaycan torpaqlarına köçürüb gətirməklə bu regionun qədim tarixi dövrlərdən bəri davam edən ənənəvi etnik-siyasi və dini mənzərəsini zorla dəyişdirdi. Şimali Azərbaycanın İran və Türkiyə ilə sərhəd torpaqlarında Cənubi Qafqaz üçün tamamilə yad olan yeni xristian etnosu yerləşdirdi.
Rusiya müstəmləkəçiləri, çox çəkmədən, Azərbaycan xalqının tarixi dövlətçilik ənənələrini və müstəqillik şüurunu məhv etmək üçün inzibati-ərazi islahatları keçirməyə başladı. 1828-ci il martın 21-də I Nikolayın fərmanı ilə Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları ləğv edildi və bu xanlıqların ərazisində İran və Türkiyədən köçürülməkdə olan ermənilər üçün mərkəzi İrəvan şəhəri olmaqla qondarma «Erməni vilayəti» yaradıldı. Bununla Cənubi Qafqazdakı Azərbaycan torpaqlarında, daha doğrusu, İrəvan və Naxçıvan xanlıqlarının ərazisində erməni dövləti yaratmaq üçün ilk addım atıldı.
1849-cu ildə isə həmin Azərbaycan torpaqlarında yeni inzibati-ərazi vahidi – İrəvan quberniyası yaradıldı. Quberniyanın mərkəzi İrəvan şəhəri idi. İrəvan quberniyasının yaradılması, əslində, Qərbi Azərbaycan ərazisində ermənilər üçün dövlət yaradılması yolunda növbəti addım idi. Bundan sonra ermənilərin İran və Türkiyədən İrəvan quberniyası ərazisinə, həmçinin digər Azərbaycan torpaqlarına köçürülməsi prosesi daha da sürətləndirildi.
Ermənilərin köçürülməsindən sonra Cənubi Qafqaz qanlı qırğınlar dövrünə qədəm qoydu. Rusiya müstəmləkəçiləri tərəfindən silahlandırılan və hərtərəfli müdafiə olunan erməni quldur dəstələri Azərbaycan xalqına qarşı, ümumiyyətlə Cənubi Qafqazın türk-müsəlman əhalisinə qarşı soyqırımlarına başladılar.
1918-ci il mayın 28-də yenicə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, bir gün sonra böyük dövlətlərin təzyiqi ilə qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı təqribən 9,5 min kv.km torpaqla birlikdə ermənilərə güzəştə getməyə məcbur edildi. Ermənilər bu güzəşt müqabilində yerinə yetirməli olduqları şərtlərin heç birinə əməl etmədilər.
Şərtlərə əsasən,
Nəticə etibari ilə qədim Azərbaycan şəhəri İrəvan bu qondarma dövlətin paytaxtına çevrildi.
Mənbələr və ədəbiyyat.
* Bu kilsələr İrəvan xanlığının Rusiya tərəfindən işğalından sonra, ermənilərin xüsusi məqsədlə Osmanlı imperiyası və Qacarlar İranından köçürülərək İrəvan şəhərində yerləşdirilməsindən sonra inşa edilmişdi. Xanlığın işğalından sonra İrəvan qalasında ruslar tərəfindən tikilmiş provaslav kilsəsini isə C.Bornoutyan saxtalaşdıraraq erməni kilsəsi kimi təqdim edir.