Aratta şəhər-dövlət Azərbaycanın tarixi cənub torpaqlarında mövcud olmuş siyasi qurumların ən qədimidir. Aratta Orta Asiyadan Mesopotamiyaya uzanan mühüm karvan yolları üzərində şumerlilərin yaratdığı mərkəzləşdirilmiş boşaltma məntəqəsi olduğundan mərhum tarixçimiz Y. B. Yusifov, dünya tarixşünaslığında ilk dəfə olaraq, onu Azərbaycanın tarixi torpaqlarında, Sənəndəclə Zəncan arasında yerləşdiyini elmi dəlillərlə əsaslandıra bilmişdir. Belə lokalizasiyanı əsaslandıran başlıca amil kimi Aşşur çarı II Sarqonun “Tanrı Aşşura məktub”unda Mannanın ərazisində axan “Arattanın çayı” haqqında məlumat göstərilir. Digər əhəmiyyətli arqument Urartu çarı I Arqiştinin Xorxor kitabəsində Mannada yerləşən Alateye adlı dağın xatırlanmasıdır. Şumer dastanlarının məlumatına görə Arattaya aparan yollardan biri Zabua ölkəsinin Hurrum dağlarından, digəri isə Elam dövlətinin qərb torpaqlarından keçirdi.
İndiki Süleymaniyyə-Sənəndəc zolağından Urmiya gölünə qədər uzanan ərazilərdə (qədim Zabu, Zamua) lullubi tayfaları məskunlaşmışlar; Lullubilərin yaratdığı ikinci güclü dövlətin – Simurrunun (və ya Şimurrum) adı Kerha çayının mənbəyindəki geniş düzənliyin müasir adında ̶ “Seymərrə” (və ya “Seynmərre”) formasında qalıb.
Qutilərin qərb qrupunun siyasi birliyi Kutmuhi Anadolunun şərqində Tur-Abdin dağları rayonunda (qədim Kaşiyari) yerləşirdi. Aşşurlular Kutmuhini “Şubaru ölkələri” kimi daha geniş coğrafi anlayışa daxil edirdilər. Qutilərin əksər hissəsi Cənubi Azərbaycanda, eləcə də İran və İraqın kürdlər yaşayan həmhüdud bölgələrində məskunlaşmışlar. İraqın şimal-şərqindəki Raniyə düzündə onlar turukkularla, Süleymaniyyədən şərqdəki qədim Zamuadan Avromandağ silsiləsinə qədər uzanan ərazidə lullubilərlə qonşuluqda yaşayırdılar. Luristandakı dağlıq ərazilərdən isə qutilərin elamlılar və kaşşularla təmas xətti keçirdi.
E.ə. 2100-1900-cü illərdə şumerdilli mətnlərdə “Su adamlarının ölkəsi” ifadəsi yer almağa başlayır. Bu ifadə elamlıların yaratdığı konfederativ quruluşlu Simaşki ölkəsinin rebuslu yazılış forşası olmuşlar. 6 vilayət və iri yaşayış məskənlərinin (Ahar, Zabşali, Lulubim, Siqris, Sisirtum və s.) konsolidasiyasından yaranan Simaşkinin ərazisi Elamın hüdudlarından “Yuxarı dənizədək” (=Urmiya gölü) uzanırdı.
Aşşur mənbələrinin məlumatına görə e.ə. 1800-1300-cü illərdə Urmiya gölündən cənub-qərbdə və Raniyə düzündə (Şərqi Subartu) turukkular yaşayırdılar. Onlar bölgənin hurrilərəqədərki substrat etnosu hesab olunur, turukkuları türk mənşəli hesab edənlər də var. Mərkəzləşmiş dövlət yaratmasalar da, özünüidarə sistemi ilə fəaliyyət göstərən vilayət və şəhərləri (Ahazum, Utem, Burullum, Kakkulatim, Şikşambum və s.) olub.
Konfederativ əsaslarla yaranmış Mannanın (e.ə. 843-595) şimal vilayətləri (Uşkaya, Uişdiş) Təbriz-Mianə xətti boyunca Urartu ilə sərhəddə bufer bölgə kimi fəaliyyət göstərirdi. Manna ilə Urartunun təmas xətti indiki İranın Qaradağ (və ya Arazbaran) mahalından keçirdi. Şərqdə Mannanın hüdudları Qızılüzən və Zəncan çaylarınadək uzanırdı. Mannanın şimal-şərq istiqamətində ən kənar vilayəti Andiya idi; Ərdəbili də əhatə edən bu vilayət “Gündoğan dənizin” (=Xəzər) sahillərinə qədər uzanırdı. Andiyadan qərbdə inzibati mərkəzə Parda olan Ziqirtu vilayəti yerləşirdi. Ziqirtunun torpaqlarında Hellin dövründə Atropatena dövləti yarandı.
Mannanın şərq hüdudu sayılan Qizilbunda (=Qizilbuda) Madanın qərbindəki Abdadana ilə sərhədlənirdi. Mesu (=Misi) və Karalla (=Lullume) vilayətləri Mannanın Parsua ilə sərhəd zolağını təşkil edirdi. Surikaş və Sumbi vilayətləri indiki Sərdəştlə Rəvandüz arasında yerləşərək Urartu ilə sərhəd zolağının mühüm komponentini təşkil eridilər. Deyilənlərdən məlum olur ki, Manna dövləti təkcə Cənubi Azərbaycanın deyil, eyni zamanda İran Kürdüstanının çox hissəsini də (xüsusilə ostanın mərkəzi və şərq hissələri) əhatə edirdi.
E.ə. 323-cü ildə Mada vilayətinin şimal-qərb torpaqlarında satrap Atropat müstəqil dövlətini yaradaraq, yunan-Makedoniya imperiyasının tərkibindən çıxır. Bu dövlət Atropatın iqamətgahının yerləşdiyi şəhərin adına – Antarpatian (“Yollar ortası”), əsasən “Atropatena” adlanırdı. Arazdan cənubdakı tarixi torpaqlarımızda yaranan dövlət kimi Atropatena İran yaylasının şimal-qərb küncündə, indiki İran İslam Respublikasının Qərbi və Şərqi Azərbaycan ostanlarının ərazisini əhatə edirdi. Onun coğrafi hüdudları erkən orta əsr ərəb müəlliflərinin məlumatına görə şimaldan Araz çayı, şərqdə Gilan, cənub-şərqdə Zəncan, cənub-qərbdə Hulvan-Şəhrizur düzənliyi ilə hüddulanırdı, qərbdə Kürdüstan silsiləsi onu Anadoludan ayırırdı. Strabonun məlumatına görə Atropatena Armeniyadan şərqdə, “Böyük Madadan” qərbdə, hər iki siyasi qurumdan şimalda yerləşirdi, Araz çayının qolu Ağçay və Matiena gölü (=Urmiya) Atropatenanı Armeniyadan ayırırdı. Antik müəlliflər Atropatena şahlarının qış (Vera) və yay (Qanzaka və ya Qazaka) iqamətgahları haqqında məlumat verirlər. Mənbələrdə digər şəhərlər də (Aqanzana, Tiqrana, Arsakiya, Fraaspa və s.) xatırlanır.
E.ə. IV əsrin ortalarında Arazdan şimaldakı tarixi torpaqlarımızda məskunlaşan türk, Qafqaz və İran mənşəli fərqli tayfaların konsolidasiyası nəticəsində Albaniya dövlətinin təməli qoyulur. Bu dövlət indiki Azərbaycan, Ermənistan respublikalarının ərazisini və Gürcüstanın şərq rayonlarını, Dərbənd ətrafı torpaqları əhatə edirdi. Antik müəlliflər Albaniyada onlarla vilayətin (Kaspiana, Utiya, Paytakaran, Sakasena, Kambisena və s.) şəhərin (Telayba, Gelda, Albana, Qaytara, Taqoda, Bakxiya, Sanua, Deqlana, Niqa, Mamexiya, Ossika, Sioda, Baruka, Xabala, Xabota, Boziata, Misiya, Xadaka, Alam və s.) və kəndin olduğunu qeyd edirlər.