XX əsrin əvvəllərində Cənubi Qafqazda, xüsusən də indiki Ermənistan ərazisində Azərbaycan türklərinə qarşı törədilən qırğınların ssenarisi ermənilərin XIX əsrin sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə əsaslanırdı. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra Avropa dövlətlərinin səyləri nəticəsində gündəliyə çıxarılan «Erməni məsələsi» sonralar Şərqi Anadoluda ermənilər üçün muxtariyyət əldə etmək və müstəqil Ermənistan dövləti qurmaq üçün bir vasitəyə çevrilmişdi. Bu muxtariyyətin əldə edilməsi üçün əvvəlcə Şərqi Anadolu vilayətlərində ermənilərin say üstünlüyünə nail olmaq lazım gəlirdi. Lakin ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları həmin vilayətlərin heç birində say etibarı ilə üstünlük onların tərəfində deyildi. Bunu ermənilərin qəyyumu kimi çıxış edən Fransanın Xarici İşlər Nazirliyi 1897-ci ildə yaydığı sənəddə də etiraf etmişdi.
Həmin illərdə İngiltərə və Fransanın yardımı ilə Türkiyədə yaşayan erməniləri üsyanlara təhrik etmək üçün təbliğat aparılırdı. Bu işə rəhbərliyi “Armenakan”, “Daşnaksutyun” və “Hnçak” siyasi partiyaları öz üzərlərinə götürmüşdülər. Ermənilər əvvəlcə türklərin və kürdlərin yaşadıqları kəndlərə basqınlar edirdilər ki, onlardan əks reaksiya gəlsin, sonra isə Avropanın kütləvi informasiya vasitələri ilə türklərin erməniləri qırğınlara məruz qoyduqlarını dünyaya car çəkə bilsinlər. Bir çox hallarda isə erməni silahlı dəstələri türk əsgərlərinin paltarlarını geyinərək, gecələr erməni kəndlərinə hücumlar edir, sonra isə həmin hadisəni türklərin torətdikləri qırğınlar kimi qələmə verirdilər.
Ermənilərin 1894-1896-cı Şərqi Anadoluda illərdə törətdikləri iğtişaşlar yatırıldıqdan sonra həmin iğtişaşların təşkilatçılarının və icraçılarının əksəriyyəti Cənubi Qafqazın müxtəlif regionlarına köçmüşdülər. Rus müəllifi N.Şavrovun yazdığına görə, 1896-cı ildə Cənubi Qafqazda 900000, 1908-ci ildə 1301000 erməni yaşamışdır. Deməli, təkcə bu dövrdə Cənubi Qafqaza 400000 erməni gəlib yerləşmişdi. 1908-ci ildə Rusiya Daxili İşlər Nazirliyi polis departamentinin sənədlərində göstərilirdi ki, «Türkiyədəki məlum hadisələrdən sonra Cənubi Qafqaza yarım milyon erməni gəlmişdir. Bu ermənilər dərhal öz qara əməllərini göstərdilər». Bundan sonra indiki Ermənistan ərazisində “Daşnaksutyun” və “Hnçak” partiyalarının sıraları daha da artmış, Cənubi Qafqazda anti-türk təbliğatı xeyli güclənmişdi. “Novoye vremya” qəzetinin İrəvan üzrə müxbiri Qriqoryevin verdiyi məlumata görə, törədilən cinayətlərin 80 faizi Türkiyədən gəlmiş ermənilərin, muzdlu qatillərin payına düşürdü.
XX əsrin əvvəllərində erməni şovinizminin, millətçi erməni partiyalarının maddi və mənəvi qida mənbəyi rolunu erməni kilsələri məharətlə oynayırdı. 1903-cü ildə kilsə mülkiyyətinin Rusiya Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında çıxarılan qanun kilsənin maliyyələşdirdiyi siyasi təşkilatların maddi vəziyyətinə ciddi zərbə vurmuşdu. Bu da öz növbəsində erməni terrorizminin genişlənməsinə, anti-türk, anti-müsəlman əhval-ruhiyyəsinin qızışmasına səbəb olmuşdu. Erməni kilsəsi bu qanunun əleyhinə qiyamlar təşkil etmişdi. Həmin il avqustun 29-da Gəncədə, sentyabrın 2-də Qarsda və Bakıda, sentyabrın 12-də Şuşada, oktyabrın 14-də Tiflisdə ermənilər iğtişaşlar və terror aksiyaları törətmişdilər. 1905-ci ildə Rusiyanın özündə baş verən iğtişaşlar, çarizmə qarşı narazılıq dalğasının güclənməsi Cənubi Qafqazda güclü əks-səda doğururdu. Bu qarışıqlıqdan ermənilər məharətlə istifadə etmişdilər. Rusiyanın hakim şovinist dairələri də zərbəni özlərindən yayındırmaq üçün ermənilərin anti-türk, anti-müsəlman kampaniyasını qızışdırırdılar. Qafqaz canişinliyinin yüksək rütbəli erməni və ermənipərəst məmurları vasitəsilə silahlandırılan erməni dəstələri 1905-1906-cı illərdə Bakıda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Gəncədə, Tiflisdə və başqa yerlərdə yaşayan azərbaycanlılara qarşı silahlı hücumlar edib, həmin ərazilərdən onları təmizləməklə, ermənilərin say üstünlüyünə nail olmaq istəyirdilər. Çünki həmin dövrdə Qafqazda mövcud olan 54 qəzadan yalnız beşində ermənilər çoxluq təşkil edirdilər.
1905-1906-cı illərdə Cənubi Qafqazda erməni-müsəlman qırğınları haqqında Rusiya daxili İşlər nazirliyinin polis departamentinin sənədində deyilirdi: “Daşnaksutyun” öz qüdrətini göstərdi, müsəlmanlar cəfasını çəkdilər. Burada ikili oyun oynanılmışdı: birincisi, müsəlmanlarda olan qisasın bir qismini almaq, digər tərəfdən baş verən hadisələrin günahını mətbuat və təbliğatın köməyi ilə rus hökumətinin üzərinə yıxmaq. Bununla da təkcə erməniləri deyil, Qafqazın digər sakinlərini də inqilabçılaşdırmaq üçün güclü təbliğat materialı əldə edilmiş olurdu. Nəticədə ermənilərə münasib olmayan bir çox rus məmurları və ayrı-ayrı şəxslər terror qurbanı oldular: general Əlixanov (Maqsud Əlixanov-Avarski), qubernatorlar Nakaşidze, Andreyev (birincisi Bakının qubernatoru, ikincisi Yelizavetpolun (Gəncə) vitse-qubernatoru, polkovniklər Bıkov və Saxarov və başqa dövlət məmurları. Onların qismən nail olduqları ikinci məqsədləri ondan ibarət idi ki, Cənubi Qafqazda ermənilərlə müsəlmanların yaşadıqları ərazilər bir-birindən ayrıldı, Türkiyədən və qismən İrandan köçən ermənilərin məskunlaşdırılması üçün torpaqlar boşaldıldı. Son 5-6 ildə onların sayı yarım milyona çatmış, 200 min nəfər isə rus idarələrinin vəkaləti ilə təbəəlik əldə etmişdir. Yelizavetpol, İrəvan və Qars vilayətlərində ərazilərin qismən ayrılmasına nail olunmuş, torpaqların müəyyən hissəsi boşaldılmış, həmin ərazilərdən bir çox müsəlmanlar qaçaraq canlarını qurtarmışlar”.
Əslində, Rusiyanın hakim dairələri də 1905-1906-cı illər erməni-müsəlman iğtişaşlarından öz məqsədləri üçün istifadə etməklə ikili oyun oynamışdılar. Çar məmurları Qafqazda güclənən narazılıq dalğasının hökumət əleyhinə istiqamətlənəcəyindən qorxduqlarından, ermənilərin müsəlmanların yaşadığı ərazilərdə törətdikləri qırğınlara biganə qalmış, bəzi hallarda isə onların tərəfini saxlamaqla hər iki tərəfin gücünün etnik toqquşmalara sərf edilməsinə nail olmuşdular. Bu məqsədlə xüsusi xəfiyyə şəbəkəsinin qurulması haqqında Cahangir Zeynaloğlunun 1924-cü ildə İstanbulda çap edilən kitabında belə məlumat verilir: “Yalnız azəri türkləri hələ qəflətdə idilər və iğtşaşlarda çar tərəfini saxlayırdılar. Rusiya hökuməti müsəlmanların bu qəflətindən istifadə edib, Peterburqdan xüsusi surətdə 130 xəfiyyə məmuru göndərərək, türklər ilə ermənilər arasında icra etdiyi propaqanda ilə biri digəri əleyhinə silah işlətməyə təşviq və əsrlərcə yaxşı keçinən iki milləti biri digərinə qırdırdı”.
1905-ci il fevralın 6-da Bakıda bir nəfər azərbaycanlının ermənilər komitəçiləri tərəfindən öldürülməsi ilə başlanan erməni-müsəlman qırğınları bir çox müəlliflərin iddia etdikləri kimi, bir təsadüf nəticəsində deyil, məhz bütün Cənubi Qafqazın varlı ermənilərinin zaman-zaman cəm olduqları bir şəhərdə planlı şəkildə baş vermişdi. Ermənilər Bakıda erməni milyonerlərinin köməyi ilə istədiklərinə nail olacaqlarına, Bakının neft səltənətini əllərinə keçirəcəklərinə və bundan sonra bütün Cənubi Qafqazdan müsəlmanları silah gücünə qovub erməni dövləti yaradacaqlarına əmin idilər. Fevralın 6-dan 10-a qədər Bakıda şiddətlə davam edən qırğınlar zamanı hər iki tərəfdən tələfat min nəfərə çatsa da, ermənilərin niyyətləri baş tutmamış və məğlub olmuşdular.
Ermənilər fevralın 20-22-də İrəvan şəhərində də qırğınlar törətmişdilər. M.S.Ordubadi “Qanlı illər” kitabında verdiyi məlumata görə, ermənilərin növbəti fitnəkarlığı 1905-ci il mayın 5-də Naxçıvan qəzasının Cəhri kəndində üç nəfər müsəlmanın ağır yaralanması və mayın 7-də bir nəfər müsəlmanın Tunbul kəndində öldürülməsi ilə yenidən qızışmışdı. Mayın 8-də İrəvan vitse-qubernatoru Baranovski, İrəvan şəhər qlavası Ağamolovla birlikdə Naxçıvan şəhər qlavası Cəfərqulu xan Naxçıvanski Naxçıvana gəlirlər. Qırğınlar ara vermədiyi üçün Tiflisdən general Əlixanov-Avarski də Naxçıvana göndərilir. Ermənilər Naxçıvanda da məğlub olduqlarından növbəti iğtişaşları İrəvanda törədirlər. Ermənilərin məqsədi ilk növbədə İrəvan və onun ətraf kəndlərini müsəlmanlardan təmizləmək, sonra isə M.S.Ordubadinin təbirincə desək, “İrəvandan Naxçıvana qədər yol üstə yerləşən islam kəndlərini dağıtmaqla İrəvan ermənilərini Naxçıvanda hazır əsgəri qüvvələrlə birləşdirmək, Naxçıvandan Zəngəzura kimi yol boyunda olan köyləri dağıdıb Zəngəzur könüllüləri ilə Naxçıvandakı əsgəri qüvvəni bitişdirmək kimi alçaq xəyallar”dan ibarət idi.
Mayın 23-də ermənilərin Qarsaçay bağçasında müsəlman gənclərinə hücumu ilə İrəvanda növbəti- ikinci qırğınlar başlanır. Mayın 31-də İrəvanda qırğınlar dayandırılsa da, ermənilər ətraf müsəlman kəndlərinə hücum etməyi qərara alırlar. Elə həmin axşam ermənilər Qırxbulaq mahalının Gözəcik kəndinə hücum edirlər. İyunun 2-də 10 min nəfərlik erməni alayı Məngüs kəndinə hücum edir. Dağıdılmış 12 müsəlman kəndinin əhalisi Təzəkəndə qaçır. Ermənilər iyunun 3-də Güllücə kəndinə hücum edirlər. Silahsız əhali Tutiyə, Damagirməz, Kamal kəndlərinə qaçır. Qırğınlar 18 gün davam edir. İyunun 3-də Abaran, Şörəyel, Pəmbək və Aleksandropol erməniləri Eçmiədzin (Üçkilsə) qəzasının Üşü kəndinə hücum edir. İyunun 8-də müsəlmanlar kəndi tərk edirlər. İyunun 9-da ermənilər Pərsi, Nəzrəvan, Kiçikkənd, Kötüklü, Qoşabulaq, İrku, Əngirsək, Təkiyə kəndlərini dağıdırlar. İyunun 10-da ermənilər Eçmiədzin qəzasında 10 kəndi dağıdırlar. M.S.Ordubadi 1905-ci ildə indiki Ermənistan ərazisində ermənilərin törətdikləri soyqırımını belə səciyyələndirmişdi: “İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib islam millətini yandırmaqda, boğmaqda idi”.
1897-ci ildə İrəvan quberniyasında 313176 nəfər azərbaycanlı əhali qeydə alındığı halda, 10 ildən sonra – yəni 1907-ci ildə 302965 nəfər qeydə alınmışdı. Deməli, 1905-ci və 1906-cı illərdə İrəvan quberniyasında əhalinin 10 illik təbii artımından əlavə, 10 min nəfər artıq azərbaycanlı qətlə yetirilmişdi.
İrəvan quberniyasında öz məqsədlərinə nail olan erməni silahlı dəstələri Qarabağda qırğınlar törətməyə başlamışdılar. İyunun 1-dən başlayan erməni hücumları nəticəsində Cəbrayıl-Qaryagin bölgəsində Veysəlli, Qacar, Çəmənli, Arış, Qışlaq, Məzrə kəndləri darmadağın edilir. Avqustun 16-da Şuşada qırğınlar törədilir.
Üç aylıq fasilədən sonra 1905-ci il sentyabrın 18-də İrəvanda üçüncü erməni-müsəlman qırğınları başlanmışdır. İrəvan quberniyasının müvəqqəti general-qubernatoru prins Lui Napoleon Bonapartın (Fransanın imperatoru Napoleon I Bonapartın nəslindən idi – müəllif) sentyabrın 19-da İrəvandan göndərdiyi teleqramda deyilirdi ki, kütləvi iğtişaşlar zamanı 8 müsəlman, 2 erməni öldürülmüş, 3 müsəlman, 8 erməni yaralanmışdır.
General-qubernator Napoleonun iğtişaşların qarşısını qətiyyətlə alması ermənilərə sərf etmirdi. Onlar hər vasitə ilə onun vəzifədən uzaqlaşdırılmasına çalışırdılar. Qafqazın canişini ermənipərəst Voronsov-Daşkov üçüncü erməni-türk qırğınlarının yatırılmasından bir müddət sonra Napoleonu İrəvanın general-qubernatoru vəzifəsindən azad etmişdi.1905-ci ilin noyabrında Gəncə şəhərində, Cavanşir və Qazax qəzalarında, Tiflis şəhərində ermənilər iğtişaşlar törədərək minlərlə günahsız azərbaycanlını qətlə yetirirlər.
1905-1906-cı illərdə törədilmiş qırğınlara aid erməni müəlliflərinin bir neçə əsəri mövcuddur. Erməni müəlliflərindən A-donun irihəcmli “Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər)” əsərində, S. Zavaryanın “Qarabağın iqtisadi şəraiti və 1905-1906-cı illər aclığı”, İ. Alibeqovun “Yelizavetpolun qanlı günləri cəmiyyətin mühakiməsi qarşısında” əsərlərində 1905-1906-cı illər qırğınlarının mahiyyəti təhrif edilsə də, bu əsərlər faktoloji baxımdan tədqiqatçılara xeyli material verirlər. S.Zavaryanın verdiyi məlumata görə, həmin dövrdə Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur qəzasında 43 müsəlman kəndi, ümumilikdə isə həmin bölgədə 75 müsəlman kəndi dağıdılmışdır.
1906-cı ilin fevral ayında Tiflisdə Qafqazın canişini Voronsov-Daşkovun təşəbbüsü ilə erməni-müsəlman qırğınarına son qoymaq məqsədilə sülh konfransı (məclisi) keçirilmişdir. Həmin konfransda müsəlman nümayəndələri Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Ədil xan Ziyadxanov və başqaları “Daşnaksutyun” partiyasının niyyətlərini ifşa etmiş, onun Cənubi Qafqazda törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərmiş, rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta yetirmişdilər. Toqquşmaların səngiməsindən bir qədər sonra erməni silahlı dəstələri yenidən qırğınlara başlamışdılar. Erməni müəllifi A-donun verdiyi məlumata görə, İrəvan şəhərində dördüncü erməni-müsəlman toqquşması 1906-cı il mayın 27-də və iyunun 8-9-da baş vermişdir. A-Donun yazdığına görə, toqquşma mayın 27-də İrəvandakı Qantar (Tərəzi) meydanında başlayır. Atışma çox qısa davam edir. Köməyə gələn qoşunlar qayda-qanunu bərpa edirlər. Lakin 36 nəfər ölü və yaralı verdikdən sonra. Öldürülən 22 nəfərdən 13-ü erməni, 7-si türk, 1-i molokan, 1-i yəhudi olmuşdur. 14 yaralının 7-si erməni, 4-ü türk, qalanı başqa millətlərin nümayəndələri olmuşlar. A-donun məlumatına görə, iyunun 8-də İrəvanda yenidən toqquşma başlasa da, qoşunların qəti tədbirlərə əl atması sayəsində tezliklə yatırılır. Budəfəki toqquşmada hər iki tərəfdən 10 nəfər öldürülür. Qətlə yetirilənlərdən 5-i türk, 3-ü erməni, 1-i kürd, 1-i yəhudi olmuşdur. 19 yaralıdan isə 13-ü türk, 6-sı erməni olmuşdur.
Ermənilər Bakıda və Şuşadakı ikinci məğlubiyyətlərindən sonra “Böyük Rusiya inqilabı söndü, biz işləri sona çatdıra bilmədik” – deyə, 1906-cı ilin yayında Qarabağdan Zəngəzura yol açmaqdan ötrü İrəvan, Abaran, Aleksandropol, Şörəyel ermənilərinə teleqramlar göndərərək əsgər toplamışdılar. İrəvandan Zəngəzura, Zəngəzurdan Qarabağa qədər yol boyunca erməni əhalisinin sayı olduqca az idi. Ona görə də erməni komandalarına yol üstündə yerləşən müsəlman kəndlərinə hücum etmək əmri verilmişdi.
1906-cı il iyulun 29-da “Daşnaksutyun” partiyasının göstərişi ilə ermənilər Zəngəzur qəzasının Mədən bazarında Səfyar bəyi qətlə yetirir, sonra isə Karxana kəndinə hücum edirlər. Ermənilər bu kənddə heç kəsə aman vermir, kəndin bütün əhalisini öldürür və ya əsir götürürlər. Elə həmin gün ermənilər Lov, Xələc, Saldaşlı, İncəvar, Daşnov kəndlərini viran qoyurlar. Avqustun 1-də ermənilər Qatar kəndinə hücum edirlər. 9 gün qatarlılar kəndi müdafiə edirlər. Nəhayət, hər yerdən əli üzülən qatarlılar çoxlu tələfat verərək, qaçıb Kəllədağ kəndinə sığınırlar. Bundan sonra ermənilər Oxçu-Şəbədək dağ silsiləsində yerləşən türk kəndlərinə hücum edirlər. Ermənilər türklərin ətraf kəndlərdən cəmləşdiyi Saqqarsu kəndində əsl soyqırım törədirlər. Ümumiyyətlə, ermənilər təkcə həmin ilin avqust ayında Zəngəzurun Xələc, Karxana, Qatar, İncəvar, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, Batuman, Oxçu, Şəbədək, Atqız, Pürdavud, Zurul, Guman, İyilli, Sənalı, Minənəvur, Fərcan, Qalaboynu, Əcəbli, Buğacıq, Lov, Daşnov kəndlərini viran qoymuş, əhalisini qətlə yetirmişdilər.
Erməni müəllifi A-do 1905-1906-cı illərdə baş vermiş qırğınlar zamanı Cənubi Qafqazın 7 şəhərinin böyük dağıntılara məruz qaldığını, 12 qəzada 252 kəndin yandırıldığını və viran qoyulduğunu, 100 min ailənin qəzalardan, bir neçə min nəfərin şəhərlərdəki ev-eşiklərindən didərgin düşdüyünü, 10 min nəfərin məhv edildiyini göstərir.
Ümumiyyətlə, 1905-1906-cı illər erməni-müsəlman iğtişaşları nəticəsində İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları ərazisində 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş, əhalisi etnik təmizlənməyə və kütləvi qırğınlara məruz qoyulmuşdur.
1905-1906-cı illərdə Cənubu Qafqazda törədilən qırğınları mahiyyət etibarilə ermənilərin XX əsrdə azərbaycanlılara qarşı mərhələlərlə həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi xarakterizə etmək olar.
O dövrün mətbuatında dərc edilən məlumatlar əsasında 1905-1906-cı illərdə Cənubi Qafqazda ermənilərin törətdikləri qırğınların xronologiyasını aşağıdakı kimi tərtib etmək mümkün olmuşdur:
Bakı şəhərində qırğınlar
1-ci Bakı qırğınları 6-9 fevral 1905-ci ildə.
2-ci Bakı qırğınları 20-30 avqust 1905-ci ildə.
3-cü Bakı qırğınları 20-25 oktyabr 1905-ci ildə.
İrəvan şəhərində qırğınlar
1-ci İrəvan qırğınları 20-22 fevral 1905-ci ildə.
2-ci İrəvan qırğınları 23-26 may 1905-ci ildə.
3-cü İrəvan qırğınları 18 sentyabr 1905-ci ildə.
4-cü İrəvan qırğınları 27 may, 8-9 iyun 1906-cı ildə.
Naxçıvan qəzasında qırğınlar
Naxçıvan çayının aşağı hissəsində, həm də şəhərdə Cəhri çayının mənbəyində 5-12 may 1905-ci ildə.
Naxçıvan çayının yuxarı hissəsində, Əlincə çayının mənsəbində, Şurut kəndi və Gilan çayı hövzəsində 12-18 may 1905-ci ildə.
Naxçıvan şəhərində 26-30 noyabr 1905-ci ildə
Şərur-Dərələyəzdə qırğınlar
29-31 may 1905-ci ildə Şərurda.
may-iyul 1905-ci ildə Dərələyəzdə.
oktyabr 1905-ci ildə Dərələyəzdə
İrəvan qəzasında qırğınlar
1905-ci ilin may-iyun aylarında.
Eçmiədzin qəzasında qırğınlar
24 may-5 iyun 1905-ci ildə.
Sürməli qəzasında qırğınlar
2-4 iyun 1906-cı ildə.
Gəncə şəhərində qırğınlar
18-23 noyabr 1905-ci ildə.
Ərəş qəzasında qırğınlar
28 noyabr 1905-ci ildə.
Şuşa qəzasında qırğınlar
16-22 avqust 1905-ci ildə.
12-22 iyul 1906-cı ildə.
Xocalıda
avqust-noyabr 1905-ci ildə.
12-18 iyul 1906-cı ildə.
Cavanşir qəzasında
28 noyabr 1905-ci ildə.
Zəngəzur qəzasında
İyun-dekabr 1905-ci ildə
29 iyul-29 avqust 1906-cı ildə.
Qazax qəzasında
18-28 noyabr 1905-ci ildə.
Tiflis şəhərində
20-29 noyabr 1905-ci ildə.
Mətnin müəllifi: Dövlət Mükafatı laureatı, AMEA Tarix İnstitutunun elmi işçisi Nazim Mustafa.