1917-ci ilin əvvəllərindən 1918-ci ilin martınadək təkcə İrəvan quberniyasında 197 Azərbaycan kəndi erməni silahlı qüvvələri tərəfindən dağıdıldı və boşaldıldı. Onların da müəyyən hissəsi həmin quberniyaya daxil olan Naxçıvan qəzasına və digər qonşu qəzalara aid idi. Zaqafqaziya seyminin Azərbaycandan olan təmsilçiləri bütün bu vəhşilik və zorakılıq hərəkətlərinə ciddi etiraz etmişdilər. S.Şaumyan vasitəçiliyi ilə sovet Rusiyasımn himayə və yardımına nail olan ermənilər, xüsusilə də Andronikin silahlı quldur dəstəsi 1918-ci ilin iyun-avqust aylarında Naxçıvan mahalının dinc türk-müsəlman əhalisinə heç bir çərçivəyə sığmayan vəhşiliklə divan tutdular. Andronikin yürüşü zamanı ermənilər Yaycı kəndinin əhalisinin ciddi müqavimətilə üzləşsələr də, oranı viran qoymuşdular. Onlar Culfada Araz çayı üzərindəki körpünü yandırmış və Ordubadda 2000 türk-müsəlmanı qətlə yetirmişdilər. 300-ə qədər adam Arazı keçərkən boğulmuşdu. Yaycı kəndində ermənilər tarixdə bənzəri olmayan vəhşiliklər törətmişdilər (insanların kürəyinə qaynar samovar bağlanması, hamilə qadınların qarınlarının xəncərlə yırtılması və s.). Digər bir erməni silahlı dəstəsi 1918-ci ildə "Yaqon" ləqəbli quldurun başçılığı ilə Naxçıvan şəhərindən 40 km şimalda yerləşən Almalı yaşayış məntəqəsinin əhalisini qıraraq, öz tarixi yurdlarından didərgin salmışdı. Təxminən 2000 kişi öldürülmüş, xeyli gənc qadın əsir aparılmışdı. Osmanlı ordu hissələrinin Kazım Qarabəkir paşanın komandanlığı ilə Naxçıvan bölgəsinə gəlişi mahalın əhalisini daha irimiqyaslı qırğınlardan xilas etdi. 1919-cu ilin əvvəlində erməni polkovniki Doluxanovun başçılıq etdiyi silahlı qüvvələr Şəmr-Sədərək ərazilərində onları duz-çörəklə qarşılayan dinc əhaliyə qarşı zorakılıqlar törətdilər. Müsəlmanlar yaşayan 8 kənd mühasirəyə alındı, Dəmirçi kəndi dağıdıldı və qarət olundu, 60 nəfər həbs edilərək İrəvana göndərildi, 200 nəfər Arazı keçmək istərkən çayda boğuldu. Yerli əhali ilə toqquşmada ağır itkilər verən erməni hərbi hissəsi geri çəkilməyə məcbur oldu. 1919-cu ilin 1-ci yarısında Naxçıvan mahalında həyata keçirilən ingilis və erməni idarəçiliyi zamanı da mahalın türk-müsəlman əhalisinə qarşı ağlasığmaz zorakılıqlar edildi. Təxminən iki aylıq "erməni idarəçiliyi" (1919-cu il, may-iyul) müddətində yalnız Naxçıvan şəhərində 330-a dək axtarış aparılmış, 500-600 nəfər həbs olunmuş, 100-150 nəfərə isə dəhşətli işgəncələr verilmişdi. Bölgənin yerli əhalisinin "erməni idarəçiliyi"nə qarşı bir həftəlik üsyanının (19-25 iyul) uğurla nəticələnməsi, yəni daşnak silahlı dəstələrinin mahaldan çıxarılması yeni soyqırımların qarşısını aldı. Ermənilərin yürütdükləri "yandırılmış torpaq" - etnik təmizləmə siyasəti nəticəsində Naxçıvan mahalı 1918-20-ci illərdə böyük qaçqınlar ordusu problemi ilə də üz-üzə qaldı. Bir tərəfdən, ermənilərin İrəvan ətrafından və Zəngəzurdan qovduqları türk-müsəlman əhali Naxçıvana pənah gətirmiş, digər tərəfdən isə Andronikin yürüşü və "erməni idarəçiliyi" zamanı bölgənin xeyli yerli sakini Cənubi Azərbaycana üz tutmuşdu. Erməni hərbi hissələrinin Ordubad mahalına 1920-ci ilin martındakı hücumları da çoxsaylı dinc əhalinin qırılması ilə nəticələnmişdi. Naxçıvan mahalının türk-müsəlman əhalisi Şimali Azərbaycan Rusiya tərəfındən yenidən işğal olunduqdan sonra, sovet hakimiyyətinin ilk çağlarında da ermənilərin törətdikləri soyqırımlarına məruz qalmışdır. Belə dəhşətli qırğınlardan biri 1920-ci ilin yay aylarında həyata keçirilmişdi. Erməni silahlı qüvvələrinin Zəngibasar-Vedibasar-Şahtaxtı-Şərur istiqamətindəki qanlı yürüşü zamanı həmin ərazilərin dinc əhalisinə qarşı törədilən vəhşilik və zorakılıqlara dair rəsmi araşdırma-təhqiqatlar aşağıdakı dəhşətli faciələri üzə çıxarmışdı: Zəngibasarda 48 kənd tamamilə yandırılmış, 18 qız və gənc qadın əsir aparılmış, 400-dən çox uşaq, 150 qoca kişi və qadın öldürülmüş, 100 xəstə yandırılmış, 816 qaçqın Arazda boğulmuş, 160 min nəfər isə Cənubi Azərbaycana keçərək, orada evsiz-eşiksiz qalmışdı; Vedibasarda 118 kənd yandırılmış, 900 nəfər artilleriya atəşlərilə öldürülmüş, 6 qadın əsir aparılmiş, 300-dən artıq uşaq və qoca qətlə yetirilmişdi; Dərələyəzdə 74, Şərur və Şahtaxtıda isə 76 kənd yandırılmışdı. Şərurda 810 xəstə yatağındaca qətlə yetirilmiş, 144 qadm əsir götürülmüş, 72 nəfər top atəşilə məhv edilmiş, 150 qoca və qadın öldürülmüşdü. Şahtaxtıda is ə 3 qadın əsir aparılmış, 35 uşaq, 14 qoca kişi, 8 qadın və 9 xəstə qətlə yetirilmişdi.
Bütövlükdə, 1918-21-ci illərdə erməni quldur dəstələri Naxçıvan bölgəsində 73.727 nəfər türk-müsəlman əhalisini vəhşicəsinə qətlə yetirmişdilər. Bütün bu mahallardan 50.000 iri və xırda buynuzlu mal-qara aparılmişdı. Onların 500.000 nəfərlik əhalisi tamamilə yoxsul vəziyyətə düşmüşdü. Kütləvi qırğın və talanlardan Cənubi Azərbaycana qaçanların 45 mindən çoxu aclıqdan və xəstəliklərdən tələf olmuşdu. Qaçqınların 70.000 nəfəri Cənubi Azərbaycanda, 400.000 nəfəri isə Naxçıvanda, onun ətrafındakı ərazilərdə yurdsuz-yuvasız qalmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cilddə. 2-ci cild. Baş redaktor Yaqub Mahmudov. Bakı: Lider nəşriyyatı, 2005, s. 251-253.