AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Atropat (e.ə.IV əsrin II yarısı -e.ə.III əsrin I yarısı)

Atropat (e.ə.IV əsrin II yarısı -e.ə.III əsrin I yarısı)

Makedoniyalı istilaçılardan siyasi asılılığa son qoyan ilk Şərq dövləti Kiçik Madanın - Atropatenanın hökmdarı.

E.ə. V-IV əsrlərdə Əhəməni imperiyasının hər yerində olduğu kimi, Cənubi Azərbaycanda da vəziyyət narahat idi. Cənubi Azərbaycan ərazisinin ayrı-ayrı hissələri X, XI və XIV satraplıqların tərkibinə daxil idi. Mada satraplığı (yaxud X satraplıq) əvvəlki Mada padşahlığının, Cənubi Azərbaycan (I Dara zamanında Asaqarta) vilayətlərinin ərazisindən əlavə, parikanilərin və ortokoribantilərin (skif-sakesinlərin) torpaqlarını da əhatə edirdi. Satraplar bir-biri ilə düşmənçilik edir, bir çoxu özünü padşah kimi aparır, "şah" adlandırılırdı. Belə "şah"lardan biri də Mada satrapı Atropat idi. Mərkəzi hakimiyyət üçün ağır olan illərdə Mada satrapı olduqca müstəqil bir siyasət yeridirdi; XI və XIV satraplıqlara daxil olan torpaqları öz əlinə almışdı. Atropat həmin satraplıqların sakinləri ilə müəyyən müttəfiqlik münasibətləri yaratmışdı. Məhz buna görə də kadusilər farslara boyun əyməyərək Qavqamela vuruşmasında Əhəməni imperiyasının müttəfiqləri kimi yox, ancaq madalıların müttəfiqləri kimi çıxış edirdilər (madalılarla "birləşdirilmişdilər"). Bu və daha sonra baş vermiş hadisələr güman etməyə əsas verir ki, Əhəməni sülaləsinin ağır illərində Atropat XI və XIV satraplıqlara daxil olan torpaqların xeyli hissəsini müəyyən dərəcədə özünə tabe edə bilmişdi. Yalnız buna görə Qavqamela vuruşmasında kadusilər və albanlar madalılarla "birləşdirilmişdilər".

Albanlar və sakesinlər də Əhəməni imperiyasının təbəələri deyil, Mada satrapının müttəfiqləri idilər. Çox "ehtimal ki, kadusilər kaspilərin, pavsiklərin, pantimatların və dareytlərin daxil olduqları XI satraplıqla bağlı idilər. Herodotun əsərində kadusilər haqqında məlumatın olmaması, ola bilsin, ondan irəli gəlir ki, Kaspi dənizinin cənub-qərb sahilində yaşamış tayfaların bəlkə də ümumi adı olan "kaspilər" adı altında kadusilər də nəzərdə tutulurdu. Qeyd etmək lazımdır ki, "Kadusilərin torpağı” və "Kaspilərin torpağı" anlayışları sonralar da eyni mənada işlədilirdi. Güman etməyə əsas var ki, XI satraplığa albanlar da daxil idilər və "kaspilər" adını onlara da aid etmək olar. Herodota görə, XI satraplığa kaspilər, pavsiklər, pantimatlar va dareytlər daxil idilər. XIV satraplığa Kür-Araz rayonlarında yaşayan utilər və müklər, habelə yaşayış yerləri Cənubi Azərbaycan vilayətləri və onlara bitişik torpaqlar olan saqartilər daxil idilər. Beləliklə, Cənubi Azərbaycanın bütün ərazisi və Şimali Azərbaycan torpaqlarının xeyli hissəsi bu və ya digər dərəcədə Atropatın hakimiyyəti altında idi.

Mada satraplığına daxil olan digər vilayətlər də (Böyük və ya Aşağı Midiyanın torpaqları və bəzi başqa rayonlar da) görünür, ona tabe idilər. Ola bilsin, o, Qərbi Zaqafqaziyanın da bir hissəsinin sahibi idi. Biz Qavqamela vuruşmasından sonra Atropatla III Daranın qarşılıqlı münasibətlərinin necə olduğunu bilmirik. Lakin güman etmək olar ki, onların arası dəyməmişdi, çünki III Dara İsgəndərlə mübarizəni məhz Madada davam etdirmək ümidində idi. O, Madada yeni qoşun toplamağa çalışırdı və bu işdə müəyyən uğurlar qazanmışdı. Kadusilərdən və skiflərdən (skiflər dedikdə, sakesinlər nəzərdə tutulmalıdır) köməyi də Madada gözləyirdi.

Deməli, Atropat və onun müttəfiqləri III Daranın tərəfini saxlayırdılar. Bunu İsgəndərin Atropat əleyhinə hərəkətləri də sübut edir. Makedoniya padşahı Paretakenadan Madaya hücuma başlayıb, ilk növbədə, Paretakenanı Mada satraplığından ayırdı. Bunun ardınca Madaya yeni satrap təyin etdi. Lakin bir qədər sonra vəziyyət dəyişdi. Aydınlaşdı ki, Atropatla ittifaqda olan kadusilər və skiflər III Daranın tərəfini saxlamırlar. Görünür, Atropat özü də şahənşahın tərəfini saxlamamışdı. Məhz buna görə III Dara Ekbatananı tərk edib monarxiyanın şərq əyalətlərinə qaçdı və tezliklə orada həlak oldu.

Əhəməni imperiyası darmadağın edildikdən sonra İsgəndərlə Atropatın qarşılıqlı münasibətlərinin ilk dövrdə necə olması haqqında biliyimiz yox dərəcəsindədir. Bu münasibətlərin daha çox düşmənçilik münasibətləri olduğunu güman etməyə bəzi əsaslar vardır. Atropat İsgəndərin hüzuruna gəlib boyun əyməmişdi; İsgəndər isə onu vəzifədən götürüb yerinə Oksadat adlı bir nəfəri təyin etmişdi. Ola bilsin, ilk vaxtlarda Atropat hətta İsgəndərlə mübarizəyə girmək niyyətində imiş. Strabon, görünür, buna işarə edərək yazırdı ki, Atropat "bu ölkənin (gələcək Atropatenanın)... makedoniyalıların hakimiyyəti altına düşməsinə yol vermədi".

Lakin Atropat tez bir zamanda makedoniyalılarla qarşılıqlı münasibətləri yoluna qoya bildi. Yəqin ki, yalnız buna görə Atropat e.ə. 328-ci ildə yenidən Madanın satrapı vəzifəsinə qaytarıldı. Lakin Atropatın hakimiyyəti əslində yalnız Kiçik Madaya (ondan asılı olan Zaqafqaziya vilayətləri ilə birlikdə) şamil idi, çünki o zaman Aşağı (Böyük) Madada yunan-makedoniyalılar ağalıq edirdilər.

 Atropat böyük dövlət xadimi idi. Çox istedadlı bir insan, arif bir siyasətçi və bəsirətli bir diplomat kimi Atropat İsgəndərlə hərbi mübarizənin faydasızlığını gözəl başa düşürdü. Buna görə də o, müdriklik göstərərək, yunan-makedoniyalılarla danışıqlar aparmaq, onlara yaxınlaşmaq, Şərqin yeni hökmdarının müxtəlif tədbirlərində iştirak etmək yolunu seçdi. Lakin, nə olursa olsun, Atropat istilaçıların Atropatena ərazisinə soxulmasına "yol vermədi". Azərbaycan və hətta Qafqaz torpaqlarının makedoniyalılar tərəfindən işğal edildiyi haqqında antik dövrün axırlarından irəli sürülən (məsələn, bax: Plini, IV, 10, 39 və başqa müəlliflər), hətta orta əsrlərdə də müdafiə edilən fikirlərin heç bir gerçək əsası yoxdur. İsgəndər olsa-olsa Atropatenanın sərhədlərinə gəlib çatmış, onun ərazisinə isə girməmişdi.

Təzə-təzə təşəkkül tapan, hələ işlərini yoluna qoymamış nəhəng dövlətdə o zaman vəziyyət mürəkkəb və çox dəyişkən idi: özbaşınalıq və korrupsiya hökm sürürdü, satraplar azğınlıq edir, köməksiz-arxasız əhalini açıq-açığına çapıb talayırdılar. Yeni padşah çox keçmədən təxirəsalınmaz işlərlə əlaqədar olaraq uzun müddətə Asiyanın dərinliklərinə getdi və beş ildən ziyadə imperiyanın mərkəzi vilayətlərində olmadı. Əhəmənilərin hökmranlığı dövründə və sonrakı qarışıqlıq illərində olduğu kimi, indi də Atropat fürsəti əldən vermədi. Şərqi İranın və Orta Asiyanın boyun əyməyən tayfalarına və xalqlarına qarşı makedoniyalı fatehin apardığı amansız müharibə illərindən (özünün 328-ci ildə yenidən satraplığa qoyulmasından ta İsgəndərin 324-cü ilin əvvəlində Hindistan səfərindən qayıtmasınadək), şübhəsiz, öz xeyrinə və vətəninin rifahı naminə istifadə etdi.

E.ə. IV əsrin son rübü gələcəyin Atropatenası olan Kiçik Mada üçün daxili yüksəliş və yetişmə dövrü idi - qüvvə toplamaq, tədricən Atropatenanın qüdrət və müstəqilliyinin təməlini qoymaq dövrü idi. Atropat makedoniyalılara yaxınlaşmaq siyasətini davam etdirirdi, qızını Şərqin yeni hökmdarının ən qüdrətli əshabələrindən biri olan Perdikkaya ərə verdi. Bu, İsgəndərin, necə deyərlər, "beynəlmiləl" siyasətinə verilən "bac" idi.

324-cü ilin yay fəslinin sonuna yaxın Böyük Madada vəziyyət bir qədər mürəkkəbləşdi - Bariaks adlı birisi makedoniyalı istilaçılara qarşı mübarizəyə qalxdı. O, Əhəmənilər dövlətini bərpa etməyə çalışırdı. Bunu ondan görmək olar ki, Bariaks özünü Parsa və Madanın padşahı elan etmişdi. İsgəndər Madaya yollandı, lakin Atropat öz qüvvələri ilə Bariaksın üsyanını yatırdı, onu əsir tutub makedoniyalılara verdi və onlar Bariaksı Pasarqadda edam etdilər. Madada İsgəndər məşhur Bağıstan (Bisütun) vilayətinə baş çəkdi. Sonra padşah bir ay Niseya çöllərində qaldı. Ən qədim vaxtlardan burada məşhur cins atlar yetişdirilirdi, elə atlar ki, onların əvvəlcə şöhrəti, sonra da özləri Çinə gedib çatmışdı; Çində onlara "səma atları" adı verilmişdi.

Vaxtilə Niseya çöllərində 160 min at otlayırmış. İsgəndərin vaxtında isə Makedoniya hərbçilərinin çapqınçılığı nəticəsində orada ancaq 60 min at qalmışdı. Padşahı öz satraplığının sərhədində qarşılamaq məqsədilə Atropat da Niseya çöllərinə gəlmişdi. O, bir müddət İsgəndərin yanında da olmuşdu. Müdrik siyasəti ilə Atropat öz ölkəsinin makedoniyalılara tabe olmasına yol vermədi.

İsgəndərin vaxtsız vəfatından sonra, e.ə. 323-cü ildə, onun satrap və sərkərdələrinin Babildə keçirilən müşavirəsində Atropat iştirak etməmişdi. Bu zaman Atropatın kürəkəni Perdikka artıq dövlətin naibi idi. Müşavirədə Mada satraplığı Pitona verildi. Əlbəttə, söhbət yalnız Böyük Madadan gedə bilərdi, çünki Kiçik Madanı felən və rəsmən Perdikkanın qayınatası idarə edirdi. Atropatı hakimiyyətdən salmağa heç bir əsas yox idi, təkcə ona görə ki, o özünü yeni üsuli-idarəyə sadiq olan bir satrap kimi aparırdı. Sonrakı hadisələr də göstərir ki, Atropat satrap hakimiyyətindən məhrum edilməmişdi.

E.ə. 321-ci ildə, Perdikka həlak olduqdan sonra, satraplıqlar ikinci dəfə bölüşdürüldü. Bölgü Atropatın satraplığına şamil edilmədi. Görünür, bu vaxtdan Kiçik Madanı müstəqil dövlət saymaq olar. Deməli, çox ehtimal ki, keçmiş Əhəməni satrapı, əslən, çox güman ki, madalı olan Atropat IV əsrin 20-ci illərinin sonunda yeni dövlətin müstəqil hökmdarı olur; bu dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik qaynaqlarda Atropatena, Şərq qaynaqlarında Aturpatakan adlandırılırdı. Kiçik Mada makedoniyalı istilaçılardan siyasi asılılığa son qoyan ilk Şərq dövləti oldu. Strabonun "Coğrafiya"sında deyilir: "Midiya iki hissəyə bölünür. Bir hissəsi Böyük Midiya adlanır... O biri hissə Atropat Midiyasıdır. Atropatena Midiyası öz adını sərkərdə Atropatdan götürmüşdür, o Atropatdan ki, Böyük Midiyanın bir hissəsi olan bu ölkənin də makedoniyalıların hakimiyyəti altına düşməsinə yol verməmişdi. Çar elan edilən Atropat doğrudan da bu ölkəni öz qərarı ilə müstəqil bir ölkəyə çevirmişdi və onun ailəsində varislik hələ də davam edir. Atropatena hərbi qüvvə mənasında çox sanballı ölkədir, çünki o... 10000 süvari və 40000 piyada... meydana çıxara bilər" [XI, XIII, I]. Beləliklə, Manna dövlətinin süqutundan iki əsr yarımdan çox keçdikdən sonra Azərbaycan ərazisində yenidən müstəqil dövlət meydana gəldi. Diyarın sakinlərinin tarixi müqəddəratında bu möhtəşəm hadisənin həqiqətən misilsiz əhəmiyyəti vardı. Bu hadisə diyarın və hətta Ön Asiya Şərqinin bir hissəsinin qədim tarixində və ilkin orta əsrlər tarixində, şübhəsiz, dərin iz buraxmışdı.

Həmin dövlətin meydana gəlməsinə kömək edən əsas səbəblərdən birini bütün qədim tarix ərzində xeyli dərəcədə aparıcı region olan bu bölgənin özünün iqtisadi, sosial, mədəni və siyasi inkişaf səviyyəsinin çox yüksək olmasında axtarmaq lazımdır. Digər mühüm amil həm İsgəndərin hökmranlığı dövründə, həm də onun ölümündən sonrakı ilk illərdə təşəkkül tapmış siyasi vəziyyət idi: İsgəndərin vəfatından sonra başı onun mirasını bölməyə qarışan Makedoniya sərkərdələri Hellinizm dünyasının mərkəzindən uzaq bir yerdə, əsas hərbi əməliyyat meydanından kənarda yeni dövlətin yaradıldığı məqamı, Plibinin ibarəsincə, "gözdən qaçırmışdılar".

Atropatın qohumluq əlaqələri də bu işdə az rol oynamamışdı. Atropatın şəxsi keyfiyyətlərinin də, şübhəsiz, çox böyük əhəmiyyəti vardı. Öz fəaliyyətində o, yadellilərin hakimiyyətinə tabe olmaq istəməyən yerli əhalinin geniş yardımına arxalanırdı.

Atropatenanın və bəzi qonşu vilayətlərin yerli əhalisindən danışarkən Atropatenanın bəzi tayfalarının, xüsusilə kadusilərin və skif əhalisindən olan müəyyən qrupların və digərlərinin xüsusi cəngavərliyini və qadir gücünü əsla nəzərdən qaçırmaq olmaz. Axı təsadüfi deyildir ki, III Dara üç dəfə basıldıqdan və qoşunlarının demək olar hamısı məhv edildikdən və ya onu atıb getdikdən sonra ümidini ancaq kadusilərə və skiflərə bağlamışdı. Hərçənd kadusilər və skiflər axırıncı Əhəməni - III Daranı müdafiə etmədilər, lakin etibarlı və sanballı bir qüvvə kimi onlara ümid bəslənilməsi olduqca səciyyəvidir və çox şey deyir. Azərbaycanın məhz bu tayfalarına arxalanması sayəsində Atropat öz hakimiyyətini qoruyub saxlaya bilmiş, ömrü digər satrapların ömründən uzun olmuşdu. Bu cəngavər tayfalar olmasaydı, Atropat, çətin ki, müstəqil dövlət yaradıb o təlatümlü illərdə onu qoruya biləydi.

Biz Atropatın hökmranlıq illərinin necə keçdiyini, onun daxili siyasətinin necə siyasət olduğunu, xarici siyasi həyatda nə kimi hadisələr baş verdiyini bilmirik. Biz hətta Atropatenanın bu ilk tacidarının nə vaxt vəfat etdiyini, taxt-tacı kimə miras qoyduğunu da bilmirik. Lakin sonrakı onilliklərin və hətta yüzilliklərin hadisələri göstərir ki, Atropatena monarxiyası banisinin hökmranlıq etdiyi illər gənc dövlətin möhkəmləndiyi və qüvvətləndiyi bir dövr idi. Yalnız buna görə Strabon deyə bilmişdir ki, "hələ indi də (eramızdan əvvəlki dövrün sonu - eramızın başlanğıcı - məsul red.) onun (Atropatın - məsul red.) ailəsində... varislik davam edir". İsgəndərin sərkərdələrinin hakimiyyət uğrunda mübarizə apardıqları təlatümlü illərdə və Selevkilərin hökmranlığı dövründə Atropat yeni yaradılmış dövlətin istiqlaliyyətini qoruyub saxlaya bildi. Lakin İsgəndərin ən qabil sərkərdələrindən biri olan və e.ə. IV əsrin son onilliyində köhnə Əhəməni satraplıqlarının hamısına yiyələnən Selevkin "mərkəzləşdirmə" siyasətinə qarşı bəlkə də Atropatın özü, yaxud ən yaxın varisləri inadlı mübarizə aparmalı olmuşdular. Miandob şəhərindən şərqdə Leylan kəndi rayonunda yerləşən Qazaka (Qanzaka, madalıların qanza sözündəndir, "sərvət, xəzinə" deməkdir), ehtimal ki, artıq Atropatın zamanında dövlətin paytaxtı oldu.

Polibi e.ə. III əsrin son rübünün hadisələrindən danışarkən məlumat verir ki, Atropatenanın bəzi hissələri "Fasisdən yuxarıdakı yerlərdə Pontun (Qara dənizin) üzərində yüksəlir, digər tərəfdən o, Hirkan (Kaspi) dənizinə qədər çatır". Atropatilər və görünür, Atropatın özü də bu vilayətləri ənənəyə görə idarə edirdilər, çünki onlar əslində Mada satraplığı hökmdarlarının siyasi varisləri idilər.

Ədəbiyyat:

  1. Azərbaycan tarixi. Yeddi cilddə. I cild (Ən qədimdən - b.e. III əsri). Bakı. "Elm". 2007. 520 səh. + 40 səh. illüstrasiya.
Paylaş: