AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

REPRESSİYA TARİXİ

1937-1938-ci illərdə Azərbaycan SSR-də həyata keçirilmiş və əsası 1937-ci ildə Azərbaycan Kommunist partiyasının VI mart Plenumu tərəfindən qoyulmuş və siyasi repressiyaların qurbanı ilk növbədə rəhbər kadrlar olmuşdu. 1920-ci ilin fevralında Azərbaycan Kommunist partiyasının Mərkəzi Komitəsinin üzvləri seçilmiş və aprel işğalından sonra ilk hökümətin tərkibinə daxil olmuş R.Axundov, Ə.Qarayev, S.M.Əfəndiyev, Q.Musabəyov, D.Bünyadzadə, M.D. Hüseynov və b. keçmiş partiya rəhbərləri 1937-ci ildə xalqa xəyanətdə, əksinqilabi, cəsusluq fəaliyyətində təqsirləndirildilər və güllələndilər. Repressiya qurbanları arasında ölkə iqtisadiyyatının aparıcı sahələrinə rəhbərlik etmiş A.Serebrovskiy, A.Barinov, İ.Zeynalov, P.Qulbis, A.Slutski var idi.

Keçmiş partiya elitasının məhvilə  başlayan kütləvi repressiya maşını tezliklə yoxsul təbəqələri, ətrafda baş verən hadisələri hələ dərindən dərk edə bilməyən fəhlə və kəndliləri də öz məngənəsində almağa başladı. Yüzlərlə fəhlə və kəndli, ziyalı millətçilikdə, xalqa xəyanətkarlıqda, Almaniya, Yaponiya kəşfiyyat orqanları ilə əlaqədə təqsirləndirilərək məhv edildi. 

 1937-ci ildə Şamaxıda bir qrup kommunist və bitərəflərin başda H.Sultanov olmaqla açıq məhkəmə prosesi keçirildi. 1938-ci ildə Gəncədə əksinqilabçı – cəsus-terrorçu təşkilata qarşı istintaq prosesi başlandı. Bu proseslərdə  müttəhim  simasında çıxış edən  keçmiş partiya elitası Vətənə xəyanətdə, SSRİ-ni dağıtmaq, kapitalizm qurmaq cəhdlərində təqsirləndirilirdilər. Həbs olunanlara ağır  işgəncələr verilir, məhkəmə prosesi zamanı bütün qanunlar pozulurdu. 10-15 dəqiqəlik məhkəmə prosesi nəticəsində onlarla insan ən ağır cəzaya məhkum edilirdi. Məhkumların sayının çox olmasından bu cür məhkəmə proseslərini   rəhbər vəzifəli  şəxslərdən  təşkil edilmiş  “üçlüklər” aparırdı. «Xalq düşməni» elan edilən şəxsin təkcə özü deyil, yaxın adamları, dostları, qohumları da cinayət məsuliyyətinə cəlb edilir, ağır cəza tədbirlərinə məruz qalırdılar. R.Axundov və H.Sultanovla bağlı uydurma «əksinqilabçı-üsyançı-terrorçu» mərkəzin işi ilə əlaqədar  1700 nəfər, «Azneft»də aşkar edilmiş əksinqilabçı-terrorçu təşkilatın işi ilə əlaqədar 3300 nəfər, Xəzər Gəmiçiliyi İdarəsindən 200 rəhbər işçi müxtəlif cəza tədbirlərinə məruz qalmışdılar. 1937-ci ilin payızında heç bir əsası olmadan  İsmayıllı rayonunun Kürdmaşı kəndinin 67 sakini həbs olunmuşdu. Onların hamısı əksinqilabı üsyançı dəstələrin yaradılmasında ittiham olunmuşdular. Həbs olunanlardan işgəncə yolu ilə vəhşicəsinə etiraf ifadələri alınmışdı, onların ailə üzvləri isə təhqirlərə məruz qalmışdılar. "Üçlüyün" qərarına əsasən 63 nəfər güllələnmiş, dörd nəfər isə uzun müddətə azadlıqdan məhrum edilmişdi.

Kütləvi repressiyalar Azərbaycan ziyalılıarından da yan keçmədi. Repressiyaların ilk qurbanları içərisində H.Cavid, M.Müşviq, T.Şahbazi, Ə.Razi, S.Mumtaz, Y.V.Çəmənzəmənli, Ə.Cavad kimi istedadlı, savadlı ziyalılar da var idi. Repressiya qurbanları arasında Azərbaycan cəmiyyətinin elmi potensialına və mənəvi zənginləşməsinə öz böyük töhfələrini vermiş görkəmli alimlər B. Çobanzadə, Ə. Qubaydullin, B. Tixomirov, A. Bukşpan, Azərbaycan səhnəsinin aparıcı aktyorları  Ülvi Rəcəb  Şaşikaşvili və Abbas Mirzə Şərifzadə var idi. Cəzalandırılanlar hamısı müxtəlif ölkələrin xeyrinə casusluqda, pantürkizmdə, panislamizmdə, xalq  işinə xəyanətdə  ittiham olunmuşdular.

Şübhəsiz ki, repressiya maşını insanların sosial və milli mənsubiyyətindən asılı olmayaraq, hamını öz cənginə almışdır. Təkcə 1937-ci ildə Azərbaycanda  22 xalq komissarı, 49 rayon partiya komitəsinin katibləri, 29 rayon İcrayyə komitələrinin sədrləri, 57 zavod və mədən direktorları, 95 mühəndis, 110 hərbi qulluqçu, 207 sovet və həmkarlar ittifaqı işçiləri, 8 professor həbs edilmişdir. Demək olar ki, onların əksəriyyəti güllələnmişdir. Məlumdur ki, təkcə 1936-cı il oktyabrın 1-dən 1938-ci il  iyulun 1-dək Azərbaycan SSR-də 25222 insan  həbs olunmuşdur. Onların 13356 azərbaycanlı idi. Lakin repressiyaların miqyası əhəmiyyətli dərəcədə böyük idi. Repressiya qurbanlarının ailə üzvləri və digər yaxın qohumları da  repressiyalara məruz qalaraq ölkənin şimal rayonlarına  və Orta Asiyaya sürgün edilmişdilər. Bunlar nəzərə alınsa, təkcə 1937-1938-ci illərdə repressiya qurbanlarının ümumi sayı 80 min nəfərdən çox idi. Lakin repressiyalar sırf Azərbaycan daxili terror kampaniyası deyildi. Bu siyasət Ümumittifaq səviyyəsində həyata keçirilirdi və ayrı-ayrı respublikalarda öz miqyası, xarakteri və qəddarlıq dərəcəsi ilə fərqlənirdi.

30-cı illərin ortalarında respublikada böyük sayda İran əsilli azərbaycanlılar yaşayırdı. Əslən Cənubi Azərbaycandan və etnik azərbaycanlılar olan bu insanlar,  sovet sənədlərində  farslar və ya İran təbəələri adlanırdılar. Əksər halda bu insanlar inqilabdan əvvəlki dövrdə Şimali Azərbaycana köçmüşdülər. Onların  sayı 40 min nəfərə çatırdı. Bunlardan 10 mini Bakıda yaşayırdı və əsasən neft sənayesinin müxtəlif sahələrində çalışırdı. 30-ci illərin ikinci yarısında SSRİ-də siyasi rejimin sərtləşdirilməsi, onun beynəlxalq vəziyyətinin, o cümlədən İranla münasibətlərinin xeyli dərəcədə kəskinləşməsi şəraitində, İran təbəələri rahat hədəf seçilərək, asanlıqla şübhəli elementlər kateqoriyasına aid edildilər. 1932-ci ilin dekabrında SSRİ-də pasport sisteminin tətbiqi hakimiyyətin vətəndaşların bu kateqoriyası üzərində nəzarəti  üçün əlavə bir vasitə oldu. Lakin onların çoxu SSRİ-də pasport sisteminin tətbiqi dövründə Sovet vətəndaşlığını qəbul etmək istəmədi. 1938-cü il yanvarın 19-da ÜİK (b)P MK Siyasi Bürosu İran mənşəli azərbaycanlılara aid xüsusi qərar qəbul etmişdi. Bu qərara əsasən, sovet vətəndaşlığını qəbul etmək istəmiyən və İran təbəəliyində  qalmaq istəyən azərbaycanlılar 10 gün ərzində  İrana köçürülməli, bundan imtina etdikdə isə həbs olunmalı idilər. Sovet vətəndaşlığını qəbul edənlər isə bir ay müddətində Qazaxıstana köçməli idilər. Nəticədə on minlərlə İran təbəəsi olan  insan seçim qarşısında qalmışdılar: İrana köçmək və ya  sovet vətəndaşlığını rəsmiləşdirmək və Qazaxıstana köçmək, əks halda həbs olunaraq məhkum edilmək. Sonuncu variant repressiyalara məruz qalmaq demək idi.  Çətindir demək onlardan neçəsi  Azərbaycan SSR hüdudlarını tərk etməyə razılaşıb İrana köçdü. Amma əminliklə demək olar ki, bu qeyri-insani və məntiqsiz qərarlar nəticəsində o illərdə repressiyaya məruz qalmış azərbaycanlıların ümumi sayı  kəskin artdı.

Uzun illər Vətən tarixşünaslığında belə bir fikir hakim olmuşdu ki, Azərbaycanda 1937-1938-ci illər siyasi repressiyaların əsas səbəbkarı respublikanın o vaxtkı rəhbəri M.C. Bağırov idi. Lakin nəzərə alınmırdı ki, Azərbaycan SSR vahid, əslində, unitar dövlətin tərkib hissəsi olduğu  halda hansısa respublikanın siyasi repressiyaya suveren hüququ  yox idi. Digər tərəfdən, sovet sistemində nomenklatura kadrların loyallığı və sədaqətliyinə yanaşmada şübhə elementi daim mövcud olmuşdur. Totalitar idarə sisteminin milli kadrlara daimi şübhə ilə yanaşma xarakterik xüsusiyyəti milli respublikalarda da öz ifadəsini tapırdı. Təsədüfi deyil ki, 1937-1938-ci illərdə  milli respublikalarda repressiya qurbanlarına qarşı əsas ittihamlardan biri də onların «burjua millətçilikdə» ittiham edilməsidir. Ona görə o dövr ki Azərbaycan SSR-in partiya rəhbərliyi repressiyaların miqyasını məhdudlaşdırmaq istəsəydilər, onda özləri  müttəhimlər kürsüsündə oturmalı olacaqdılar.

Kütləvi repressiyalar xalqın qəlbində qorxu hissini birdəfəlik gücləndirib, Sovet quruluşuna etiraz etmək mümkünlüyünü heçə endirdi. Böyük terror illərində partiyanın yaşlı üzvlərinin məhvindən sonra onun sıralarında yaranmış boşluğu  Stalin sistemi yeni gənc nəslin hesabına doldurmağa çalışmışdı. İ.Stalinin yeni kadrları Azərbaycan SSR-də sovet hakimiyyətinin hərbi təcavüz yolu ilə qurulmasının iştirakçıları olmamışdılar və onların siyasi karyerada yüksəliş dövrü  məhz 30-cı illərin ikinci yarısına təsadüf edir. Yeni kadrlar xalqın keçmiş tarixi, milli azadlıq hərəkatı məlumatlarından kənarda qalırdı. Yaradılmış sistem gənc nəsli ona uyğunlaşmağa, onun normaları çərçivəsində hərəkət etməyə vadar edirdi. 

Müəllif: Tarix üzrə fəlsəfə doktoru‎, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu "Azərbaycanın sovet dövrü tarixi" şöbəsinin müdiri İlqar Niftəliyev. 

Paylaş: