Quba şəhəri böyük Qafqaz dağ silsiləsinə aid olan Şahdağın şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Quba şəhərinin kənarında yerləşmiş Sandıqtəpə abidəsinin indiki Qubanın ilkin yeri olduğu arxeoloq və tarixçilər tərəfindən müəyyənləşdirilmiş və beləliklə, şəhərin yerində təqribən 1700 il bundan əvvəl yaşayış məskəni olması barədə fikir əsaslandırılmışdır. Quba müxtəlif inkişaf mərhələləri keçərək, əvvəlcə kənd, sonralar şəhərtipli qəsəbə, daha sonra kiçik şəhər, bir qədər genişləndikdən sonra isə qəza şəhərinə, 1930-cu ildən isə Azərbaycanın inzibati rayonlarından birinə çevrilmişdir.
Mənası indiyədək hələ dəqiqləşməyən «Quba toponimi» haqqında müxtəlif fikir, fərziyyə və gümanlar söylənilmiş və bu barədə axtarışlar hələ də davam edir. Onlardan bir neçəsini misal gətirək: VII əsrdə Mədinə şəhəri yaxınlığındakı «Kuba» adlı şəhərdən köçüb Azərbaycana gələn ərəb qəbilələri yerləşdikləri məskəni «Quba» adlandırmış və bu toponim yaranmışdır; Ərəb müəllifi İbn Havqəl (X əsr) Azərbaycan hakimi Ənuşirəvanın bir qala tikib onu «Babi-Firuzqubad» («Firuzqubad» qapısı) adlandırdığını bildirir. Tarixçinin bu fikrinə əsaslanan rus alimi V.F.Minorski «Kuba» toponiminin «Firuzqubad» adının ikinci hissəsindən götürülmüş olduğunu güman edir; bir başqa ərəb müəllifi Yaqut əl-Həməvinin (XIII əsr) coğrafi lüğətində Azərbaycan şəhərləri arasında Quba şəhərinin də adı çəkilir və bu oykonim «Kubba» şəklində yazılır; XI-XIII əsrlərin başlanğıcında Quzey Azərbaycanın mühüm sənətkarlıq mərkəzlərindən bəhs olunarkən Quba-Şirvan xalçalarının adı çəkilir; XIII-XIV yüzilliklərdə Azərbaycan xalçaçılığı dörd bölgəni birləşdirirdi: Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz; Quba haqqında sonrakı pərakəndə məlumata Səfəvi sarayının İspaniyadakı diplomatı Oruc bəy Bayatın (XVI əsrin sonu – XVII əsrin əvvəli), I Şah Abbasın saray münəccimi, tarixçi Münəccim Yəzdinin (XVII əsr) və alman səyyahı Adam Olearinin (XVII əsr) əsərlərində bu toponim məhz «Quba» kimi yazılmışdır; İllər ötdükcə bu məskənin adı xüsusunda Quba, Kubba və Qübbə adlarına tez-tez təsadüf olunur. Bu baxımdan da şəhərin adının “türbə” və orta əsr islam ölkələrində yer adı kimi tez-tez rast gəlinən “Qübbə” mənasını verən variantı daha məqbul hesab edilir. Qubanın yaxınlığında Beşbarmaq dağının önündə olan Xıdır-Zində deyilən ziyarətgahın olması bu izahın daha düzgün olmasına dəlalət edir. Bundan başqa Quba xanlarının fərmanlarında şəhərin adı “Qübbə” şəklində yazılmışdır.
IX-X əsrlərdə və daha əvvəlki ərəb mənbələrində Qubanın adına rast gəlinmir. Lakin A.A.Bakıxanov Şirvanşah Kavus ibn Keyqubadın (h.774 (1373)-cü il) Quba yaxınlığında gözəl türbəsini gördüyünü xəbər verir ki, bu da həmin yerdə daha qədim zamanlarda və XIV əsrdə qəsəbə və ya şəhər olduğunu güman etməyə imkan verir.
XVI əsrə aid digər bir mənbədə yerli sakinlərin dilindən xəbər verilir ki, "dağın yamacında qala olan Quba çoxdan dağılmışdır. Həmin vaxt (1582-ci il) Quba çoxlu kəndi əhatə edən nahiyənin adı idi". Beləliklə, Quba adı XVI əsrədək gəlib çıxmışdır. Həmin dövrdə Quba hərbi əməliyyatlardan uzaqda yerləşdiyindən iqtisadi və siyasi mövqeyini qoruyub saxlaya bilmişdir.
XVI əsrdə Quba Azərbaycan Səfəvilər dövlətinin, XVI əsrin sonlarında Osmanlı dövlətinin nəzarətində olmuşdur. XVII əsrin əvvəllərində I Şah Abbas tərəfindən Şirvan ərazisi Osmanlı işğalından azad edilən zaman Quba şəhəri də Azərbaycan Səfəvi dövlətinin nəzarətinə keçmişdir. XVIII əsrin I yarısında Azərbaycan Səfəvilər dövlətinin süqutunun sonlarında Qubada hakimiyyət Qazıqumuqlu Surxay xan və Müşkürlü Hacı Davud tərəfindən ələ keçirildi. 1726-cı ildə Quba gələcək eyni adlı xanlığın əsasını qoyan Hüseynəli xanın hakimiyyəti altına düşdü.
1718-ci ildə I Pyotrun Səfəvilər dövlətinə səfir kimi göndərdiyi Artemi Volınski zadəgan Andrian Lopuxinə Niyazabaddan Rusiya sərhəddinə qədər mövcud olan Azərbaycan torpaqları barədə icmal xarakterli məlumat toplamaq haqqında sərəncam verir. 1718-ci ilin mart ayının 18-də Quba şəhərinə gələn Lopuxinin məlumatına görə şəhərdə 600 həyət var idi. XVIII əsrin ortalarına kimi Quba kiçik orta əsr şəhəri idi. Akademik N.Berezin böyük Quba şəhərinin yaranmasını Xudatın inzibati mərkəz kimi əhəmiyyətini itirməsi və Xudatın əhalisinin Qubaya gəlməsi ilə əlaqələndirir. XVIII əsrin ortalarında Quba xanlığı yaranarkən, onun mərkəzi əvvəl Xudat, sonra isə Quba şəhəri olmuşdur. Hüseynəli xanın oğlu Fətəli xanın (1758-1789) dövründə Quba xanlığının mövqeyi güclənmiş, xanlığın mərkəzi olan Quba şəhərinin əhəmiyyəti isə xeyli artmışdır. 1770-ci ildə Qubada olan Rusiya Elmlər Akademiyasının akademiki S.Qmelinin yerli əhalinin məlumatına əsaslanaraq söylədiklərinə görə isə 30 il əvvəl şəhərin daş darvazaları olmuşdur.
1806-cı ildə Quba xanlığı Şeyxəli xanın ciddi müqavimətinə baxmayaraq, çar Rusiyası tərəfindən işğal edilərək əyalətə çevrildi. 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələri bu işğalı rəsmiləşdirdi. 1826-ci ildə çar Rusiyasının işğalı əleyhinə qalxan üsyan isə amansızlıqla yatırıldı.
Quba şəhəri XIX əsrdə indi olduğu kimi Qudyal çayının sağ sahilində, çaydan 15-20 m yüksəklikdə yerləşirdi. Həmin dövrdə Qubanın xarici görünüşü şərqin feodal şəhərlərini xatırladırdı. Şəhərin üç tərəfindən hasarı və üç giriş qapısı vardı. Hasarın hər küncündən döyüş qüllələri ucalırdı, əsas tikinti işləri şəhərin şərq tərəfində aparılırdı. Şəhərdə üç böyük küçə vardı. Əsrin əvvəllərində şəhərdəki evlərin sayı altı yüzdən çox deyildi.
Quba şəhərinə su borularla Qudyal çayından axıdılırdı. 1811-ci ildə şəhər əhalisinin sayı 1069 nəfər, 1832-ci ilə aid digər bir məlumata görə isə 3830 nəfər olmuşdur.
1837-ci ildə Quba əyalətində çar Rusiyasının milli müstəmləkə rejiminə qarşı Hacı Məhəmmədin başçılığı altında güclü üsyan baş verdi. Quba üsyanı çarizmə qarşı XIX əsrin 30-cu illərində Azərbaycanda baş verən ən mütəşəkkil üsyanlardan biri olmuşdur. Bu dövrdə Şimali Qafqazda Şeyx Şamilin rəhbərliyi altında çarizmə qarşı milli-azadlıq mübarizəsi davam etdiyi üçün hökumət nəyin bahasına olursa-olsun Azərbaycanda baş verən üsyanları yatıraraq onların Şeyx Şamillə sıx əlaqə yaratmasına imkan verməməyə çalışmışdır. 1837-ci ilin sentyabrında üsyançıların Quba qalasına hücumu uğursuz olduğu üçün çarizm üsyanı yatırmağa nail oldu. Lakin buna baxmayaraq, 1838-ci ilin yayında bölgədə üsyan dalğası yenidən alovlandı.
1834-cü ildə Qubada düzgün inşaat işləri aparmaq üçün layihə hazırlanmasına baxmayaraq evlər sistemsiz tikilirdi, buna görə də şəhərdə küçələr darısqal idi. Bestujev-Marlinski onları “Krit labirintləri” adlandırmışdı. 1843-cü ildə Quba qəza şəhərinə çevrildi. 1867-ci ildə Qubada artıq 1540 ev, 500 dükan vardı.
XX əsrin ilk onilliyində Quba qəzasının əhalisi yenə də əkinçilik, sənətkarlıq və ticarətlə məşğul olur, Azərbaycanda baş verən siyasi hərəkatları kənardan seyr edirdi. Çar hökuməti bir çox rus və erməni ailələrini Quba qəzasına da köçürərək bu işi öz maraqları baxımdan böyük əhəmiyyət verirdi. 1917-ci ildə Quba şəhəri böyük çətinliklərlə üzləşdi. 1918-ci ilin ilk aylarından etibarən erməni daşnaklar partiyasının liderləri Bakıdan başlayaraq Tiflisə qədər məskunlaşan türk-müsəlman əhalini soyqırıma məruz qoyub Kür çayına, Qubadan Astarayadək olanları isə Xəzər dənizinə tökməyi planlaşdırdılar. Bu məqsədlə kütləvi soyqırım tədbirlərinə əl atdılar. Törədilən soyqırımlar Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ilin iyul ayının 15-də yaradılan Fövqəladə İstintaq Komissiyası tərəfindən təhqiq edilmişdir.
1930-cu ildə Quba Azərbaycanın inzibati rayonlarından birinə çevrildi. Quba şəhəri də rayonun mərkəzi oldu. Ərazisi 2580 km olan Quba Azərbaycanın ən böyük rayonudur. Azərbaycandakı 9 iqlim tipindən 7-si Quba rayonunun payına düşür. Çaylarının hamısı (Qudyalçay, Qaraçay, Vəlvələçay, Ağçay, Qurkçay, Caqacuqçay və s.) Xəzər dənizi hövzəsinə aiddir. Əsasən kənd təsərrüfatı rayonudur.
Əhalisi 2008-ci il məlumatına görə 150,3 min nəfər və 49 faizini kişilər, 51 faizini isə qadınlar təşkil edir. Əhalisi əsasən Azərbaycan türkləri, dağ yəhudiləri, ləzgilər və digər Dağıstan xalqlarından ibarətdir. Quba şəhəri Azərbaycanın son zamanlar turizm iqtisadiyyatının ən çox inkişaf etdiyi şəhərlərindəndir.
Quba şəhərində XIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidləri, Gümbəzli hamam vardır. Şəhərin ətrafında çoxlu tarixi abidələr qorunub saxlanmışdır. Şəhərdə XVI əsrdə tikilmiş məqbərə, tarix muzeyi, eləcə də XIX əsrdə yaşamış maarifçi, yazıçı və ictimai xadim A.Bakıxanovun ev-muzeyi var.