Cənubi Qafqazın əsl iqtisadi və siyasi mərkəzinə çevrilən Bakı, 1917-ci ilin fevral inqilabından sonra sinfi mübarizənin və hakimiyyət uğrunda çarpışmaların mərkəzinə çevrilmişdi. V.İ.Leninin sinfi mübarizə və proletar diktaturası ideyasının ifrat təbliğatçıları olan Bakı bolşeviklərinin tərkibində ermənilərin çoxluq təşkil etmələri, sonralar Azərbaycanın türk-müsəlman əhalisi üçün ağır nəticələr vermişdi. Bakıda A.Gülxəndyanın rəhbərliyi altında Erməni Milli Şurası yaradıldıqdan sonra erməni silahlı dəstələrinin formalaşdırılmasına xüsusi diqqət verilməyə başlanmışdı. Bu dövrdə Bakıda Daşnaksütyun partiyası və Erməni Milli Şurasına tabe olan yaxşı silahlanmış hərbi dəstələr yerləşmişdi. Onlara keçmiş rus ordusundan böyük miqdarda silah qalmışdır. Eyni zamanda kifayət qədər pul vəsaitinə malik olan Erməni Milli Şurası tərxis olunan rus əsgərlərindən, əsasən tüfəng almışdılar. Oktyabr inqilabı dövrünədək Bakıda bir neçə min silahlı erməni əsgər və zabiti var idi ki, onlar buraya cəbhənin müxtəlif yerlərindən gəlmişdilər və Zaqafqaziyada təşkil edilmiş erməni korpusunu komplektləşdirmək üçün saxlanmışdılar. Mart qırğını ərəfəsində erməni milli hərbi hissələri Q.Korqanovun yaratmağa başladığı silahlı qüvvələri ilə birləşdilər. Bu zaman Qırmızı Ordunun qərargah rəisi, çar ordusunun keçmiş polkovniki, “Daşnaksütyun” partiyasının üzvü Z.Avetisov idi. Qafqaz cəbhəsinin ləğv olunması nəticəsində vətənə qayıtmalı olan rus alaylarının əsgər və zabitləri silah və sursatları dəyər-dəyməzinə ruslara (molokanlara) və daha çox ermənilərə satırdılar. Mart qırğını ərəfəsi Bakı bolşeviki Avakyan, vəziyyətindən və vəzifəsindən asılı olmayaraq, Komitəyə gələn bütün ermənilərə silah və patron paylayırdı. Ermənilər artıq bir neçə ay idi ki, ciddi silahlanırdılar, şəhərin ermənilər yaşayan hissəsinə, Ermənikəndə və onların yaşadığı Bakı kəndlərinə silah, patron, pulemyot daşınırdı. Bütün bunlar, St.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin gözü qarşısında baş verirdi və əslində özləri də buna köməklik edirdilər. Rus məmurlarına, rus fəhlələrinə və əsgərlərinə istinad edən menşevik, eser, kadet, daşnak və bolşevik olmaq üzrə müxtəlif siyasi firqələr ətrafında birləşən Azərbaycandakı ruslar “Müsavat”ın yaratdığı hərəkat qarşısında daxili mübahisə və mübarizələrini unudub və “Müsavat”a qarşı vahid cəbhədə birləşdilər. 1918-ci il martın 15-də çıxış edərkən “Bakı Soveti Zaqafqaziya vətəndaş müharibəsinin mərkəzinə və istehkamına çevrilməlidir”, - deyə St.Şaumyan yazırdı: “Bizim siyasətimiz – vətəndaş müharibəsidir. Kim bu siyasətin əleyhinə gedir, həmin adamlar düşmənlərimizdir”. Ümumiyyətlə, Bakı Sovetinin silahlı qüvvəsi 6 min nəfərdən ibarət idi. Bundan 3-4 minə qədəri olan daşnak qoşun hissələri də Bakı Sovetinin ixtiyarına verilmişdi. N.Nərimanov daşnakların məkrli siyasətini özünün “Qafqazı işğalına baxış” adlı məqaləsində açıb göstərmişdi. N.Nərimanov yazırdı: “… daşnaklar özlərinin otuzillik siyasi həyatları ərzində göstərdilər ki, onlar Böyük Ermənistan haqqındakı arzularını həyata keçirmək üçün istənilən halda sifətlərini dəyişə bilərlər. Daşnaklar Qolitsinin dövründə (Rusiya imperiyasında Nazirlər Sovetinin sədri olmuşdur) inqilabi partiya hesab olunurdular, Vorontsov – Daşkovun dövründə onun ayaqlarını öpürdülər və ən qatı əksinqilabçı idilər. Bunun səbəbi onda ki, Vorontsov müharibədən sonra Böyük Ermənistan yaratmağa söz vermişdi. Əgər indi Qafqazda Sovet hakimiyyəti qurularsa, onda daşnaklar o saat sifətlərini dəyişib, bu dəfə kommunist olacaqlar. Yenidən Azərbaycanda və Gürcüstanda iş başında duracaqlar. Daşnaklar əllərində Böyük Ermənistan xəritəsi və dəqiq proqramla Peterburqda oturmuşdular. Onlar Böyük Ermənistan yaratmaqla məşğul idilər. Hətta, gürcü millətçiləri daşnakların bu həyasız və utanmaz hərəkətlərindən həyacanlanmışdılar. Tam əminliklə elan edirəm ki, o vaxtlar Rusiyada mövcud olan heç bir milli partiya daşnaklar kimi bu qədər xəyanət və satqınlıq etməmişdir”. St.Şaumyan öz çıxışlarında bildirirdi ki, Müsəlman millətçiləri Bakını Azərbaycanın paytaxtı etməyi arzulayırdılar. Onlar Zaqafqaziyadan tamamilə ayrılmaq üçün mübarizə aparırdılar ki, Bakı Azərbaycanın paytaxtı olsun; Əgər onlar Bakıda üstünlük əldə etsəydilər, şəhər Azərbaycanın paytaxtı elan edilərdi. 1918-ci il mayın 16-da fəhlələr qarşısında çıxış edən St.Şaumyan bildirmişdi ki, müsavatçıların Bakını Muxtar Azərbaycanın paytaxtı elan etmək planı vardır. St.Şaumyan heç cür razılaşa bilmirdi ki, Azərbaycan müstəqil olsun. Bakıda daşnaklarla belə əməkdaşlıq edən və bütün dünya müllətlərinin qurtuluşundan bəhs edən bolşeviklər türk-müsəlman əhalinin muxtariyyətini burjuaziyanın muxtariyyəti hesab edirdi. Bakı və civarlarının bolşevikləşdiyini zənn edən St.Şaumyan erməniləri və rus əsgərlərini, xüsusilə, Xəzər hərbi dəniz donanması matroslarını türk-müsəlman əhaliyə qarşı təhrik etməyə başladı. Erməni əhalisinin bütün siniflərinin nümayəndələri bu müharibədə iştirak etməyi özlərinə “borc” bilirdi. Bütün bunlar azmış kimi, St.Şaumyan Moskvadan hərbi kömək almaq üçün müraciət etmişdi. St.Şaumyan Stalinə məktub yazaraq, xahiş edirdi ki, Qafqaz qırmızı ordusunu (erməni ordusunu) təşkil etmək üçün təcili olaraq on milyon manat (rubl) ayırsınlar. Ermənilərdən fərqli olaraq Bakıda türk-müsəlman əhalinin hərbi təşkilatı və sursatı kifayət qədər deyildi, hətta, demək olar ki, yox dərəcəsində idi. Belə olan halda, təbiidir ki, mübarizədə müsəlmanların qalib gəlməsi mümkün deyildi. Bunu yaxşı başa düşən St.Şaumyan, “Daşnaksütyun” və Erməni milli şurası Bakı şəhərində qabaqcadan planlaşdırılan və xüsusi hazırlıq görülmüş dəhşətli qırğınlara, qarətlərə başladılar. Bütün faciələr türk-müsəlmanların yaşadığı məhəllələrdə baş verirdi. Fövqəladə Təhqiqat Komissiyasınin sənədlərində qeyd olunur ki, Erməni Milli Komitəsinin hərbi drujinası adlandırılan, Yeqişa Paxlavuninin rəhbərlik etdiyi erməni silahlı dəstəsi müsəlmanların yaşadığı ərazilərə atəş açmağa başlamışdı. Demək olar ki, eyni bir vaxta Levon Saatsazbekovun erməni dəstəsi şəhərin “Şamaxinka” adlanan hissəsini atəşə tutdu. Martın 19-da səhər tezdən, hələ müsəlmanların oyanmadığı bir vaxta, erməni əsgərləri hücuma keçdilər. Ermənilərin birinci hücumu şəhərin “Kərpicxana”, “Məmmədli” və “Poxlu Dərə” adlandırılan hissəsinə istiqamətlənmişdi. Burada yaşayan əhalinin, demək olar ki, hamısı müsəlmanlar idi. Şəhərin bu rayonu və başqa müsəlman rayonları dənizdən “Ərdəhan” və “Janr” hərbi paraxodlarının toplarından atəşə tutulurdu, Ermənikənd tərəfdən isə, ermənilər toplardan atəş açırdılar. 1917-ci ildən bolşevik partiyasının üzvü olmuş Blyumin xatirəsində yazırdı ki, 1918-ci ilin mart hadisələrində bizim silahlı qüvvələrimiz olmadığından daşnak dəstələrindən istifadə etdik. Lakin daşnak dəstələri öz alçaq işlərini həyata keçirdilər. Vətəndaş müharibəsi əvəzinə milli qırğın törətdilər, 20.000-nə qədər müsəlmanı qətlə yetirdilər (Bakı qəzası üzrə). Müsavatın qərargahına hücum edilərək ələ keçirildi. Rusların Xəzər dənizində olan hərbi donanması ermənilərin fitvasına uyaraq şəhərin müsəlmanların sıx yaşadığı məhəllələri top atəşinə tutdular. Bu atəş nəticəsində müsəlmanların əsas ibadət yeri sayılan “Təzə pir” məscidinin minarələri ağır zədə aldı. Erməni daşnakları bolşevik bayrağı altında, əlverişli mövqedən istifadə edərək, əvvəlcədən hazırladıqları plana uyğun olaraq, Bakı şəhərində 1918-ci il martın 30-dan aprelin 1-nə kimi, üç gün ərzində türk xalqına qarşı qırğın törətdilər ki, bu da minlərlə insanın ölümü ilə nəticələndi. Ermənilərin biz bolşevik, sosialist bilmərik, müsəlmansan kifayətdir, deyə hətta müsəlman sosialistlərini qətlə yetirmələri bir daha onu göstərir ki, onların əsas planı türk-müsəlman əhalini daha çox qırmaq, qorxutmaq və öz doğma torpaqlarından qovmaq olmuşdur. Erməni silahlı dəstələrinin rəisi Tatevos Əmirov Bakıda, eləcə də Azərbaycanın başqa bölgələrində türk-müsəlman əhalinin amansızcasına qətlə yetirilməsinə, onların evlərinin qarət olunmasına, bilavasitə, rəhbərlik edənlərdən biri olmuşdur. Tatevos Əmirovun qardaşı Arsen Əmiryan isə Bakı Xalq Komissarları Sovetinin tərkibinə daxil idi. Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-çox qiymətli olan şeyləri isə özləri ilə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın altından 57 müsəlman qadın və qızın meyidi tapılmışdır. Onların qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yırtmışdılar. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində mart hadisələrinin şahidlərinin ifadəsinə əsasən, 1918-ci ilin martında, yalnız Bakı şəhərində daşnaklar bolşeviklər, menşeviklər və başqa partiyalarla birgə 12 mindən çox günahsız müsəlmanın qətlə yetirildiyi göstərilmişdi. Bakı şəhərində Bakı Sovetinin erməni-rus bolşevik qüvvələri türk-müsəlman əhaliyə qarşı qanlı qırğınları zamanı ictimai və şəxsi binalara da çox böyük ziyan dəymişdir. Belə ki, “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları yandırılmış, Bakıda ən iri məscid bombalanmışdı. Bakıda “İsmailiyyə” Xeyriyyə Cəmiyyətinin binası, Şirvanşahlar Sarayı ansambılına daxil olan XIV əsrdə tikilmiş Keyqubad məscidi yandırılıb külə döndərilmişdi. 1918-ci il noyabrın 22-də Komissiya üzvləri Məmməd xan Təkinski ilə A.E.Kluqenin birgə tərtib etdikləri protokolda göstərilir ki, Azərbaycan – Türk ordusunun Bakı şəhərinə daxil olması ilə Fövqəladə Təhqiqat Komissiyasının sədri Ələkbər bəy Xasməmmədovun tapşırığı əsasında, komissiyanın üzvü Mirzə Cavad Axundzadə fotoqraf Litvinovun köməyi ilə Bakıda görkəmli ictimai və müsəlmanların şəxsi binalarının şəklini çəkdirmişdi. Şəhərin bütün qeyri – türk hissəsi mart qırğını başlanan kimi sinfi fərq qoymadan xristianlıq zəminində müsəlman-türk əhalisinə qarşı birləşmişdi. Erməni ordusunun hissələri, özlərini bolşevik, menşevik adlandıranların hamısı bu işdə iştirak edirdilər. Qəribə burasıdır ki, Bakıdakı erməni qoşunları üzərinə tutduqları bolşevik maskasının rəngi hələ qurumamış öz zərbələrini birinci növbədə müsəlman zəhmətkeş və fəhləsinin üzərinə saldılar. Paytaxtımızın küçələri fəhlə meyitləri ilə dolu idi. 1918-ci il aprelin 28-də bolşevik Ter-Qabrielyanın Həştərxandan Şaumyana yazdığı məktubunda qeyd edirdi ki, hazırda Bakıdan kütləvi surətdə gələn rusların sosial vəziyyətindən asılı olmayaraq, hər hansı birindən Bakıda Sovet mübarizəsi haqqında soruşduqda, hamısı bir səslə deyir ki, Bakıda erməni – tatar qırğını gedir və qırğın ermənilər tərəfindən törədilib. Erməni Milli Şurasının orqanı olan və Bakıda çap edimiş “Naşa vremya”qəzeti yazırdı ki, heç kim inkar edə bilməz ki, Bakı şəhərində müsəlman əhalisinə qarşı, ayrı – ayrı erməni qrupları, yaxud erməni olmayanlar vəhşiliklər etmişdi.
Ədəbiyyat: