AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

XOCAVƏND

10 noyabr 2020-ci il tarixdə imzalanmış atəşkəsə əsasən Xocavənd rayonu müvəqqəti olaraq Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir.

İşğal tarixi: 1992-ci il 2 oktyabr

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 9-dək Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi işğaldan azad edilib. 

Ərazisi: 1 458 kv.km.

Əhalisi: 11000 nəfər (1915-ci ilə dair məlumat)

Şəhid olmuşdur: 145 nəfər.

Azərbaycan Respublikasının Xocavənd rayonu inzibati ərazi vahididir. İnzibati mərkəzi Xocavənd şəhəridir. 2 oktyabr 1992-ci il tarixində Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

Xocavənd rayonunun 1923-cu ilədək adı Aşağı Qaranlıq olmuşdur. Yaşayış məskəninin adı ərazidəki Qaranlıq dağından götürülmüşdür. Ərazidə eyni adlı çay da vardır.

1991-ci il noyabrın 26-da DQMV ləğv edildikdən sonra MartuniHadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var idi.

Azərbaycan Respublikasının qədim insan düşərgəsi, dünyanın ən qədim abidələrindən biri olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənubi-şərqində yerləşir. Azərbaycan Respublikasının Qarabağ regionunda mövcud olan Azıx mağarası ən qədim insan məskənlərindən biridir. Azıx mağarası (Azıx - qədim türk dillərində ayı deməkdir) – Azərbaycan Respublikası ərazisində ən iri karst mağarasıdır. Mağara Füzuli şəhərindən 14 km şimal-qərbdə, Xocavəndə yaxın ərazidə, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 m. hündürlükdədir.

Azıx mağarası arxeoloji cəhətdən 1960-cı ildən öyrənilmişdir. Mağara Paleolit (qədim daş) dövrünə aid nadir abidələrdən biridir. 1968-ci ildə Azıx mağarasında Aşel dövründə yaşamış ibtidai insanın çənə sümüyünün bir hissəsinin tapılması (keçmiş SSRİ-də birinci, dünyada üçüncü tapıntıdır) Azərbaycan Respublikasının ən qədim insan məskənlərindən  biri olduğunu sübut etmişdir.

Mağarada qalınlığı 10-14 metr olan 10 mədəni təbəqə yerləşir. Mağaradan 15 mindən çox daş məmulat aşkar edilmişdir.

Azərbaycan ərazisində təqribən 2 milyon il bundan əvvəl yaşayış olduğunu sübut edən Azıx mağarası ən qə­dim insanlardan birinin - azıxantropların məskəni olmuşdur.

Qədim daş dövrünə aid insan düşərgələrindən biri olan Tağlar mağarası həmin rayonun ərazisində yerləşir. Tağlar mağarası - paleolit dövrünə aid arxeoloji abidədir. Abidə Azərbaycan Respublikasının Xocavənd rayonu ərazisində Quruçayın sol sahilindədir. Tağlar mağarası Mustye abidələri içərisində çoxtəbəqəli nadir düşərgələrdəndir. Tağlar mağarasında altı mədəni təbəqə aşkar edilmişdir. Mədəni təbəqələrdən beş minə yaxın daş məmulat və altı mindən çox fauna qalığı tapılmışdır.

Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin Tuğ kəndi ərazisində I-V əsrlərə aid qəbiristanlıqlar V əsrə aid Alban məbədi, Salaketin kəndi ərazisində yerləşən "Dəmrov" ocağı, "Dağdağan" ocağı, Xocavənd kəndi ərazisində yerləşən "Cicim" ocağı, Qaradağlı kəndi ərazisində yerləşən qədim Alban qəbiristanlığı, Muğanlı kəndində yerləşən "Seyid Rza" türbəsi və Qaradağlı kəndi ərazisində yerləşən "Yel" piri erməni işğalçıları tərəfindən vəhşicəsinə dağıdılmışdır.

Paylaş: