AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ŞƏKİ

Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Şəki bölgəsində Azərbaycan xalqının formalaşmasında mühüm rol oynamış kimmer-iskit-sak türkləri hələ eramızdan əvvəl VIII əsrdən başlayaraq toplu halda məskən salmışlar. Arxeoloji qazıntı materialları ilə yanaşı qədim Aşşur (Asssuriya), Roma-yunan mənbələrində bu barədə zəngin faktik materiallar vardır. «Tarixin atası» Herodotun (e.ə. 484-425) «Tarix» əsərində, Ksenofontun (e.ə. 434-355) «Anabasis»ində, Strabonun (e.ə. 63-b.e. 23) «Coğrafiya»sında, Plininin (27-79) «Təbii tarix»ində, Plutarxın (46-127) «Paralel tərcümeyi hallar» əsərində, Klavdi Ptolemeyin (87-165) «Coğrafiya»sında bu barədə olduqca qiymətli məlumatlar vardır. Müasir Şəki (Saki // Şaki) şəhərinin bölgədəki «Sakan» adlı tarixi vilayətin, Zaqatalanın, tarixi Sakasenanın adları məhz həmin Sak türklərinin yadigarlarıdır. İlk mənbələr sübut edir ki, Şəki ən azı 2700 illik tarixə malikdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1300 illiyi qeyd olunmuş «Kitabi-Dədə Qorqud» dastanlarından dövrümüzədək yadigar qalmış «Daşüz» (Daş Oğuz, Dış Oğuz) yer adı da məhz Şəki bölgəsindədir.

Azərbaycanın ən qədim şəhərlərindən biri olan tarixi Şəki /Şako, Şake, Şakkan və s./ vilayəti özünün eyni adlı mərkəzi ilə Azərbaycan Albaniya dövlətinin şimal-qərbində, Qafqaz sıra dağlarının ətəyində, Qəbələ vilayətindən şimal-qərbdə yerləşirdi; bu vilayət qərbdən və cənub – qərbdən tarixi Kambisena vilayəti ilə, şimal-şərqdən Lpiniya, cənub-şərqdən isə Qəbələ ilə həmsərhəd idi. Belə güman edilir ki, antik dövrdə Ay-Selena ilahəsinin məbədi Şəki vilayətində yerləşirdi. Şəkidə albanlarla, utilərlə yanaşı iskit və sakların nəsilləri də yaşayırdı və bu, «Şəki» toponimində öz əksini tapmışdır.

Bir çox Azərbaycan şəhərləri kimi, Şəki də qala divarları ilə əhatə olunmuşdu. VII əsrin ortalarında Azərbaycan ərəblərin aramsız hücumlarına məruz qalan zaman Salman ibn Rəbiə, ərəb tarixçisi əl-Bəlazurinin yazdığına görə, Beyləqanı, Şəmkiri, Qəbələni ələ keçirən ərəblər “Şəkkanın və əl-Kəmibəranın sahibləri ilə cizyə ödəmək şərti ilə sülh bağladı”. Xəlifə I Validin dövründə (705-715) Albaniyanı bir dövlət kimi ləğv edən, buranı Xilafətin canişinliklərindən birinə çevirən ərəblər bölgəyə ağalığı saxlamaq üçün Şəkini özlərinin strateji bazası etdilər. Məhz bu dövrdə adı tez-tez Tiflisdən Tiflisdən Telaviyə, oradan da Bərdə və Bab əl-Əbvaba aparan ticarət yolunun üstündə yerləşən Şəki şəhəri və eyni adlı vilayət Xilafətin şimal hüdudlarında mühüm rol oynamağa başladı.

Ərəb xilafətinin zəifləməyə başladığı VIII əsrin sonu-IX əsrin əvvəllərini Şəki məlikliyinin siyasi tarixinin başlanğıcı hesab etmək olar. XI əsrin əvvəllərinədək Şəki məlikliyi müstəqil siyasi vahid kimi mövcud olmuşdu. Moisey Kalankatlının məlumatına görə, “887-ci ildə Qriqor Hammam “dağılmış Alban padşahlığını bərpa” edərək, yalnız adı qalmış Arran vilayətinin bir hissəsində - tarixi Albaniyanın vilayətlərindən olan Şəkidə, hakimiyyəti ələ aldı. IX əsrin sonu, X əsrin əvvəlləri Sacilərin Cənubi Qafqazda fəallaşdığı dövrdür. Şəkidə hakimiyyətini saxlaya bilmiş Qriqor Hammam Cənubi Qafqazın əksər hissəsini tabe etmiş Sacilərdən vassal asılılığını qəbul etmişdi”. X əsrin 60-cı illərində Sənəkərim Şəkidə hakimiyyəti ələ aldı. O, Sanariya vilayətini (yəni Kaxetini) də vahid hakimiyyəti altına aldı. Sənəkərim kürün sağ sahil bölgələrindən bəziləərini də öz mülklərinə qataraq, bununla “Alban taxt-tacının bərpaçısı” adını qazana bildi. Sənəkərimin “albanların hökmdarı” adını qəbul etməsini kilsə böyük razılıqla qarşıladı, Alban katolikosunun özü yeni hökmdarın başına tac qoydu. Bu, Sənəkərimin müstəqillik əldə etdiyini təsdiq etməklə yanaşı, onun tarixi Albaniya ərazisinə iddiasını da əsaslandırırdı. Şəki məlikliyinin güclənməsi və onun hakiminin başına Alban hökmdarına məxsus tacın qoyulması qonşu müsəlman və xristian hakimlərinin diqqətinə səbəb oldu. Salari hökmdarı İbrahim ona tac və başqa qiymətli hədiyyələr, Tao hökmdarı David Kuropalat isə padşahlıq çələngi və tünd qırmızı rəngli uzun padşahlıq xələti göndərdi. Sənəkərimin hakimiyyətinin tanınması təsadüfi olmayan mühüm siyasi hadisə idi.

X əsrin sonlarında Sənəkərimin ölümü Şəki məlikliyinin zəifləməsinə səbəb oldu. Vəziyyətdən istifadə edən abxaz hökmdarı III Baqratın 1009-cu ildə Şəki torpaqlarını talan etdi. Şəki hakimləri mənbənin verdiyi məlumata görə, “əvvəlki hakimlər yenidən öz ölkələrinə sahib oldular”. Bu vaxtdan başlayaraq Səlcuq hücumlarınadək Şəki məlikliyi daxili müstəqilliyini saxlaya bildi. Axsartanın hakimiyyəti dövründə Səlcuq yürüşlərinin başlanması ilə əlaqədar «Cənubi Qafqazda, o cümlədən Şəki və onun ətraflarında mühüm hadisələr baş verir. Şirvan – gürcü münasibətlərinin kəskinləşdiyi bu dövrdə Şəki yaxınlığındakı bəzi qalaların, o cümlədən Şəkinin özünün əldən – ələ keçməsi Sultan Alp Arslanın hücumları ilə dayandırılır. 1067-ci ildə Şəki hakimi II Axsartan Səlcuq sultanı Alp Arslanın hüzuruna gələrək öz mülklərinin qorunması naminə, hətta islamı qəbul edərək, səlcuqlara bac verəcəyinə boyun olur. «Bununla belə sonrakı illərdə də Şəki və onun ətrafındakı qalalar uğrunda mübarizə davam edirdi.

Şəkinin sonrakı dövr tarixi bilavasitə Səlcuqlar, eləcə də Şirvanşahlar dövləti ilə bağlı olsa da, mənbələr ilk monqol hücumundan dərhal sonra, 1221-ci ildə, gürcülərin Şəki və Qəbələni ələ keçirməsi haqqında məlumat verir. Ən-Nəsəvinin yazdığına görə, 1227-ci ildə sultan Cəlaləddin Mənqburnı “Səfiəddin Məhəmməd ət-Tuğraini Şirvanın şəhərləri olan Şəki və Qəbələnin vəziri təyin etdi. Bu şəhərləri gürcülər Şirvan sahibindən bir neçə il əvvəl, hələ güclü olduqları vaxt tutub almışdılar”. Beləliklə, Şəki məlikliyinin I dövrü öz müstəqilliyini müvəqqəti olsa da tam itirdi və həmin müstəqillik bir neçə əsr sonra yenidən bərpa olundu.

XIII əsrin ortalarında Azərbaycanın digər şəhərləri kimi Şəki şəhəri də Elxanilər dövlətinin tərkibində qaldı. XIV əsrin 30-cu illərində Elxanilər dövlətinin tənəzzülü və parçalanması nəticəsində bir sıra müstəqil dövlətlər meydana çıxdı. Azərbaycanın şimalında Şirvanşahlarla yanaşı Şəki hakimləri də daxili müstəqillik əldə etdilər və Oyrat qəbiləsi hakimiyyətə gəldi. Həmin dövrdən başlayaraq Şəki hakimləri ölkənin siyasi həyatında yaxından iştirak edir, öz müstəqilliklərini mühafizə etmək uğrunda mübarizə aparırlar. Bu mübarizədə Şəki-Şirvan, Şəki-Gürcüstan və Şəki-Teymuri münasibətləri az rol oynamamışdı.

V.Z.Piriyevin məlumatına görə, tarixçi Budaq Qəzvini 1324-cü il hadisələrindən bəhs edərkən yazmışdır ki, Əmir Çobanın oğlu Şeyx Mahmud Gürcüstan ərazisi ilə birlikdə Şirvan və Şəki vilayətlərinin də hakimi idi. Əbubəkr əl-Qütbi əl-Əhəriyə əsaslanan V.Z.Piriyev yazır ki, 1328- ci ildə Sultan Əbu Səid tərəfindən Şirvan və Şəki hakimi təyin olunmuş Əqbəti, öz oğlu ilə birlikdə 1338-ci ilə qədər həmin ərazinin hakimi olaraq qalmışdı. Adları çəkilən Şəki hakimləri müvəqqəti hakimlər olmuşdular. Belə ki, 1338-ci ildə Elxanilər dövlətində taxt-tac uğrunda mübarizənin güclənməsi Şəkidə Oyratlar nəslindən olan yerli hakimlərin güclənməsinə şərait yaratdı. Monqolların Azərbaycana yürüşləri zamanı monqol ordusunun tərkibinə qatılan türk tayfalarından biri də Oyratlar idi. Türk tarixçisi Z.V.Toğanın fikrincə, Oyratlar mənşəcə Uyğur türklərindən olmuşdu. 1239-cu ildə monqolların Azərbaycanı işğal etməsindən sonra ölkənin idarəsi Oyrat tayfasından olan Arqun Ağaya tapşırıldı. Bu dövrdə Şamaxı və Şəki ətrafında məskunlaşmış Oyratlar Kür hövzəsinin ən çox saylı və qüdrətli tayfalardan biri olmuşdu.

XIV əsrin II yarısında Şəki Şirvanşahların nüfuz dairəsində olmuşdu. Şirvanşahların XIV əsrin 80-ci illərindəki tarixində Şəkinin xüsusi mövqeyi vardır. Belə ki, 1382-ci ildə Şirvanda baş verən xalq hərəkatı nəticəsində hakimiyyətdən salınmış Şirvanşah Hüşəngin əvəzinə Şəkidə kiçik torpaq sahibi kimi fəaliyyət göstərən I Şeyx İbrahim taxta çıxarıldı və bu hal Şirvan-Şəki münasibətlərinin gələcək inkişafına müsbət təsir göstərdi.

XIV əsrin sonunda Şəki hakimliyinin tarixində Teymur dövrü xüsusilə seçilir və müstəqillik mübarizəsi baxımından daha da səciyyəvidir. Teymuri tarixçisi Ş.Ə.Yəzdinin yazdığından bəlli olur ki, Əmir Teymur hələ ilk yürüşü dövründə (1386-1388) Şəki vilayətinə gəlir və ətraf ərazilərə qoşun hissələri göndərir. Onun sərkərdələrindən əmir Məhəmməd Dərviş Bərlas böyük dəstə ilə Şəki dağlarına daxil olur və oradakı camaatı itaətə cəlb edir, ərazini qarət edir. Əmir Teymur II yürüşü dövründə də (1392-1397) Gürcüstan istiqamətindən yenidən Şəkiyə daxil olur və Şeyx Nurəddin Sarıbuğanı çoxlu qoşun ilə dağlıq ərazilərə göndərir. Şəki hakimi Seydi Əli Orlat mülkünü və əmlakını atıb gedir. Şeyx Nurəddin isə onun evlərini, düşmən qəlbi kimi dağıtdı və xaraba qoydu, tarac yelinə verdi və yandırdı.

Əmir Teymurun oğlu Miranşahın Xoy ətrafında atdan yıxılaraq başından zədələnməsi sonra gördüyü lüzumsuz işlərin, yersiz hərəkətlərin təsiri Şəkidən də yan ötməmişdi. Ş.Ə.Yəzdinin yazdığına görə, o, 1395-ci ilin payızında Seydi Əli Orlatın müxalif çıxdığını zənn edib, yoxlamadan Şəkiyə qoşun çəkdi və onun vilayətini qarət etdi. Miranşahın bu hərəkəti Şəki hakiminin hiddətinə səbəb oldu. Ş.Ə.Yəzdi yazır ki, Seydi Əli islam şüarı ilə tanınsa da, onun vilayətini tarac etdikləri üçün gürcülərlə ittifaqa girdi və mühasirədə cana gəlmiş və sümüyünə bıçaq dirənmiş Sultan Tahiri xilas etmək məqsədilə Əlincəyə yollandı. Onlar Azərbaycan vilayətinə daxil olub müsəlmanların ərazisini dağıtmağa və təcavüzə əl atmağa başladılar. Sultan Səncər bu vəziyyətdən xəbər tutan kimi qala önündən çəkildi və Təbrizə gedərək hadisəni Miranşaha çatdırdı. Miranşah oğlu Əbu Bəkri güclü qoşun hissələri ilə həmin fitnəni yatırmağa göndərdi. Müttəfiqlər Sultan Tahiri azad edərək geri döndüyü zaman Əbu Bəkrin qoşunu onları haqladı. Tərəflər arasında vuruşma baş verdi. Miranşahın Şəkini qarət etməsini unutmayan Seydi Əli Orlat intiqam almaq məqsədilə şəxsən Əbu Bəkrə hücum etdi, lakin döyüş zamanı oxla vurularaq öldürüldü. Buna baxmayaraq, Şəki-gürcü qoşunu Əbu Bəkrin ordusunu məğlubiyyətə uğratdı.

Şübhəsiz ki, Şəki hakiminin bu hərəkəti onun Teymurilərlə münasibətinə öz təsirini göstərdi. Ş.Ə.Yəzdi yazır ki, bir müddət əvvəl Şəki vilayətinin valisi Seydi Əli Orlat gürcü qoşunu ilə ittifaq bağlayıb Əlincə qalasına gəlmişdi və həyatına nadanlıq gətirmişdi. İndi onun oğlu Seydi Əhməd atasının günahı üzündən Əmir Teymurun intiqamından qorxaraq narahat hala düşmüşdü. O, Şirvanşah Şeyx İbrahimə pənah apardı. Şeyx İbrahim padşaha layiq bağışlanma üçün onu Əmir Teymurun hüzuruna gətirdi və günahlarının bağışlanmasını xahiş etdi. O, özü ilə qiymətli hədiyyələr gətirdi və 6 min at verdi. Əmir Teymur Seydi Əlinin günahını bağışladı, atasının mənsəbini və yerini ona bağışladı.

Əmir Teymurun ölümündən sonra Azərbaycanda onun varisləri arasında ciddi mübarizənin başlanması teymurilərin hakimiyyətini zəiflətdi. Bundan yararlanan Şəki hakimi Seydi Əhməd Teymuri asılılığından çıxaraq öz müstəqilliyini bərpa etdi. O, bu zaman Azərbaycan torpaqlarını teymurilərdən azad etmək uğrunda mübarizə aparan Şirvanşah Şeyx İbrahimin yaxın müttəfiqi kimi bu prosesdə iştirak etdi.

1410-cu ildə Qara Yusifin Azərbaycan Qaraqoyunlu dövlətini yaratması və 1412-ci ilin dekabrında Kür çayı sahilində Şirvanşah İbrahimi və müttəfiqləri Şəki hakimi Seydi Əhməd və gürcü çarı Konstantini məğlub etməsi ilə Şəki hakimliyi Qaraqoyunlu hökmdarının asılılığına düşdü. Tezliklə Şəki hökmdarı Qaraqoyunlu dövlətində baş verən çəkişmələrdən istifadə edib, öz müstəqilliyini bərpa etdi.

XV əsrin 40-cı illərində Şəki hakimliyində Orlatlar sülaləsinin hakimiyyətini Qarakeşiş oğlu sülaləsi əvəz etdi. Hacı Seyid Əbdülhəmid «Şəki xanları və onların nəsilləri» adlı əsərində bu sülalə ilə bağlı yazır: «Rəvayətə görə, bu sülalənin banisi Əlican adlı bir şəxs olmuşdur. O, yerli feodalların köməyi ilə Şəki vilayətində hakimiyyət başına keçərək burada 13 il (1444-1457) hakimlik etmişdir».

XV əsr qaynaqlarının təsdiq etdiyi kimi Şəki hakimliyi XIV əsrin sonu-XV əsrdə öz daxili müstəqilliyini qoruyub saxlamaq uğrunda mübarizə aparmışdı. Onlar nominal müstəqilliklərini saxlamaqla yanaşı, ayrı-ayrı vaxtlarda Azərbaycanın Şirvanşahlar, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin nüfuz dairəsində qalmışdı. Buna baxmayaraq, Şəki hakimliyi uzun müddət tarixi ənənələrini qoruyub saxlamışdı.  

Böyük İpək yolu üzərində yerləşən Şəki bütün Yaxın və Orta Şərqdə ipəkçiliyin vətəni idi: Hələ XIII-XIV əsrlərdə İitaliya tacirləri müntəzəm olaraq Şəkidən ipək alıb aparmışlar. İtaliya arxivlərindəki XIII-XIV əsrlərə aid şərq ipəyi növləri içərisində «Şəki ipəyi» («Setta Shaki») xüsusi olaraq qeyd olunurdu. «XV əsrdə Azərbaycanın xarici ticarət əlaqələrinin genişlənməsi, xüsusən Azərbaycan ərazisindən keçən beynəlxalq karvan yollarının daha da canlanması Azərbaycan şəhərlərinin, o cümlədən Təbriz, Şamaxı, Şəki və başqa şəhərlərimizin iqtisadi həyatına müsbət təsir göstərdi. … Məhz Avropa-Asiya ticarətində əlaqələndirici rol oynadığı üçün Təbriz Yaxın və Orta Şərqin ən böyük ticarət mərkəzinə çevrildi. Ön Asiya ticarət mərkəzləri vasitəsilə İtaliyadan gətirilən mahud və şüşə məmulatı, Şəki, Şirvan, Gürcüstan, Gilan və Yəzdin xam və torxunulmuş ipəyi… məhz Təbriz bazarlarında satılırdı».

1501-ci ildə mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövlətinin yaranması ilə Şəki hakimliyi I Şah İsmayılın vassal asılılığına düşdü. I Şah İsmayılın sağlığında Şəki hakimi Həsən bəy ilə Səfəvi hökmdarının münasibəti normal olmuşdur. Tarixçi Budaq Qəzviniyə görə, 1519-cu ildə Şah İsmayıl Təbriz qışlağında olarkən bu əzəmətli şahın görüşünə gələn qonşu ölkə hakimləri arasında Həsən bəy Şəkki də olmuşdur. Lakin 1524-cü ildə Şah İsmayıl üçün gözlənilməz bir hadisə baş verdi. Azacıq əvvəl Şəkidə ov edən Şah İsmayıl geri qayıdarkən, Şəki-Ərdəbil yolunda olan Səfəvi hökmdarına xəbər verdilər ki, Kaxetiya hakimi Levan xan yenidən Şəkiyə hücuma keçmiş və Həsən bəy öldürülmüşdür. Şah İsmayıl geri qayıdıb Levanı cəzalandırmaq istədisə də, özü qəfildən vəfat etdi və bu gürcü çarı cəzalanmamış qaldı. Şəki hakimi Həsən bəydən sonra Şəki ölkəsinin başçılığına onun oğlu Dərviş Məhəmməd xan keçdi.

1538-ci ildə Şah Təhmasib tərəfindən Şirvanşahlar dövlətinə son qoyulması Şəki hakiminin Səfəvi şahı ilə münasibətlərinə öz təsirini göstərdi. O.Ə.Əfəndiyev yazır ki, Şirvan şahının şəxsində öz müttəfiqini itirən Şəki hakimi ölkəsinin müstəqilliyini saxlamaq naminə Şah Təhmasiblə gərginləşən münasibətini yaxşılaşdırmaq yolunu tutdu. Dərviş Məhəmməd xan hətta, Şirvanşahlar dövlətinin süqutundan bir il sonra Səfəvilərə yaxın qohum oldu və Şah Təhmasibin bacısı, mərhum Şirvanşah II Xəlilullahın dul qadını Pərixan xanımla evləndi. Lakin, bu şahzadə xanımın vəfatından sonra (təxminən 1547 - ci il) çox təəssüf ki, Şəki hakimi ilə Səfəvi şahının münasibətləri yenidən korlandı. Kərim ağa Fateh yazır ki, Dərviş Məhəmməd xan atası kimi şaha qulluq etmədi. Şirvan vilayətinə şahın qoşunu gəlib dava edəndə Məhəmməd xan da qoşun götürüb gedib Şirvanda qızılbaş qoşununa qarşı vuruşdu. Şah Təhmasib Dərviş Məhəmməd xanın bu  hərəkətindən qəzəblənərək onu tənbeh etməkdən ötrü Şəkiyə qoşun yeritdi. 1451-ci ildə Gələsən-Görəsən qalasının ələ keçirilməsi ilə Şəki hakimliyinin müstəqilliyinə son qoyuldu. Şah Təhmasib tərəfindən Toygün xan Qacar Şəkiyə hakim təyin edildi.

XVI əsrin sonlarında Azərbaycanın əksər əraziləri kimi, Şəki bölgəsi də Osmanlı ordusu tərəfindən işğal edildi. 1603-1607-ci illərdə Şah Abbas tərəfindən Osmanlılar tərəfindən işğal edilmiş Azərbaycan torpaqları azad edildi. 1606-cı ildə Səfəvi şahı tərəfindən Şirvanın azad edilməsi üçün göndərilən ordunun tərkibində Şəki hakim Şahmir xan da var idi. A.A.Bakixanov yazır ki, Şahmir xan «Şəkinin qədim valiləri nəslindən olub, bir müddət şahın hüzurunda idi». T.Musəvinin qənaətə görə, Şahmir xandan sonra Şəki hakimi Aslan Sultan olmuşdur. II Şah Abbas dövründə Şəkini Abbasqulu Sultan və məlik Səfiqulu idarə etmişdi. T.Musəvinin qənaətə görə, «o  dövrdə Şəki ölkəsi nisbətən müstəqil məliklik» hesab olunurmuş. T.Musəvi «Zeyli-tarixi-aləmarayi-Abbasi» əsərinə əsasən müəyyənləşdirmişdir ki, Məlik Səfiqulunun vəfatından sonra oğlu Səfərqulu Şəkinin məliyi olmuş, XVII əsrin sonlarında isə bu vəzifə Səfiqulu ailəsinə mənsub olmayan Məlik Həsənə verilmiş, Məlik Həsən vəzifədən kənar edildikdən sonra Məlik Səfərqulunun oğlu Məhəmmədxan bəy Şəki ölkəsinə məlik təyin edilmişdir.

E.Çələbinin verdiyi məlumata görə, daşdan tikilmiş Şəki qalası təpənin üstündə ucaldılmışdı. Qalanın Şirvan və Gəncə adlı iki darvazası var. Burda minlərlə ev, yeddi məscid, bir neçə karvansara, hamam və bazar vardı. Şəki qala divarlarının xaricində ipək istehsalı ilə məşğul olan müəssisələr və ipək istehsalı ilə məşğul olan geniş bağlar mövcud idi. E.Çələbinin qeyd etdiyinə görə, şəhərdə 3000 evdə 20.000-ə yaxın əhali yaşayırdı.

XVIII əsrin ortalarında Şəkidə Nadir şah rejiminə qarşı Hacı Çələbinin rəhbərliyi altında başlanan mübarizə 1743-cü ildə müstəqil Şəki xanlığının yaranması ilə nəticələndi. 1744-1745-ci illərdə Nadir şah Əfşar Gələsən-Görəsən qalasında mövqe tutmuş Şəki üsyançılarının iradəsini qıra bilmədi. Yalnız 1746-cı ilin martında ərzaq çatışmazlığı nəticəsində qalada yaranmış ağır vəziyyətlə əlaqədar Hacı Çələbi Nadir şahın hakimiyyətini tanıdığını bildirdi. 1747-ci ildə Nadir şahın öldürülməsi ilə onun yaratmış olduğu möhtəşəm imperiya dağıldı. Bundan istifadə edən Haçı Çələbi xan Şəki xanlığının müstəqilliyini bərpa etdi. Onun hakimiyyəti dövründə (1743-1755) Şəki şəhərində məscid, mədrəsə, hamam və b. ictimai binalar tikildi.

Şəki şəhəri 1765-ci ilə qədər orta əsr şəhəri kimi, qala divarları ilə əhatə olunmamışdı. Buna görə də, düşmən hücumu zamanı əhali Gələsən-Görəsən qalasına çəkilirdi. 1765-ci ildə şəhər qala hasarları ilə əhatə olundu. Şəhərin iki darvazası var idi. 1772-ci ildə Kiş çayının daşması nəticəsində qədim Şəki şəhəri demək olar ki, tamamilə dağıdıldı. Şəhər əhalisinin bir qismi tələfata uğradı, bir hissəsi isə başqa yerlərə köçüb getdi, bir qismi isə indiki şəhərin yerləşdiyi ərazidə məskən salmışdı. Qısa müddət ərzində şəhər bərpa edilmişdi. Şəki şəhərini şərqdən qərbə axan Qurcanaçay iki hissəyə - şimal hissəsinə və cənub düzənlik hissələrinə bölür. Ticarət mərkəzinin formalaşması ilə əlaqədar şəhər çayın bir tərəfi ilə inkişaf etmişdir.

Şəki memarlıq tikintilərindən ibarət gözəl təbiət guşəsi kimi qavranılır. Sözsüz ki, buna səbəb özünəməxsus dağ mənzərəsi ilə bərabər təbiətlə sıx bağlanan planlaşdırma xüsusiyyətləridir. Demək olar ki, hər bir bina bağla və hasarla əhatə edilmişdir, Şəkinin küçələri dövrəyə düzülmüş evlərlə haşiyələnmir, barı və hasar divarları arası ilə əyri-üyrü dolanır. Ərazinin bərk dərə-təpəlik olması Şəkinin planlaşdırılmasının ümumi xarakterinə xeyli təsir göstərmişdir. Küçələrin istiqaməti Böyük Qafqaz dağ silsiləsinin qolları ilə təyin olunurdu. Bəzi küçələr şəhərdən şimalda yerləşən hündürlüklərin relyefinə paralel gedirdi. Şəhərin baş küçəsinin formalaşmasına Qurcanaçay və Dəyirmanarxın istiqaməti təsir göstərirdi. 1862-ci ildə Şəkinin tərtib olunmuş planında şəhərin 14 məhəlləsi öz əksini tapmışdır: 1.Çaqqal dərəsi, 2.Gileyli, 3. Dəmirçi bulağı, 4. Gəncəli, 5. Sarı torpaq, 6. Otaq eşiyi, 7. Ağvanlar, 8. Duluzlar, 9. Dodu, 10. Bağmanlar, 11. Sərkərlər, 12. Dabbaqxana, 13. Təzə kənd, 14. Köhnə kənd.

Şəkinin əsas şəhər tikinti xüsusiyyəti gözəl təbii şəraitlə, tikintinin ətraf mühitlə müvəffəqiyyətli əlaqəsi, yaşıllığın şəhərin görünüşündə əsas komponent kimi istifadəsi, gil borularla çəkilmiş su kəmərindən su ilə yaxşı təmin olunması ilə təyin olunurdu. Şəkini başqa şəhərlərdən fərqləndirən bir cəhət də onun çox səliqəli olmasıdır. Şəkinin bu xüsusiyyətini XIX əsrin ortalarında şəhərdə olmuş A.P.Zisserman belə təsvir edirdi: “Şəhər çox gözəl mənzərəli kiçik dağ çayının başlanğıcında yerləşmişdir: tikintilər böyük qoz və tut ağaclarından ibarət yaşıl bağlar arasında gizlənir. Dağ tərəfə iki verstə qədər uzanıb gedən mərkəzi küçədə dükan, emalatxana yerləşir ki, bu emalatxanalarda da Şərq adətinə görə bütün işlər çox vaxt bir dəstə bekar sakinlərin gözü qabağında görülürdü... Bəzi küçələr döşənib, qalanları isə təbii xırda çınqılla örtülmüşdür, odur ki, Şəkidə heç vaxt palçıq olmur, belə nadir üstünlüyə çox təəssüf ki, Rusiya şəhərlərində çox az rast gəlirik. Ümumiyyətlə. Şəki gözəl mənzərəsi, nisbətən səliqəsi, canlılığı, boğucu istiliyin olmaması, axşamlar isə bağlarda bülbüllərin cəh-cəh vurması ilə çox xoş təsir bağışlayır”.

Şəki xanlığın siyasi mərkəzi olmaqla bərabər mühüm sənətkarlıq və ticarət mərkəzi idi. Şəhərdə yüzlərlə dükan və 5 karvansara fəaliyyət göstərmişdi. Ticarət üçün müxtəlif şəhər və ölkələrdən gələn tacirlər bu karvansaralarda yerləşirdilər. XVIII əsrdə Şəkidə memarlıq və rəssamlıq yüksək inkişaf etmişdi. Azərbaycan memarlıq və rəssamlıq sənətinin ən görkəmli abidələrindən biri olan Şəki xan sarayı tikilmişdir.

1805-ci il Kürəkçay müqaviləsinə əsasən Şəki xanlığı Rusiyadan vassal asılılığına düşdü. 1806-cı ildə şəkili Səlim xanın Rusiyanın müstəmləkə rejiminə qarşı qaldırdığı üsyan yatırıldı və o xan hakimiyyətindən uzaqlaşdırıldı. 1819-cu ildə İsmayıl xanın ölümü ilə Şəkidə xan üsul-idarəsi ləğv olundu və Şəki əyaləti yaradıldı.

1840-cı ildə Kaspi vilayətinin tərkibində Şəki qəzası yaradıldı. Qəza 1846-cı ildən Şamaxı quberniyasının tərkibinə daxil oldu və Nuxa qəzası adlandırıldı.

XIX əsrin II yarısında çar hökumət orqanları şəhəri idarə etmək üçün onu iki məhəlləyə Şəki və Qışlaq məhəllələrinə böldü. Bu dövrdə Qışlağın ərazisi hələ şəhər ərazisi ilə birləşməmişdi. Qala, qala ətrafı, ticarət və sənaye müəssisələri olan hissəsi şəhərin mərkəzi hesab olunur və iki hissəyə bölünürdü: yuxarı və ya ticarət hissəsi, aşağı hissə. Şəhər ətrafı hissələri Yuxarıbaş, Gəncəlibaşı və Nuxa-Qışlaq hesab edilirdi. Yuxarıbaş hələ XVIII əsrin sonu XIX əsrin əvvəllərində, Qaladan şərqə doğru salınmışdı.

Şəki ərazisi getdikcə böyüdüyü üçün çar hökumət orqanları şəhərdə əlavə iki inzibati məhəllə yaratdı və 1860-1865-ci illərdə şəhər artıq iki məhəlləyə deyil, 4 məhəlləyə bölünürdü. Birinci məhəlləyə Qala və onun ətraf yerləri, ikinci məhəlləyə şəhər ətrafları daxil edilmişdi və buranın əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul idi. Üçüncü məhəlləyə dabbaqxana daxil idi. Buraya başqa sənətkarlıq sahələri, o cümlədən boyaqçılıq daxil idi. Dördüncü məhəllə haqqında sənədlər məlumat vermir. Görünür bu məhəlləyə tacir və sənətkarların yerləşdiyi baş küçə və onun ətrafları daxil idi.

XIX əsrdə Şəki mühüm sənətkarlıq və ticarət şəhəri idi. Sənətkarlığın təkəlduz (paltar və ev əşyaları üzərinə ipək sapla tikiş) sahəsi Azərbaycanda təkcə Şəkidə yayılmışdı. Şəkidə gön-dəri istehsalı, dulusçuluq, metal-işləmə, dəmirçilik xüsusilə inkişaf etmişdi.

 XIX əsrin II yarısında Şəki Azərbaycanın mühüm ipək-çilik sənayesi mərkəzinə çevrildi. “Azərbaycan Lionu” adlandırılan Şəkinin ipək fabriklərinin əksəriyyəti tex-nikanın son nailiyyətləri əsasında qurulmuşdu.

1859-cu ildə Nuxa qəzası Bakı quberniyasının, 1868-ci ildə isə Yelizavetpol quberniyasının tərkibinə daxil edildi. 1920-ci il may ayının 5-də Şəkidə sovet hakimiyyəti quruldu. 1930-cu ildə Azərbaycan SSR-nin inzibati ərazi bölgüsündə dəyişiklik edildi və Nuxa rayonu təşkil edildi. 1963-cü il yanvar ayının 4-də Nuxa rayonu ləğv edilərək ərazisi Vartaşen (Oğuz) rayonuna verildi, respublika tabeçiliyində Nuxa şəhəri yaradıldı. 1965-ci ildən yenidən müstəqil Nuxa rayonu təşkil edildi. 1968-ci ildən yenidən Şəki rayonu, mərkəzi isə Şəki şəhəri adlanmağa başladı.

Şəhərdə inşa olunan qədim karvansaralar, qalalar, müxtəlif müdafiə qurğuları, ictimai binalar, hamamlar, məscidlər və minarələr, xüsusi memarlıq üslubuna malik olan yüzlərlə imarətlər, o cümlədən Xan sarayı, Şəkixanovların evi və başqa tarixi abidələr Azərbaycan mədəniyyətinin nadir inciləridir. Bütün bunlar Şəkini Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən birinə çevirmişdi. Şəki bütövlükdə muzey–şəhərdir. Bu baxımdan qədim memarlıq ənənələrini bütöv halda qoruyub saxlamış Şəki bütün Azərbaycanda açıq səma altında yeganə şəhər– muzeydir.

Mənbələr və ədəbiyyat.

  • Aşurbəyli S. Şirvanşahlar dövləti. Bakı, Əbilov, Zeynalov və oğulları, 2006.
  • Azərbaycan tarixi. Yeddi cilddə. 1-7-ci cildlər. Bakı, Elm, 1998-2003.
  • Bakıxanov A.A. Gülüstani-İrəm. Bakı, Azərb. SSR EA-nın nəşriyyatı, 1951.
  • Hacı Seyid Əbdülhəmid. Şəki xanları və onların nəsilləri. //Şəki xanlığının tarixindən.  Bakı, «Azərbaycan Ensiklopediyası» Nəşriyyat-Poliqrafiya Birliyi, 1993.
  • Hasan-ı Rumlu. Ahsenüt-Tevarih. Çeviren, Mürsel Öztürk. Ankara, TTK Yayınları,  2006.
  • Fərzəliyev Ş.F. Azərbaycan XV-XVI əsrlərdə. Bakı, Elm, 1983.
  • İsmayılov M. Şəki. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1981.
  • Nəcəfli T.H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. Bakı, Çaşıoğlu, 2000.
  • Piriyev V.Z. Azərbaycan XIII-XIV əsrlərdə. Bakı, Nurlan, 2003.
  • Petruşevski İ.P. XV əsrdə Azərbaycan dövlətləri. //Azərbaycan SSR EA Tarix və Fəlsəfə İnstitutunun Əsərləri. I cild, Bakı, Azərb. SSR EA-nın nəşriyyatı, 1951, s. 49-108.
  • Sümer F. Kara Koyunlular (Başlangıçtan Cihan-Şaha kadar). cilt I, TTK Basımevi, Ankara, 1967.
  • Tehrani Ə. Kitabi-Diyarbəkriyyə. Fars dilindən tərcümə, ön söz, şərhlər və göstəricilərin müəllifi Ra­hilə Şükürova. Bakı, Elm, 1998. 
  • Toğan Z.V. Azərbaycan. Azərbaycan dilində çapa hazırlayanlar: M.Ənsərli, T.H.Nəcəfli. Bakı, 2007.
  • Yəzdi Ş.Ə. Zəfərnamə. Fars dilindən tərcümə, ön söz və izahlar t.e.d. Vaqif Piriyevindir. Bakı, Azərbaycan dövlət nəşriyyatı, 1996, 80 s.

 


[*] Müasir Dağlıq Qarabağın ermənilər tərəfindən Artsax formasında  saxtalaşdırılmış qədim adı olan «Ərsak» da sak türklərinin yadigarıdır. Belə ki, XIX əsrin II yarısında Azərbaycan torpaqlarında köçürülən ermənilər e.ə.VII əsrdə (təqribən 1500 il əvvəl!) bura öz adlarını verə bilməzdilər!

Paylaş: