İşğaldan azad edildi:2020 -ci il 20 noyabr
İşğal tarixi: 1993 – cü il 23 iyul
Ərazisi: 1154 kv.km.
Əhalisi: 158000 nəfər.
Şəhid olmuşdur: 538 nəfər.
Əlil olmuşdur: 587 nəfər.
Milli qəhrəmanlar: 17 nəfər.
Ermənistanın hərbi təcavüzü nəticəsində dağıdılmış, yandırılmış və talan edilmişdir:
Sənaye və tikinti obyekti: 48
Mədəni-məişət obyekti: 598
Qəsəbə və kənd: 122
Tarixi abidə: 27
Ağdam rayonu Azərbaycan Respublikasında inzibati rayondur. 1930-cu ildə təşkil edilmişdir. Ərazisi 1154 kv.km., əhalisi 158 min nəfər olmuşdur. Rayonda 1 şəhər, 119 kənd və qəsəbə var idi. Mərkəzi Ağdam şəhəridir.
Rayonda 34 uşaq bağçası və körpələr evi, 89 ümumtəhsil məktəb (16 ibtidai, 36 səkkizillik, 37 orta), 4 fəhlə-gənclər; 1 qiyabi orta, 2 kəndli gənclər məktəbi, 4 orta ixtisas təhsili məktəbi (Kənd təsərrüfatının mexanikləşdirmə və elektrikləşdirilməsi texnikumları, musiqi və tibb məktəbləri) var idi. Dram teatrı, ölkəşünaslıq muzeyi, 71 kitabxana, 13 mədəniyyət evi, 27 klub fəaliyyət göstərirdi.
Azərbaycan Respublikasının erkən orta əsr şəhər tipli ən möhtəşəm yaşayış məskənlərindən biri xarabalığı indiki Ağdam rayonunun Boyəhmədli kəndi ərazisində yerləşən Govurqala abidəsi idi. Govurqala ilk orta əsr şəhər tipli yaşayış məskəni şəhərlərlə kənd yaşayış məskənləri arasında keçid mövqeyi tutan abidədir. Govurqalada ağ daşdan inşa edilmiş xristian (alban) məbədi onun memarlığını xarakterizə etmək üçün ən yaxşı nümunədir. Məbəddən daş sənduqə qəbiri aşkar olunmuşdur. Sənduqənin qapağı üzərindəki yazıdan aydın olur ki, burada Alban hökmdarı Hammamın qardaşı dəfn edilmişdir.
Govurqaladan daha bir neçə yaşayış binasının qalıqları üzə çıxarılmışdır. Dördkünc formalı bu binaların bünövrəsi çay daşından, üst hissəsi isə ağ daşdan hörülmüşdür.
Ağdam rayonunda Xaçıntürbətli kəndindəki Qutlu Musa oğlu türbəsi (1314) və Kəngərli kəndindəki türbə (XIV əsr), Papravənd kəndində XVIII əsrə aid 2 türbə və məscid də qədim memarlıq abidələridir.
Azərbaycan Respublikasının Qarabağ regionunda mədəniyyətin inkişafını göstərən sadə tikinti materiallarının yeni formalı və bədii tərtibatları əvəz etdiyinin şahidi oluruq. Belə materiallara Azərbaycan Respublikasının çox yerində, həmçinin, Qarabağ regionunun bir sıra rayonları (Bərdə, Füzuli, Xankəndi, Şuşa və s.) ilə bərabər Ağdamda aşkar edilmiş künclərində qoç başı təsvir olunmuş kapitel (sütun başlığı) və formalı daşlar aiddir.
Ağdamda imarətlər, Pənah xana və nəslinə aid türbələr tikilmişdir. Ağdam bölgəsində Xaçın - Dərbəndli kəndi yaxınlığında 12 künclü türbə, Ağdam Cümə məscidi (1870), türbələr, Ağdamın Abdal-Gülablı kəndində hamam binası (XX əsrin əvvəlləri), Ağdamın Şahbulaq məscidi, həmçinin, Ağdam tarix diyarşünaslıq muzeyi Qurban Primovun xatirə muzeyi, Rahib Məmmədov adına döyüş şöhrəti muzeyi Ermənistan hərbi qüvvələrinin işğalı altında olduğu üçün çox hissəsi dağıdılmışdır.
XX əsrin 70-ci illərində Dünyada cəmisi bir neçə yerdə mövcud olan çörək muzeyindən biri də Qarabağ regionunun mərkəzi şəhərlərindən olan Ağdamda yaradılmışdı. Həmin muzeydə çörəyin istehsalı üçün lazım olan hər cür alət və avadanlıqlar toplanmışdı. Bu muzey hər bir tamaşaçıya müqəddəs torpağa, vətənə və çörəyə bağlılığı, mədəniyyət ənənəsinə rəğbəti əxs etdirirdi. Muzeydə uzaq əsrlərdən qalmış, daş yaddaşlara çevrilmiş daş alətlər çoxluq təşkil edirdi. Təəssüf ki, bu muzey Ermənistan hərbiçilərinin Ağdamı işğalı zamanı dağıdıldı.