AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

MÜASİR DÖVR

Azərbaycan xalqının inkişafında mühüm rol oynamış ölkənin inzibati ərazi quruluşu onun ərazi bölgüsünün coğrafi əsasını təşkil edir. Azərbaycan Respublikasının yaşayış məntəqələrinin yaranması qədim zamanlardan başlayaraq mürəkkəb tarixi dövr keçmişdir. Hər bir tarixi dövrdə məskunlaşma sisteminin təşəkkülü, yüksəlməsi və tənəzzülü prosesləri baş vermiş və bunun üçün konkret iqtisadi-siyasi zəmin yaranmışdır. Mövcud olan sosial-iqtisadi münasibətlərin dəyişməsi ilə birgə dövlətin inzibati ərazi quruluşu da dəyişmişdir. Tarixi Azərbaycan ərazisində mövcud olmuş dövlətlər, əmirliklər, hakimliklər, tümənliklər, bəylərbəyiklər, xanlıqlar, sultanlıqlar, mahallar, vilayətlər, əyalətlər, quberniyalar, qəzalar, dairələr, mahallar və rayonlardan ibarət olmaqla bir neçə dəfə köklü surətdə dəyişmişdir. XVIII əsrin sonu, XIX əsrin əvvəllərində bir çox xırda xanlıqlar və sultanlıqlar digərləri ilə birləşmişdi. Azərbaycanı öz təsir dairəsinə salmaq uğrunda aparılan rəqabət nəticəsində 1801-1828-ci illər ərzində Azərbaycan Rusiya imperiyasının təcavüzlərinə məruz qalmışdır.

1801-1804-cü illərdə Gəncə, Qarabağ, Şəki və Şirvan xanlıqları, habelə Borçalı, Qazax, Şəmşəddil və Tabasaran sultanlıqları və Car-Balakən camaatlığı Rusiya imperiyası tərəfindən işğal edildi. Gəncə şəhərinin adı dəyişdirilərək Yelizavetpol adlandırıldı. 1805-1806-cı illərdə Şimali Azərbaycanın Dərbənd, Qarabağ və Quba xanlıqları Çar Rusiyasına ilhaq edildi.

1813-cü ildə Çar Rusiyası ilə Qacarlar İranı arasında imzalanmış Gülüstan müqaviləsi əsasında bütün Azərbaycan ərazi bu iki dövlət arasında bölünərək İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla, Araz çayından şimal hissəsində yerləşən Azərbaycan torpaqları Çar Rusiyasının tərkibinə verildi.

1827-ci ildə Şimali Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları da Çar Rusiyası tərəfindən işğal edildi.

 XIX əsrin əvvəllərində Şimali Azərbaycan xanlıqları 6 əyalətə - Bakı, Quba, Şəki, Şirvan, Qarabağ, Lənkəran, 2 dairəyə - Yelizavetpol, Car-Balakən və 2 distansiyaya - Qazax, Şəmşəddil distansiyasına bölündü. İrəvan və Naxçıvan xanlıqlarının ərazisində isə Rusiya çarı I Nikolayın fərmanı ilə 21 mart 1828-ci ildə qondarma “Erməni vilayəti” yaradıldı. 1840-cı ildə ”Erməni vilayəti” ləğv edildi, əvəzində təşkil edilən İrəvan qəzası Gürcü-İmereti quberniyasının tərkibinə daxil edilmişdi. 1 yanvar 1841-ci ildən Cənubi Qafqazda tətbiq olunan inzibati islahat qanununa (10.04.1840) müvafiq olaraq bu bölgələr mərkəzi Tiflis şəhəri olmaqla Gürcü – İmereti quberniyasına və mərkəzi Şamaxı olmaqla Kaspi (Xəzər) vilayətinə bölündü. Kaspi vilayətinə Şamaxı, Şuşa, Şəki (Nuxa), Lənkəran, Bakı, Quba, Dərbənd qəzaları daxil idi. Azərbaycanın Yelizavetpol (keçmiş Gəncə) (Qazax və Şəmşəddil qəzaları daxil olmaqla), Balakən (keçmiş Car-Balakən dairəsi) və Naxçıvan (Ordubad dairəsi ilə birlikdə) torpaqları Gürcü-İmereti quberniyasının tərkibinə daxil edilmişdi.

1846-cı ildə Cənubi Qafqazda Tiflis, Kutais, Şamaxı və Dərbənd quberniyalarına bölündü. Şamaxı quberniyasının tərkibinə Şamaxı, Şuşa, Şəki, Bakı və Lənkəran qəzaları idi. Quba qəzası Dərbənd quberniyasının tərkibinə daxil edildi, Yelizavetpol qəzası isə Tiflis quberniyasının tərkibində qaldı. Car-Balakən isə yenidən ayrı dairə kimi yaradıldı. 1849-cu ildə İrəvan, Aleksandropol (keçmiş Gümrü), Naxçıvan, Ordubad və Novo-Bayazet (Göyçə gölü hövzəsi) qəzalarından ibarət İrəvan quberniyası təşkil edildi. Şamaxı zəlzələsi ilə əlaqədar olaraq 1859-cu ildə bu quberniyanın mərkəzi Bakıya köçürüldü və o, "Bakı quberniyası" adlandırıldı. 1860-cı ildə Dərbənd quberniyası ləğv olundu. Quba qəzası Bakı quberniyasının tərkibinə daxil edildi. Həmin ildə Car-Balakən dairəsi Zaqatala dairəsinə çevrildi. 1868-ci ildə Yelizavetpol quberniyası yaradıldı və onun tərkibinə Qazax, Şəki (Nuxa), Şuşa, Zəngəzur qəzaları daxil edildi. Bakı quberniyasına 6 qəza - Bakı, Quba, Lənkəran, Şamaxı, Göyçay və Cavad qəzaları daxil idi.

 1870-ci ildə İrəvan quberniyasının tərkibində yeni Şərur-Dərələyəz qəzası yaradıldı. 1874-cü ildə Şəki (Nuxa) qəzasının cənub hissəsindən Ərəş qəzası ayrıca inzibati vahid olaraq ayrıldı. 1 iyul 1883-cü ildə Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl və Cavanşir qəzaları yaradıldı.

1918-ci il mayın 28-də Şimali Azərbaycan torpaqlarında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edildi. AXC Milli Şurasının 29 may tarixli qərarı ilə İrəvan şəhəri də daxil olmaqla 9000 km2 qədim Azərbaycan ərazisi ermənilərə güzəştə gedildi. Atılan bu bağışlanılmaz siyasi səhv nəticəsində qədim Azərbaycan torpaqlarında Qondarma Ararat (Ermənistan) Respublikası yaradıldı. Bundan sonra ölkənin inzibati-ərazi quruluşunda dəyişikliklər edildi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin 10 avqust 1918-ci il tarixli qərarı ilə Gəncənin adı yenidən özünə qaytarıldı. Bununla birlikdə, Gəncə quberniyasının tərkibində müvəqqəti Qarabağ general-qubernatorluğu yaradıldı. Onun tərkibinə Şuşa, Cavanşir, Zəngəzur və Qaryagin, 30 avqust 1918-ci il tarixindən Cəbrayıl qəzaları daxil edildi. Bakı quberniyasının tərkibinə Bakı, Göyçay, Cavad, Quba, Lənkəran, Şamaxı qəzaları, Gəncə quberniyasına Ərəş, Gəncə, Qazax, Şəki (Nuxa) qəzaları daxil edildi. Zaqatala dairəsində qəza bölgüsü yox idi. Ona Car, Balakən, Əliabad, Muxax, Almalı, Qax sahələri daxil idi. 1919-cu ildə Qazax qəzasından Tovuz qəzası ayrıldı, cənub-qərbdə isə Qubadlı qəzası yaradıldı. 22 aprel 1920-ci ildə Gəncə qəzasından Şamxor (indiki Şəmkir) qəzası ayrıldı.

1920-ci il aprel ayının 28-də Şimali Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Bakı və Gəncə quberniyaları ləğv edildi, Zaqatala dairəsi Zaqatala qəzasına çevrildi. Ərəş və Cavad qəzaları "Ağdaş" və "Salyan" adlandırıldı. 1921-ci ildə Azərbaycan SSR-də 17 qəza - Ağdaş, Bakı, Göyçay, Gəncə, Cəbrayıl-Qaryagin, Tovuz, Qazax, Zaqatala, Quba, Lənkəran, Şəki (Nuxa), Salyan, Şuşa, Şamaxı, Şamxor, Qubadlı, Zəngəzur qəzalarından ibarət idi. 1921-1929-cu illər ərzində SSRİ hökümətinin təzyiqi ilə Zəngəzur mahalının 4 bölgəsi – Qarakilsə (Sisisan), Qafan, Gorus və Mehri bölgələrinin əraziləri – Qərbi Zəngəzur Ermənistan SSR tərkibinə verildi. Naxçıvan diyarı Azərbaycandan ayrı salındı. 1922-ci ildə isə Zəngəzur qəzası ləğv edildi və Yeni Qubadlı, Cavanşir və Şamxor qəzaları yaradıldı. Naxçıvan vilayətində Şərur-Dərələyəz və Naxçıvan qəzaları təşkil edildi.

1923-cü ildə SSRİ hökümətinin təzyiqi ilə Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Cavanşir, Qubadlı, Şuşa və Tovuz qəzaları ləğv edildi, yeni Ağdam və Qırmızı Kürdüstan qəzaları təşkil edildi. Naxçıvan vilayətində hər iki qəza ləğv olundu. Bu dəyişikliklər nəticəsində respublikanın tərkibinə 15 qəza (Ağdam, Ağdaş, Bakı, Gəncə, Göyçay, Cəbrayıl, Zaqatala, Qazax, Qırmızı Kürdüstan, Quba, Lənkəran, Nuxa, Salyan, Şamxor, Şamaxı) Naxçıvan vilayəti və Dağlıq Qarabağ Muxtar Vilayəti daxil oldu. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 9 fevral 1924-cü il qərarı ilə Naxçıvan vilayəti Naxçıvan Muxtar Respublikasına çevrildi. 1926-cı ildə qəzaları möhkəmləndirmək məqsədi ilə Şamxor və Ağdaş qəzaları ləğv edildi. VI Ümumazərbaycan Sovetlər qurultayının (8 aprel 1929-cu il) qərarı ilə respublika ərazisində dairələr - Bakı, Quba, Lənkəran, Şirvan, Gəncə, Qarabağ, Zaqatala-Nuxa, Muğan dairələri təşkil edildi və Qırmızı Kürdüstan vilayəti ləğv edildi. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il qərarı ilə Zaqatala və Nuxa dairələri yenidən bərpa edildi.

1930-cu ildə Azərbaycan SSR-də 10 dairə - Bakı, Gəncə, Zaqatala, Qarabağ (Ağdam), Quba, Lənkəran, Muğan (Salyan), Şəki (Nuxa), Şirvan (Göyçay) dairələri mövcud idi. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə respublika ərazisi 63 rayona bölündü. 1931-ci ilin fevralında bəzi rayonlar ləğv edilərək yeniləri yarandı, bununla əlaqədar onların sayı 47-yə endi. (Hacıkənd, Əliabad, Ağsu, Göynük, Çuxurabad, Qaraməryəm, Qarasu, Qubadlı, Mərəzə, Tərtər və Xəzri rayonları ləğv edilmiş, Hil, Gəncə, İsmayıllı, Nuxa və Şaumyan rayonları yaradılmışdır. "1931-ci ilin oktyabrında Petropavlovsk kəndi "Sabirabad şəhəri" adlandırılır.

1933-cü ilin martında yenidən Qubadlı rayonu, 1934-cü ilin yanvarında Tərtər, 5 fevral 1935-ci ildə Yevlax və Zərdab rayonları təşkil edildi. 1937-ci ildə respublika rayonları şəbəkəsi Azərbaycan SSR Konstitusiyasında qanunla möhkəmləndirildi. 1938-1939-cu illərdə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsündə əsaslı dəyişikliklər edildi. 1938-ci ilin iyulunda Qaradonlu rayonunun adı dəyişdirilərək "İmişli" adlandırıldı, Hil - "Qusar", Zuvand- "Lerik", Biləsuvar-"Puşkin", Nərimanov-"Xanlar", Veryaduz-"Yardımlı" adlandırıldı. 1938-ci ildə Annenfeld kəndi "Şamxor şəhəri", Goranboy kəndi "Qasım İsmayılov qəsəbəsi", Yelenendorf kəndi "Xanlar şəhəri", Zubovka kəndi "Əli Bayramlı" şəhəri adlandırıldı. 1939-cu ilin yanvarında Ağstafa, Qazıməmməd, Xıllı, Ucar rayonları yaradıldı. 1939-cu ilin sentyabrında Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizaq və Corabert rayonları "Hadrut" və "Mardakert" rayonları adlandırıldı. 1939-cu ilin noyabrında Jdanov və İsmayıllı rayonları yaradıldı. 1939-cu ildə Hacıqabul şəhəri "Qazıməmməd" adlandırıldı.  

1940-cı ilin yanvar-fevral aylarında Siyəzən və Neftçala rayonları təşkil edildi. 1943-cü ilin oktyabrında Mərəzə, Xaldan və Xudat rayonları yaradıldı. 1949-cu ilin yanvarında Naxçıvan Muxtar Respublikasının Əbrəqunis rayonu ləğv edildi. 1949-cu ilin avqustunda Tərtər rayonu "Mir-Bəşir" rayonu adlandırıldı. 22 noyabr 1947-ci ildə Sumqayıt, 4 fevral 1954-cü ildə Mingəçevir şəhərləri yaradıldı. 1954-cü ilin yanvarında Samux rayonu ləğv edildi.

1956-cı ilin aprelində Dəstəfur rayonu "Daşkəsən" rayonu adlandırıldı. 1956-cı ilin dekabrında Xızı, 1959-cu ilin sentyabrında Mərəzə rayonları ləğv olundu. 1959-cu ilin aprelində Qaryagin rayonu "Füzuli" rayonu adlandırıldı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 dekabr 1959-cu il fərmanı ilə Ağstafa, Qazıməmməd, Qonaqkənd, Mərəzə, Neftçala, Səfərəliyev, Siyəzən, Xudat rayonları ləğv edildi.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1963-cü il fərmanı ilə Ağcabədi, Əli Bayramlı, Ağsu, Balakən, Daşkəsən, Cəbrayıl, Dəvəçi, Yevlax, Jdanov, Zərdab, Qax, Qubadlı, Qutqaşen, Mir-Bəşir, Nuxa, Puşkin, Saatlı, Tovuz, Xaçmaz rayonları, Naxçıvan MSSR-də Ordubad və Şahbuz rayonları, DQMV-də Şuşa rayonu ləğv edildi. Lakin bir ildən sonra - 1964-cü ilin iyulunda Cəbrayıl, Qasım İsmayılov, Qubadlı, Puşkin rayonları, 1965-ci ilin yanvarında isə 1963-cü ildə ləğv edilmiş bütün rayonlar bərpa olundu. 1967-ci ilin iyulunda Astraxanbazar rayonu Cəlilabad, 1968-ci ilin sentyabrında Nuxa rayonu Şəki rayonu adlandırıldı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 may 1978-ci il fərmanı ilə DQMV-nin Stepanakert rayonu Əsgəran rayonu, 23 oktyabr 1978-ci il fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu Babək rayonu adlandırıldı.

1989-1991-ci illərdə SSRİ-nin dağılması prosesi ilə başlayan xalqın uzun sürən azadlıq hərəkatları nəticəsində 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildi.

18.03.1989-cu ildə Jdanov rayonunu və Jdanov şəhəri müvafiq olaraq Beyləqan rayonu və Beyləqan şəhəri adlandırıldı.

30.12.1989-cu ildə Kirovabad şəhərinin tarixi adı bərpa edilərək Gəncə şəhəri adlandırıldı.

05.01.1990-cı ildə Bakı şəhərinin Şaumyan rayonu Xətai rayonu adlandırıldı.

18.04.1990-cı ildə Bakı şəhərinin Orconikidze rayonu Suraxanı rayonu adlandırıldı.

21.04.1990-cı ildə Xocalı kəndi şəhər statusuna aid edildi. Həmin tarixdə ərazisi Abşeron və Şamaxı rayonlarından verilməklə, mərkəzi Xızı qəsəbəsi olmaqla Xızı rayonu, ərazisi Əli Bayramlı şəhərindən, o cümlədən Sabirabad və Şamaxı rayonlarından verilməklə, mərkəzi Hacıqabul şəhəri olmaqla Hacıqabul rayonu, ərazisi Qazax rayonundan verilməklə, mərkəzi Ağstafa şəhəri olmaqla Ağstafa rayonu və ərazisi Şamaxı rayonundan verilməklə, mərkəzi Mərəzə qəsəbəsi olmaqla Qobustan rayonu yaradıldı.

06.06.1990-cı ildə Gədəbəy qəsəbəsi, 24.07.1990-cı ildə isə Qubadlı qəsəbəsi şəhər statusuna aid edildi.

05.02.1991-ci ildə Azərbaycan SSR-in adı dəyişdirilərək Azərbaycan Respublikası adlandırıldı.

07.02.1991-ci ildə Qasım İsmayılov, Qutqaşen, Mirbəşir, Puşkin, Şamxor, Vartaşen, Naxçıvan MR İliç rayonlarının, habelə eyni adlı rayon mərkəzlərinin və Gəncə şəhəri Gəncə rayonunun tarixi adları bərpa edilərək müvafiq olaraq Goranboy, Qəbələ, Tərtər, Biləsuvar, Şəmkir, Oğuz, Şərur və Kəpəz rayonu adlandırıldı. Həmçinin Şaumyan rayonu ləğv edildi və onun ərazisi Goranboy rayonuna verildi.

25.05.1991-ci ildə Xızı kəndi qəsəbə statusuna aid edildi.

26.11.1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildi. Bunun nəticəsində DQMV-nin tərkibində olan Əsgəran və Hadrut rayonları ləğv edilərək, ərazisi Əsgəran rayonundan verilməklə, mərkəzi Xocalı şəhəri olmaqla Xocalı rayonu yaradıldı. Stepanakert şəhərinin, habelə Mardakert və Martuni rayonlarının və onların mərkəzlərinin tarixi adları bərpa edilərək, müvafiq olaraq Xankəndi, Ağdərə və Xocavənd adlandırıldı. Ləğv edilmiş Hadrut rayonunun ərazisi Xocavənd rayonuna verildi. Xankəndi şəhəri respublika tabeli şəhərlər, Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonları isə respublika tabeli rayonlar kateqoriyasına aid edildi.

29.11.1991-ci ildə rayon tabeli Lənkəran, Şəki və Yevlax rayonları Respublika tabeli şəhərlər kateqoriyasına aid edildi.

18.02.1992-ci ildə ərazisi Xanlar rayonundan verilməklə, mərkəzi Səfərəliyev qəsəbəsi olmaqla Samux rayonu yaradıldı.

02.04.1992-ci ildə ərazisi Dəvəçi rayonundan verilməklə, mərkəzi Siyəzən şəhəri olmaqla Siyəzən rayonu yaradıldı.

29.04.1992-ci ildə Bakı şəhərinin Kirov, Lenin, 26 Bakı komissarları və Oktyabr rayonu müvafiq olaraq Binəqədi, Sabunçu, Səbail və Yasamal rayonu adlandırıldı.

13.10.1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi Ağdam, Kəlbəcər və Tərtər rayonlarına verildi.

1992-1993-cü illərdə Ermənistan tərəfindən Azərbaycan Respublikasının Xankəndi şəhəri və Ağdam, Ağdərə, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Zəngilan rayonlarının əraziləri işğal olundu.

04.12.2001-ci ildə Naxçıvan MR Babək rayonunun Əliabad kəndi Naxçıvan şəhərinin inzibati tərkibinə verildi və 15.03.2002-ci ildə həmin kənd qəsəbə statusuna aid edildi.

01.03.2003-cü ildə Naxçıvan MR Sədərək rayonunun mərkəzi Sədərək qəsəbəsi kənd statusuna aid edilərək, Sədərək rayonunun mərkəzi Sədərək kəndindən Heydərabad qəsəbəsinə keçirildi.

19.03.2004-cü ildə Naxçıvan MR Babək və Şərur (Qıvraq kəndinə qəsəbə statusu verilməklə) rayonlarından verilməklə, mərkəzi Qıvraq qəsəbəsi olmaqla Kəngərli rayonu yaradıldı.

02.10.2006-cı ildə Abşeron rayonunun mərkəzi olan Xırdalan qəsəbəsi şəhər statusuna aid edildi.

23.10.2007-ci ildə Füzuli rayonunun Horadiz qəsəbəsi şəhər statusuna aid edildi.

07.12.2007-cı ildə Naxçıvan MR Şahbuz qəsəbəsi şəhər statusuna aid edildi.

25.04.2008-ci ildə Əli Bayramlı şəhəri Şirvan şəhəri, Qobustan rayonunun mərkəzi olan Mərəzə qəsəbəsi (Mərəzə qəsəbəsinə şəhər statusu verilməklə) Qobustan şəhəri, o cümlədən Xanlar rayonu və rayon mərkəzi olan Xanlar şəhəri müvafiq olaraq Göygöl rayonu və Göygöl şəhəri adlandırıldı. Həmçinin Xızı rayonunun mərkəzi Xızı qəsəbəsi şəhər statusuna aid edilmişdir.

13.06.2008-ci ildə Lerik, Samux və Yardımlı qəsəbələri şəhər statusuna aid edildi.

09.06.2009-cu ildə Naxçıvan MR Babək rayonunun Bulqan, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Tumbul kəndləri Naxçıvan şəhərinin inzibati tərkibinə verilmişdir.

02.04.2010-cu ildə Dəvəçi rayonu və Dəvəçi şəhəri müvafiq olaraq Şabran adlandırıldı.

07.05.2010-cu ildə Bakı şəhərinin Əzizbəyov rayonu Xəzər rayonu adlandırıldı.

21.12.2012-ci ildə Bakı şəhərinin Xəzər rayonunun inzibati-ərazi bölgüsünə dəyişiklik edilərək Pirallahı rayonu yaradılmışdır.

 

Azərbaycan Respublikasının inzibati-ərazi vahidlərinin sayı

Muxtar Respublika

1

İnzibati-ərazi vahidlərinin sayı

90

O cümlədən: rayonlar

66

şəhərlər

11

şəhər rayonları

13

İnzibati-ərazi dairələrinin sayı

1951

O cümlədən: şəhər

66

qəsəbə

181

kənd

1703

Ərazi vahidlərinin sayı

4594

O cümlədən: şəhər

77

respublika tabeli

11

rayon tərkibində

66

qəsəbə

258

kənd

4259

Bələdiyyələrin sayı

1718

 

Böyük şəhərlər

Bakı

2.039.700 nəfər

Gəncə

313 000 nəfər

Sumqayıt

308.700 nəfər

Mingəçevir

96 100 nəfər

Şirvan

77 100 nəfər

Naxçıvan

73 700 nəfər

Şəki

69 000 nəfər

Xankəndi

55 000 nəfər

Yevlax

50 000 nəfər

 

Respublika tabeliyində olan şəhərlər

Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Xankəndi, Yevlax, Lənkəran, Naftalan.

Rayonlar

Abşeron, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Fizuli, Gədəbəy, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocalı, Xocavənd, İmişli, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Qubadlı, Qusar, Laçın, Lerik, Lənkəran, Masallı, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Şabran, Şamaxı, Şəki, Şəmkir, Şuşa, Tərtər, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zəngilan, Zərdab.

Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları

Naxçıvan şəhəri, Babək rayonu, Culfa rayonu, Kəngərli rayonu, Ordubad rayonu, Sədərək rayonu, Şahbuz rayonu, Şərur rayonu

 

Müəllif: AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.f.d. Cəbi Əmirvar oğlu Bəhramov

Paylaş: