AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

BABƏK XÜRRƏMİ

AZƏRBAYCAN QƏHRƏMANI BABƏKİN HƏQİQİ OBRAZI

  1. Babək Azərbayacan xalqının Ərəb xilafətinə qarşı milli-azadlıq

mübarizəsinin qəhrəmanıdır

Müasir dövrdə həyatın müxtəlif sahələrində baş verən qloballaşma ilə birlikdə milli dərketmə və milli kimlik ətrafında müzakirlərin daha intensiv şəkil aldığı müşahidə olunur. Milli kimliyin dərk edilməsi üçün zəruri faktorlardan biri Vətən tarixinin keçmiş səhifələrinin dərindən, şüurlu şəkildə  öyrənilməsidir. Məhz bu baxımdan tariximizin bir sıra səhifələri daha dərindən öyrənilməli, bəzi hallarda əvvəlcədən uydurulmuş saxta konsepsiyalardan imtina edilməlidir. Azərbaycanın ayrı-ayrı tarixi şəxsiyyətlərin rolu ilə bağlı məsələlər də bu qəbildəndir.

 Bu baxımdan uzaq və yaxın keçmişdə tariximizin müxtəlif mərhələlərində mühüm rol oynamış, özündən sonra dərin iz buraxmış şəxsiyyətlərin fəaliyyəti konkret faktlar əsasında yenidən və daha dərindən araşdırılmalıdır.

Azərbaycan tarixinin ən mühüm mərhələlərindən biri onun Ərəb Xilafətinin tərkibində olduğu (VII – IX əsrlər) dövrdür. Bu dövrün özündən sonra ən böyük iz buraxmış şəxsiyyəti isə şübhəsiz, Xürrəmilər hərəkatının rəhbəri Babəkdir.

Xürrəmilər, onların rəhbərləri Əbu İmran, Cavidan və Babək haqqında tarixi mənbələrdə bir sıra məlumatlara rast gəlinir. Bu hərəkat haqqında, xüsusilə, onun ən məşhur rəhbəri sayılan Babək, və onun fəaliyyəti haqqında bir sıra Vətən və xarici ölkə tədqiqatçılar tərəfindən müəyyən fikirlər söylənilmiş, müxtəlif dövrlərdə fərqli mülahizələr irəli sürülmüşdür.

Ədalət naminə qeyd etmək lazımdır ki, Babək haqqında araşdırmalar aparmış tədqiqatçların böyük əksəriyyətinin əsərlərinin ana xəttini Babəkin cəsur və yenilməz qəhraman obrazı təşkil edir. Bununla, belə onların bir çoxlarının əsərlərində bir sıra sübyektiv yanaşmalara yol verilmiş, Babə­kin fəaliyyətinin yalnız zahiri cəhətlərinə diqqət yönəldilmiş, mənbələrdə rast gəlinən məlumatlara tənqidi münasibət bildi­rilməmişdi.

Maraqlı cəhət budur ki, Sovet hakimiyyəti dövründə İslam dinini gözdən salmaq üçün Babək obrazından istifadə edilirdi və o, İslam dininin qatı əleydarı kimi qələmə verilirdi. Hal-hazırda isə əksinə, Babəki gözdən salmaq üçün onun yalnız İslam əleydarı olması kimi səthi yanaşmalar ön plana çəkilir. Əlbəttə, hər iki yanaşma tərzi kökündən yanlışdır və mənblərdə rast gəlinən faktların təhrif olunmasından qaynaqlanır. Digər tərəfdən bu, ayrı-ayrı şəxslərin sırf ideoloji yanaşma tərzi ilə bağlıdır.

Babək və onun fəaliyyəti haqqında məlumatları əsasən, ərəbdilli mənbə­lərdən əldə etmək mümkündür. Lakin bu mənbələrdə bir sıra yalanlara və adi həqiqətlərin təhrifinə yol verilir. Digər tərəfdən ərəbdilli müəlliflərin özləri də bilmədən Babək və hərəkat iştirakçıları haqqında bəzi həqiqətləri etiraf edirlər. Babəki İslam dininin düşməni kimi tədqim edən həmin müəlliflər, nədənsə öz xalqının azadlığı uğrunda vuruşan Babəki “əxlaqsız”, “quldur” əksinə, öz həyatını eyş-işrətlə keçirən, sər­xoşluğu adi həyat normasına çevirən xəlifələri isə “mö­minlərin əmiri”, “müdrik xəlifə” kimi tədim etməkdən çəkinmirlər. Həmin mən­bələri süzgəcdən keçirmədən Babək haqqında əsərlər yazan bir çox tədqiqatçılar, eləcə də bəzi siyasətçilər onu bədnam etmək və gözdən salmaq üçün müxtəlif üsullara əl atırlar. Bir sıra ərəb tarixçiləri Z.M.Bünyadovun qeyd etdiyi kimi, mümkün olmayan bir şeyi – xəlifələrin, onları əhatə edənlərin mənəvi təmizliyini və qüsursuzluğunu sübut etməyə, tarix qarşısında onların üzünü ağartmağa cəhd edərək, xəlifələrin əleyhinə çıxan hər kəsi, o cümlədən Babəki heç bir elmi təhlil vermədən gözdən salmağa çalışırlar.

Babəkin tarixi şəxsiyyət kimi həqiqi obrazını ilk dəfə Z.M.Bünyadov öz monoqrafiyasında əks etdirməyə çalışmış və buna böyük ölçüdə nail olmuşdur. O, yazır ki, tarix elmində Babəkilər hərəkatı Abbasilər dövlətinin parçalanmasına səbəb olan siyasi qüvvələrdən biri və möhtəşəm xalq hərəkatı kimi təqdim edilir. Lakin bu, Babəkin rəhbərlik etdiyi hərəkatın və Babəkin özünün tarixi rolunu yalnız təhrif edilmiş şəkildə göstərir. IX əsrdə Azərbaycan xalq kütlələrinin hərəkatını üsyan kimi qiymətləndirmək azdır. Bu, Azərbaycan xalqının qüdrətli azadlıq müharibəsi idi.

 

2. Babəkin uşaqlıq və gənclik illəri

Babəkin həyat və fəaliyyəti ilə bağlı olan başlıca əsər Baqid ibn Əmr ət-Təmiminin “Babəkin tarixi” əsəridir. Dövrümüzə qədər gəlib çatmamış bu əsər haqqında X əsr ərəb müəllifi İbn İshaq ən-Nədim özünün “əl-Fehrist” əsərində məlumat vermişdir.

Ərəbdilli mənbələrin ümumi məlumatına görə Babəkin atası Abdullah, anası isə Barumənd adlı şəxs olmuşdur. O, təqribən 798-ci ildə Ərdəbil yaxınlığındakı Bilalabad kəndində doğulmuş­dur. Babək bir yaşında olanda atası Abdullah ölür və anası Barumənd isə oğlu ilə birlikdə Səraba köçür. Babək yeniyetmə illərində 2 il Təbrizdə Rəvvadilər sülaləsindən olan Məhəmməd ibn ər-Rəvvad əl-Əzdinin yanında qulluq etdikdən sonra, 18 yaşında ikən anasının yanına qayıdır. Xür­rəmilər hərəkatının rəhbərlərindən biri, Bəzz qalasının sahibi Cavidan Zəncandan Bəzz qalasına qayıdarkən Sərabda dayanmalı olur. O, Babəkin anasından icazə alaraq onu Bəzz qalasına gətirir.

 

3. Bəzz qalasının yeri

Bəzz qalasının yeri haqqında müxtəlif fikirlər mövcuddur. Yazılı mənbələr bu şəhərin Cənubi Azərbaycan ərazisindəki Qaradağ bölgəsində yerləşməsi məsələsində həmrəydirlər. Lakin onun dəqiq yer haqqında mübahisələr mövcuddur. Hətta iki Bəzz şəhərinin olması haqqında fikirlər mövcuddur. Onun yeri haqqında N.Karaulov, V.Myur, M.Tomara,E.Rayt, S. Nəfisi, Z.Yampolski müəyyən fikirlər səsləndirmişlər. Ərəbdilli mənbələrin məlumatlarını müqayisə edən Z.M.Bünya­dova görə, Ərdəbildən Bəzzə qədər təqribən 21 fərsəx, yəni təxminən 145-147 kilometr yol var idi. O, belə qənaətə gəlmişdir ki, Bəzz qalası Ərdəbilinşimal-qərbində şimaldan Araz çayı, şərqdən Qarasu çayı, cənubdan Əhər və qəbdən Hacılar çayı ilə əhatə olunmuş bir ərazidə, yəni Qaradağda idi. Cənubi Azərbaycanda həmin bölgədə Kəleybar şəhəri yaxınlığında indi də xalq arasında “Babəkin qalası” kimi tanınan ərazi məlumdur və hər il əhali iyulun 1-də, yəni Babəkin şərti ad günüdə oraya yürüş edir.

 

4. Xürrəmilər hərəkatına rəhbərlik

Cavidan 816-cı ildə Xürrəmilərin digər rəhbəri və rəqibi Əbu İmranla vuruşmada ölümcül yaranır və bir neçə gündən sonra vəfat edir. Həmin vaxtdan başlayaraq Babək xürrəmilərin rəhbəri olur.  

Babəkə qədər xürrəmilərin Ərəb Xilafətinə qarşı iki döyük üsyanı (778-ci və 808-ci illərdə) baş vermişdir. Lakin bu üsyanlar məğlubiyyətlə nəticələnmişdir. Xürrəmilərin ən böyük uğurları məhz Babəkin rəhbərliyi dövründə olmuşdur. O, xəlifə Məmunun (813-833 ) Ərəb xilafəti orduları üzərində 819-cu, 821-ci, 827-ci, 829-cu (I Həştadsər), 830-cu (I Həmədan) illərdə qələbələr qazan­dı. Məmunu əvəz edən Mötəsimin (833-842 ) dövründə, 833-cü ildə baş verən döyüşdə (II Həmə­dan) Babək məğlub oldu. Bütün diqqətini Babəkə qarşı yönəldən xəlifə 835-ci ildə türkmənşəli Afşini xürrəmilərə qarşı müharibə edən qoşunların baş komandanı müəyyən etdi. 836-cı ildə Babək Ərəb orduları üzərində son qələbəsini (II Həştadsər) qazandı. Babəkin bütün səylərinə baxmayaraq 837-ci ildə Bəzz qalası süqut etdi. Bundan sonra Arrana gələn Babək Bizans imperatoru Feofilin yanına getmək istəyirdi. Lakin Babəkin keçmiş müttəfiqi, Sünik vilayətindəki Şəki qalasının hakimi Səhl ibn Sumbatın xəyanəti nəticəsində ərəblərin əlinə keçdi və 837-ci il martın 14-də Bağdad yaxınlığında Samirə şəhərində edam edildi.

5. Babək sərkərdə-hökmdardır

  Ərəbdilli mənbələr özləri də hiss etmədən Babəki bir sıra hallarda qüdrətli sərkərdə və hökmdar kimi tədqim edirlər. Son tədqiqatlar sübut edir ki, doğurdan da Babəkin fəaliyyətində hər bir dövlət başçısı, hökmdar üçün zəruri olan şərtlər (geniş kütlənin iradəsini ifadə edən hökmdar, geniş bir ərazinin başçısı, başqa dövlətin hücumlarına qarşı dura biləcək güclü ordunun təşkilatçısı, ərəblərə qarşı başqa dövlətlərlə danışıqlar aparan şəxsiyyət və s.) mövcud idi. Onun nəzarət etdiyi ərazilərdə soyğunçuluq və qarət deyil, vahid vergi siyasəti həyata keçirilirdi. Ən başlıcası, onun ətrafında olanlar və öz hakimiyyətini yaydığı ərazilərdəki yerli hakimlər ona “hökmdar” deyə müraciət edirdilər. Onun ordusu süvarilərdən və piyadalardan təşkil olunurdu. Onun xüsusi kəşfiyyatçılar dəstəsi var idi. Babək döyüşlər zaman qırmızı bayraqdan istifadə edirdi. Döyüşdən əvvəl Hərbi Şuranı xatırladan toplantı keçirirdi. Ət-Təbərinin əsərində h.220-ci (835) ildə “Mötəsim Babəkin ələ keçən silahdaşı İsmanı dindirib “Babəkin ölkəsi” haqqında sorğu-sual etdi” (فسال المعتصم عصمة عن بلاد بابك ) ifadəsinə də rast gəlirik. Ərəbdilli mənbələrdə “Babəkin sarayı” ifadələrinə də yer verilməsi təsadüfi deyildir.

Babək özünün fəaliyyəti və sözləri də onun müəyyən ərazinin hökmadarı kimi hərəkət etmə­si haqqında fikir söyləməyə imkan verir.  Ərəbdilli müəlliflərin əsərlərinə istinad edən Z.M.Bün­yadov Babəkin oğlundan aldığı məktuba yazdığı cavabda özünü hökmdar adlandırdığını bildirir.

Babək əsir düşmüş oğluna yazdığı cavab məktubunda “Bir gün hökmdar kimi yaşamaq qırx il qul kimi yaşamaqdan daha yaxşıdır” deməsi də təsadüfi deyildir. Babəki satan Səhl ibn Sumbatın Babəkin ayağına düşüb, ona “Ey mənim ağam” deməsi də Babəkin məqamından xəbər verir. Əl-Məsudinin əsərində rast gəlinən epizodların birində deyilir ki, Səhl ibn Sumbat Babəki “padşah kimi salamladı”, və ona “ey hökmdar” deyə müraciət etdi. O, Babəkə xəyanət etdikdən sonra isə ona demişdir: “Sən hara, dövləti idarə etmək və siyasətlə məşğul olmaq hara?”.  Burada Babəkin dövlət qurmaq cəhdinə açıq-aşkar işarə edilir. Yenə Z.M.Bünyadova görə, Cəlaləddin əs-Suyuti öz əsərində Babəki “Azərbaycan məliki” (hökmdarı) adlan­dırmışdır.

Ət-Təbəri də öz əsərinin səkkizinci cildində Babəkin öz oğluna cavab məktubundan ətraflı şəkildə bəhs etmişdir. Burada Babək deyir: “Əgər sən mənim yolumu davam etdirsəydin sülalənin başçısı olardın... Ola bilər ki, bu gündən sonra mən çox yaşamadım, lakin rəhbər adı üzərimdə qalır, hər yerdə, hər zaman “hökmdar olaraq” (كنت ملكا ) xatırlanacam”.

Unutmaq olmaz ki, Babəkin silahdaşları arasında Sünik hakimi Vasak, Beyləqan hakimi Əbu Musa kimi yeli hakimlər vardı və onlar uzun müddət Babəkə itaət etmişdilər. Bu faktın özü Babəkin yüksək mövqeyindən xəbər verir.

Babəkin Şimali Azərbaycanda baş verən bəzi üsyanları yatırması da onun hökmdar kimi hərəkət etməsinə dəlalət edir.

Babəkin bir müddət  nəinki Cənubi Azərbaycanda, hətta Azərbaycanın şimal hissəsindəki bütün Arazboyu ərazilərdə, Muğan və Şirvanda hakimiyyətə nəzarət etdiyini söyləmək mümkündür. 

 

6. Xürrəmilərdə ailə-əxlaq anlayışı

Babəki gözdən salmaq istəyən ərəbdilli müəlliflərin, onu əxlaqsızlıqda günah­landıranların ən mühüm arqumentlərindən biri öz oğluna “Sən mənim oğlum deyilsən” deyə müraciət etməsidir. Bu zaman iddia tərəfdarları bir faktı unut­muşlar: Belə ki, əxlaqsızlığın mövcud olduğu mühitdə qadını əxlaqsızlıqda günah­landırmaq gülüncdür. Deməli, ərəb müəlliflərinin yazdığı kimi Babək və xürrə­milər üçün əxlaqsızlıq həyat norması olsaydı, Babək heç vaxt oğluna həmin sözlərlə müraciət edə bilməzdi. Əksinə, ərəbdilli mənbələrdə Babəkin silahdaşları arasında ailə normalarının olma­sından və qorunmasından bəhs edilir. Mənbələrdə dəfələrlə “Babəkin ailəsi”, “Adinin ailəsi”, “Tar­xanın ailəsi” kmi ifadələrə rast gəlinir və Babəkin silahdaşlarına öz ailələrini təhlükəsiz yerə aparmaq haqqında göstəriş verməsindən bəhs olunur.

Digər tərəfdən Babəki əyyaş adlandıran, onun eyş-işrətlə həyat sürdüyünü iddia edən ərəb müəllifləri və onların məlumatını ehkam kimi qəbul edənlər adi bir həqiqəti yaddan çıxarmışlar; Əyyaş, eyş-işrətlə həyat sürən adam üçün Vətən, mərdlik, ölümdən qorxmamaq, xəyanət etməmək, sədaqətli olmaq kimi anlayışalar yoxdur. Babək isə amansız işgəncələr qarşısında belə öz əqidəsinə xəyanət etməmişdir.

 

7. Babəkin İslam dininə münasibəti

Babəkin İslam düşməni olduğunu iddia edənlər də yanılırlar. Bu hərəkatın İslama qarşı deyil, onu öz əllərində bayraq edən Abbasilərə qarşı hərəkat olduğu tarixi ədəbiyyatda öz əksini tapmışdır. Hətta Babəkin tərəfdarları arasında İslamın yayılması haqında fikirlər də  mövcuddur. Babəki İslam düşməni adlandıran ideya tərəfdarlarının diqqət yetirmədiyi bir məqam var. Belə ki, Babəkin ilk adı Həsən olmuşdur. İslam aləmində Həsən və Hüseyn adlarının geniş yayılması onların İslam Peyğəmbərinin nəvələri və xəlifə Əlinin övladları olması ilə bağlıdır. Deməli, Babək İslam ailəsində, İslam mühitində doğulmuşdur. O, bir müddət, sonralar Azərbaycanda müstəqil dövlət quran müsəlman Rəvvadilər sülaləsinə xidmət etmişdir. Kiçik yaşlarından yaşadığı mühitin ədalətsizliklərini görən Babək az sonra bu ədalətsizliyə qarşı baş verən hərəkatın rəhbərinə çevrilmişdir. 

Bəzi mənbələrdə xürrəmilərə məxsus məscidlərin də olduğuna işarə edilir. Bu fakt elmi ədəbiyyatda da öz əksini tapmışdır. Lakin bu faktı şübhə altına almaq cəhdləri vardır. Başqa sözlə, mənbələrdə belə bir faktın olmadığı iddia edilir. Belə faktlara bir sıra mənbələrdə rast gəlinir. Həmin faktlar X əsr müəllifləri Əl-İstəxri və İbn Hövqəlin əsərlərində də mövcuddur. Məsələn, əl-İstəxri yazır: و اما جبال الخرمية فانها خبال ممتنعة و فيها الخرمية ، كان منها بابك ، و في قراهم مساجد ، و هم يقراون القرآن.                                                                                                                            

Tərcüməsi: Xürrəmiyyə dağlarına gəlincə, o, həqiqətən əlçatmaz dağdır, orada (yaşayanlar) xürrəmilərdir. Babək də oradan idi. Onların kəndlərində məscidlər vardır və onlar Quran oxuyurlar.

Əd-Dinəvəri öz əsərində yazır: “Babəkin işi (üsyanı) əl-Məmunun haki­miy­yətinin son illərində başlanmışdı. Onun əsli və təlimi haqqında adamlar müxtəlif rəydədirlər (و قد اختلف الناس في نسبه و مذهبه). Beləliklə, o, Babək haqqında vahid fikrin olmadığını etiraf edir. Hətta, Fəzllulah Ruzbehan Xunəci XV əsrdə yazmış olduğu əsərində “Şeyx Heydərin Babəkin dini qayda-qanun­larını təbliğ etdiyini” bildirir.

Araşdırmalar Babəkin İslam dininə münasibəti haqqında qəti fikir söyləməyə imkan vermir. Lakin onun və tərəfdarlarının bu və ya digər şəkildə İslam məz­həb­lərindən birinə yaxın olması və yaxud sufiliklə bağlı olması da birmənalı şəkildə inkar edilə bilməz. Bu istiqamətdə son söz gələcək tədqiqatlarındır.

 

8. Babək Azərbaycan-türk mühitinin yetirməsidir

Babəkin etnik mənsubiyyəti haqqında da müxtəlif fikirlər vardır. Bütün tədqiqatçılar onu Azərbaycan qəhrəmanı kimi qəbul edir. Lakin onların əksəriyyəti Azərbaycanda türklərin Səlcuqlardan əvvəl yaşadıqalarını inkar etdikləri kimi, Babəki də türklərə yaxın buraxmaq istəmirlər. Yazılı qaynaqlar Babəkin azər­baycanlı olmasını dönə-dönə qeyd etsələr də onun etnik mənsubiyyəti haqqında susurlar. Lakin mənbələrdə rast gəlinən bəzi faktlar Babəkin bir türk mühitinin yetirməsi olduğunu söyləməyə imkan verir.

Ət-Təbəri Babəklə bağlı hadisələrdən danışarkən yenə türkmən­şəli əhalidən bəhs etmişdir. O yazır ki, h.221-ci (835-ci) ildə Babəkin əsas sərkərdələrindən biri olan Tarxanın Babəkdən icazə alıb Marağa nahiyəsindəki kəndinə getdiyini öyrənən Afşin Marağada yaşayan bir türkə Tarxanı öldürmək haqqında göstəriş verdi. Həmin türk isə Af­şinin tapşırığını yerinə yetirərək onun kəsilmiş başını Afşinə göndər­mişdi. Tarxan adının türkmənşəli ad olmasını da xatırlat­maq yerinə düşərdi.

Ərəbdilli mənbələrdə Babəklə bağlı epizodlarda Azərbaycan türklərinə məxsus etnik-psixoloji xüsusiyyətlərə, onun ümumi etnik simasını müəyyən edən yönüm və davranış tərzinə uyğun deyimlərə, frazeoloji ifadələrə də rast gəlinir. Zənnimizcə, bu deyimlər təsadüfi xarakter daşımır və yerli xalqın etnik mənsu­biyyəti və dili ilə bilavasitə bağlıdır. Məsələn, bir sıra ərəbdilli mənbələrdə h.222-ci (837-ci) ildə Babəkin xəyanət nəticəsində ələ keçirilməsi ilə bağlı epizodda deyilir ki, Afşin öz adamlarından birini Səhl ibn Sumbatın yanına göndərdi. Babək həmin adamdan şübhələndi və soruşdu: “Bu adam kimdir”. Səhl ibn Sumbat cavab verdi: “Bu Xo­rasandan gələn bir xaçpərəstdir”. Babək həmin adamdan soruşdu: “Bəs səni burada saxlayan nədir”? O, cavab verdi: “Mən burada evlənmişəm”. Babək dedi: “Haqlısan, çünki bizdə məsəl var deyərlər: “Birindən soruşurlar haralısan, o, cavab verir ki, “arvadım olan yerdən” (341, 330; 345, 440-441). Qeyd etmək lazımdır ki, hə­min şəxs Usruşana türklərindən idi və mənbələrdə deyilmir ki, Babək onunla tərcüməçi vasitəsi ilə danışmışdır. Başqa sözlə, onların arasın­dakı dialoqun türk dilində olmasını da söyləmək mümkündür.

Yazılı qaynaqlar Babəkin türkmənşəli sərkərdələri ilə dialoqlarından da bəhs etmişdir. Bu zaman tərcüməçilərdən istifadəsi olunması haqqında həmin qay­naqlarda heç bir söz deyilmir.

Ərəbdilli mənbələrin araşdırılması nəticəsində belə qənaətə gəlmək olar ki, Babəkin apardığı mübarizəni dini mübarizə deyil, müstəqillik uğrunda ictimai-siyasi mübarizədir. Ərəbdilli müəlliflər və hakim dairlər ona qarşı nifrət yaratmaq üçün sadəcə olaraq onu İslam düşməni kimi qələmə verməyə çalışırdılar və onu gözdən salmaq üçün ona qarşı iftiralar uydururdular. Bütün bunlara baxmayaraq onlar Babəkə qarşı heyranlıqlarını da büruzə verirdilər və onu “qeyri-adi” bir şəxsiyyət olduğunu etiraf edirdilər.

Beləliklə, araşdırma nəticəsində belə qənaətə gəlmək olar ki, Xürrəmilər hərəkatının əsl mahiyyəti və onun rəhbəri Babəkin həqiqi obrazı haqqında tarixi mənbələrdəki məlumatlar əhəmiyyətli dərəcədə təhrif olunmuş, bu sahədə aparılan bir sıra tədqiqatlarda qeyri-obyektivliyə yol verilmişdir. Zənnimizcə, gələcəkdə bu istiqamətdə aparılacaq tədqiqatlar daha obyektiv və dolğun fikirlərin əldə edilməsi ilə nəticələnə bilər.

Mənbələr və ədəbiyyat.

  1. Bayramlı C. Babək və xürrəmilik (yalanlar və gerçəklər). Bakı, “Kitab aləmi”, 2011.
  2. Bayramlı C. Babək və Xürrəmilər hərəkatı barədə həqiqətlər. // Tarixi və milli dəyərlər kontekstində Azərbaycan milli kimliyi. Bakı, Elm və təhsil, 2014, s.45-61.
  3. Bünyadov Z. M. Azərbaycan VII-IX əsrlərdə. Bakı, Elm, 1989.
  4. Əd-Dinəvəri. Əl-əxbar ət-tival. Əl-Qahirə, 1960.
  5. Əhməd ibn Əsəm Əl-Kufi. Kitab əl-futuh” (“Fəthlər kitabı”). Azərbaycanın  VII-IX əsrlər tari­xinə dair çıxarışlar. Ərəbcədən tərcümə edəni, ön söz, qeyd və şərhlərin müəllifi Z.M.Bünyadov //Orta əsr ərəb mənbələrində Azər­baycan  tarixinə dair materiallar. Bakı, “Nurlan”, 2005
  6. Əl-İstəxri. Əl-məsalik va-l-məmalik. Əl-Qahirə, 1381.
  7. Əl-Kufi ibn Əsəm. Kitab əl-futuh. əl-cuz əs-sabi və samin.   Beyrut, 1411.
  8. İbn Hövqəl. Kitab surət əl-ard. Əl-qism əs-sani, Leyden,1939.
  9. Ət-Təbəri. Tarix ər-rusul va-l-muluk. Əl-cuz əs-samin, əl-Qahirə, Bi-l-mətbət əl-Hüseyniyyə, 1970.
  10.  Şamiyeva H.R. Azərbaycanda dini-siyasi hərəkatlar (VIII – IX əsrlər). Bakı: Xan, 2019.
  11.  Vəlixanlı N.M. Bir daha xürrəmilər, babəkilər və onların ideya sələfləri və xələfləri haq­qında //Azərbaycan Elmlər Akademiyasının Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, 1997, № 1-4, s. 87-97.

 

Ramil Ağayev

“Azərbaycanın orta əsrlər” tarixi

şöbəsinin a.e.i., t.ü.f.d., dos.

 

Paylaş: