AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

HƏMƏDAN

Azərbaycan türklərinin qədim yurd yerlərindən biri olan Həmədan əyaləti indiki İran İslam Respublikasının qərb hissəsində yerləşir. Həmədan şimaldan Zəncan, cənubdan Loristan, şərqdən Mərkəz (Ərak), qərbdən isə Kirmanşah və Kürdüstan əyalətləri ilə həmsərhəddir. Həmədan şəhərində ölkənin böyük əyalətləri və şəhərlərinə - Qəzvinə, Tehrana, Kirmanşaha, Məlayerə, Bürucerdə, Savəyə gedən yollar kəsişir.

Həmədan yazılı abidələrdə qeydə alınmış qədim şəhərlərimizdəndir. Toponim ilk dəfə «Aqamtanu» formasında Babilistan hökmdarı Nabonidin «Sippar silindri»ndə qeydə alınıb (e.ə. 544-cü il). I Daranın zamanında (e.ə. 521-486) elamlılar bu şəhərin adını «Akmadana», yəhudilər «Akmetha», aramilər «hmtn» formalarında yazırdılar. Alimlərin yekdil fikri belədir ki, bütün bu formaların kö­kündə ham+gmata-na («hamının toplandığı məkan») söz birləşməsi durur. Hero­dotdan başlayan yunan ənənəsi şəhəri «Ekbatana» adlandırır və Midiya (Mada) dövlətinin banisi Deyokun əmri ilə inşa edildiyini bildirir. Lakin Mada torpaqlarına dəfələrlə yürüşlər edən Aşşur şahlarının mətnlərində bu adda şəhər xatırlanmır. İ.N.Medvedskaya ehtimal edir ki, şəhər Aşşur kitabələrində «Saqbat» formasında xatırlanır. O, fikrini onunla əsaslandırır ki, e.ə. I minilliyin ortalarında qədim İran dillərində – S-səsindən – H-səsinə keçid baş verdiyindən Saqbat şəhərinin adı «Hanqmatana» kimi səslənirdi. Lakin Saqbat şəhərinin tarixi bu qanunauyğun fonetik keçidin baş vermə ehtimalını təsdiq etmir. Belə ki, Mada çarı Hanaziru­kanın iqamətgahının yerləşdiyi Saqbat şəhəri e.ə. 820-ci ildə V Şamşi-Adadın qoşunları tərəfindən dağıdılmışdır. Digər tərəfdən, Saqbat təxminən Qızılüzən çayının orta axarında, Həmdandan xeyli şimalda yerləşdiyindən onları eyniləşdir­mək olmaz.

Herodot Madanın tarixini bu dövlətin süqutundan bir əsr sonra, təbəəsi olduğu Əhəməni imperiyasının ənənələrinə əsaslanaraq qələmə alıb. Tarixin atası yazır: «Deyok indi Ekbatana adlanan (şəhərin) böyük və möhkəm divarlarının inşasını əmr etdi».

Bəs şəhər əvvəllər necə adlanırdı?

Əhəmənilər zamanında (e.ə. 550-330) vilayət və şəhərlərin qədim adlarının rəsmi for­mada fars adları ilə əvəzlənməsi geniş hal almışdı. Məsələn, təkcə I Dara­nın zamanında ela­mlılara məxsus qədim toponimlər – Haltamti, Anşan, Naşir və Mаtazzis, müvafiq olaraq, Uvja, Yada, Pişiyauvada və Uvadaçaya kimi yeni adlarla əvəz olunmuşdur. Əgər həqiqətən də Həmədan Deyok tərəfindən inşa edilibsə, o halda şəhərin əvvəlki adını təyin etmək olar. Aşşur hökmdarı II Sarqonun salnamələrində «Deyok» adına bənzər iki isim qeydə alınıb. Onlardan biri – Dayaukki, Mannanın Misi (Meista) vilayətinin canişini idi, e.ə. 715-ci ildə mərkəzi hakimiyyətə asi olduğuna görə həbs olunaraq ailəsi ilə birgə Suriyaya sürgün olunmuşdur. İkinci şəxs – Daiku, Saparda şəhərinin başçısı idi. E.ə. 715-ci ildə bu şəhər Aşşur dövlətinin Madanın qərb qonşuluğunda yaratdığı Xarxar əyalətinə qatılmışdı. Bir ildən sonra Saparda şəhərinin canişini Darii II Sarqona xərac ödəsə də, onun yaratdığı əyalətin tərkibindən çıxır. Saparda şəhəri sonuncu dəfə e.ə. 671-ci ildə Aşşur işğalına qarşı Madada baş vermiş üsyan haqqında məlumat verən üç fal sorğusunda qeydə alınıb. Kaştaritunun rəhbərlik etdiyi üsyana Saparda şəhərinin başçısı Dusanni də qoşulmuşdu. Kaştaritunun (Herodot onu Fraort – Deyokun oğlu adlandırır) rəhbərlik etdiyi üsyan müstəqil Mada dövlətinin yaranması ilə nəticələnir. Kaştaritu Kar-kaşşu şəhərinin başçısı idi. Bunu nəzərə alaraq İ.M.Dyakonov hesab edirdi ki, azadlıq hərəkatına rəhbərlik ideyası mada­lıların paytaxt şəhərinə məxsus ola bilərdi. Lakin Kar-kaşşinun nə üçün sonralar Hanqmatana (Həmədan) adlandırıldığını izah etmir. Mada dövlətinin  paytaxtı azadlıq hərəkatında rolu olan Sapardanın olma ehtimalı daha yüksək dəyər­ləndirilir. «Saparda» toponiminin kökündə spaada («qoşun») termini durur; termin Avesta leksikonunda da işlənirdi. Terminin məhz madalılara məxsus olması (qədim fars dilində «qoşun» sözü haina kimi səslənir) onomastik materialla təsdiq­lənir; termin komponent qismində I Daranın silahdaşı madalı Taxmaspadanın ismində nəzərə çarpır (hərfən: «Döyüşçü mənşəli»). Aşşur-Babil mixi yazı siste­mində iki samit səslə  başlayan sözlərin yazılışı mümkün olmadığından mirzələr bu termini və ondan yaranan toponimi hecalı şəkildə  Sa-par-da formasında ifadə etməli olurdular. Şəhərin adının dəyişməsini zəruri edən tarixi şəraiti bu şəkildə bərpa etmək olar. Üç illik müharibədən sonra Əhəməni şahı II Kuruş Madanın paytaxtı Sapardanı dövlətinin ikinci siyasi mərkəzinə çevirir. E.ə. 547-ci ildə Lidiyanı işğal etməklə II Kuruş eyni adlı başqa bir şəhərə də sahiblənir. Kiçik Asiyadakı bu şəhəri lidiyalılar «Sfard», yunanlar «Sard», farslar «Sparda», babil­lilər «Saparda» adlandırırdılar. Bu adlar Anadoludakı Lidiya satraplığının rəsmi adına çevrildiyindən və iki iri siyasi mərkəzin eyni ad daşıması qarışıqlıq yarat­dığından II Kuruş onlardan birinin adını dəyişmək qərarına gəlir. Seçim Mada satraplığının mərkəzi şəhərinə düşür. Şəhərin hərbi kontingentin səfərbər olduğu yerlə bağlalağını nəzərə alaraq ona e.ə. 545-ci ildə eyni mənanı ifadə edən fars adı Hanqmatana verilir.

Həmədan şəhəri haqqında M.T.Zəhtabi “İran türklərinin əski tarixi” əsərində yazır: “Bugünkü Həmədan və ya qədim Ekbatan Mada dövlətinin paytaxtı idi. Mada dövlə­tinin paytaxtı olduğu dövrdə Həmədan olduqca böyük, abad və gözəl olub. Şübhəsiz, məhv olmuş və bu gün yer altında qalan Mada və Həmədanın bu zəngin mədəniyyəti çox yəqin ki, miladdan qabaq 6-7-ci yüzilliklərə aid deyil. Ondan əvvəlki dövrlərin – Madaların babaları olmuş Qutti və Lullubilərin miladdan qabaq II və III minilliklərinə mənsub mədəniyyətidir. Madalar bu mədəniyyətin varisi olmuşlar...”

İ.M.Dyakonovun fikrincə, “ən mühüm karvan yollarının kəsişdiyi Ekbatan qədim Midiyanın ürəyi idi. Təbii ki ölkənin siyasi mərkəzi kimi də bu yer seçilə bilərdi”. Şəhər mənbələrdə daha çox Astiaqın paytaxtı kimi xatırlansa da, digər Mada hökmdarlarının hakimiyyəti dövründə də siyasi və mədəni mərkəz Ekbatan olub. Sonuncu Midiya hökmdarı Astiaqın fars qiyamını yatıra bilməməsi nəticə­sində şəhər onlar tərəfindən işğal olunub. Farsların əlinə keçdikdən sonra Əlvənd dağının ətəyində yerləşən gözəl şəhər Əhəməni hökmdarlarının yay iqamətgahı olub. Daha sonra şəhər Parfiya hökmdarlarının baş şəhərinə çevrilib. Həmin dövrdə Parfiya dövlətinin mühüm zərbxanalarının yerləşdiyi şəhərdə çoxlu draxma və tetradraxma kəsilib.

Sasanilər dövründə şəhərdə sasanilərin yay iqamətgahı yerləşirdi. 642-ci ildə Nəhavənd döyüşündən sonra şəhər imzalanan sülh müqaviləsi ilə ərəblərə təslim edildi. Lakin xalq üsyan edib müsəlmanları şəhərdən qovdu. Hz. Ömərin vəfa­tından 6 ay sonra, yəni 645-ci ildə Cərir ibn Abdullah əl-Bəcəli tərəfindən hərb yolu ilə şəhər yenidən ərəblər tərəfindən işğal edildi. Ərəb tarixçiləri Əmin ilə Məmunun xilafət uğrunda mübarizə apardığı bir dövrdə uzun müddət mühasirədə qalan (810-cu ildə) Həmədanda Əhəmənilər dövründən qorunub saxlanılmış bir neçə sütunla Əlvənd dağına tərəf yerləşən, üstündə xalqı soyuqdan və fəlakətlərdən qoruduğuna inanılan daşdan şir heykəlinin olduğu əzəmətli qapı barədə məlumat verirlər. X əsr müsəlman coğrafiyaşünasları Həmədanı qədim Midiya (Cibal) əra­zisində olan mərkəzlərdən ən möhkəmləndirilmiş məntəqə kimi təqdim edirlər. Məhz ərəb səyyahlarının məlumatlarına görə, kənarları 1 fərsəx uzunluğunda, kvadrat formasında olan bu böyük və gözəl şəhərin böyük hissəsi ərəb ağalığı dövründə tikilmişdir. Şəhər həmin dövrdə 4 qapı və 4 bazarı olan sıx varoşlara malik idi. Şəhərin ətrafında zəngin su mənbələri və bərəkətli torpaqlar, gözəl bağ­çalar var idi. Həmədanlıların 931-ci ildə Ziyari Əmiri Mərdavic ibn Ziyara qarşı qaldırdıqları üsyan uğursuz oldu. Üsyançılar ərəblər tərəfindən qılıncdan keçirildi. 955-ci ildə şəhərdə zəlzələ baş verdi. 962-ci ildə şəhərdə məzhəblər arası müna­qişələrin baş verməsi nəticəsində xeyli insan həlak oldu. Ziyarilərdən sonra Bü­veyhi və Beni Kakuyə sülalələrinin nəzarəti altına düşən Həmədan mərkəz statu­sunu qoruyub saxladı. Həmədan 1029-cu ildə Səlcuq sərkərdələrinin - Göktaş, Buğa, Qızılın rəhbərliyi altında oğuzlar tərəfindən, 1101-ci ildə Səlcuq sultanı tərəfindən qismən tabe edildi. XII əsrin birinci yarısında Həmədan İraq Səlcuq Sultanlığının mərkəzi şəhəri oldu. Şəhərdə saray, mədrəsə və məsçidlər tikdirildi. 1136-cı ildə şəhərdə baş verən vəba xəstəliyi nəticəsində əhalinin sayı xeyli azaldı. Şəhər 1194-cü ildə İraq Səlcuq sultanı II Toğrulun Xarəzmşah Əlaəddin Təkəşə məğlub olmasından sonra Xarəzmşahlar dövlətinin hakimiyyəti altına düşdü və idarəçiliyi Eldənizlər dövlətindən olan Qutluq İnanca tapşırıldı. 1221-ci ildə Cəbə Noyonun komandanlığı altında monqol ordusu uzunmüddətli mühasirədən sonra şəhəri işğal edib qarət etdi və əhalisinin çoxunu qətlə yetirdi. Hülakü xan Ələmut qalasının və Bağdadın işğalı üçün apardığı hərbi əməliyyatlarda mərkəz kimi Həmədandan istifadə etdi. Şəhər Elxanilər dövründə təmir edilərək yenidən əvvəlki əzəmətinə qovuşdu. Hülaku dövlətinin xanı Abaqa xan da məhz Həmədan şəhərində vəfat edib. Anadolu Səlcuq sultanlarından Qiyasəddin II Məsud da ikinci dəfə taxta çıxana qədər – 1303-cü ilə qədər burada həbsdə qalıb. XIII əsr müəllif­lərindən Zəkəriyyə əl-Qəzvini, Cibalın ən böyük şəhəri olan Həmədanı havası gözəl, şirin su qaynaqları, bərəkətli torpaqlara malik olan şəhər kimi təqdim edir və əhalisinin gülərüz və gözəl əxlaqlı, əyləncəyə meylli insanlar olduğunu yazır. Oxşar məlumatları XIV əsr tarixçilərindən Həmdullah Mustovfi Qəzvini də “Nüzhətül-Qülub” əsərində yazır: “Həmədan elm və mədəniyyət şəhəri, həm də çox mühüm ticarət mərkəzidir. Hulaku imperiyasının müxtəlif məntəqələrindən gələn və Sultaniyyə şəhərində birləşən 5 böyük əsas ticarət yolunun “şəhrab-i cənubi” adını daşıyan birincisi Həmədandan keçməklə Bağdada çatır və buna Məkkə yolu da deyilir”.

Həmədan Elxanilərdən sonra Cəlairilər və Teymurilərin hakimiyyəti altına düşdü. Xüsusilə Əmir Teymurun yürüşləri vaxtı şəhər daha çox ziyana məruz qaldı. Daha sonra ardıcıl olaraq Azərbaycan Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin nəzarəti altına keçdi. 1469-cu ildə Həmədanı Həsən padşah Bayan­durun oğlu və Fateh Sultan Mehmedin kürəkəni Uğurlu Məhəmməd Mirzə idarə edirdi. 1503-cü il iyunun 21-i Almabulağı döyüşündə Şah İsmaayıl Ağqoyunlu Sultan Muradı məğlub etdi. Sultan Murad Şiraza qaçdı. I Şah İsmayıl onu təqib edərək İranın içərilərinə doğru irəlilədi, Şirazı müqavimətsiz ələ keçirdi. Beləliklə, Ağqoyunlu dövlətinin ikinci qoluna son qoyuldu. Həmədan Səfəvilərə tebe oldu. Qələmrov-i Əli Şəkər adı ilə tanınan Həmədan bəylərbəyiliyinin mərkəzi oldu. Səfəvilər dövründə quruculuq işləri aparılan Həmədan Osmanlılarla müharibələrin gedişində bir neçə dəfə Osmanlıların nəzarəti altına düşdü. 1548-ci ildə Sultan Süleyman Qanuninin icazəsi ilə yerli qüvvələrlə İraq-i Əcəmə yürüş edən Səfəvi şahzadəsi Əlqas Mirzənin ilk tabe etdiyi ərazi Həmədan oldu. 1588-ci ildə Cığalzadə Sinan paşa tərəfindən ikinci dəfə şəhər Osmanlılara tabe edildi. 1629-cu ildə Bağdad üzərinə göndərilən Xosrov paşa 1630-cu il iyun ayının 9-da Həmədana daxil oldu. Əhalinin şəhəri tərk edib qaçan vaxt gizlətdiyi əşyaları aşkara çıxardı, tikililəri yandıtdırıb dağıtdırdı və altı gün sonra şəhərdən ayrıldı.

XVII əsr Osmanlı səyyahı Evliya Çələbi Həmədanla bağlı yazırdı: “İraq torpağında bir böyük çöldə yerləşmiş əzəmətli şəhərdir. Mığdısi Yarməni tarixində bu şəhərə Mərdcüvas deyirlər. Moğol dilində Kalçak şəhəri deyirlər. Yunancada Daranya adlanır...Kürd dilində Həməvdan (Hemodan), yəni “sulu şəhər” adlanır. Parsi dilində Həmədandır...Qalasının uzunluğu dörd min addımdır, altıguşəli şəkildə yetmiş bürcdən ibarətdir...cəmi dörd qapısı vardır...Qalanın içində iki min kiçik hücrələr vardır. Əsla bağçası yoxdur. Came, hamam, karvansaray və dükanları vardır...min nəfər nökəri vardır. Qala bir bəhrəli düzdə salınmışdır. Əyaləti bütünlüklə hər biri bir qəsəbə timsalında beş yüz abadan kənddən ibarətdir ...üç min güzidə silahlı dizçökənə, donluq geyənə, çiyyeyənə, çörəkyeyənə və tü-lünglülərə malikdir...doqquz ədəd elmlərin tədrisi və təhsili mədrəsəsi vardır...Bü-tünlükdə qırx ədəd məktəbi...on bir ədəd sadiq aşiqlər təkkəsi...əyan sarayı məhəl-lələrinin sayı: bütünlüklə səkkiz min ədəd altlı-üstü bəy və gəda evidir..hamısı pak torpaqla örtülüdür...cəmisi üç yerdə gözəl mehmanxanası...cəmi iki min dükkançə (kiçik dükkan) şahibazardır...yeddi ədəd hamamları vardır...cəmi iki yüz ədəd sa-ray hamamları vardır...bağ-bağatlarının sayı cəmi qırx altı min bağdır.”

XVIII əsrin əvvəllərinə qədər Həmədanda mühüm nəsə baş vermədi. Rus çarı I Pyotr Səfəvilər dövlətinin çətin vəziyyətdə olmasından istifadə edərək ərazilərinə hərbi müdaxilə etməyə başlayanda Osmanlılar da Həmədan və Kirmanşahı ələ keçirmək məqsədi ilə Həsən paşa komandanlığında ordu göndərdilər. Həsən paşa Kirmanşahı ələ keçirdikdən bir müddət sonra vəfat etdi və yürüşü Əhməd paşa başa çatdırdı. Əhməd paşa idarəçiliyində Osmanlı qüvvələri 59 günlük mühasi­rədən sonra 1724-cü ilin avqustun 31-də  Həmədanı tabe etsə də, Əşrəf şah 1727-ci ildə İraq cəbhəsinin rəhbəri Əhməd paşanı Həmədandan çıxartmağa müvəffəq oldu. Lakin Əhməd paşanın daha qüvvətli ordu ilə gələcəyindən ehtiyat edərək 1728-ci ilin sentyabrın 22-də imzalanmış Həmədan sülh müqaviləsi ilə Osman­lıların bütün hüquqlarını tanıdı. Əfqanların qovulmasından sonra Səfəvi hökmdarı Şah II Təhmasib İstanbula elçi göndərib Osmanlılardan Səfəvi torpaqlarının geri qaytarılmasını istədi. Cavabın gəlişini gözləmədən Nadir xan Əfşar Nəhavəndi tabe etdi. Bundan xəbər tutan Əbdürrəhman paşa 60.000 nəfərlik ordusunu buraxıb Həmədandan qaçdı və beləliklə, 1730-cu ilin iyul ayının 2-də Həmədan yenidən azad edildi. 1731-ci il sentyabr ayının 16-da İraq sərəskəri Əhməd paşa Koricanda Şah II Təhmasibin ordusunu məğlub etdi. Lakin 1732-ci il 8 yanvar tarixində bağlanan sülh müqaviləsi ilə Həmədan yenidən Səfəvilər dövlətinin nəzarətində qaldı. Daha sonra Əfşarların, Qacarların hakimiyyəti altına düşən şəhər sonra, yanlız I Dünya müharibəsi illərində xarici qüvvələr – Rus və ingilislər tərəfindən növbəti dəfə işğal edilmiş və müharibə başa çatdıqdan sonra şəhərin idarəçiliyi yenidən Qacarlar İranına keçmişdir. 1925-ci ildə pəhləvilərin hakimiyyəti altına düşən şəhər, 1979-cu ildən İran İslam Respublikasının Həmədan əyalətinin mər­kəzi şəhəridir.

Hazırda 19.547 kvadrat kilometr ərazisi olan Həmədan əyaləti dəniz səviy­yəsindən təxminən 1850 metrə yüksəklikdə yerləşir. Əyalətdə müxtəlif, özünə­məxsus mədəniyyəti və adət-ənənələri olan əhali yaşayır. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, Həmədanın əhalisi 1 milyon 703 min 267 nəfərdir. Əyalətdə ümumilikdə 2302 yaşayış məntəqəsi mövcuddur. Mövcud 980 kənddən 562-si türk kəndidir. 2010-cu ildə İran Dövlət Mədəniyyət Şurasının sorğusu göstərdi ki, Həmədan ostanının əhalisinin 58,9%-i Azərbaycan türkcəsində, 24,3%-i fars, 10,3%-i kürd, 5,4%-i lur dillərində danışır və Azərbaycan türkcəsi Həmədanda əsas danışıq dilidir.

Əhalinin əsas hissəsi əyalətin 6 şəhərində yaşayır - Həmədan (əyalətin mərkəzi), Malayer, Nəhavənd, Toyserkanda, Kəbudərahəng və Əsədabad. Əhalinin əksəriyyəti müsəlmandır. Burada az sayda xristian və yəhudi də yaşayır. Güney Azərbaycanın bir çox tarixi torpaqları kimi Həmədan da bölüşdürmə və farslaşdırma siyasətinə məruz qalıb. Ancaq bütün bunlara baxmayaraq, milli tərkibinə görə əyalət əhalisinin çoxu Azərbaycan türklərindən ibarətdir. Burada bir sıra yerlərdə, xüsusilə Həmədan şəhərində türklər əhalinin 60 faizini, əyalətin başqa mahallarında əhalinin 65-70 faizini və kənd yerlərində əhalinin 75 faizdən çoxunu təşkil edir. 

Güney Azərbaycanın bu bölgəsi tarixi abidələri ilə çox zəngindir. Burada türk tarixinin sirlərini özündə saxlayan təpələr, kitabələr, bazar yerləri, saray, qala, körpülər, karvansara və hamamlar vardır. Madalar dövründə tikilmiş Hökmtəpə sarayının qalıqları, Nuşucan qalası, Çubin qalası, Həmədan şəhəri yaxınlığındakı Qız qalası, Fərsəfc körpüsü, Sınıq körpü, İbn Sinanın məqbərəsi, Baba Tahir məqbərəsi, Şer daşı, bizim eradan əvvəlki dövrə aid daş kitabələr, Qəzvinli Arif məqbərəsi, İmamzada Abdulla, Ester və Mordexay məqbərəsi, Qurban qülləsi, Alısods (Əlisədr) mağarası, İmamzada İsmayıl, Abbasabad təpəsi, Nuşucan qalası, Günsapan təpəsi, Başqurtaran qalası, Subaşı mağarası, Ələvilər məscidi, müxtəlif tarixi məscidlər, saraylar, muzeylər və başqa abidələri var.

Mənbələr və ədəbiyyat.

  • Алиев И. История Мидии. Б., 1960.
  • Azərbaycan tarixi. Yeddi cilddə, birinci cild. Bakı, 1998.
  • Дьяконов И.М. История  Мидии. М. – Л., 1956.
  • Herodot. Tarix. (Doqquz kitabda). Birinci hissə. Tərcümə edəni, filologiya elmlər doktoru, prof. Pənah Xəlilov. Bakı, 1998.
  • Медведская И.Н. Бывали ли ассирийцы в Экбатане // Вестник древней Истории, 1995, № 2.
  • Медведская И.Н. Древний Иран накануне империй (IX-VII вв. до н.э.).  История Мидийского царства. С-П., 2010.
  • Zehtabi M.T. İran türklerinin eski tarihi. IQ Kültür Sanat Yayıncılık, İstanbul, 2010.
  • TDV İslâm Ansiklopedisi (DİA). 1998, cilt: 17

Paylaş: