AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

14 illik müqavimətdən sonra Əmir Teymur ordusunun Əlincə qalasını ələ keçirməsi

14 illik müqavimətdən sonra Əmir Teymur ordusunun

Əlincə qalasını ələ keçirməsi

 

Tarix boyu Naxçıvanın Culfa ərazisində Əlincə çayın sağ sahilində əzəmətlə ucalan Əlincə qala “kiçik meydanı” xatırladırdı. Onun adı “Alancik” sözündən olub onun tərkibindəki “Alan” hissəsi qədim türk dilində “düzənlik”, “meydan” mənasını verir. Əlincəqala orta əsr qaynaqlarında xatırlanır. İspaniya səfiri Ryu Qonzales Klavixo qalanı təsvir edərək yazır: “Əlincəqala yüksək və sıldırım bir dağ üzərində yerləşən divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində, dağ yamaclarının aşağı hissəsində üzümlüklər, bağlar, tarla­lar, otlaqlar, bulaqlar və hovuzlar vardır. Qəsr və ya qalaça dağın başında yerləş­mişdir”. Qalanın əzəmətli hasarı dağın ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun “kiçik bir şəhərciyi” xatırladan zirvəsini tamamilə əhatə edir. Qalaya dağın üç tərəfindən piyada yolu var və həmin yollar üzərində müdafiə məqsədilə qarovulxanalar və əzəmətli bürclər tikilmişdi. Əlincəqala geniş sahədən ibarət olmuşdur. Onun “Şaxtaxtı” ad­lanan sahəsində 600 süvarini yerləş­dirmək mümkün idi. Qalada 7-dək su hovuzu qazılmış və onları yağış suyu ilə doldurmaq üçün qayada xüsusi şırımlar açılmışdı. Vaxtilə qalanın daxilində silah hazırlayan karxanalar, ilxı və mal-qara üçün tövlələr və s. olmuşdur. Qala bəndinin möhkəmliyi və dağın özünün sıldırım olması onu alınmaz müdafiə istehkamına çevirmişdi. Qalada Atabəy-Eldənizlərin, sonralar isə Cəlairi sultanının xəzinəsi saxlanılırdı.

XIV əsrin sonunda Naxçıvan Qızıl Orda xanı Toxtamışın və Əmir Tey­murun yürüşlərinin ağır təsirinə məruz qalmışdı. 1386-cı ildə Naxçıvanın əhalisi Şeyx Həsənin başçılığı altında Teymurun qoşunlarına ciddi müqavimət göstərsə də, bir müddət sonra o, ələ keçirilərək Teymurun hüzuruna gətirildi. Əlincə qalası həmin ilin payızında Teymurun qoşunu tərəfindən mühasirəyə alındı.

1387-1390-cı illərdə Əlincəqalanın Əmir Teymur qoşunları tərəfindən müha­si­rəsi zamanı qalanın müdafiəsinə qala rəisi Xacə Cövhər rəhbərlik etmişdi. O, özünün qəhrəmanlığı, şücaəti, xeyirxahlığı, səxavəti ilə seçilmiş və qala əhalisi ara­sında bö-yük hörmət qazanmışdı. Teymur qoşunlarının Əlincəqalanı mühasirəyə aldığı ilk vaxtlarda qala Xacə Cövhərin rəhbərliyi ilə qəhrəmanlıqla müdafiə olunmuşdu.

1388-1389-cu illərin qışında Teymur qoşunları ilə qala müdafiəçiləri arasında baş verən döyüşdə düşmən qalanın aşağı səngərlərini ələ keçirsə də, qala müda­fiəçiləri Xacə Cövhərin rəhbərliyi ilə qalanın yuxarı hissəsinə çəkilərək müda­fiəni davam etdirmişlər. Ancaq bu zaman qalada su ehtiyatı qurtardığı üçün Əmir Tey­murla danışığa başlamağa məcbur olmuşlar. Əmir Teymur qalanın təslim olacağını yəqin edib qoşunu qalanın ətəklərinə endirdi. Lakin müdafiəçilər qaladan çıxmamış güclü yağış yağdı və qalanın bütün quyuları və anbarları su ilə doldu və beləliklə, bol su ehtiyatı yarandığını görən Xacə Cövhər qalanın təslim edilməsi fikrindən əl çəkmiş və müdafiəni davam etdirməyə başlamışdı. Teymur qalanın mühasirəsini daha da gücləndirib Naxçıvana çəkildi.

1390-cı ilin noyabrında Xacə Cövhərin taun xəstəliyindən vəfat etdikdən sonra Əlincəqalanın rəisi (kutvalı) Əmir Altun olmuş və qalanın Teymur qoşunlarından müdafiəsinə rəhbərlik etmişdir. Əmir Altun Xacə Cövhərin ən yaxın silahdaşlarından biri kimi onun tapşırığı ilə bir sıra yürüşlərə rəhbərlik etmişdir. Əməliyyatlara uğurla rəhbərlik edən Əmir Altun cəsarət və qəhrəmanlığı ilə qorxmaz sərkərdə kimi qala müda­fiəçiləri arasında böyük hörmət və nüfuz qazanmışdır. Əmir Altun Əlincə­qala­nın rəisi olarkən qalada, təxminən, 300 nəfər döyüşçü var idi. Sultan Əhməd Cəlairi mühasirədən əvvəl oğlu Sultan Məlik Tahir başda olmaqla ailəsini, yaxın adamlarını, o cümlədən bir neçə əmirini Əlincəqalada yerləşdirmişdi.

Teymur qoşunlarının qala üzərinə vaxtaşırı hücumları Əmir Altunun rəhbərliyi ilə dəf edilmişdi. Əlincəqalanın strateji-coğrafi mövqeyinə, gizli yollarına bələd olan, hərbi işdən yaxşı baş çıxaran Əmir Altun dəfələrlə qalanın müdafiəsi üçün ölüm-dirim savaşına qalxmışdı. 1392-ci ildə Əmir Teymurun Azərbaycana “beşillik yürü­şü” zamanı Teymur Xacə Ağbuğanı Əlincə qalasının mühasirəsi ilə məşğul olan  Mə­həmməd Dərviş Bərlasın köməyinə göndərdi. 40 minlik Teymur ordusu qalaya hücum etdi. Bu zaman, təsadüfən qala müdafiəçilərindən bir dəstə Əmir Altunun başçılığı ilə qaladan çıxmışdı. Onlar geri döndükdə vəziyyətin dəyişdiyini, qala qapı­larının düşmən tərəfindən tutulduğunu görüb Teymurun qoşununa hücuma keçdilər. Düzgün mövqe tutan Altun düşmənə böyük tələfat verdi, 4 tümən əmirindən ikisini öldürdü və öz dəstəsi ilə qalaya daxil ola bildi. Bu hadisədən sonra Teymur başçılığı ilə Əlincəyə hücum edilsə də, onun mətin müdafiəçilərinin iradəsi sarsılmır. İbn Ərəbşahın yazdığına görə, qalanın gizli yollarına yaxşı bələd olan Əmir Altunun və qala müdafiəçilərinin şücaəti və cəsarəti Teymuru vahiməyə salmış və  ona qalanı zəbt etmək qüdrətinə qadir olmadığı fikrini aşılamışdı. Bunu bilən Teymur qalanın mühasirəsini müəyyən dəstələrə tapşırıb geri dönür.

İbn Ərəbşahın məlumatına görə Sultan Tahirlə Əlincə qalasının müdafiəsinə təyin olunmuş Əmir Altun arasında ciddi çəkişmə baş verir. Əmir Altunun nüfuzunun getdikcə artmasını Sultan Tahir qısqanclıqla qarşılayırdı. Əmir Altunun qaladan çıxıb ərzaq dalınca getməsindən istifadə edən Tahir onun qardaşını öldürtdürür, özünü isə qalaya buraxmır. Bu səbəbdən də Əmir Altun Mərənd şəhərinə getməyə məcbur olmuşdur. Ancaq Mərənd hakimi Əmir Teymura xoş gəlsin deyə, onu həbs etdirmiş və qətlə yetirmişdir. Lakin, Əmir Teymur qəhrəmanlıqda ad-san qazanmış Altun kimi sərkərdəni məhv etdiyi üçün Mərənd hakimini öldürür və əmlakını müsadirə etdirir.  Bu hadisələr qalanın müdafiəçilərinə ciddi təsir edir və onların bir qismi Sultan Tahirdən üz döndərərək qalanı tərk edirlər. Nəticədə, qalanın müdafiə qabiliyyəti zəifləyir. Əlincə qalasının rəisi Seydi Əhməd Oğulşahi olur.

1397-1398-ci illərdə Miranşahın Azərbaycanda müxtəlif bəhanələrlə xalq kütlə­lərinin və yerli feodalların mal-dövlətini və əmlakını qarət etməsi yadellilərə qarşı mübarizəni daha da şiddətləndirir. Miranşahın Şəki vilayətinə qoşun göndərib həmin əraziləri qarət etdirməsi Şəki hakimi Sidi Əlinin öz qoşunu ilə Əlincə qalasının müdafiə­çilərinin köməyinə gəlməsinə səbəb olur. Əlincənin mühasirəsinə rəhbərlik edən Sultan Səncər gürcü və Şəki qoşunlarının hücum xəbərini eşidərək qalanın mü­hasi­rəsindən əl çəkərək Təbrizə çəkilir. Müttəfiq dəstələr qalanın mühasirəsini ləğv edə­rək Sultan Tahiri azad etmişdilər. Qalanın müdafiəsi Sidi Əli Orlat və Hacı Salehə tapşırılır. Bu zaman Miranşahın oğlu Əbu Bəkr dörd əmirlə Əlincənin üzərinə gön­dərilir. Baş verən döyüşdə Əbu Bəkrin ordusu məğlub edilsə də, Seydi Əli öldürülür.

1399-cu ildə özünün “yeddiillik yürüşü”nə çıxan Əmir Tеymur uzun illər ərzində Əlincə qalasının ələ keçirilməməsindən narahat idi. O, Sidi Əli Orlat və müt­təfiqlərinə qarşı mübarizədə cəsarətsizlik göstərmiş əmirləri cəza­landırır. 1400-cü ildə Sultan Tahirə sığınacaq verdiyinə və onu qaytarmaq­dan imtina etdiyinə görə Tiflis ələ keçirilmiş, uğurlu Sivas, Dəməşq səfərindən sonra Teymur ordusu yenidən Əlincəyə yürüş etmişdi. Qalanın mühasirəsi Şеyх Məhəm­məd Dаruğа və Firuzşаha həvalə edilmişdi. Həmin vaxt qаlаda аz аdаm qаlmışdı. Bütün çətinliklərə bax­ma­yaraq, qalanın rəisi Sеydi Əhməd Оğulşаhi son ana qədər müqavimət göstərsə də, 1401-ci ildə qаlа tutulur və Sеydi Əhməd Оğulşаhi əsir götürülərək Bağdada – Əmir Tеymurun hüzurunа göndərilir və orada еdаm еdilir.

Əmir Teymur Naxçıvana gəlib Əlin­cə qalasının başına qalxaraq onu seyr etmiş və qalanın əzəməti onu heyrətə sal­mışdı.

XIV əsrin sonu XV əsrin əvvəllərində Əlincə qalası böyük hərbi və müdafiə əhəmiyyəti kəsb etməklə, Teymura qarşı mübarizədə mühüm mövqe tuturdu. Onun məğlubedilməzliyi yadellilərə qarşı mübarizədə qələbə rəmzi idi. Əlincəqalanın alınmaz istehkama çevrilib uzun müddət Teymura qarşı müqavimət göstərməsi onun Azərbaycan xalqının qəhrəmanlıq tarixindəki mövqeyinin parlaq səhifəsidir.

Mənbələr və ədəbiyyat.

  1. Azərbaycan tarixi, Yeddi cilddə, üçüncü cild. Bakı: Elm, 2007.
  2. Şərafəddin Əli Yəzdi. Zəfərnamə (Azərbaycan tarixinə dair seçmələr). Fars dilindən tərcümə, ön söz və izahlar V.Z.Piriyevindir. Bakı: 1998.
  3. Фасих Хавафи. Муджмал-и Фасихи. Перовод, предисловие, примечания и указатели Д.Ю.Юсуповой. Ташкент: 1980.
  4. Абдурраззак Самарканди. Место восхода двух счастливых созвездий и слияние двух морей. Перовод, предисловие, примечания и указатели А.Урунбаева. Ташкент: 1969.
  5. Piriyev V.Z. Azərbaycan XIII-XIV əsrlərdə. Bakı: Nurlan, 2003.
  6. Məmmədov R. Naxçıvan şəhərinin tarixi oçerki. Bakı: Elm, 1977.
  7. Məmmədov R, Piriyev V. Teymurun Əlincə səfəri. “Elm və həyat”, 1977, №9, s. 31-33.

 

Tofiq Nəcəfli

           “Azərbaycanın orta əsrlər tarixi”

     şöbəsinin müdiri, t.e.d., dos.

 

Paylaş: