AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Məhəmməd Əmin Rəsulzadə (1884-1955)

Məhəmməd Əmin Rəsulzadə (1884-1955)

Azərbaycanın görkəmli siyasi və dövlət xadimi; Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Milli Şurasının sədri, AXC Parlamentində "Müsavat" və bitərəflər fraksiyasının sədri.

Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il, yanvar ayının 31-də Bakının Novxanı kəndində anadan olub. İlk təhsilini Sultan Məcid Qənizadənin 2 saylı rus-tatar (rus-Azərbaycan) məktəbində almış, Bakı texniki məktəbini bitirmişdir. Gənc yaşlarından inqilabi hərəkata qoşulmuş, "Müsəlman Gənclik Təşkilatı" adlı gənc azərbaycanlı inqilabçılar dərnəyi yaratmış və ona başçılıq etmişdir (1902-03). Təşkilat mətbəə üsulu ilə intibahnamələr çap edib əhali arasında yaymışdır. 1904-cü ildə o, Rusiya Sosial Demokrat Fəhlə Partiyası Bakı Komitəsi nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" qrupunun yaradılmasında iştirak etmişdir. Bu dövrdə mətbuatda ("Şərqi-Rus", "Hümmət", "Təkamül" və s.) dərc olunmuş yazılarında xalqa söz, mətbuat, vicdan, cəmiyyət və ittifaqlar yaratmaq azadlıqları verilməsi, vətəndaşların əmlakının və canlarının toxunulmazlığının təmin olunması tələbləri ilə çıxış edir, xalqı maariflənməyə çağırır, Rusiyanın Azərbaycanda yeritdyi milli qırğın siyasətini kəskin tənqid edirdi. 1905-07-ci illər rus inqilabının gedişində və bundan sonra Azərbaycanda yaranan milli oyanış, Əlimərdan bəy Topçubaşov, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və başqalarının çar Rusiyasının milli ayrı-seçkilik siyasətinə qarşı mübarizəsi, getdikcə genişlənməkdə olan "türkləşmək, islamlaşmaq və müasirləşmək" ("türk qanlı, islam imanlı, Avropa qiyafətli") məfkurəsi Rəsulzadənin milli-siyasi görüşlərinin formalaşma­sına güclü təsir göstərmişdir. 1906-07-ci illərdə "Təkamül"də, həmçinin başqa qəzetlərdə millətlərə, tayfalara, siniflərə, insanlara (fərdlərə) hüquq bərabərliyi və azadlıq tələb edən yazılarla çıxış etmiş və zaman keçdikcə bu siyasi tələbləri "insanlara hürriyyət, millətlərə istiqlal!" çağırışı kimi formalaşdırmışdır. 1905-07-ci illər inqilabının məğlub olmasından sonra Rusiyada təqiblərin artdığı şəraitdə Rəsulzadə İrana mühacirət etdi. Rəsulzadə 1908-11-ci illər İran inqilabında, Cənubi Azərbaycanda milli-demokratik oyanışda fəal iştirak etmiş, Səttarxan və Bağırxanla görüşmüşdü. Bu müddətdə o, Tehranda Avropa tipli ilk gündəlik "İrane-nou" ("Yeni İran") qəzetini dərc etmişdir (1910-11-ci illər). Həmin dövrdə o, Seyid Həsən Tağızadə ilə birlikdə İran Demokrat Partiyasını yaratmış və onun Mərkəzi Komitəsinə üzv seçilmişdir. İran inqilabı yatırıldıqdan (1911) sonra Rəsulzadə S.H.Tağızadə ilə birlikdə Türkiyəyə mühacirət etmişdir. Burada çar Rusiyasının təqiblərindən qurtularaq Türkiyəyə sığınmış Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu ilə sıx əməkdaşlıq etmiş, "Türk ocağı" təşkilatına daxil olmuş, "Türk yurdu" jurnalında Cənubi Azərbaycan türklərinə həsr olunmuş məqalələrində onların milli-siyasi hüquqlannı müdafiə etmişdir. Rəsulzadə, eyni zamanda, bu dövrdə türkçülük ideyaları ilə daha dərindən tanış olur, böyük Azərbaycan mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin "Vəhdəti cinsiyyə fəlsəfəsi"nə ("Milli Birlik fəlsəfəsi"nə) yiyələnir, onu farscadan türkcəyə çevirib "Türk yurdu"nda çap etdirir.

Rəsulzadə 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə verilmiş əfv-ümumidən sonra Bakıya dönür, "Müsavat" partiyasının rəhbərliyinə keçir ("Müsəlman Demokratik Partiyası" "Müsavat" 1911-ci ilin oktyabrında, Rəsulzadə hələ Türkiyədə mühacirətdə olduğu zaman, Məmmədəli Rəsulzadə, Abbasqulu Kazımzadə və Tağı Nağıoğlu tərəfindən yaradılmışdı) və milli azadlıq mübarizəsində daha fəal iştirak edir. 1915-ci ildə "Açıq söz " qəzetini nəşr edir. Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparır, "Dirilik" (1914-16-ci illər) jurnalında "Milli dirilik" başlığı ilə silsilə məqalələr dərc etdirir, millətin tərifində dini birliyi deyil, dil və mədəniyyət birliyini önə çəkir, milli istiqlal ideyalarını geniş təbliğ edir. Onun rəhbərlik etdiyi "Müsavat" partiyası milli azadlıq mübarizəsinin önünə keçir. Rusiyada Fevral inqilabının (1917-ci il) qələbəsindən sonra milli əsarət altında olan xalqlara, o cümlədən Azərbaycan xalqına yeni yaradılacaq demokratik Rusiyada "Milli-məhəlli (ərazi) muxtariyyət" verilməsi uğrunda mübarizə apanr. Qafqaz müsəlmanlarının Bakı (1917-ci il, aprel) və Rusiya müsəlmanlannın Moskva (1917-ci il, may) qurultaylarında öz mövqeyini uğurla müdafiə edir. Moskva qurultayında onun Azərbaycan dilində etdiyi çıxışda irəli sürülən "Milli-məhəlli (ərazi) muxtariyyət" proqramı Əhməd Salikovun "milli-mədəni muxtariyyət" proqramından fərqli olaraq böyük səs üstünlüyü ilə (446:291) qəbul olunur. Bu, Rusiyanın türk xalqları arasında onun nüfuzunu daha da artırdı. Nəticədə o, Rusiyanın gələcək dövlət idarəçiliyi formasını müəyyən edəcək Müəssislər məclisinə Azərbaycanla yanaşı Türküstandan da deputat seçildi. 1917-ci ilin iyununda "Müsavat”la Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi "Türk Ədəmi-Mərkəziyyət" Partiyası birləşdi. Rəsulzadə birləşmiş "Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat”ın sədri oldu. 1917-ci ilin oktyabrında "Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat”ın 1-ci qurultayında M.Ə.Rəsulzadə partiyanın Mərkəzi Komitəsinin sədri seçildi. O, qurultaydakı çıxışında partiyanın mübarizə istiqamətini müəyyən edərək bildirdi: "Milli istiqlala malik olmayan bir millət, hürriyyət və mədəniyyətini də hifz edə bilməz. İnsanlara hürriyyət, millətlərə istiqlal". Lakin Oktyabr çevrilişindən (1917-ci il) sonra Rusiyada bolşevik irticası və yeni milli əsarət dövrü başlandı. Silah gücünə keçmiş Rusiya imperiyasının sərhədlərini bərpa etmək siyasəti yeridildi. Bakıda və onun ətraflarında hakimiyyəti ələ keçirən S.Şaumyamn bolşevik-daşnak güruhu Azərbaycana "muxtariyyət" əvəzinə "məzarıstan" vəd etdi və 1918-ci ilin martında Bakıda və bunun ardınca ölkənin digər bölgələrində Azərbaycan xalqına qarşı kütləvi soyqırımları törədildi. Mart soyqırımı zamanı milli-istiqlalçı qüvvələrə başçılıq edən "Müsavat”ın binası və "Açıq söz"ün redaksiyası yandırıldı. Bu zaman Rəsulzadə milli azadlıq hərəkatının digər görkəmli nümayəndələri ilə birlikdə Qafqazın Rusiyadan aynlaraq müstəqil konfederasiya dövləti yaratması və Türkiyə ilə sülh danışıqlarına girməsi uğrunda mübarizəyə başlayır və Tiflisdə - Zaqafqaziya fraksiyası rəyasət heyətinin sədri kimi çıxışlar edir. Zaqafqaziya seymi dağıldıqda Rəsulzadə Batum konfransında iştirak etdiyinə görə gizli səsvermə nəticəsində qiyabi olaraq Azərbaycan Milli Şurasının (parlamentinin) sədri seçilir (1918-ci il, 27 may). Milli Şura Azərbaycanı müstəqil dövlət elan edir və M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri kimi xarici işlər naziri Məmməd Həsən Hacınski ilə birlikdə Osmanlı dövləti ilə Batum müqaviləsini imzalayır (1918-ci il, 4 iyun). Müqavilənin 4-cü maddəsinə əsasən Osmanlı dövləti Bakı sovetinin daşnak-bolşevik hərbi birləşmələri və erməni-daşnak quldur dəstələri tərəfindən soyqırıma məruz qalmaqda olan Azərbaycan xalqına qardaşlıq yardımı göstərir. Azərbaycanın və bütün Cənubi Qafqazın türk-müsəlman əhalisi qırılıb məhv olmaqdan qurtulur. Rəsulzadə dövlət xadimi kimi Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin iyununda baş vermiş ilk hökumət böhranın aradan qaldırılmasında mühüm rol oynamış, istiqlalın qorunub saxlanması naminə sədri olduğu Milli Şuranın müvəqqəti olaraq, istefasına razılıq vermişdir. O, 1918-ci ilin iyununda Azərbaycan Xalq Cümhuriyyətinin İstanbul beynəlxalq konfransına göndərilən səlabiyyətli nümayəndə heyətinə (Rəsulzadədən başqa Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdski daxil idi) sədrlik etmiş, çox mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın mənafeyini uğurla müdafıə etmiş, Azərbaycanda hərbi işin təşkili, maliyyə problemi, ərazi məsələsi haqqında Türkiyə rəsmiləri ilə danışıqlar aparmış, xüsusən Bakı məsələsində çevik və prinsipial mövqe tutmuşdur. 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurasının fəaliyyəti bərpa olunduqdan sonra onun sədri kimi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin formalaşdırılmasında mühüm rol oynamışdır.   

Parlamentin təntənəli açılışında (1918-ci, 7 dekabr) parlaq nitq söyləmiş və sonra "Müsavat" partiyasi adından gənc Cümhuriyyətin dövlət quruluşu, daxili və xarici siyasətinin əsas prinsipləri barədə bəyannamə ilə çıxış etmişdir. Onun "...müstəqil Azarbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı-əhrarnəsini təmsil edən bu iiç boyalı bayraq daima başlarımızın üstündə ehtiraz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir" sözləri Parlament üzvlərinin ayaq üstə sürəkli alqışları ilə qarşılanmışdı. Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində "Müsavat" fraksiyasına (1919-cu ilin oktyabrından "Müsavat" və bitərəflər fraksiyasi) başçılıq etmiş, digər istiqlalçı qüvvələrlə birlikdə Azərbaycanın milli və dövlət maraqlarına cavab verən qanunların qəbulunda həlledici rol oynamışdır.

M.Ə.Rəsulzadə Parlamentdə Bakı Dövlət Universitetinin açılması ətrafında gedən müzakirələrdə də qətiyyətli çıxışlar etmişdi. O, milli kadrların azlığına görə Universitetin açılmasını vaxtsız hesab edənlərə və başqa dildə açılmasına qarşı çıxanlara cavabında demişdi: "...Universitetin təsis edilməsi dövlətin əsas vəzifələrindən biri olmalıdır, buna görə də bütün maneələr aradan qaldırılmalıdır. Əlbəttə, yaxşı olardı ki, açılacaq elm ocağı türk dilində olaydı, lakin bu hələlik mümkün deyildir. Lakin, bu, başqa dildə də olsa, Universitetin fəaliyyət göstərməsinə mane olmamalıdır. ...Universitetdə türk dili keçiləcək, tələbələrin özləri də Bakıda, öz doğma xalqı içərisində özlərini rahat hiss edəcəklər". M.Ə.Rəsulzadə Universitet fəaliyyətə başladıqdan sonra tarix-filologiya fakültəsində Osmanlı ədəbiyyatı tarixindən dərs demişdir.

Rəsulzadə bu dövrdə Borçalı və Qarabağla bağlı Azərbaycan Xalq Cümhuriyyətinə qarşı qaldırılmış ərazi iddialarında prinsipial mövqe tutmuşdur. Borçalı ilə bağlı Azərbaycan hökumətini "qan tökməklə" hədələyən gürcü nümayəndəsinə "nə etmək olar, əgər məcbur etsələr, qan da tökmək olar" deyə qətiyyətlə cavab vermişdi. O, Qarabağ məsələsində də eyni cür qətiyyət göstərmişdi: bizim fikrimizcə və hökumətin fikrinə görə Qarabağ məsələsi yoxdur. Necə ki, Bakı məsələsi yoxdur. Buna görə də Qarabağ ünvanı ilə olan hər növ təklifi rədd edirik.

Rəsulzadə "Müsavat" partiyasının 1919-cu ilin dekabrında keçirilmiş 2-ci qurultayının rəyasət heyətinin sədri seçilmiş, partiyanın Mərkəzi Komitəsinin və Parlament fraksiyasının fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmişdir. Yenidən partiyanın Mərkəzi Komitəsinin sədri seçilmişdir.

1920-ci il aprelin 27-də XI Qırmızı ordunun artıq Bakını ələ keçirmiş olduğu şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində hakimiyyəti bolşeviklərə təhvil vermək məsələsi müzakirə olunarkən qətiyyətlə bunun əleyhinə çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra gizli fəaliyyətə keçən Rəsulzadənin göstərişi ilə Bakıda "Müsavat"ın gizli mərkəzi yaradıldı. Onun özü isə Lahıcda gizləndi. Rəsulzadə qırmızı istiladan sonra Azərbaycan Xalq Cümhuriyyətinin dövlət strukturlarının dağıdılması, repressiyalar, qanlı qırğınlar dovründə xalqın sovet-bolşevik rejiminə qarşı göstərdiyi şiddətli müqaviməti və verdiyi saysız qurbanları görərək, milli bayrağın torpaqlara deyil, millətin vicdanına enmiş olduğunu, hər kəsin bu bayrağı ruhunda, qəlbində və bağrında mühafızə etməkdə olduğuna inandığını bildirirdi.

M.Ə.Rəsulzadə 1920-ci il avqustun 17-də həbs olunmuş, lakin İ.Stalinin göstərişi ilə həbsdən azad olunub Moskvaya aparılmış, Rusiya Sovet Federativ Sosialist Respublikasının Milli İşlər Komissarlığında işlə təmin olunmuşdu. Bir müddət sonra Sankt-Peterburqa, oradan isə gizli yolla Finlandiyaya keçərək Türkiyəyə mühacirət etdi. 1922-ci ilin sonlarında onun İstanbulda siyasi mühacir həyatı başlandı. O, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra müxtəlif xarici ölkələrə getməyə məcbur olan azərbaycanlıların istiqlal mübarizəsini vahid mərkəzdən ibarə etmək məqsədilə Azərbaycan Milli Mərkəzini (İstanbulda), "Müsavat" Partiyasının Xarici Bürosunu yaratdı və "Müsavat"ın Azərbaycanda fəaliyyət göstərən gizli təşkilatına istiqamət verdi. O, eyni zamanda siyasi mühacirətin parçalanmasının qarşısını almağa, onun vahid mərkəzdən idarə olunmasına çalışırdı. 1926-ci ildə onun fəal iştirakı ilə Parisdə "Prometey" təşkilatı yaradıldı. "Prometey" sovet rejiminə qarşı müxtəlif xalqların nümayəndələrinin vahid mübarizə blokunu yaratmalı idi. O, 1931-ci ildə sovet hökumətinin tələbinə əsasən, Türkiyəni tərk etməyə məcbur oldu. 1932-ci ildə Rəsulzadənin siyasi mühacirətinin Polşa dövrü başlandı. 1934-cü ildə Ə.Topçubaşovla birlikdə Brüsseldə Qafqaz Konfederasiyası sazişini imzaladı. Sazişə əsasən Qafqazda Azərbaycan, Gürcüstan və Şimali Qafqaz respublikalarından ibarət konfederasiya dövləti - respublikası yaratmaq nəzərdə tutulurdu. Ə.Topçubaşovun ölümündən (1934-cü) sonra siyasi mühacirətin istiqlal mübarizəsində aparıcı rol oynadı. 1936-cı ildə Varşavada "Müsavat"ın qurultay səlahiyyətli konfransını keçirdi. M.Ə.Rəsulzadə konfransda "Milli hərəkatda Firqə" mövzusunda hesabat məruzəsi ilə çıxış edərək, partiyanın həm Azərbaycan daxilində, həm də mühacirətdə öz taktiki xəttini düzgün müəyyənləşdirdiyini bildirdi. O, "şəxslər müvəqqəti, ideologiya əbədidir" tezisini əsas tutaraq, siyasi mühacirləri istiqlal ideologiyasına sadiq olmağa çağırdı. 1939-cu ildə İkinci dünya müharibəsinin başlanması ilə Polşadan Fransaya, oradan İsveçrəyə, İsveçrədən İngiltərəyə, nəhayət Rumıniyaya keçdi. 1942-ci ildə Azərbaycanın istiqlalına nail olmaq məqsədilə Almaniyanın Xarici İşlər Nazirliyi və Şərq Nazirliyi ilə danışıqlara girdi. Lakin danışıqlar uğursuzluqla nəticələndi. M.Ə.Rəsulzadə Berlində "Azərbaycanın milli haqlarını qorumaq, vətənin xilası və istiqlalı üçün mübarizə etmək, qafqasiyalı millətlərin dostluqları və siyasətcə bir yerdə yaşamaları üçün çalışmaq və Almaniya ilə sıx surətdə işbirliyi təmin etmək" məqsədilə Milli Azərbaycan Komitəsi yaratdı. Almaniya tərəfindən Azərbaycan müstəqilliyinin tanınması məsələsində müsbət nəticə əldə olunmadığını görən Rəsulzadə 1942-ci ilin sonlarında Almaniyanı tərk edib Buxarestə getdi. Müharibənin sonuna yaxın Münxendə gizli şəraitdə yaşayan Rəsulzadənin yaratdığı "Azərbaycan Demokrat Birliyi" cəmiyyəti azərbaycan­lıların faşist əsirliyindən azad olunmasına, bir müddət sonra yaratdığı "Türkiyə-Azərbaycan" cəmiyyəti isə onların Türkiyəyə aparılmasına kömək göstərdi. Müharibədən sonra, 1947-ci ildə Türkiyəyə qayıdan Rəsulzadə burada Azərbaycan Milli Mərkəzinin başçısı kimi fəaliyyətini davam etdirdi. O, eyni zamanda bütün Azərbaycan mühacirlərini vahid mərkəz ətrafında birləşdirmək məqsədilə Ankarada Azərbaycan Kültür Dərnəyini yaratdı (1949-cu il, 1 fevral). 1952-ci ilin dekabrında Münxendə keçirilən Ümumi Qafqaz Konfransında iştirak etdi. Konfransın qərarına əsasən, Azərbaycanın, Gürcüstan və Şimali Qafqazın təmsil olunduğu Qafqaz İstiqlal Komitəsi yaradıldı. Amerika Birləşmiş Ştatlarına gedərək Azərbaycanın Xalq Cümhuriyyətinin yaradılmasının 35-ci ildönümü münasibətilə 1953-cü il mayın 28-də "Amerikanın səsi" radiosu ilə Azərbaycan xalqına müraciət etdi.

Rəsulzadə Azərbaycanın motbuatı tarixində siyasi publisistikanın ən görkəmli nümayəndələrindən biridir. Tədqiqatlar göstərir ki, onun 1903-20-ci illərdə təkcə Azərbaycanın dövri mətbuatında 1200-dən artıq müxtəlif janrda yazıları dərc olunmuşdur. O, ədəbi-publisistik fəaliyyətini siyasi mühacirət illərindo də davam etdirmiş, Azərbaycan xalqının tarixi və ədəbiyyatı ilə bağlı çoxsaylı məqalələr dərc etdirmişdir. Bu dovrdə "Yeni Qafqasya" (1923), "Azəri Türk" (1928), "Odlu yurd" (1929), "Qurtuluş" (1934), "Müsavat bülleteni" (1936), "Azərbaycan" (1952) jurnallarını, "İstiqlal" (1932) qəzetini nəşr etdirmişdir. Rəsulzadə Ömrünün sonunadək Azərbaycanın müstəqilliyinin bərpa olunması uğrunda istiqlal mübarizəsini davam etdirmişdir. 1955-ci il, mart ayının 6-da Ankarada vəfat etmiş və həmin şəhərin Əsri qəbristanında dəfn olunmuşdur. 

Əsərləri:

  1. Seçilmiş əsərləri, c.l (1903-1909), B., 1992; c.2, 1909-1914 (toplayanı, tərtib və transliterasiya edəni və ön sözün müəllifi prof. Şirməmməd Hüseynov), B., 2001;
  2. Azərbaycan Cümhuriyyəti, İstanbul, 1922;
  3. Azərbaycan Cümhuriyyəti: keyfıyyəti-təşəkkülü və indiki vəziyyəti, İstanbul, 1923, B., 1990;
  4. Əsrimizin Siyavuşu, İstanbul, 1923, B., 1995;
  5. İstiqlal məfkurəsi və Gənclik, İstanbul, 1925;
  6. Şəfibəyçilik, İstanbul, 1934;
  7. Çağdaş Azərbaycan ədəbiyyatı, Berlin, 1936, Ankara, 1950, B., 1991;
  8. Azərbaycan kültür gələnəkləri; Ankara, 1949;
  9. Çağdaş Azərbaycanın tarixi, Ankara, 1951, B., 1991;
  10. Azərbaycan şairi Nizami, Ankara, 1951, İstanbul, 1991, B., 1991;
  11. Milli təsanüd, Ankara, 1984;
  12. Stalinlə ixtilal xatirələri, B., 1991;
  13. İran türkləri, İstanbul, 1993; Kafkasya türkləri, İstanbul, 1993.

Ədəbiyyat:

  1. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), c.1-2, B., 1998;
  2. Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;
  3. Məmmədzadə M.B., Milli Azərbaycan hərəkatı, Berlin, 1938, B., 1992;
  4. Azərbaycanın Demokratik Respublikası: Azərbaycan hökuməti (1918-1920), B., 1990;
  5. İbrahimli X., Azərbaycan siyasi mühacirəti, B., 1996;
  6. Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001;
  7. Yaqublu N. Məhəmməd Əmin Rəsulzadə, B., 1991;
  8. Yaqublu N. Azərbaycanın milli istiqlal mübarizəsi və Məhəmməd Əmin Rosulzadə, B., 2001;
  9. Oruclu M.R., Azərbaycanda və mühacirətdə Müsavat Partiyasının fəaliyyəti (1911-1992), B., 2001;
  10. Məhəmməd Əmin Rəsulzadə və ictimai-siyasi ideallar, B., 2005.
  11. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklope­diyası. II cild, Bakı: Lider, 2005
Paylaş: