AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

LƏNKƏRAN

Azərbaycanın ən gözəl, dilbər guşələrindən biri olan Lənkəran bölgəsinin tarixi çox qədimdir. Ən qədim insan məskənlərindən biri olan Buzeyir mağara düşərgəsi məhz bu bölgədədir.

Lənkəran bölgəsi ayrı-ayrı dövrlərdə müxtəlif Azərbaycan dövlətlərinin – Manna, Atropatena, Sacilər, Salarilər, Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilərin tərkibində olmuşdur. Lənkəran adına ilk dəfə orta əsr mənbələrində təsadüf olunmuşdur. Bununla bağlı ilk məlumatа Təvəkkül ibn Bəzzazın 1357-ci ildə yazdığı «Səfvətüs-səfa» əsərində Ləngərkonan yaşayış yeri kimi rast gəlinir.

1409-cu ildə ərəb dilində yazılmış «Fərruxnameyi-cəmali» adlı kitabın müəllifi Ramazan ibn Şeyxəli Lənkərani və həmin kitabı 1594-cü ildə fars dilinə tərcümə edən Möhübəli ibn Əhmədi Ləngərkonani bu təxəllüsləri özlərinə götürməklə «Lənkəran» yer adının XV-XVI əsrlərdə mövcud olduğunu nəzərə çatdırmışlar.

Bu bölgənin yerli əmirləri Azərbaycan Səfəvi dövlətinin yaranması prosesində yaxından iştirak etmişdi. Şah İsmayıl dövründən başlayaraq bu bölgənin tanınmış əmirləri nüfuzlu Qızılbaş əmirləri arasında yer almış və dövlətin idarə olunmasında yaxından iştirak etmişdilər. XVIII əsrin əvvəllərinin mühüm mənbəsi «Təzkirətül-mülük»ün verdiyi məlumatlara görə, XVI–XVII əsrlərdə inzibati cəhətdən bu bölgə Azərbaycan bəylərbəyliyinə tabe olmuş və iki hakimlə təmsil olunmuşdu: Astara və Qaraağac. Lənkəran Astara hakiminin nəzarəti altında qalmışdı.

Lənkəranın əlverişli mövqede yerləşməsi, başqa yerlərlə quru və dəniz yolu ilə əlaqə saxlamağın mümkün olması şəhərin 1654-cü ildə Səfəvi hökmdarı II Şah Abbas tərəfindən Lənkəran və Muğanın hakimi təyin edilən Seyid Abbasın iqamətgahına çevrilməsinə səbəb olmuşdur. Səfəvi hökmdarı Sultan Hüseyn tərəfindən verilən bir fərmandan bəlli olur ki, 1703-cü ildə Lənkəran şəhəri də daxil olmaqla Muğanı Abbasqulu xan (Mir Abbas) idarə edirdi. Rus arxiv sənədlərinə görə 1726-cı ildə Mir Abbasın Osmanlılar tərəfindən öldürülməsindən sonra Mir Əzizin idarəsinə keçmişdir, bu zaman Qızılağacı Musa xan idarə etmişdi.

Səfəvilər uzun müddət bu bölgəni etibar etdikləri yerli əmirlərin idarəsinə həvalə edirdilər. Təsadüfi deyildir ki, XVIII əsrin ortalarına kimi bu bölgənin idarəsi Səfəvi nəslindən olan hakimlərin nəzarətinə verilmişdi. Hətta müstəqil Azərbaycan dövlətlərindən biri kimi Lənkəran xanlığını da məhz Səfəvi nəslindən olan Seyid Abbas xan yaratmışdı. Seyid Abbasın varisi Qara xan xanlığın paytaxtını Astaradan Lənkərana köçürmüş, sonuncunun şəhər kimi təşəkkül tapması və inkişafı üçün çox işlər görmüşdü. Beləliklə, XVIII əsrin ortalarında tədricən Böyük bazar, Kiçik bazar, Qala və başqa məhəllələrdən ibarət Lənkəran şəhəri formalaşmışdır. Mir Mustafa xan və Mir Həsən xanın hakimiyyəti illərində də şəhər böyümüş və inkişaf etmişdir. Lənkəran şəhəri qala divarları ilə əhatə edilmiş, xan sarayı, məscid, qala, hamam, bazar və karvansaralar tikilmişdir.

XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Lənkəran xanlığı və Lənkəran şəhəri çox kəskin hərbi–siyasi proseslərin meydanına çevrilmiş, burada Rusiya və Qacar səltənətləri arasında qanlı müharibələr getmişdir.

Lənkəranlılar həmişə düşmənlərə qarşı qəhrəmancasına döyüşmüşdülər. 1812-ci illin dekabrında rus generalı Kotlyarevskinin çoxsaylı ordusu Lənkəran qalasını mühasirəyə alanda cəmisi 4 minlik qala qarnizonu qacarların yaxın qohumu Sadıq xanın komandanlığı altında son nəfərə qədər düşmənlə vuruşmuşdur. İşğalçılar nəinki bu qalada bir nəfər belə əsir götürməmiş, hətta qocalara, qadınlara və uşaqlara aman verməmişdilər. 1826-cı ildə Lənkəran xanlığı ləğv edildikdən sonra şəhər eyniadlı əyalətin, 1840-cı ildən isə qəzanın mərkəzinə çevrilmişdir. Bu qəza Xəzər vilayətinin (1841-1846), Şamaxı (1846-1859) və Bakı (1859-1917) quberniyalarının tərkibində olmuşdur. XIX əsr ərzində Lənkəran şəhəri sürətlə böyüyərək Şimali Azərbaycanın mühüm inzibati-iqtisadi mərkəzlərindən birinə çevrilmişdir.

Tarixən Azərbaycanın ən iri çəltiklik mərkəzlərindən biri olan Lənkəran XIX-XX əsrlərdə ölkəmizin ən iri subtropik və tərəvəzçilik, yeyinti sənayesi mərkəzlərindən birinə çevrilmişdir.

Əsası hələ 1930-cu ildə qoyulmuş Lənkəran rayonunda hazırda 66 bələdiyyə fəaliyyət göstərir. Şəhərdə 52 min nəfərdən artıq, rayonda isə 200 min nəfərədək əhali yaşayır. Burada iki şəhər, 6 şəhərtipli qəsəbə və 84 kənd var. Lənkəranda kifayət qədər iri sənaye müəssisələri, beynəlxalq standartlara cavab verən hava limanı, tibb ocaqları, idman qurğuları, habelə ali və orta ixtisas müəssisələri fəaliyyət göstərir.

XVIII-XIX əsrlərdə trapesiya formasında olan şəhərin əhalisi ticarət və sənətkarlıqla məşğul idi. Şəhər ticarətinin əsasını bazar təşkil edirdi. Şəhərdə iki bazar var idi: Yuxarıbazar və qala divarlarından kənarda yerləşən Aşağıbazar. Şəhərdə sənaye məhsulları satılan 40 dükan, 9 karvansaray və məscid vardı. Lənkəran tranzit ticarət üçün mühüm məntəqə hesab olunurdu.

А. Volınski XVIII əsrin əvvəllərində Lənkəran şəhərində 200 evin, Suvorov isə 300 həyətin olduğunu bildirirdilər. 1796-cı ildə şəhərdə olmuş Zeynalabdin Şirvani burada 700 ev qeydə almışdı. Berezin üç yarım verstdən ibarət olan Lənkəran şəhərinin ətrafında ərazi ilə birlikdə 3 minədək əhalinin yaşadığını yazırdı. XIX əsrin əvvəllərində şəhərdə 422 müsəlman evi vardı. Bunlardan 10-u bəylərə, 43-ü vergi ödəyənlərə, 192-si maaflara, 120-si sənətkarlara, 7-si ruhanilərə, 70 bəy təbəələrinə məxsus idi. 1813-cü il Gülüstan müqaviləsindən sonra Lənkəran şəhərinin əhalisi azalmışdı. Bu çar Rusiyasının müstəmləkə siyasəti ilə bağlı idi. Lənkəran xanlığının işğalından sonra burada ermənilər məskunlaşmağa başladılar. 1832-ci ildə artıq Lənkəran şəhərində 168 nəfər erməni yaşayırdı. 1849-cu ildə şəhərdə 125 bəy, 20 mirzə, 46 seyid, 56 molla, 92 müvəqqəti yaşayan, 699 maaf, 168 əkər, 323 vergi ödəyən tatar kəndli, 66 erməni, 114 rus olmaqla ümumilikdə 1999 nəfər yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Lənkəran şəhərinin əhalisi 52.581 nəfərdir.

Lənkəran şəhərində Kiçik Qala məscidi, Güldəstə minarəsi, Hacı Mirzə hamamı, Xan evi kimi tarixi abidələr qorunub saxlanmışdır.

Şəhərdə Həzi Aslanovun abidəsi ucaldılmış, onun doğulduğu evdə isə muzey açılmışdır. Lənkəran teatrının tarixi XIX əsrdən başlanır. Bu teatrda 1850-ci ildə səhnəyə qoyulmuş ilk əsərin tamaşasından əldə edilən bütün gəlir yoxsullara ianə edilmişdir. Lənkəranda Olimpiya kompleksi, uşaq-gənclər idman məktəbi, boks üzrə sağlamlıq mərkəzi, şahmat məktəbi fəaliyyət göstərir.

Lənkəran Şəhər İcra hakimiyyətinin orqanı “Lənkəran” qəzeti 1991-ci ildən nəşr edilir. “Aşkarlıq” (1995), “Prizma” (2004) müstəqil qəzetləri, “Şəfəq” (1992), “Söz” (1994), “Məşəl” (1999) ədəbi-bədii jurnalları, 1957-ci ildən radio verilişləri redaksiyası, 1994-cü ildən Lənkəran televiziyası fəaliyyət göstərir.

1992-ci ildən Lənkəran Dövlət universiteti, 2006-cı ildən Azərbaycan Milli EA Regional Elm Mərkəzi yaradılmışdır. Lənkəranda həmçinin Azərbaycan Elmi-Tədqiqat, Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Lənkəran filialı, Zona Təcrübə Stansiyası, Müəllimləri Təkmilləşdirmə İnstitutunun Lənkəran filialı, Lənkəran Humanitar Kolleji, tibb məktəbi, Uşaq rəssamlıq məktəbi fəaliyyət göstərir.

Mənbələr və ədəbiyyat.

  • Azərbaycan tarixi. Yeddi cilddə. 3-7-ci cildlər. Bakı, 1999 -2002.
  • Путешественники об Азербайджане (под редакцией Шахмалиева), т. I, Баку, 1961.
  • Олеарий Адам. Подробное описание путешествия голштинского посольства в Московию и Персию в 1633, 1636 и 1639 годах (перевел с немецкого Павел Барсов). Москва, 1870.
  • Seyid Əli Kazımbəyoğlu. Cavahirnamei-Lənkəran (tərcümə R. Şeyxzamanlı), B., 2000.
  • Сообщение путешественников XIII-XVIII вв. об Азербайджане (составил Ямпольский), Баку, 1957
  • Зевакин Е. Азербайджан в нач. XVIII века, Баку, 1929.
  • Бутков П.Г. Материалы для новой истории Кавказа 1722-1801, ч. I, Санкт-Петербург, 1869.
  • Байрамалибеков Теймурбей. Ленкоран в прошлом// Научный Архив Института Рукописей НАН АР, шифр Д-698/28591
  • Байрамалибеков Теймурбей, Талышинский край в прошлом и настоящем времени// Научный Архив Института Рукописей НАН АР, шифр Д-685/28392.
  • Məmmədova İ.M. Lənkəran xanlığı Birinci Rusiya-İran müharibəsi dövründə. B., 2007
  • Məmmədova İ.M. Lənkəran xanlığının şəhərləri haqqında//AMEA-nın xəbərləri (Tarix, fəlsəfə, hüqüq seriyası), № 7, B., 2006, s. 42-55.
  • Мамедова И.М. Город Лянкярань и его население в период ханств //Провинциальный город в XVIII-XXI вв. (история, экономика, культура). Материалы Международной научно-практической конференции. Кизляр, 25-28 сентября 2008 г., Махачкала, ИПЦ ДГУ, 2008, с. 30-38.

Paylaş: