AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

BAKI

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri Abşeron yarımadasının cənubunda Xəzər dənizinin qərb sahilinin mərkəzində yerləşir. Bakı və onun yerləşdiyi Abşeron yarımadası bu ərazi üçün xarakterik olan quru və isti iqlimə malikdir.

Bakı şəhəri təkcə Azərbaycan Respublikasının deyil, həm də bütün Cənubi Qafqazın və Ön Asiyanın siyasi, iqtisadi və mədəniyyət mərkəzlərindən olmuş qədim şəhərlərdən biridir. Şəhərin salınması tarixi çoxəsrlik bir dövrü əhatə edir. Bakı şəhəri ətrafında yerləşən ərazilərin neft və duzun varlığı, ticarətlə məşğul olmaq üçün gözəl təbii limanı olan dəniz sahilində yerləşməsi ən qədim zamanlardan insanları buraya cəlb etmişdir. Heç şübhəsiz ki, uzaq keçmişdə Abşeron ərazisində yaşamış əhali Dərbənd keçidi və cənubdan, ola bilsin Qobustandan gələrək burada yaşayan əhali ilə qaynayıb qarışmış, nəticədə Abşeron yarımada­sında məskunlaşmaqla, bir sıra kəndlərin və  o cümlədən Bakı şəhərinin  öz adının da yaranması prosesində izlər buraxmışlar.

Bakı şəhərin salınma tarixi dəqiq məlum deyildir. Lakin bir sıra orta əsr müəllifləri (Övliya Cələbi) Bakının əsasının e.ə. VI əsrdə qoyulduğunu qeyd edir.  Arxeoloji tədqiqatlar təsdiq edir ki, Bakı və onun ətrafında yerləşən ərazilərdə qədim daş dövründən insanlar məskunlaşmışdır.

Qədim və orta əsrlərdə Qərb və Şərq ölkələrinə ixrac edilən neft, duz məhsulları və onun dəniz sahilində yerləşməsi Bakının bir şəhər kimi formalaşmasında əhəmiyyətli rol oynamışdır. Burada neft hasilatı və  ümumiyyətlə neft təsərrüfatı ilə bağlı bir sıra sənətlərin, xüsusilə də neftin başqa ölkələrə daşınması üçün müxtəlif vasitələrin hazırlanması işinin təşkilini tələb edirdi. Digər tərəfdən Bakı şəhərinin adı min ildən artıqdır ki, neft və yanar odla yanaşı çəkilir. şəhərin adına gəldikdə isə, ona ən erkən orta əsrlərdə Bagavan, Atlı (Atşi) Bagavan və Atşi (Atəşi) – Baguan şəklində rast gəlinir. Bagavan sözü bir çox hind Avropa dillərində «allah», «günəş» və «əbədilik» mənasını verən «Baga» söz kökündən ibarətdir.

Şəhərin müasir adına – Bacu və ya Bachu (Baku) – XVII əsrdən başlayaraq Qərbi Avropa səyyahlarının əsərlərində rast gəlinir. Rus mənbələrində Bakı şəhərinin adı «Baka» formasında verilir. Nəhayət, azərbaycanlılar bu müqəddəs şəhəri Bakı adlandırırlar.

IX əsrin II yarısında Azərbaycan Şirvanşahlar dövlətinin yaranmasından sonra onun siyasi, sosial-iqtisadi vəmədəniyyət həyatında bu dövrün ən böyük yaşayış məskənləri – şəhərlər xüsusi rol oynamağa başlayır. Bakı şəhəri X əsrdə Xəzər dənizinin qərb sahilində yerləşən ən böyük liman şəhəri olmaqla bərabər Azərbaycanın şimal-şərq ərazilərindən keçən böyük ipək yolu üzərində olan beynəlxalq ticarətin, sənətkarlığın və mədəniyyətin mərkəzinə çevrilir. 1192-ci ildə Bakı şəhəri Azərbaycan Şirvanşahlar dövlətinin digər paytaxtı kimi qış iqamətgahına çevrilir. Bu dövrdə artıq tarixə «İçərişəhər» adı ilə daxil olan hissəsi qala divarları ilə əhatə olunmuşdu. Bu möhtəşəm qala divarlarının dənizə baxan hissəsində dünya  memarlığında analoqu olmayan tikilmə tarixi XII əsrə aid olan «Qız qalası» abidəsi öz möhtəşəm görkəmi ilə bu gün də Bakı şəhərinə xüsusi görkəm verir. Qeyd  olduğu kimi neft çıxarma işi Bakı şəhəri tarixində xüsusi yer tutur. Bakı şəhərindən 8 km məsafədə yerləşən Binəqədi kəndi ərazisində dünyada ən qədim neft quyusu aşkar edilmişdir. Ərəb coğrafiyaşünası əl-Müqəddəsi Bakı haqqında yazırdı: «Bakı dəniz sahilindədir. O, vilayətin yeganə limanıdır». Şərqin böyük mütəfəkkiri əl-Biruni XI əsrin birinci yarısında Bakının şəhərini ağ neft mədəni adlandırır. Bütün bunlar istər quruda və istərsə də dənizdə neftçıxarma işinin məhz burada – Bakı şəhərdə əsasının qoyulması fikrini bir daha tarixi həqiqət baxımından təsdiq edir.

XIII-XV əsrlərdə Bakı şəhərinin Azərbaycanın siyasi, iqtisadi və mədəniyyət tarixində əhəmiyyəti daha artır. İtalyan səyyahları Marko Polo (XIII əsr) və Josofato Barbaro, rus səyyahı  Afanasi Nikitin (XV əsr) öz əsərlərində Bakı şəhəri haqqında geniş məlumatlar verirlər. Avropalılarla yanaşı, Azərbaycan alimi Əbdürrəşid Bakuvi Bakı şəhərinin çox maraqlı təsviri verir və burada neftçıxarma işinin və ticarətinin geniş miqyas aldığını göstərir.

XV əsrdə Bakı şəhərinin ümumi görünüşündə çox mühm dəyişiklik baş verir. Bu gün UNESCO-nun Dünya Mədəni işi siyahısına salınmış Şirvanşahlar sarayının əsası qoyulur. Hazırda burada üç abidə – Qız qalası, Şirvanşahlar sarayı və Məhəmməd məcidi dünya, 28 tarixi abidə isə ölkə əhəmiyyətlidir.

Bakı şəhəri XVI-XVIII əsrlərdə Azərbaycan Səfəvilər dövlətinin çox mühüm ticarət və mədəniyyət mərkəz olan limana çevrilir. Bu dövrdən etibarən Bakı şəhəri ən başlıca sərvəti olan neft görə böyük dövlətlərin xarici  siyasətində mühüm yer tutmağa başlayır. 1723-cü ildə bu şəhər Rusiya imperiya ordusunun təcavüzünə məruz qalır. XVIII əsrin II yarısı – XIX əsrin əvvəlində Bakı xanlığının siyasi mərkəzinə çevrilir və 1806-cı ildə yenidən işğala məruz qalır.

XIX əsrin II yarısında Bakı şəhəri quberniya mərkəzi elan edilir. 1872-ci ildə neft sənayesində iltizam sisteminin ləğvi Bakı şəhərinin dünya neftçıxarma işinin mərkəzinə çevrilir. Dünyanın ən iri neft şirkətləri olan «Nobel Qardaşları», Rotşildlər ailəsinə məxsus «Mazut», ingilis – holland şirkəti olan «Royal Dutsh/ Shell», ABŞ-ın «Standart Oyl» şirkətləri Bakı neft sənayesində təmsil olunurlar. Bu dövr Bakı şəhərinin tarixinə intibah dövrü kimi daxil olmuşdur. Azərbaycan milli kapitalının nümayəndələri olan H.Z.Tağıyev, A.M.Nağıyev, A.Ş.Əsədullayev, A.M.Muxtarov, J.Hacıinski və başqaları əldə etdikləri neft gəlirlərini şəhərin memarlıq simasının milli və Avropa memarlığının sintezini təşkil edən istiqamətdə inkişafına yönəltdirlər. Avropa memarlarının bilavasitə iştirakı ilə tikilən bu icti­mai və yaşayış binaları bu gün də Azərbaycan Respublikasının paytaxtını bəzəyir. Bu memarlıq nümunələri içərisində Azərbaycan Dövlət Filarmoniyası, Bakı Şəhər İcra hakimiyyətinin binası, H.Z.Tağıyevin tikdirdiyi Qızlar Gimnaziyası və A.M. Nağıyevin tikdirdiyi İsmailiyyənin binası və indi AMEA Azərbaycan Milli Tarix Muzeyinin yerləşdiyi H.Z.Tağıyevin evi və başqaları ölkə paytaxtına xüsusi bəzək verir.

XX əsrin əvvəlində Bakı şəhəri dünya neft istehsalının mərkəzinə çevrilir. Belə bir faktı xüsusi olaraq qeyd etmək lazımdır ki, hazırda dünyanın ən nüfuzlu mükafatı sayılan «Nobel mükafatı»nın təsis edilməsində Bakı neftindən əldə edilən gəlirlərin müstəsna yeri vardır.

I Dünya müharibəsi zamanı Bakı şəhəri bir neft mərkəzi kimi dünya dövlətlərinin diqqət mərkəzində qalır. «neft əgər krallıqdırsa Bakı onun tacıdır» fikrini üsütün tutan düşmən qüvvələr 1918-ci ilin martında bu şəhərdə Azərbaycan xalqına qarşı soyqırımı cinayəti törətdilər. Hazırda Bakının ən hündür hissəsində yerləşən Şəhidlər Xiyabanı 1918 və 1988-1994-cü illərdə Azərbaycan xalqına milli-azadlığı yolunda canlarından keçmiş vətən övladları burada dəfn olunmuşlar. Şəhidlər Xiyabanı Bakı şəhərinin memarlıq kompleksində xüsusi yer tutur.

Bakı şəhəri II Dünya müharibəsi illərində yenidən dünya dövlətlərinin diqqət mərkəzində dayanır. Dünya xalqlarını faşizm əsarətindən xilas etmək işində Bakı nefti həlledici rol oynayır. Sovet imperiyasının süqutu ərəfəsində – 1990-cı ildə Bakı şəhərinə sovet ordusu təcavüz edir və Azərbaycan xalqına qarşı cinayət törədilir. Lakin, azadlığı və müstəqilliyi özünün əbədi yolu  seçən Azərbaycan xalqı 1991-ci ildə  öz dövlət müstəqilliyini bərpa etdi.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikasında gedən sürətli inkişaf Bakının hər addımında görünür. Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi Bakını Qafqazın əsas enerji və nəqliyyat mərkəzinə çevirib.

Şəhərdə 10 ildən çoxdur ki, yeni bir tikinti bumu yaşanır. Paytaxtdakı yeni göydələnlər, otellər, ofislər, ticarət mərkəzləri və parklar özündə müxtəlif memarlıq üslublarını cəmləyir.

Paytaxtın postmodern memarlıq layihələri sırasında dünya şöhrətli Zaha Hadid və Norman Fosterin müəllifi olduğu Heydər Əliyev Mərkəzi və möhtəşəm «Ağ Şəhər» layihəsi, həmçinin Bakı səmasına ucalan Flame Towers, ekstravaqant görünüşü yeni Xalça Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, geniş parklar, bütün sahil boyu uzanan  Bakı bulvarı və dəniz görüntüsünə daha bir yaraşıq verən «Bakı Kristal Zalı» vardır.

Bu müasir tikililərlə yanaşı, paytaxtdakı tarixi binalara yeni nəfəs verilir, müasir tikililər qədim Bakınının memarlıq abidələrinin üslubuna uyğun qumdaşı ilə bəzədilir, eləcə də bəzi köhnə binalar bərpa olunur.

Modernizasiya yalnız memarlıqla bitmir. Bakı şəhərinin həyat tərzini möhtəşəm ticarət mərkəzləri, kinoteatrlar, çoxsaylı teatr və muzeylər, müasir incəsənət qalereyaları və sərgi salonları, restoranlar və barlar, səs-küyly gecə həyatı və dünyanın məhşur brendləri bütünlüklə dəyişdirərkən modernləşdirmüşdür.

Müasir bakının mədəniyyət mənzərəsi genişliyi və rəngarəngliyi ilə diqqət çəkir. Bakı bu gün dünyanın mədəniyyət mərkəzlərindən biri hesab olunur. Burada keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Teatr konfransı, Rastropoviç Musinqi Festivalı, Beynəlxalq Muğam Festivalı və Müsabiqəsi, Bakı Beynəlxalq Caz festivalı, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq kukla Teatrları Festivalı və s. kimi mədəniyyət layihələrinə qatılan müxtəlif ölkələrin sənətsevərləri-nin daimi görüş yerinə çevrilib.

Bakı şəhəri bu gün Azərbaycan xalqının əbədi azadlıq və müstəqillik arzularının simvolu kimi gözəlləşir və inkişaf edir.

İstifadə olunmuş ədəbiyyat

  • Azərbaycan tarixi 7 cilddə, Bakı, 1998-2003.
  • S.B.Aşurbəyli. Bakı şəhərinin tarixi, Bakı, 2006.
  •  Azərbaycan Milli Ensiklopediyası. Bakı, 2007.
  • Azərbaycan Milli Atlası. Bakı, 2015.

Müəllif: AMEA Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.f.d. C.Ə.Bəhramov

Paylaş: