AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

TƏBRİZ

TəbrizAzərbaycanın qədim şəhərlərindən olan Təbriz dəniz səviyyəsindən 1350 m yüksəklikdə, Səhənd dağının şimal təpələrinin (Yanıq dağlarının) və qırmızı rəngli Surxab dağının ətəyində yerləşir.

Mənbələrdə Tarui, Tarmakis, Turi, Taris, Tavrez, Tavriz, Toris, Təvreş, Tarbiz, Tabriz, Terbiz və s. kimi qeyd olunan “Təbriz” sözünün etimologiyası və şəhərin salınma tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi müəlliflər bu adın Surxab dağının qədim adı “Tori” ilə əlaqədar olduğunu, digərləri isə Təbriz kəlməsinin Təbriz-Tavris-Tavaris, yəni (tav)+(aris) “dağ+arası” deyərək qeyd edirlər. İqor Dyakonov “Təbriz” sözünün ilk forması olan “Tarui-Tarmakis” sözünün qədim aşşur dilində “ikiqat qala” adlandırıldığını qeyd edir. “Təbriz” sözünü “günəş saçan” mənasında izah edənlər onun əsasının qoyulmasını daha qədimə apararaq, atəşpərəstliklə əlaqələndirirlər. Jan Şarden Təbrizdə olarkən şəhərin maliyyə idarəsində xəzinədar işləmiş Mirzə Tahirə istinadən “Təbriz” sözünü atəşpərəstliklə əlaqələndirib, tab-işıq, riz-saçan mənasında (“işıq saçan”) kimi izah etmişdir. Səid Nəfisi də “Təbriz” sözünün ilk şəklinin “tab” olduğunu bildirərək qeyd edir ki, bu ad vaxtı ilə Səhənd dağlarında atəş püskürən vulkanlarla əlaqədar olmuşdur. “Təbriz” sözünü dağ adı ilə əlaqələndirən Kontarini yazır: “Bu şəhərin yaxınlığında bir neçə qırmızı rəngli dağ müşahidə olunur. Deyirlər ki, onlar Tori dağları adlanır”. Təbriz şəhəri üç tərəfdən – şərqdən Surxab, qərbdən – Yanıq, cənubdan – Səhənd dağlarının ətəkləri ilə əhatə olunmuşdur. Təbriz hələ eradan əvvəl şəhər-qala olmuşdur. Təbriz yaxınlığında Həsənli təpəsində, Ziviyə və Yanıqtəpədə aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət nümunələri bu ərazidə sənətkarlığın yüksək inkişaf etdiyini göstərir. Həmçinin Aşşur hökmdarı II Sarqona (e.ə.722-705) məxsus kitabədə onun e.ə.716-ci ildə Manna ölkəsinə daxil olduğu, Uşkayanı aldıqdan sonra möhkəmləndirilmiş Tarui-Tarmakis qalasına gəlib çatdığı qeyd olunur. II Sarqonun kitabəsində deyilirdi: “Tarmakis qalasının divarları ikiqat idi. Orada Fərat çayı qədər geniş olan kanal var, onun ətrafı isə qalın meşəliklərlə əhatə olunmuşdu. Şəhərdə gözəl binalar var idi... Mən Tarmakis şəhərinə hücum edən zaman əhali buranı tərk edib çöllərə qaçdı. Bu mahalı ələ keçirdim, müdafiə əhəmiyyəti olan istehkam vəziyyətinə salınmış yaşayış yerləri arasında döyüşə başladım”.

Səhənd dağının ətəyində yerləşdiyi və möhkəm istehkam qalalarına malik olduğu üçün Tarmakis hərbi-strateji baxımından da xüsusi əhəmiyyət kəsb etmişdir. Qala özü də su ilə doldurulmuş, dərin kanallarla əhatə olunmuşdur. Gürcü tarixçi Georgi Melikişvili Tauri-Tarmakisi möhkəmləndirilmiş şəhər hesab etmişdir. Tarixçi İqrar Əliyev haqlı olaraq Tauri-Tarmakisi Tavriz şəhər adlandırmışdır. Təbriz şəhəri e.ə. VIII əsrdə mövcud olduğu halda, onun şəhər kimi hələ e.ə. II minilliyin axırlarında təşəkkül tapması ehtimal edilir. Beləliklə, Təbriz şəhərinin üç min illik tarixi vardır.

Hələ Manna dövləti dövründə bu şəhər mühüm mərkəzlərdən biri olmuşdur. Antik müəlliflərdən Polibi, Diodor və Ptolomey bu şəhərin Ovront dağının (Səhənd) ətəyində yerləşməsi haqqında məlumat verir. III əsrdə Təbriz Atropatenanın əsas şəhərlərindən idi. Sasanilər dövründə strateji əhəmiyyəti olan Təbrizdə qarnizon saxlanırdı. VII əsrin ortalarında isə ərəb qoşunları Təbrizi işğal etdi. Xilafət dövründə Təbriz mahal mərkəzi idi. Babək hərəkatı Təbrizə də yayılmışdı. 852-ci il zəlzələsi zamanı Təbriz dağılmış, bir müddət sonra bərpa edilmişdi. Xilafətin zəiflədiyi dövrdə Azərbaycanda yaranmış Rəvvadilər dövlətinin paytaxtı Təbriz idi. Təbrizin yun, ipək və pambıq parçaları, xalçaları xarici ölkələrə də ixrac olunurdu. X əsr ərəb müəlliflərindən Müqəddəsi, İbn Havqəl və b. Təbrizdən abad bir şəhər kimi bəhs etmişlər. 1054-cü ildə Səlcuq sultanı I Toğrul Təbrizi tutdu. 1174-cü ildən Qızıl Arslanın iqamətgahı olan Təbriz sonralar Azərbaycan Eldənizlər dövlətinin paytaxtına çevrildi.

1220-ci ildə monqol qoşunu Təbrizi iki dəfə mühasirəyə aldı. Təbriz əhalisi bac verməklə qarət və dağıntılardan xilas oldu. 1224-cü ildə monqol qoşunları yenidən Təbrizə yaxınlaşdı. Şəhər rəisi Şəmsəddin Tuğrai Təbrizin müdafiəsini təşkil etdi. 1225-ci ildə Xarəzmşah Cəlaləddin Təbrizi tutdu. 1231-ci ildə monqol qoşunu Təbrizə hücum etdi. 1256-ci ildən Təbriz Elxanilər dövlətinin tərkibinə daxil oldu. Sonralar bu dövlətin paytaxtı Marağadan Təbrizə köçürüldü. Elxanilər dövründə Təbrizin ərazisi 5-6 dəfə genişləndi. XIII əsrin 60-cı illərində Təbrizdə monqol zülmünə qarşı baş vermiş çıxışlar amansızlıqla yatırıldı.

Sultan Mahmud Qazan xanın hakimiyyəti dövründə (1295-1304) Təbriz Yaxın və Orta Şərqin ən böyük sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərindən biri idi. XIII əsrin sonlarından XIV əsrin 30-cu illərinədək Təbriz təkcə Azərbaycanın deyil, bütün Yaxın və Orta Şərqin iri sənətkarlıq, ticarət və mədəniyyət mərkəzi kimi şöhrət tapmışdır. Təbriz şərqlə Avropa ölkələri arasındakı beynəlxalq ipək və toxuculuq malları ticarətində əsas və həlledici rol oynayırdı. Marko Polonun məlumatları bu zaman Təbrizin Avropa-şərq iqtisadi əlaqələrinin həyata keçirildiyi çox mühüm beynəlxalq ticarət mərkəzi olduğunu göstərir. İtalyan səyyahı Təbrizin xarici ticarət əlaqələrindən bəhs edərkən yazır ki, bura şərq malları almaq üçün Avropa tacirləri, xüsusən, genuyalılar da gəlirlər. Venesiya və genuya respublikalıları Təbrizdə möhkəmlənmək üstündə mübarizə aparırdı. Venesiya respublikası Xəzər dənizində gəmiçilik sahəsində xüsusi imtiyazlar ələ keçirmiş, Hülaku hökmdarı Əbu Səidlə müqavilə bağlayaraq Elxanilər imperiyası ərazisində imtiyazlı ticarət hüququ əldə etmişdi. Təbrizdə Venesiyanın ticarət məntəqələri açılmış, Venesiya konsulu fəaliyyətə başlamışdı.

1321-ci ildə Təbrizdə olmuş italyan səyyahı Odorik de Pordenon yazır ki, Hülaku hökmdarının bu şəhərdən əldə etdiyi gəlir Fransa kralının bütün Fransadan əldə etdiyi gəlirdən çoxdur. 

1357-cı ildə Qızıl Orda xanı Canı bəy Təbrizi ələ keçirərək Elxanilər dövlətinə son qoydu. 1359-cu ildə isə Cəlairi Şeyx Üveys Təbrizi ələ keçirərək Cəlairilər dövlətinin paytaxtına çevirdi. O, Təbrizdə geniş tikinti işləri apardı. 1386-cı ildə isə Qızıl Orda xanı Toxtamışın qoşunu Təbrizi mühasirəyə aldı. Əhali şəhər hakimi əmir Vəli və Xalxal hakimi Mahmudun başçılığı ilə müdafiəyə qalxdı. Toxtamış bac verilərsə, mühasirədən əl çəkəcəyini bildirdi. Lakin o, 250 tümən qızıl pul bac aldıqdan sonra şəhərə soxuldu. Təbriz on gün talan edildi. 1386-ci ildə Əmir Teymur Təbrizi ələ keçirdi. Təbriz sənətkarlarının bir hissəsi Səmərqəndə aparıldı. Teymurun oğlu Miranşah Azərbaycanın hakimi olarkən Təbrizdə xeyli tarixi və mədəniyyət abidəsini dağıtdırdı. Teymurun ölümündən sonra (1405) Miranşahın oğlu Ömər Mirzə Təbrizə hakim oldu. 1406-cı ilin iyul ayında Cəlairi Sultan Əhməd Təbrizdə möhkəmlənməyə çalışdı. 1410-cu ildə Qara Yusif Azərbaycan Qaraqoyunlu dövlətinin (1410-1468) əsasını qoydu. Təbriz yeni dövlətin paytaxtı oldu. 1468-ci ildən Təbriz Qaraqoyunlular dövlətinə son qoymuş Həsən padşah tərəfindən yaradılan Azərbaycan Ağqoyunlular dövlətinin paytaxtına çevrildi. Həsən padşah Təbrizdə Nəsriyyə və Məqsudiyyə mədrəsələrini, Həsən padşah camesini, məşhur Qeysəriyyə üstüörtülü bazarını tikdirdi. Onun varisi Sultan Yaqub dövründə Təbrizdə möhtəşəm Həştbehişt saray kompleksi tikildi.

XV əsrdə Azərbaycan ərazisindən çox mühüm əhəmiyyəti olan beynəlxalq karvan yolları keçirdi. Bu yollardan biri Yaxın və Orta Şərq bazarlarını Təbriz – Xəzərsahili Azərbaycan rayonları və Həştarxan vasitəsilə Moskva ilə birləşdirirdi. Şərq ölkələrinin Avropa ölkələri ilə ticarət əlaqələrinin həyata keçirilməsində Təbriz-Bursa-İstanbul yolunun böyük əhəmiyyəti vardı. Uzun müddət geniş ərazili feodal dövlətlərinin paytaxtı olmuş Təbriz şəhəri bu beynəlxalq karvan yollarının hamısının qovşağında yerləşməklə, sanki Avropa-Asiya ticarətini tənzim etmişdi.

1501-ci ildə qızılbaşlar I İsmayılın başçılığı ilə Təbrizə daxil oldular. Təbriz Azərbaycan Səfəvilər dövlətinin paytaxtı elan edildi. 1514-cü ildə Osmanlı sultanı I Səlimin qoşunları Təbrizi tutdu. Altı gündən sonra I Səlim Təbrizi tərk etməyə məcbur oldu. O, mindən artıq Təbriz ustasını ailəsi ilə birlikdə İstanbula apardı. Səfəvi-Osmanlı müharibələri dövründə Təbriz dəfələrlə əldən-ələ keçir və qarət edilirdi. 1562-ci ildə Təbrizdə olan ingilis səyyahı Cenkinson yazır: “bu şəhərin ticarət əhəmiyyəti əvvəlki dövrə nisbətən azalmışdır”. Bunun əsas səbəbi Osmanlı sultanının hərbi yürüşləri olmuşdu. 1585-1586-cı illərin Osmanlı işğalı zamanı Təbriz ağır zərbələrə məruz qaldı. Oruc bəy Bayat yazır ki, osmanlılar tərəfindən ələ keçirilib talan edilənədək Təbrizdə 80 mindən artıq ev sahibi (yaxud 400 min nəfər) yaşayırdı.

XV-XVII əsrlərdə Təbriz Yaxın Şərqin mühüm sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərindən idi. Mənbələrdə həmin dövrlərdə Təbrizdə 300 mindən artıq əhalinin yaşadığı haqqında məlumatlar vardır. Xandəmir və Oruc bəy Bayat Təbrizi “Şərqin paytaxtı”, “aləmin məskun olan dörddə bir hissəsinin ən abad şəhəri” kimi qiymətləndirmişlər.

XVII əsrin sonlarında Azərbaycan iqtisadiyyatının ümumi tənəzzülü ilə əlaqədar olaraq Təbrizin əhalisi getdikcə azaldı. Ticarət və sənətkarlıqla məşğul olan əhalinin şəhərlərdən kütləvi surətdə axını iqtisadiyyatın həcminin azalmasına gətirib çıxardı. Həmin dövr ərzində Təbriz şəhərinin əhalisinin sayı üç dəfədən çox azaldı.

XVIII əsrin əvvəllərində Səfəvi imperiyasının dərin siyasi, iqtisadi böhran keçirməsi daxili mübarizəyə yol açdığı kimi, qonşu Rusiyanın və Osmanlı imperiyasının Səfəvi mülklərini bölüşdürmək uğrunda mübarizəyə başlamağa şərait yaratdı. 1725-ci ildə Osmanlı qoşunu Təbrizi ələ keçirdi. 1730-cu ildə görkəmli Azərbaycan sərkərdəsi Nadir xan Əfşar Təbrizi osmanlılardan azad etdi. 1735-ci ildə Nadir xan Əfşar tərəfindən Azərbaycan torpaqları Rusiya və Osmanlı işğalından tamamilə azad edildi. Təbriz Nadir şah Əfşarın yaratmış olduğu imperiyanın əsas şəhərlərindən birinə çevrildi. 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra Azərbaycanın digər bölgələrində olduğu kimi Təbrizdə də müstəqil dövlət – xanlıq yaradıldı. XVIII əsrin ortalarında Əmiraslan xan Əfşar mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycanda hakimiyyəti ələ aldı. 1758-ci ildə Təbriz urmiyalı Fətəli xan Əfşarın, 1761-ci ildə isə xoylu Nəcəfqulu xan Dümbülünün hakimiyyəti altına düşdü. 1791-ci ildə Təbriz xanlığını Ağa Məhəmməd xan Qacar ələ keçirdi.

Qacarlar dövründə Təbriz vəliəhdin iqamətgahı idi. 1826-1828-ci illər Rusiyanın Qacarlar İranı ilə müharibəsi zamanı Rusiya qoşunu Təbrizi tutdu (oktyabr, 1827). Türkmənçay müqaviləsinə (1828) əsasən Təbriz Qacarların hakimiyyətində qaldı.

Qacar sülaləsi dövründə Təbriz vəliəhdin qərargah şəhəri, 1905-1911-ci illərdə isə inqilabın mərkəzi olmuşdur. İnqilaba Təbrizin qəhrəman oğulları – Səttar xan və Bağır xan rəhbərlik edirdi. 1911-ci ilin dekabrında rus kazak ordusunun yardımından istifadə edən Məhəmmədəli şah Təbrizi ələ keçirdi, dinc əhaliyə divan tutuldu.

1917-1919-cu illərdə Cənubi Azərbaycanda İngiltərənin müstəmləkəçilik siyasətinə qarşı güclü xalq hərəkatı başladı. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında Təbriz üsyançıları valini şəhərdən qovdular. 1920-ci ilin aprelin 7-də Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə silahlı üsyan nəticəsində hakimiyyət İctimai İdarə Heyətinin əlinə keçdi. 1920-ci il iyunun 23-də Ş.M.Xiyabaninin rəhbərliyi altında Milli Hökumət təşkil olundu. İyunun 24-də Milli hökumət Alaqapıya köçdü. Milli Hökumət kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, ədliyyə sahələrində islahatlar keçirməyə başladı. Təbrizdə pulsuz qız məktəbinin açılması o dövr üçün fövqəladə hadisə idi. Yeni açılmış məktəblərə Bakıdan müəllimlər dəvət edildi. Bununla yanaşı, hökumət 12 min nəfərlik milli qvardiya yaratmağa başladı. Təbrizdə xalça fabrikinin tikintisinə başlandı, şəkər zavodu, toxuculuq və dəri fabriklərinin tikilməsi, kənd təsərrüfatı bankının və milli bankın açılması, pul islahatı və şəhər bələdiyyəsinə seçkilərin keçirilməsi planlaşdırıldı. Maarif, mədəniyyət, səhiyyə, ədliyyə, vəqf və hərbi işlər üzrə idarə və nazirliklər yaradıldı. 1920-ci il sentyabrın 12-də əksinqilabi qüvvələr Təbriz üzərinə hücuma keçdilər, Alaqapını ələ keçirdilər. Sentyabrın 14-də “Təcəddüd” qəzetinin binasını dağıtdılar. Həmin gün Ş.M.Xiyabani öldürüldü. İrticaçılar üsyançılara divan tutdular. Beləliklə, Cənubi Azərbaycandakı milli azadlıq hərəkatı ingilis qüvvələrinin köməyi ilə yatırıldı. Buna baxmayaraq, Təbriz üsyanı Cənubi Azərbaycanda, eləcə də İranda yaşayan xalqların tarixində mühüm rol oynadı. Məhz bu üsyanın nəticəsi olaraq 1920-ci il iyunun 25-də Vüsuqəddövlə istefaya çıxdı və 1919-cu ildə imzalan İngiltərə-İran sazişi 1921-ci ildə ləğv edildi.

1945-ci ilin yayında Cənubi Azərbaycanda demokratik hərəkatın II mərhələsi başlandı. Mürtəce qüvvələrin hücumlarının qarşısını almaq məqsədilə 1945-ci ilin sentyabrında Azərbaycanın tanınmış demokratlarından bir qrupu, başda Seyid Cəfər Pişəvəri olmaqla, Azərbaycan Demokratik Firqəsini (ADF) yaratdılar. Partiyanın elan olunan bəyanatında demokratik İranın tərkibində Azərbaycana inzibati-təsərrüfat və mədəni muxtariyyət verilməsi irəli sürülürdü. 1945-ci il oktyabrın 2-4-də ADF-nin keçirilən qurultayında siyasi mübarizənin dinc yolla davam etdirilməsinə qərar verildi. Noyabrın 21-də xalqın tanınmış xadimlərindən ibarət Azərbaycan Xalq Konqresi çağrıldı. O, özünü Müəssislər Məclisi elan edərək, ümumi seçkilər yolu ilə Azərbaycan Milli Məclisinin çağırılması və Milli hökumətin yaradılması tələbini irəli sürdü. Müəssislər Məclisinin qərarında deyilirdi ki, Milli hökumət İran dövlətçiliyi çərçivəsində fəaliyyət göstərərək Azərbaycanın milli-mədəni muxtariyyətini təmin etməlidir. Noyabrın 27-dən dekabrın 10-dək Azərbaycanın hər yerində seçkilər keçirildi. Dekabrın 12-də toplanmış Milli Məclis S.C.Pişəvərinin başçılığı ilə Milli hökumət yaratdı. Hökumət 10 nazirlik, ali məhkəmə və baş prokurorluqdan ibarət idi. Bu hadisə tarixə 21 Azər hərəkatı kimi daxil olmuşdur.

Milli hökumət birinci dərəcəli vəzifə kimi yerlərdə yeni inzibati-ərazi orqanlarını yaratmağa başladı. 1946-cı ilin yanvar-fevral aylarında seçkilər keçirildi və müvafiq strukturlar yaradılmağa başlandı. 1946-cı ili fevralında Milli hökumət aqrar qanunu qəbul etdi. Qanuna görə “xalisə” adlanan dövlət torpaqları, Azərbaycandan qaçmış və ona qarşı mübarizə aparan mülkədarların və sahibkarların torpaqları müsadirə olunaraq kəndlilər arasında bölüşdürüldü. Mayın 12-də “Əmək haqqında qanun” verildi. Milli hökumət 1946-cı il yanvarın 16-da “Dil haqqında” qanun qəbul etdi. Azərbaycan dili rəsmi dövlət dili elan olundu. İyun ayında Təbriz Universiteti təsis olundu. Az bir vaxtda ana dilində məktəblər, qiraətxanalar, kitabxanalar, birliklər, qəzet və jurnallar fəaliyyətə başladı.

Milli-demokratik hərəkatın ictimai həyatın bütün sahələrində uğurları şah hökumətində böyük təşviş yaratdı. Buna görə də İranın hakim dairələri demokratik hərəkatı boğmağa hazırlaşırdı. Hökumətə başçılıq edən Əhməd Qəvam xalqı aldatmaq üçün Milli hökumətlə danışıqlara başladı. 1946-cı ilin iyununda Təbrizdə onlarla müqavilə bağladı. O, həmçinin ABŞ, İngiltərə və SSRİ arasındakı ziddiyyətlərdən də istifadə edərək “İran məsələsi”nin BMT-də baxılmasına nail oldu. Sovet ordusu Cənubi Azərbaycandan çıxarıldı. ABŞ və İngiltərənin İrana siyasi-hərbi yardım göstərmələrinə razılıq alındı.

İran hökuməti parlamentə seçkilərə nəzarət bəhanəsi ilə Azərbaycana qoşun yeritdi. Öz hərbi-texniki üstünlüyündən istifadə edən İran qoşunları dekabrın 12-də Təbrizə daxil oldular. Minlərlə insan güllələndi və həbsə alındı. Kütləvi təqiblər başlandı. ADF və Milli Hökumətin rəhbərləri güllələndilər, dar ağacından asıldılar. Cəzadan xilas olmaq üçün on minlərlə vətənpərvər mühacirət etməyə məcbur qaldı.

1941-1946-cı illər milli-azadlıq hərəkatı məğlubiyyətə uğradı. Müəyyən obyektiv daxili səbəblərlə yanaşı, ABŞ, İngiltərə və SSRİ-nin İrandakı siyasəti də öz təsirini göstərdi. Hər üç dövlət imperiyapərəst maraqlarını bütöv bir xalqın taleyindən üstün tutdu.

Cənubi Azərbaycandakı milli-azadlıq hərəkatı məğlubiyyətə uğrasa da, ölkənin sonrakı tarixinə böyük təsir göstərdi, xalqda öz milli varlığı, tarixi və mədəniyyətinə bağlılığı ideyasını möhkəmləndirdi.

İranda 1978-1979-cu illər inqilabında da Təbriz əhalisi ən fəal şəkildə iştirak etdi. 1979-cu il fevralın 11-də Tehranda qələbə çalan inqilab fevralın 16-da Cənubi Azərbaycanda başa çatdırıldı. İnqilab dövründə Azərbaycan türkləri 25 min nəfərə yaxın qurban verdilər. Azərbaycan türklərinin fəal iştirak etdiyi antişah və antiimperialist inqilab qələbə ilə başa çatdıqdan sonra onlar milli muxtariyyət alacaqlarını gözləyirdilər. Lakin qələbənin ilk günündən hakimiyyəti ələ alan Ayətullah Xameyni tərəfdarları ümumxalq rəy sorğusu ilə 1979-cu il aprelin 1-də İran İslam Respublikası elan etməyə nail oldular. Bütün İran əhalisi kimi, Azərbaycan türklərinin də böyük əksəriyyəti bərabərlik və demokratik azadlıqlar verilməsini, milli hüquqların yüksək səviyyədə təmin edilməsini gözləyirdilər. Bu tələblər yeni Konstitusiyanın müvafiq maddələrində az-çox öz əksini tapsa da, onların çoxu kağız üzərində qaldı. Azərbaycan türkləri üçün ən ağrılı məsələ milli dilin statusunu müəyyən edən Əsas Qanunun 15-ci maddəsi idi. Yerli dillərin fars dili ilə yanaşı mətbuatda, kütləvi informasiya vasitələrində və məktəblərdə mili ədəbiyyatın tədrisində işlənməsi azad edilsə də, Azərbaycan məktəblərində buna icazə verilmədi.

Təbriz hal-hazırda Cənubi Azərbaycanın ən böyük şəhəri, iqtisadi və mədəniyyət mərkəzi, Şərqi Azərbaycan əyalətinin inzibati mərkəzidir. Əhalisinin sayı təxminən 1.597.319 nəfərdir, onların mütləq əksəriyyəti Azərbaycan türkləridir.

Mənbələr və ədəbiyyat.

  • Azərbaycan tarixi. Yeddi cilddə. 1-7-ci cildlər. Bakı, 1998-2003.
  • Дьяконов И.М. История Мидии. М-Л., 1956.
  • Баладзори. Книга завоевания стран/пер. П.К. Жузе. (Материалы по истории Азербайджана. Об-во по изучению Азерб.). Баку, 1927.
  • Йагут ал-Хамави. Муджам ад-булдан. (Сведения об Азербайджане)/пер. с арабского З.М.Буниятова и П.К.Жузе. Баку, 1983.
  • Алиев И.Г. История Мидии. Баку, 1960.
  • Меликишвили Г.А. Древневосточные материалы по истории народов Закавказья. I, Наири-Урарту. Тбилиси, 1954.
  • Bünyadov Z.M. Azərbaycan Atabəylər dövləti (1136-1225). Bakı, 1985.
  • Qaşqay S. Manna dövləti. Bakı, 1993.
  • Onullahi S.M. XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi. Bakı, 1982.

Paylaş: