AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ZƏNGƏZUR QƏZASINDA TÜRK-MÜSƏLMAN SOYQIRIMI

Əhalisi soyqırım və deportasiyalara məruz qalmış tarixi Azərbaycan ərazilərindən biri də qədim Zəngəzur torpağıdır. Bu soyqırımları sübut edən qiymətli sənədlər bu gün Azərbaycan Respublikası Milli Arxiv İdarəsində qorunan Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində, Türkiyə Cumhuriyyətinin “Genelkurmay Askeri Tarih ve Stratejik Etüt Başkanlığı Arşivi”,Başbakanlık Osmanlı Arşivi” və Almaniya Federativ Respublikasının Berlin şəhərindəki “Almaniya Xarici İşlər Nazirliyinin Siyasi arxivi”nin (Politischen Archiv den Auswätrigen) müxtəlif fondlarında qorunub saxlanılır. Həmin arxiv sənədlərindəki faktiki materiallar sübut edir ki, 1918-ci ilin mayından 1920-ci ilin aprelinə qədər ermənilər Azərbaycanın Zəngəzur qəzasında on minlərlə dinc, silahsız türk-müsəlman əhalini etnik mənsubiyyətinə görə amansızcasına qətlə yetirmişdir.

1917-ci ilə aid statistik məlumatlara görə, Zəngəzur qəzasında türk-müsəlman əhali 123.085 (və ya 990 73), yəni 55,0%, ermənilər isə 99.257 (və ya 82976), yəni 44,3% təşkil edirdi. Kütləvi terror və zorakılıqlardan istifadə edən erməni şovinistləri təkcə 1917-ci ildə Zəngəzur qəzasında 109 kəndi dağıtmışdılar. Əgər 1918-ci ilin mayına qədər türk-müsəlman əhaliyə qarşı kütləvi talanlar və vəhşiliklər I Dünya müharibəsində iştirak etmiş erməni hərbi hissələri və yerli ermənilərin quldur dəstələri tərəfindən həyata keçirilirdisə, Ararat Respublikasının yaranmasından sonra türk-müsəlman əhalisinin soyqırımı rəsmi İrəvanın dövlət siyasətinə çevrildi və bu işdə dövlətin nizami silahlı qüvvələrdən fəal istifadə olunmağa başlandı. Dağlıq bölgədə yerləşən Zəngəzur qəzasının əlaqələri Şuşa qəzası ilə tamamilə, Cəbrayıl qəzası ilə isə qismən kəsildi. Azərbaycan kəndləri erməni kəndlərinin arasında qaldığından, bir-birləri ilə yalnız həmin kəndlər vasitəsilə əlaqə saxlaya bilirdilər. Qəzanın müsəlman əhalisinin vəziyyəti Azərbaycanın başqa əyalətlərinə nisbətən bir də ona görə ağır idi ki, erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı, bu qəzada Andronikin mütəşəkkil erməni əsgər və zabitlərindən ibarət nizami qoşunları da var idi. 1918-ci ilin may-avqust aylarında Zəngəzurda Ermənistan Respublikasının türk-müsəlman əhaliyə qarşı etnik təmizləmə siyasəti daha da genişləndi. ATASE arxiv sənədlərinin məlumatına görə, İrəvan, Gəncə, Tiflis və Qarsa gedən stratejik yolların qovuşuğunda yerləşən Qarakilsədən qaçan, Azərbaycanın Guneyində, Naxçıvan və Ordubadda kütləvi qırğınların bilavasitə təşkilatçısı olan Andronik və onun dəstəsi Sərdarabad və Zəngəzur bölgəsində müsəlman əhalini qətl etməyə başladı. Andronik və onun quldur dəstəsinin buradakı vəhşilikləri haqqında  ATASE arxivinin Birinci Dünya Harbi (BDH) və  İstiklal Savaş Harbi (İSH) fondlarına məxsus sənədlərdə çoxsayda materiallar mövcuddur. Həmin materiallarda Zəngəzurun şimal-qərbində sərhəddində yerləşən 12 kəndin ermənilər tərəfindən xarabaya çevrildiyi və əhalisinin məhv edildiyi haqqında məlumat verilmişdir. O cümlədən, Qubadlının 9 km.-də yerləşən Qurban kəndinində erməni əsgərləri tərəfindən 200-dən çox müsəlman əhalinin məhv edilmişdir. Canını qurtara bilənlər isə Dərələyəz tərəflərə üz tutmuşdur. Mədət və Sisyan bölgələrinə də hücum edən ermənilər 5 kəndi viran etmişdilər. Əhalinin çoxunu faciəli şəkildə, görünməmiş işgəncələrlə qətl etmişlər. Ermənilərin bu bölgədə həyata keçirdiyi hücumları nəticəsində Sisyan və Yaylaq bölgəsində yaşayan türklər dəhşət və qorxu içərisində Cəbrayıl və Ağdam istiqamətinə doğru köçməyə başlamışlar.

Zəngəzur qəza rəisi M.Namazəliyevin məlumatına görə Andronikin başçılığı ilə erməni quldurları Urud, Darabas, Ağadu, Vağudi, Arıqlı, Şukər, Məlikli, Pulkənd, Şəki, Qızılcıq, Qarakilsənin müsəlman hissəsini, İrmis, Pəhlili, Kürdlər, Xotanan, Sisyan, Zabazadur müsəlman kəndlərini dağıdaraq 500 nəfər insanı qətl etmişdi. M.Namazəliyevin 30 oktyabr 1918-ci il tarixli raportundan isə bəlli olur ki, 1917-ci ilin dekabrı – 1918-ci ili avqustu arasındakı müddətdə təkcə Zəngəzur qəzasının I sahəsində 16 kənd dağıdılmış, 708 nəfər məhv edilmiş, 47 mln 390 min rubl məbləğində maddi ziyan vurulmuşdu. Sisyan mahalının I polis sahəsinin bütün müsəlman kəndləri, II sahənin kəndlərinin əksər hissəsi, III, IV, V sahələrin mühüm hissələri tamamilə məhv edilmişdi. Bəzi kəndlər tamamilə yerlə-yeksan edilmiş, ermənilər tərəfindən əkin sahələrinə çevrilmişdi. 50.000 nəfərdən müsəlman öz yurd-yuvalarından qaçqın düşərək 4-cü sahədə və qonşu Cəbrayıl qəzasında yerləşmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti ermənilər tərəfindən törədilən soyqırımların qarşısını almaq məqsədi ilə 1919-cu il yanvarın 13-də Cavanşir, Şuşa və Cəbrayıl qəzaları ilə birgə Zəngəzur qəzasının da daxil olduğu Qarabağ general-qubernatorluğu yaradılmışdı. Lakin ermənilərin Zəngəzur qəzasının türk-müsəlman əhalisinə qarşı soyqırımları 1919-1920-ci illərdə də davam etdirilmişdir. Məlum hadisələrin təsiri altında Zəngəzurdan qaçqın düşmüş 50.000 nəfər türk-müsəlman əhali Azərbaycanın Cəbrayıl, Şuşa, Cavanşir qəzalarında sığınacaq tapmışdı. Azərbaycan Himayəçilik Nazirliyi tərəfindən Klenevskinin rəhbərliyi altında yaradılmış komissiya yerlərdə qaçqınların vəziyyətini ararşdıraraq geniş məruzə hazırlamışdı. Qeyd etmək lazımdır ki, komissiya üzvləri buna qədər qaçqınların məskunlaşdığı digər bölgələrdə də olmuşdular. Lakin onları Zəngəzura qaçqınlarının vəziyyəti dəhşətə gətirmişdi.

Andronik və digər erməni-daşnak quldur başçılarının vəhşiliyi nəticəsində Zəngəzur qəzasının türk-müsəlman kəndlərində 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı. Beləliklə, Zəngəzur qəzasında hər iki cinsdən olan 10.068 nəfər öldürülmüş və ya şikəst edilmişdi. Lakin bu rəqəmlər də faciəvi vəziyyəti tam əks etdirmirdi, reallıqda erməni vəhşiliklərinin sayı daha çox idi, çünki müsəlmanlar qəzadan qaçqın düşdüklərindən qurbanların sayını dəqiq müəyyənləşdirmək mümkün olmamışdı. 1917-ci ildə Zəngəzur qəzasında 123.085 nəfər təşkil edən türk-müsəlman əhali 1926-cı il siyahıyaalınma göstəricilərinə görə say baxımdan heç 5000 nəfər deyildi. FTK üzvü N.Mixaylov 1918-ci il ərzində Zəngəzur qəzasında törədilmiş vəhşiliklərin təhqiqatı əsasında hazırladığı məruzədə dağıdılmış və məhv edilmiş 115 kəndin adı göstərilmişdi.

Bu sənədlər və faktlar göstərir ki, Zəngəzur bölgəsinin türk-müsəlman əhalisinə qarşı törədilmiş soyqırımlar əsasən, erməni-daşnak qulduru Andronikin və Ermənistan rəhbərliyinin bilavasitə göstərişi ilə, bu dövlətin nizami ordu hissələrinin iştirakı ilə həyata keçirilmişdir. Zəngəzur bölgəsində türk-müsəlman əhaliyə qarşı ermənilərin həyata keçirdiyi soyqırımı öz miqyasına, forma və metodlarına görə tarix boyu insanlığa qarşı törədilmiş, yaddan çıxarılması və bağışlanması mümkün olmayan ən qəddar cinayətlərdən biridir.

Ədəbiyyat:

  • İsmayılov K. Zəngəzur bölgəsində azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)//Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları. Elmi redaktor və  Ön sözün müəllifi: Yaqub Mahmudov. Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016, s.115-124.
  • İsmaylov K. Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırım (1918-1920). Bakı: Turxan, NPB, 2014, 248 s.
  • Nəcəfli G. Zəngəzur qəzasında türk-müsəlman əhaliyə qarşı erməni soyqırımları yeni arxiv sənədlərində (1918-1920)// AMEA Tarix İnstitutu “Elmi Əsərlər” “XX əsrdə türk-müsəlman əhaliyə qarşi soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfransın materialları. Xüsusi Buraxılış. №,64, 65, 66. Bakı, 2017, s. 77-83.

Paylaş: