AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Əmir Teymurun Azərbaycana üçillik yürüşü

Əmir Teymurun Azərbaycana üçillik yürüşü

XIV əsrin II yarısından başlayaraq Yaxın və Orta Şərqdə baş verən mürəkkəb siyasi hadisələr bölgənin mövcud siyasi xəritəsində ciddi dəyişikliklərə səbəb oldu. Bu dövrdə Azərbaycanda  Cəlairilər sülaləsinin hakimiyyəti özünün siyasi böhran dövrünü yaşayırdı. Mərkəzi hakimiyyətin zəifləməsi əyalətlərdə mərkəzdənqaçma meyllərini gücləndirdi və hakimiyyət uğrunda mübarizənin yenidən başlamasına səbəb oldu.

Bu dövrdə Avrasiya məkanının siyasi xəritəsinə nəzər yetirdikdə, bölgədə mövcud olan dövlətlərin hərbi-siyasi qarşıdurmasının və mürəkkəb siyasi hadisələrin baş verdiyinin şahidi oluruq. Belə ki, bölgənin böyük dövlətlərindən biri olan Osmanlı imperiyasının  Şərqi Avropada apardığı müharibələr, Suriyanın dəniz limanları uğrunda gedən Məmlük-Xaçlı mücadiləsi, artıq tənəzzül dövrünü yaşayan Qızıl Orda dövləti ilə Rus knyazları arasında baş verən münaqişələr, Mavərənnəhrdə siyasi hakimiyyəti əldə etdikdən sonra qərb istiqamətində Əmir Teymurun başladığı hərbi yürüşlər və bu yürüşlər ərəfəsində Cəlairilər dövlətində yaranan siyasi böhran, bölgənin  siyasi mənzərəsinin kifayət qədər mürəkkəbliyindən xəbər verir.

Teymurun Yaxın Şərqə yürüşü ərəfəsində bu bölgədə siyasi pərakəndəlik hökm sürürdü. Parçalanmış vəziyyətdə olan Hülakülər dövləti, sülalə hakimiyyətləri arasında mübarizə meydanına çevrilmişdi. Bu dövrdə Xorasanda Kertlər (1245-1383) və Sərbədarlar (1337-1381), Astarabad, Damğan və Bistan bölglərində Toğa Teymurlular (1337-1410), Fars və Kirman ərazilərində Müzəffərlilər (1294-1393), İraqi-Ərəb, İraqi-Əcəm və Azər­baycanın Kür çayından cənubda yerləşən ərazilərində Cəlairilər (1340-1410), Azər­baycanın Kür çayından şimalda yerləşən torpaqlarında isə Cəlairilərdən siyasi asılılıqda olan Şirvanşahlar (861-1538) hökmranlıq edirdi.

Bu dövrdə bölgədə yerləşən dövlətlərin daxili siyasi vəziyyəti və xarici müna­sibətlərinin qeyri-sabit olması Əmir Teymurun qərb istiqamətində yürüşlərinə münbit şərait yaradırdı.

Əmir Teymur Xorasanın siyasi cəhətdən parçalanmasından istifadə edərək, 1380 - 1384-cü illərdə bu ərazini tamamilə işğal etdi. Xorasanın işğalından sonra Teymur Azərbaycan istiqamətində ilk üçillik yürüşə başladı. 1386-cı ildə qərb istiqamətində birinci yürüşə başlayan Teymur, tezliklə Sultaniyyəni və Təbrizi ələ keçirdi və Naxçıvan, Qars, Tiflis istiqamətində yürüşünü davam etdirərək Arran Qarabağına gəldi. Bu zaman Cəlairi hökmdarı Sultan Əhməd Teymura qarşı müqavimət göstərmək iqtidarında olmadığı üçün Bağdad istiqamətində geri çəkildi. 

Şirvan hökmdarı I İbrahim isə Teymurun işğalçılıq yürüşləri qarşısında duruş gətirməyin çətin olduğunu nəzərə alaraq, Şirvanı onun talanlarından xilas etmək üçün, Qarabağa gedərək ona öz itaətini bildirdi.

Xüsusilə qeyd etmək lazımdır ki, XIV əsrin axırlarında Şirvanşahlar şimaldan və cənubdan gözlənilən iki qorxulu təhlükə qarşısında qaldılar. Cənubdan şərq ölkələrini (o cümlədən Azərbaycanı) zəbt edib irəliləməkdə olan Teymurun qoşunları, şimaldan isə Qızıl Orda xanı Toxtamışın həmlələri Şirvanın daxili və xarici vəziyyətinin gərginləşməsinə səbəb oldu. 1385-ci ildə Qızıl Orda xanı Toxtamış 90 minlik ordu ilə Şirvana daxil oldu və əhalini qarət edərək, Azərbaycanın cənub ərazisinə soxuldu. Bir müddətdən sonra qızıl­ordalılar Şirvan ərazisini viran edərək geri qayıtdılar. Bu yürüş zamanı Şirvanşah İbrahim qiymətli hədiyyələrlə Teymurun yanına Qarabağa getdi və onunla ittifaq bağladı. Teymurla aparılmış danışıqlar nəticəsində o, Şirvanın hakimi kimi tanındı. Şimal sərhəd­lərinin möhkəmləndirilməsi və mühafizəsi İbrahimə tapşırıldı. Şirvanşahlarla bağlanmış ittifaq Teymur tərəfindən də yüksək qiymətləndirildi. Teymur İbrahimin simasında Toxtamışa qarşı mübarizədə sadiq müttəfiqini görürdü. İbrahim Teymurla yaranmış əlaqələrdən istifadə etdi, Şirvanı iqtisadi, siyasi və hərbi cəhətdən qüvvətləndirə bildi.

Əmir Teymur Qarabağda olarkən, Sultan Əhmədə məktub yazaraq ondan tabe olmağı tələb etdi. Lakin Sultan Əhməd Teymura tabe olmaqdan boyun qaçırdığı üçün Teymur onun Azərbaycanın cənub hissəsindəki hökmranlığını ləğv etdı.

Əmir Teymur 1387-ci ilin yazında qaraqoyunlular üzərinə yürüşə başladı. O, Aladağ və Çapakçur bölgəsində qaraqoyunlulara qarşı mübarizədə ciddi uğur qazana bilmədi.

1387-ci ildə Teymur Toxtamışın Buxara və Səmərqənd üzərinə hücumu ilə əlaqədar Azərbaycanı tərk etməli oldu. O, burada öz şahzadələrindən və yerli əyanlardan ibarət canişinlərini qoydu. Təbriz şəhəri Miranşahın başçılığı ilə Əmir Məhəmməd Dəvati və Qara Bəstama, Sultaniyyə Əxi İranşaha, Marağa Şahəliyə, Pişkin Əmir Şəbli və Hacı Əhmədə tapşırıldı. Beləliklə Əmir Teymurun Azərbaycan istiqamətində üç illik yürüşü başa çatdı.

 

Mənbələr və ədəbiyyat.

  1. Ağayev R. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin qarşılıqlı müna­si­bətləri (XV-XВI əsrlər). Bakı, Kür, 2004.
  2. Aka İ. Timur ve devleti. Ankara: Türk tarih kurumu basımevi, 1991
  3. Ашурбяйли С.B. Ширваншащлар дювляти (VI-XVI ясрляр). Бакы: Azərnəşr, 1997
  4. Metsopski Foma. Teymurləngin və onun xələflərinin tarixi. Bakı, Azərbaycan SSR EA nəşriyyatı, 1957.
  5. Piriyev V. Azərbaycan XIII-XIV əsrlərdə. Bakı: Nurlan, 2003.
  6. Savory R. M. The Struggle for Supremacy in Persia after the death of Timur // Studies on the History of Safawid Iran, Der Islam 40, 1964, p. 35 - 65
  7. Шами Низамяддин. Зяфяр-намя (Azərbaycanın və qonşu ölkələrin tarixinə dair iqtibaslar). Тцрк дилиндян тяръцмя edəni akademik З. M. Бцнйадов. Бакы: Elm, 1992.

                                      Mübariz Ağalarov

                                   “Azərbaycanın orta əsrlər” tarixi

                                    şöbəsinin a.e.i., t.ü.f.d., dos.

 

Paylaş: