AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ORTA ƏSRLƏR DÖVRÜ

Erkən orta əsrlərdə Azərbaycanın şimalında mövcud olan Azərbaycan Alba­niyasının ərazisi əsasən Böyük Qafqaz sıra dağlarının şimali-şərq ətəklərindən Kiçik Qafqaz dağları və Araz çayına, Qabırlı çayından Xəzər dənizinə qədər olan sahələri, Mil və Muğan düzlərini əhatə edirdi. Onun şimal sərhədləri Böyük Qafqaza, Samur sıra dağlarının şimal ətəklərinə, şimali-qərbdə Qabırlı (İori) və Qanıx (Alazan) çaylarının yuxarı axarına, şimali-şərqdə isə müasir Dərbəndin şimalına qədər gedib çatırdı. Dövlətin cənub sərhədləri əksər vaxtlarda (I-VIII əsrlərdə) Araz çayı boyunca uzanmış və cənubi-şərqdə Kaspiananın cənub tərəfindən keçmişdir. E.əv. II-I əsrlərdə Albaniyanın bütün sərhədləri sabit qalsa da, cənubi-şərqdə sərhədlər daralır. Kaspiana eramızın I əsrinə kimi Albaniyanın tərkibində olmamış və bu zonada dövlət sərhədləri həmin vilayətin şimal istiqaməti boyu keçmişdir. Sonrakı dövrlərdə isə sərhədlər yenidən əvvəlki kimi bərqərar olur və dövlətin süqutuna kimi əsaslı dəyişikliklərə uğramır.  

III-VII əsr mənbələrində erkən Sasani dövründəki Adurbadaqanın sərhədləri haqqında dəqiq məlumat yoxdur. Yalnız gümanla ehtimal etmək olar ki, bu vilayətin hüdudları elə Sasanilərə qədərki Parfiya dövlətinin tərkibində olan Atropatena hüdudları ilə üst-üstə düşürdü. Mənbələr ancaq Sasanilərin son dövrlərində - I Xosrov Ənuşirəvanın (531-579) vaxtında inzibati-ərazi bölgüsünə dair olan məlumatı qoru­yub saxlamışdır. Məlumatda I Xosrov Ənuşirəvanın inzibati islahatlarından sonra geniş ərazili "Şimal" canişinliyi olan Adurbadaqan (Azərbaycan) kustuna ("tərəfinə")  daxil edilmiş vilayətlərin adları çəkilir. Bilavasitə Adurbadaqan sərhədləri isə daha çox sonrakı fars materiallarını da özündə əks etdirən IX-X əsr ərəb coğrafıyaşünas­larının məlumatları əsasında müəyyənləşdirilir. Bu materiallara görə Adurbadaqanın şimal sərhədi Araz boyunca idi. Cənubda sərhədlər Zəncana və Dinəvər düzünə yetişir, Xulvan düzü və Şəhrəzurdan keçərək, Dəclə çayına çatan əraziyə kimi uzanırdı. Dərbənd qala divarlarında VI yüzilə aid pəhləvi yazısına görə Adurbadaqan kustunun Barzniş adlı amarqarı (hakimi) Dərbənd divarlarının tikintisinə nəzarət edirdi. Bu da Adurbadaqanın sərhədlərinin bəzi hallarda bütün tarixi Azərbaycan torpaqlarını əhatə etdiyini göstərir. 

Ərəb xilafəti tərkibində vahid Azərbaycan ərazisi şimalda Dərbənd torpaqlarını, cənubda Zəncan ərazisini əhatə edərək Həmədana kimi uzanırdı. Onun şərq sərhədləri Xəzər dənizi və Deyləm ərazisi, qərb sərhədləri əl-Cəzirə, Ərməniyə və Gürcüstan əraziləri ilə hüdudlanırdı. Göyçə mahalı və Tiflisə qədər ərazilər Azərbaycana daxil idi. Qeyd olunduğu kimi, Xilafət əsarətə aldığı geniş əraziləri idarə etmək üçün həmin yerlərdə mövcud olmuş əvvəlki ənənələrdən istifadə etməyə üstünlük vermişdir. Ərəblər sasanilərin mərzbanlıqlarına bənzər əmirliklər (canişinliklər) sistemi yaratdı­lar. Əvvəlcə 5 əmirlik təşkil olundu və Azərbaycan (Arran ilə birlikdə) 4-cü əmirliyə daxil oldu. Əməvilər sülaləsi dövründə inzibati quruluşda bəzi dəyişikliklər edildi: Azərbaycan əl-Cəzirə adlanan 3-cü əmirliyin tərkibinə qatıldı. Abbasilər dövründə də bu sahədə yeniliklər edildi: 83 əyalətdən ibarət 14 əmirlik yaradıldı. Əmirliklər özləri də daha kiçik inzibati vahidlərə – nahiyələrə və rayonlara bölünmüşdü.  IX əsrdə Xilafətin tədricən zəifləməsi prosesi getmiş və onun müxtəlif hissələrə parçalanması ilə nəticələnmişdir. IX-XII əsrlərdə Azərbaycanda müxtəlif feodal dövlətləri mövcud olmuşdur. Onların bəzisi Azərbaycanın bütün ərazisini, tarixi Atropatena və Azərbay­can Albaniyası torpaqlarını əhatə etsələr də, digərləri ölkənin bu və ya başqa ərazilə­rində fəaliyyət göstərmişlər. Mövcud siyasi vəziyyət Azərbaycanın tarixi-siyasi coğra­fiyasına ciddi təsir göstərmiş və bu istiqamətdə tez-tez dəyişikliklərin baş verməsinə səbəb olmuşdur. Bununla yanaşı, göstərilən dövrdə Azərbaycan vahid şəkildə mövcud olmuş, onun ərazisi Dərbənddən Zəncana, Xəzərdən Göyçə mahalının qərbinə kimi olan torpaqları əhatə etmişdir. X əsr müəllifi İbn əl-Havqəl Cənubi Qafqaz bölgəsinin təsvirini verdiyi xəritəsində bölgənin vilayətlərinin dəqiq hüdudlarını göstərir. Müəllif vahid Azərbaycanın 2 iri vilayətinin, yəni Azərbaycan – Adurbadaqan və Arranın (Albaniyanın) Araz çayı ilə sərhədləndiyini qeyd edir.   

Hələ VI əsrin I yarısında Şabran və Gilgil çayları arasında sasanilər tərəfindən yaradılmış Şirvanşahlar dövləti təxminən 1000 il (1538-ci ilədək) fəaliyyət göstər­mişdir. Dövlətin sərhədləri sonradan genişlənmiş və cənubda Kür çayı, şimalda Dər­bənd və Samur çayı, qərbdə Göyçay və Şəki, şərqdə Xəzər dənizi ilə əhatə olunmuşdu. Paytaxtı Şamaxı (Yəzidiyə) şəhəri olmuşdur. Şirvan ərazisi IX-X əsrlərdə qədim Albaniyanın müəyyən hissəsini təşkil edirdi. İlk mənbələrin məlumatına görə, X əsrdə Şirvan əsasən 3 nahiyədən – Şirvan (Şərvan), Xursan və Lahican nahiyə­lərindən ibarət idi. Xursan Dərbənd ilə Şirvan arasında yerləşirdi və Qafqaz dağına birləşirdi. Lahicanın Girdiman çayı ilə Göyçay arasında yerləşdiyi qeyd olunur. IX-XI əsrlərdə Şirvanın tərkibinə Xursan və Laicandan başqa Məsqət, Dərbənd, Qəbələ, Şəki, Sənariyə, Beyləqan vilayətləri və müəyyən dövrlərdə Bərdə də daxil olmuşdur.

Sacilər dövləti IX əsrdə Azərbaycanda təşəkkül tapmış ikinci müstəqil dövlət idi. Dövlətin ərazisi qərbdə Ani və Dvin şəhərlərindən şərqdə Xəzər dənizinə kimi uzanırdı. Şimalda Dərbənd, cənubda Zəncan əraziləri bu dövlətin tərkibinə daxil idi. X əsrdə Azərbaycanda fəaliyyətə başlayan növbəti dövlət Salarilər dövləti olmuşdur. Salarilər dövləti Azərbaycanın bütün ərazilərini vahid şəkildə birləşdirmişdi. Salari­lərdən sonra hakimiyyətə gələn Rəvvadilər dövlətinin ərazisi əsasən indiki Cənubi Azərbaycan ərazisini əhatə edirdi. Şəddadilər dövləti X-XII əsrlərdə Cənubi Qafqazda fəaliyyət göstərmiş feodal dövlətlərindən biri olmuşdur. Dövlətin ərazisi Kür və Araz çayları arasındakı torpaqları əhatə edirdi. Naxçıvan, Sünik, Qafan və Arranın digər əraziləri bu dövlətin tərkibində idi. 

XI əsrin ortalarında Orta və Yaxın Şərqdə mühüm tarixi hadisə baş verdi. Orta Asiya, İran, Suriya, Kiçik Asiya və digər əraziləri özündə birləşdirən Səlcuq impe­riyası meydana gəldi (1038-1157). Azərbaycan ərazisi də onun tərkibinə qatıldı. Azərbaycanın Səlcuq imperiyası tərkibinə daxil olması ölkənin tarixi-siyasi və tarixi-etnik coğrafiyasına əsaslı təsir göstərdi. Belə ki, ölkə daxilində mövcud olan parçalan­maya qismən son qoyuldu. Rəvvadilərin, Şəddadilərin və eləcə də, Şirvanşahların nüfuz dairəsində olan ərazilər imperiyanın tərkibində yenidən vahid şəkildə birləş­dirildi və Azərbaycan vilayəti kimi tanındı. Səlcuqların fəaliyyəti nəticəsində imperi­yanın tərkibində atabəylik institutu meydana gəldi. Şəmsəddin Eldəniz 1136-cı ildə Azərbaycanda müstəqil Atabəylər (Eldənizlər) dövlətini təsis etdi. Eldənizlər döv­lətinin ərazisi əsasən Azərbaycanın cənub torpaqlarını və şimali-qərbi İran vila­yət­lərini əhatə edirdi. Arran və Şirvan əraziləri də bu dövlətin nüfuz dairəsinə daxil idi. Şirvanşahlar daxili müstəqilliyini qorusalar da, Atabəylərin vassalları idilər. Azərbay­canda fəaliyyət göstərən Ağsunqurilər dövləti və Əhər məlikliyi də Atabəylərin asılılığında olmuşlar.

XIII əsrin ilk rübündə Azərbaycan monqol yürüşlərinə məruz qalır, Atabəylər dövləti süqut edir və son nəticədə ölkədə monqol hökmranlığı başlanır. XIII-XV əsrlərdə Azərbaycanın ərazisi, dövlətlərin mərkəzi vilayəti kimi, təxminən eyni vəziyyətdə qalmışdır. İlkin mənbələrdən əldə olunan faktlar XIII-XV əsrlərdə Azərbaycan vilayətinin (vahid şəkildə) sərhədlərini əsasən bu cür müəyyənləşdirməyə imkan verir: Xəzər dənizi – Gilan vilayəti - Zəncanın şərq və cənub hüdudları – Savucbulaq, Uşniya şəhərlərinin və Ruyendiz qalasının cənub istiqaməti – Urmiya, Salmas, Xoy, Maku şəhərlərinin qərbi – Dvin şəhəri – Göyçə gölü – Debed çayı – Hunan (Xnarakert) qalası – Şəki mahalının qərbi və şimalı – Şirvanın şimalı – Dərbənd mahalının şimalı – Xəzər dənizi.  

Azərbaycan vilayəti Qaraqoyunlular və Ağqoyunlular dövründə əvvəlki, Elxa­nilər dövründəki hüdudlarında qalırdı və əsaslı dəyişikliyə düçar olmamışdı. Onun şimal sərhədləri Dərbənd və Şəki ərazilərinin şimalından, qərb sərhədləri Göycə gölü, Dvin, Maku, Xoy, Salmas, Urmiya, Uşniya şəhərlərinin qərbindən keçirdi. Cənub və cənub-şərq sərhədləri də əvvəlki əsrlərdəki kimi qalırdı. İnzibati ərazi bölgüsü baxı­mından ölkə Azərbaycan, Arran, Muğan, Şirvan, Şəki əyalətlərinə ayrılırdı. Həmin əyalətlərin tərkibində Qaradağ, Qarabağ, Şərur, Çuxursəəd, Güştasfi mahalları var idi. Göstərildiyi kimi, bu dövrdə Arran əyaləti, ərəb dövrünün Arranından fərqli olaraq, yalnız iki çayarası ərazini, Kür ilə Arazın qovuşduğu yerdən Göyçə gölünə kimi əraziləri əhatə edirdi. Qarabağ, Güştasfi, Arasbar mahalları buraya daxil idi.  

XV əsrin sonları – XVI əsrin ilk illəri Azərbaycanda Ağqoyunlular dövlətinin zəifləməsi, parçalanması, süqutu və Azərbaycan Səfəvilər dövlətinin təsisi ilə səciy­yəvidir. Azərbaycan Səfəvilər dövləti geniş əraziləri əhatə edirdi. Onun tərkibinə tarixi Azərbaycan torpaqları ilə yanaşı, Şərqi Gürcüstan, Şərqi Anadolu və demək olar ki, bütün İran ərazisi daxil idi. Dövlətin cənub sərhədləri Kəngər körfəzindən, şimal sərhədləri Dərbənd mahalının şimalından, şərq sərhədləri Amu-Dərya çayından, qərb sərhədləri isə Kiçik Asiya və Gürcüstan ərazilərinin təxminən ortasından keçirdi. Azərbaycan vilayəti geniş əraziləri əhatə edən Səfəvilər imperiyasının mərkəzi vila­yəti idi. Dövlətin digər əraziləri, vilayətləri Azərbaycandan idarə olunurdu. Səfəvilər dövrü Azərbaycanını səciyyələndirən digər mühüm cəhət ölkənin bütün ərazilərinin vahid dövlətin tərkibində birləşməsi idi. Bu baxımdan Səfəvilər dövrü başqa dövr­lərdən fərqlənir. Səfəvilər ilk növbədə az-çox öz daxili müstəqilliyini mühafizə etmiş dövlət qurumlarını ləğv etdi; 1538-ci ildə Şirvanşahların, 1551-ci ildə Şəki hakimli­yinin fəaliyyətinə son qoyuldu. Beləliklə, Azərbaycanın bütün əraziləri bir dövlətin tərkibində vahid şəkildə birləşdirildi. Bu, Səfəvilərin fəaliyyətində ən mühüm müsbət hal kimi qiymətləndirilir. Azərbaycanın vahid şəkildə mövcudluğu iki əsrəqədər müha­fizə olundu. Səfəvilər dövründə Azərbaycan vilayəti inzibati-ərazi bölgüsü baxı­mın­dan bəylərbəyliklərə ayrılmışdı. Azərbaycanda 4 bəylərbəylik var idi: Azərbaycan (və ya Təbriz) bəylərbəyliyi, Şirvan bəylərbəyliyi, Qarabağ (və ya Gəncə) bəylər­bəyliyi, Çuxur Səəd (və ya İrəvan) bəylərbəyliyi.

XVIII əsrin I yarısında Azərbaycan ərazisində ölkənin sonrakı taleyinə çox ciddi və həm də mənfi təsir göstərmiş bir sıra ictimai-siyasi xarakterli hadisələr baş verdi. Bu dövrdə Azərbaycan Səfəvilər dövlətinin tam tənəzzülü ilə əlaqədar Cənubi Qafqaz ərazilərinə yiyələnmək uğrunda Rusiya-Osmanlı qarşıdurması baş verdi. 1736-cı ildə Nadirin simasında Əfşarların Azərbaycanda hakimiyyətə gəlməsi və fəaliyyəti Azər­bay­can torpaqlarının parçalanması prosesini qısa müddətə də olsa ləngidə bildi. O, Səfəvilərin inzibati bölgüsünə əsasən mövcud olan Qarabağ, Şirvan, Çuxur-Səəd və Təbriz bəylərbəyliklərini ləğv edərək, Azərbaycan adı altında vahid inzibati bölgü yaratdı. Lakin Nadir şah Əfşarın öldürülməsindən sonra (1747) onun dövləti süquta uğradı və ayrı-ayrı vilayətlərdə, o cümlədən, Azərbaycanda müstəqil xanlıqlar sistemi təşəkkül tapdı.

Paylaş: