AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan Atabəylər dövlətinin yaranması

Azərbaycan Atabəylər dövlətinin yaranması

Səlcuqlar dövlətinin tənəzzülü dövründə yaranmış müstəqil sultanlıqlar öz növbəsində yeni tipli dövlət birliklərini doğurdu. Bu dövlətlərin yaradıcıları Səlcuq sultanlarının sabiq məmlükləri idilər. Həmin adamlar adətən Səlcuqların vəliəhd şahzadələrinin “atabəy” titullu tərbiyəçiləri olurdular.

Yaxın Şərqdə baş verən siyasi dəyişikliklərin zəminində, XII əsrin 30-cu illərində Azərbaycanda tarixi hadisə baş verdi – Azərbaycan Atabəylər dövləti meydana gəldi. Yaxın və Orta Şərqin əzəmətli dövlətlərindən olan Azərbaycan Atabəylər dövlətinin yaradıcısı zəmanəsinin ağıllı diplomatı və uzaqgörən dövlət xadimi Şəmsəddin Eldəniz idi. O, təkcə dövlətin deyil, adı ilə adlandırılan Eldənizlər (1136-1225) sülaləsinin də banisi idi.

Şəmsəddin Eldənizin gəncliyi haqqında məlumatlar cüzidir. Qıpçaq ölkəsindən bir qul olaraq alınmış və vəzir Sümeyrəminin əmrində sarayda xidmətə başlamışdır. Qıpçaqların Uran qəbiləsindən olduğu və bu qəbilənin rəisi Qıranla qohum olduğu ehtimal edilməkdədir. Sümeyrəmi batinilər tərəfindən öldürüldükdən sonra Eldəniz əvvəlcə İraq Səlcuq sultanı Mahmudun (1118-1131), sonra II Toğrulun (1132-1134) şəxsi məmlükləri sırasına keçir və qısa zamanda əmir rütbəsinə qədər yüksəlir. Bir qədər keçməmiş II Toğrul onu oğlu Arslanşaha atabəy təyin edir. Toğrulun vəfatından sonra Sultan Məsud (1134-1151) Şəmsəddin Eldənizi Toğrulun dul xanımı Mömünə xatunla evləndirərək, onu bu ailəyə daha da yaxınlaşdırdı: O, atabəyi olduğu Arslan şahın həm də atalığı oldu. 1136-cı ildə sultan Məsud Arranı iqta kimi atabəy Şəmsəddin Eldənizə bağışlayıb, onu Bərdəyə yola saldı. Mxitar Qoşun qeydinə görə, Şəmsəddin Eldəniz Azərbaycanda qərarlaşdıqdan sonra “qüdrəti artdı və bütün böyük hakimləri məğlub edib, çoxunu özünə tabe etdi, üsyan etmiş türkmanların başçılarını məğlubiyyətə uğratdı. Arran ölkəsindəki iğtişaşı yatırtdı və zalım ismaililər tayfasını sakitləşdirdi. Beləliklə də, həmin tayfanın Alban ölkəsində tez-tez törətdiyi talanların qarşısı alındı”.

O, 1160-cı ilin payızında 20 min süvari ilə Həmədana daxil oldu və atabəyi olduğu Arslan şahı Sultan taxtında əyləşdirdi. Həmin tarixdən Şəmsəddin Eldəniz İraq Səlcuq dövlətinin böyük atabəyi adlandı. Əslində dövləti o özü idarə edirdi. Sultan Arslan şah onun bütün tələblərini yerinə yetirən müti icraçı idi. Eldəniz sultanın və özünün imkanlarından istifadə edərək oğlanlarının feodal ierarxiyası pilləkəninin ən yüksək pilləsində möhkəmlənməsinə nail oldu. Cahan Pəhləvanı hacib, Qızıl Arslanı isə sultan ordusunun baş sərkərdəsi təyin etdi. Mərkəzi hakimiyyət möhkəmləndikcə, ara muharibələri dayandı, əhali sakit yaşamağa başladı.

Eldənizin nüfuzu təkcə Azərbaycanda deyil, İraq Səlcuq sultanlarının hakimiyyəti altında olan bütün ərazilərdə yüksəldi Eldəniz Qafqaz dağlarından Fars körfəzinədək uzanan böyük ərazini öz hakimiyyətinə tabe etdi: İbn əl-Əsirin məlumatına görə, onun mülkləri “Tiflis qapılarından Məkranadək” uzanırdı. O, Azərbaycan, Arran, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandaran, İsfa­han və Rey vilayətlərinin sahibi idi.

Eldənizin yaratdığı dövlətin ən güclü rəqibləri monqol hücumlarınadək Azərbaycan hökm­darı ilə daim münaqişədə olan gürcü hökmdarları idilər. 1161-ci ilin avqustunda çar III Georginin (1156-1184) Arranın tərkibində olan Ani və Dəbil şəhərlərini ələ keçirməsi və gürcü qoşunlarının əhaliyə divan tutaraq çoxsaylı əsir və qənimətlə geri dönməsinə cavab olaraq, Eldəniz 1163-cü ilin yanvarında öz vassalları ilə birlikdə 500 min nəfərlik qoşunla Gürcüstana hücum edərək bir aydan artıq vuruşdu. Dəbili geri aldı. Anini bərpa edərək Şəddadilərdən Şahənşaha verdi.

1174-cü ilin oktyabrında gürcü qoşunları Ani şəhərini yenidən ələ keçir­dilər. 1175-ci ilin avqustunda atabəy Eldənizin, sultan Arslanşahın, Xilat hakimi Şah Әrmənin və Diyarbəkr hakiminin birləşmiş qüvvələri Məhəmməd Cahan Pəhləvanın başçılığı altında gürcülərə qarşı yürüş etdilər. Ravəndinin məlumatına görə, gürcülər “məğlub edildilər, müsəlmanlar isə elə bir qələbə qazandılar ki, beləsini kimsə xatırlaya bilmirdi”. Bu məğlubiyyətdən sonra gürcülər Aniyə, eləcə də Eldənizlərin tabeliyində olan başqa torpaqlara olan iddialarından mü­vəqqəti olaraq əl çəkdilər. Şəddadi hakimi Ani şəhərinə qaytarıldı.

Gürcüstana hərbi yürüşdən qayıtdıqdan sonra 1175-ci ilin noyabrında Şəmsəddin Eldəniz Naxçıvanda vəfat etdi. Ondan bir ay əvvəl həyat yoldaşı Möminə xatun vəfat etmişdi. Az sonra sultan Arslan şah da vəfat etdi. Sultanlıq taxtına Arslan şahın 7 yaşlı oğlu III Toğrul (1176-1194) keçdi. Eldənizin böyük oğlu Məhəmməd Cahan Pəhləvan Sultan Toğrulun atabəyi təyin edildi. Onun hakimiyyətinin ilk dövründə mərkəzi hakimiyyət daha da möhkəmləndirildi, ölkə­də əmin-amanlıq yaradıldı. O, Azərbaycanın idarə olunmasını qardaşı Qızıl Ars­lana tapşırdı və eyni zamanda onu oğlu Əbu Bəkrin atabəyi təyin etdi. Dövlətin paytaxtı Həmədana köçürül­düyündən Təbriz Azərbaycan hakimi Qızıl Arslanın iqamətgahına çevrildi. Onun dövründə Azərbaycan atabəylərinin qüdrəti daha da artır, Məhəmməd Cahan Pəhləvan “elşah” titulu qəbul edir.

O, İraq Səlcuq sultanlığını təkbaşına idarə edirdi. Sultan III Toğrulla nominal şəkildə olsa da, hesablaşmaq istəmirdi. Mərkəzi hakimiyyətin möhkəmlənməsi xarici siyasət sahəsində müsbət təsirini göstərdi. Cahan Pəhləvanın nüfuzu sayəsində xəlifə onların daxili işlərinə qarışa bilmədi. Eldənizlərin gücünə bələd olan gürcü çarı onun tələbləri ilə razılaşıb sülh bağladı. Həmçinin, xarəzmşah Təkiş onunla hesablaşaraq dostluq etməyə başladı.

Xarici siyasət sahəsində, XII əsrin 80-ci illərin ortalarında Misirin və Suriyada yerləşən Əyyubilər dövlətinin hakimi Səlahəddin Yusif Əyyubi ilə münasibətlər kəskinləşərək müharibə həddinə çatdı. Cahan Pəhləvan Qızıl Arslanı qoşunla Mosula göndərib, özü 1185-ci ildə Əhlətə gəldi. O, münaqişəni dinc yolla öz xeyrinə həll etdi. Bu onun axırıncı diplomatik qələbəsi idi. O, geri qayıdarkən xəstələndi və 1186-cı il martın 23-də vəfat etdi.

Cahan Pəhləvan öldükdən sonra hakimiyyət məsələsi ciddi münaqişəyə səbəb oldu. Məhəmməd Cahan Pəhləvanın dul xanımı İnanc xatunun və tərəfdarlarının (oğulları və İraq Səlcuq sultanı III Toğrul) taxtı ələ keçirmə təşəbbüslərinə baxmayaraq, hakimiyyətə Atabəy Qızıl Arslan keçdi. Onun hakimiyyəti (1186-1191) dövründə ölkədə sakitlik pozuldu. Müxalifətdəkilərin ordusu 1188-ci ilin martında Həmədan yaxınlığındakı döyüşdə Atabəy Qızıl Arslanı məğlubiyyətə uğratdı. Xəlifə Nasirlə ittifaqa girən Qızıl Arslan onun hərbi qüvvələrindən istifadə etdi. Digər tərəfdən, o, qardaşının dul xanımı İnanc xatunla evlənib, onu və oğlanlarını oz ittifaqına cəlb etdi. Qüvvələr nisbəti onun xeyrinə dəyişdi. 1190-cı ilin payızında baş verən həlledici döyüşdə Atabəy Qızıl Arslan qələbə çaldı: Sultan III Toğrulu oğlu Məlikşahla birlikdə ələ keçirdi. Səlcuqlu taxtına isə özü oturdu.

Sonra “yolunu azmış” əmirlərə, vassallara və Toğrulun Azərbaycandakı tərəf­darlarına divan tutmaq üçün qoşunu ilə hərəkətə başladı. O, Şirvana hücum edərək Şirvanşah Axsitanı Şamaxıdan Bakıya köçməyə məcbur etdi. Sonra Gürcüstana yürüşə başladı və oradan çoxlu qənimət ələ keçirib Həmədana qayıtdı. 1191-ci il sentyabrın 21-də o, yatağında İnanc xatunun hazırladığı qizli qəsd nəticəsində öldürüldü.

Qızıl Arslanın öldürülməsindən sonra Cahan Pəhləvanın oğlanları arasında hakimiyyət uğrunda mübarizə yenidən kəskinləşdi. Xəlifənin və xarəzmşah Təkişin bu mübarizədə iştirakı siyasi vəziyyəti daha da mürəkkəbləşdirdi. Əmirlər Əbu Bəkrin namizədliyini müdafiə etdilər. O, Azərbaycanın hakimi oldu. Həmədənı və qonşu əyalətləri İnanc xatunun oğlanları Qutluq İnanc və qardaşı Əmir Əmiran Ömər tutdu. Rey şəhəri İnanc xatunun öz əlində qaldı. Beləliklə dövlət Cahan Pəhləvanın oğlanları arasında qəti şəkildə olmasa da bölünür. Eyni zamanda III Toğrul həbsdən qaçaraq yenidən hakimiyyətini bərpa etməyə çalışır. Əbu Bəkr 1192-ci ildə Təbriz yaxın­lığında III Toğrulun qüvvələrini məğlubiyyətə uğratdı. Xarəzmşah Təkişin ölkəyə müdaxiləsi nəticəsində İnanc xatun III Toğrulla evlənir. Lakin, İnanc xatun bu evlilikdən qısa vaxt sonra vəfat edir. Əmir Əmiran Ömər və Qutluq İnanc bu hadisədən sonra Əbu Bəkrin üzərinə yürüş edib Azərbaycanı ələ keçirmək istəsələr də Təbriz yaxınlığında məğlub olurlar. Qutluq İnanc xarəzmşah Təkişin yanına, Əmir Əmiran isə Şirvanşah Axsitanın (1160-1196) yanına qaçdı.

Xarəzmşah Təkişlə ittifaqa girən Qutluq İnanc 1194-cü ilin martında III Toğrulu məğlub etdi və özünü də öldürdü. Xarəzmşah Təkiş Həmədanı tutdu. Qutluq İnanca əvvəlcə İsfahanın idarəsi verilsə də 1196-cı ildə edam edilir. Beləliklə Əbu Bəkrin ən böyük rəqiblərindən ikisi bir-birini aradan qaldırmış oldu.

Əbu Bəkrin digər rəqibi – qardaşı Əmir Əmiran Ömər Təbriz yaxınlığında məğlubiyyətdən sonra əvvəlcə Şirvanşah Axsitanla müttəfiq və qohum olur, sonra da onun vasitəsilə gürcü çariçası Tamarla (1184-1213) əlaqə yaradır. Tamarın ordusu ilə güclənən Əmir Əmiran Ömər 1194-cü ildə Şəmkir və Beyləqan döyüşlərində Əbu Bəkrə qalib gəlir. Gəncəyə daxil olsa da, şəhər əhalisi onun gürcülərlə ittifaqından narazı olduğu üçün gürcü qoşunu şəhəri tərk edən kimi onu öldürürlər. Bununla da Əbu Bəkrin üçüncü rəqibi də aradan qalxmış oldu. Lakin, Əbu Bəkrin problemləri bununla da həll edilmədi. Onun dövründə feodal ara müharibələrinin güclənməsindən istifadə edən gürcü qoşunu XII əsrin sonu, XIII əsrin əvvəllərində Azərbaycana aramsız hücumlar edirdi.

Bu vaxt gürcü qoşunun yenidən güclənməsinin əsas səbəbi qıpçaqların eynilə IV David zamanında olduğu kimi Gürcüstana yeni axını idi. Hələ III Georginin (1156-1184) dövründən atabəylərə qarşı vuruşmaq məqsədilə bölgəyə çoxlu yeni qıpçaq köçürülmüş, qıpçaqlar IV Davidin dövründə olduğu kimi dövlətdə ən yüksək mövqelərə sahib olmuşdular. Qıpçaq ordusu ilə güclənən gürcülər xüsusilə XIII əsrin əvvəllərində daha aktiv hücumlara başlayırlar. 1203-cü ildə gürcü qoşunları Dəbilə hücum edib buranı qarət edirlər. Ardınca 1205-1206-cı illərdə iki dəfə Azərbaycana hücum edirlər. Lakin, yerli əhali tərəfindən gürcülər məğlub edilir. Gürcülərin ən böyük yürüşü 1210-cu ildə baş verir. Əvvəlki yürüşlərdən fərqli olaraq bu yürüşdə Arazdan cənubdakı şəhərlər də qarət edilir. Mənbələr bu gürcülərin bu yürüşlər zamanı belə rahat hərəkət etmələrinin əsas səbəbini Əbu Bəkrin əyyaşlığı və sərxoşluğunda, layiqli müdafiəni təşkil edə bilməməsində görürdülər. İbn əl-Əsir Əbu Bəkrin bu yürüşlərin qarşısını almaq üçün 1205-ci ildə gürcü şahzadəsi ilə evləndiyini yazsa da bu qeyd gürcü mənbələrində əksini tapmır.

Əbu Bəkrin ölümündən sonra hakimiyyətə qardaşı Müzəffərəddin Özbək (1210-1225) keçdi. Onun hakimiyyəti dövründə Azərbaycan Atabəylər dövləti daha da zəiflədi. Hətta iş elə gətirdi ki, o, ölkəsində Xarəzmşahın adına xütbə oxunmasına razılıq verdi. Atabəylərin bütün xəzinəsi Xarəzm­şahın əlinə keçdi. Bu dövrdən etibarən artıq Özbək Xarəzmşahın vassalı sayılmağa başlayır. Xarəzmşahların hakim olduğu zaman gürcülər Azərbaycana yürüş etməkdən çəkinir. Xarəzmşah Əlaəddin Məhəmməd Gürcüstana hücum çəkmək üçün 50 min atlı ayırmışdı.

1220-1222-ci illərdə Azərbaycana Cəbə və Subutayın başçılığında monqol yürüşləri baş tutdu. Monqolların ilk hücumları zamanı Özbək ölkənin müdafiəsini təşkil edə bilmədi. Azər­baycanın bir sıra mühüm şəhərləri monqollar tərəfindən tamamilə dağıdıldı. Vəziyyətdən istifadə edən gürcülər 1222-ci ildə Beyləqana, 1225-ci ildə Gəncə və ətrafına sadə xalq üzərinə hücum etdilər. Beyləqanda müdafiə təşkil oluna bilməsə də, Gəncə əhalisi gürcülər üzərində parlaq qələbə qazandı. Əyyaşlıq və sərxoşluqla məşğul olan Özbək əhali arasında hörmətini itirdi. Əslində dövləti onun həyat yoldaşı – Sultan III Toğrulun qızı Məlakə Mehrican xatun idarə edirdi. Monqolların birinci yürüşündən sonra Xarəzmşah Cəlaləddin Manqburnu Azərbay­cana qoşun çəkdi. Atabəy Özbək ona da müqavimət göstərə bilmədi. 1225-ci ilin yayında Cəlaləddin Təbrizi tutanda Səlcuq mülkünə də sahib olmaq mənasında Atabəy Özbəkin xanımı ilə evləndi. Atabəy Özbək isə əvvəlcə Gəncəyə, oradan da Əlincə qalasına qaçdı və həmin il orada öldü. Özbəyin ölümü ilə də Azərbaycan Atabəylər dövlətinə son qoyuldu.

XII əsrdə yaxın və Orta Şərqin ən qüdrətli dövlətinə çevrilən Azərbaycan Eldənizlər dövləti Azərbaycan xalqının etnik-siyasi tarixində xüsusilə böyük rol oynadı. Eldənizlərin hakimiyyəti dövründə bütün Azərbaycan torpaqlarının vahid dövlətin tərkibində birləşdirilməsi iqtisadi, siyasi və mədəni həyatın bütün sahələrində güclü yüksəlişə səbəb oldu. Eldənizlərin hakimiyyəti dövründə Azərbaycan türk­lərinin, Azərbaycan türk dili və mədəniyyətinin yayıldığı ərazi daha da genişləndi. Lakin Azərbaycandakı feodal dövlətlərin arasında sabit iqtisadi və siyasi əlaqənin olmaması, düşmənçilik münasibətlərinin davam etməsi ölkənin ümumi müdafiə potensialını zəiflətdi və xarici istilaçıların hücumlarını asanlaşdırdı.

Mənbələr və əəbiyyat.

  1. Abul-Farac, Gregory (Bar Habreus). Abu-l Farac Tarihi, 1 ve 2.ciltler (çev. Ömer Rıza Doğrul) Ankara: Türk Tarih Kurumu Basımevi, 1987
  2. Əkbər Nəcəf. Səlcuqlu dövlətləri və atabəyləri tarixi. Bakı: Qanun, 2010
  3. Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar), notlar: M. F. Brosset, trc. Hrand D. Andreasyan, nşr. Erdoğan Merçil, Ankara: Türk Tarih Kurumu Basımevi, 2003
  4. İbn əl-Əsir, Əl-Kamil fi-t Tarix, X cild. Beyrut: Dar al-Kutub al-İlmiyyə, 2003
  5. Irak ve Horasan Selçukluları tarihi: İmad ad-Din al-Bondari tarafından ihtisar edilen Zubdat al-Nusra va Nuhbat al-Usra. Çev. Kıvameddin Burslan. Ankara: TTK, 2016
  6. Moisey Kalankatuklu. Albaniya tarixi. Mxitar Qoş. Alban Salnaməsi. Bakı: Elm, 1993
  7. Sevim, Ali. Merçil, Erdoğan. Selçuklu Devletleri Tarihi. Ankara: Türk Tarih Kurumu Basımevi, 1995
  8. Ziya Bünyadov. Azərbaycan Atabəyləri dövləti. Bakı: Elm, 1984
  9. Садраддин Али ал-Хусайни. Ахбар ад-Даулат ас-Селджукиййа. Издание текста, перевод, введение, примечания и приложения З. М. Буниятова. Москва: Издательство «Наука», 1980.

 

 

Rəşad Mustafa

“Azərbaycanın orta əsrlər” tarixi

şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d.

Paylaş: