AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Atabəy Şəmsəddin Eldəniz (XII əsrin əvvəlləri - 1172)

Atabəy Şəmsəddin Eldəniz (XII əsrin əvvəlləri - 1172)

Azərbaycan Atabəylər dövlətinin banisi.

Orta əsr mənbələrinin çoxu Şəmsəddin Eldənizin gənclik illərinə aid yalnız cüzi məlumatlar verir, həm də bu məlumatlar bir-birinin eynidir. Yalnız daha sonrakı müəlliflər-Mirxond (1433-1498) "Rövzət əs-səfa" və onun nəvəsi Xondəmir (1475- 1536) "Həbib əs-siyar" əsərində Eldənizin gəncliyi haqqında bir qədər ətraflı məlumat vermişlər. Mirxond yazır: Məlumatlı tarixçilər xəbər verirlər ki, qıpçaqların ölkəsində qədim çağlarda belə bir adət var idi: əgər hər hansı bir tacir birdəfəyə 40 qul alsaydı, onlan satan ondan yalnız otuz doqquzunun pulunu alır, qırxıncını pulsuz verirdi. Belə olmuşdu ki, Sultan Mahmudun hakimiyyəti dövründə (1118-1131) bir qul alverçisi 39 qulu satıb, qırxıncı qul üçün pul götürməmişdi. Həmin qul da Eldəniz olmuşdur. Eldəniz satınalınma qullardan ən kiçiyi idi. Mirxondun rəvayətinə görə, İraqda bu qulları sultanın vəziri Əbu Hamid Əli ibn Əhməd əs-Sümeyrəmi tacirdən satın alır. Eldəniz diribaşlığı və fərasəti ilə tezliklə ağasının rəğbətini qazanır.

Hicri 516-cı ilin səfər ayında (may, 1122) ismaililər vəzir Sümeyrəmini Həmədanda öldürürlər. Onun bütün var-dövlətini sultan müsadirə etdirir. Eldəniz də sultanın xidmətinə keçir. Sultan onun bacarığını görüb, tərbiyəsini Əmir Nəsrə tapşırır. Bir müddətdən sonra Eldəniz heç bir sahədə öz tay-tuşlarından geridə qalmırdı, əksinə, at çapmaqda, ox atmaqda onlan arxada qoyurdu. Tezliklə onu sultan mətbəxinə başçı (əlhivan-salar) qoydular. Burada Eldəniz öz sahmançılığını və iş aparmaq bacarığını göstərdi. O, bu vəzifəsində ikən Sultan Mahmudu ölüm yaxaladı.

Sultan II Toğrulun hakimiyyəti dövründə (1132-1135) Eldəniz sultanın şəxsi məmlükləri sırasına keçirildi və o, vəzifə pillələrində sürətlə irəli getdi. Sultanın bütün ömrü boyu məsləhətçisinə çevrilən qadını Mömünə xatın ona xüsusi iltifat göstərirdi. Eldəniz onun göstərişlərinə əməl edərək heç bir vaxt saray münaqişələrinə qarışmır və bir-birilə kəskin ədavət aparan əmirlərin hər hansı bir dəstəsinin tərəfini saxlamırdı. Sultan Eldənizin sadiqliyini qiymətləndirdi və onu əmir rütbəsinədək qaldırdı. Bir qədər keçməmiş sultan II Toğrul Eldənizi azyaşlı oğlu Arslan şaha atabəy təyin etdi. Sultan II Toğrul öləndə isə yeni Sultan Məsud (1135-1152) Şəmsəddin Eldənizi II Toğrulun dul qadınına evləndirdi. Həmin qadından (Mömünə xatından) onun iki oğlu - Nüsrətəddin Məhəmməd Cahan Pəhləvan və Müzəffərəddin Osman Qızıl Arslan və bir qızı oldu.

1136-cı ildə Sultan Məsud Arranı atabəy Eldənizə iqta torpağı verdi və o, Bərdəyə öz iqamətgahına yola düşdü. Eldəniz burada yerli əmirləri tezliklə öz tərəfinə çəkdi, sultan xidmətinə asılılıqdan çıxdı, saraya nadir hallarda gəlirdi. Yavaş-yavaş o, bütün Azərbaycana yiyələndi və xırda əmirlikləri özünə tabe etdirdi.

Şəmsəddin Eldəniz İraq sultanlığı taxtı uğrunda gedən mübarizə nəticəsində baş verən çoxlu ara müharibələrində iştirak edirdi. Azərbaycana göndəriləndən sonra isə o, taxt-tacın hər hansı bir iddiaçısının fəal tərəfdarı olmamışdır. "O gücləndi, bütün böyük hökmdarları əzdi və çoxlarını özünə tabe etdi, türkmənlərin qiyamçı başçılarını tamamilə darmadağın dağıtdı. O, Arran ölkəsindəki çaxnaşmalara son qoydu". Bu mürəkkəb dövrü qələmə alan naməlum erməni müəllifi qeyd edir ki, tarixin bu dövrü "qorxunc və müharibələrdə qələbə çalan, çox dolaşıq qəsdlərin mahir bilicisi, onların rəhmsiz peyğəmbəri böyük xəlifə Eldənizin" hakimiyyəti ilə əlamətdardır. "[Bu xüsusiyyətlərinə görə], o öz xalqı arasında tam ehtiram sahibidir və məşhurdur. O, çox ölkələri fəth etmişdir, [bununla yanaşı] o, xoş xasiyyəti və sülhsevərliyi ilə məziyyətlənir. Onun hakimiyyəti illərində ölkələrin çoxunda asayiş hökm sürürdü".

Mənbələrdən görünür ki, Şəmsəddin Eldəniz bu həyəcanlı dövrdə irəli getməsinə kömək edən döyüşçü və siyasətçi keyfiyyətlərinə malik idi. Sultan sarayının bu sadiq xidmətçisi təmkinliliyi və şəraiti qiymətləndirmək bacarığı ilə fərqlənir, öz vaxtını sakit gözləyirdi. Mənbələr onun fəaliyyətinin birinci dövründən danışarkən sultana və onun ailəsinə sədaqətliyini qeyd edirlər. Eldəniz müstəqil hakim və atabəy olanda, onun əmirlərlə işləri yoluna qoymaq bacarığı ön sıraya çıxır; bu mənada Mxitar Qoşun Arrandakı çaxnaşmalara son qoyulmasına aid məlumatı bizim üçün xüsusilə qiymətlidir.

Əmirlərin çıxışları nəticəsində Süleyman şah taxtdan salınıb öldürülən zaman, qəsdin təşkilatçıları Eldənizə müraciətlə xahiş etdilər ki, öz oğulluğu Arslan şahı İraq sultanlığı taxtına çıxarmaq üçün Həmədana gətirsin. Bu barədə məktubla müraciət edən əmirlərin ittifaqının başında qüdrətli və nüfuzlu Şərafəddin Müvəffəq Qord-Boz dururdu. O və Eldəniz hələ sultan Məsudun məmlükü olduğu vaxtlardan yaxın dost idilər və hər ikisinin nisbəsi əl-Məsudi idi.

Hicri 555-ci ilin zülqədə ayında (noyabr, 1160) atabəy Eldəniz 20 minlik ordunun başında Arslan şahla Həmədana gəldi. Burada onları dövlətin bütün əyan və əmirləri (Reyin hakimi İnancdan başqa) qarşıladılar və təntənəli mərasimdən sonra Arslan şaha tac qoydular. Sultan hakimiyyəti altında olan bütün yerlərdə onun adına xütbə oxundu. Bu gündən Şəmsəddin Eldəniz "Böyük atabəy" (atabəy əl-əzəm) adlanmağa başladı, onun böyük oğlu və sultanın ana tərəfdən qardaşı Nüsrətəddin Cahan Pəhləvan sultanın əmir-hacibi oldu, ikinci oğlu Müzəffərəddin Osman Qızıl Arslan isə sultan ordularının ali baş komandanı (əmir-sipəhsalar əlkəbir) təyin edildi. Eldəniz özünün bürün əmirlərini dövlətdə yüksək vəzifələrə təyin etdi.

Bu dövrdən başlayaraq, atabəy Eldənizin bütün fəaliyyəti yeni dövlət hakimiyyətinin nüfuzunun möhkəmləndirilməsinə yönəldildi. İraq sultanlığının tərkibinə daxil olan vilayətlərin və ölkələrin bütün hakimləri, o cümlədən on un bütün vassalları Sultan Arslan şaha və Böyük atabəyə sədaqət andı içdilər. Ara müharibələri bir müddət dayandı və mənbələrin göstərdiyinə görə, xalq "haqq - ədalət və sakitlik içərisində yaşamağa başladı". Atabəy Şəmsəddin Eldəniz dövlətin müqəddəratının həlledicisi və əsil hakimi idi. Sultan Arslan şah Atabəyin iradəsinin müti icraçısı idi. Onun sultanlıq şərəfi ancaq bununla qurtarırdı ki, adına pul kəsilir və xütbə oxunurdu. Bununla belə əvvəllər ona tabe bütün ərazilərə tam nəzarət etməsə də, güclü dövlət hakimiyyətinin varlığı ilk növbədə iri əyalətlərin hakimlərini və Səlcuqilərin rəqibi Bağdad xəlifəsini qane etmirdi.

Elə ki Arslan şah sultan taxtına çıxarıldı, bundan sonra Eldəniz Bağdada elçi heyəti göndərib, xəlifə Müstənciddən orada yeni sultanın adına xütbə oxunmasını tələb etdi. Ancaq Xəlifə Arslan şahı sultan kimi tanımaqdan imtina edib, yeni mübarizənin qızışdırılması üçün əlverişli vaxtı gözləməyə başladı. Belə ki, Səlcuqilər arasında Sultan taxtına Reyin nüfuzlu əmiri İnancın başçılığı altında bir qrup əmirin müdafiə etdiyi başqa iddiaçılar da var idi. Xəlifənin vəziri İbn Hübeyrə narazı hakimlərə müraciət edib, onlan Sultan Arslan şaha və Böyük atabəy Eldənizə qarşı çıxmağa təhrik edirdi. O, Rey hakimi İnanca, Marağa hakimi Nüsrətəddin Arslan-Aba ibn Ağ-Sunqur Əhmədiliyə (1133- 1174), Fars hakimi atabəy Sunqur ibn Mədud Salquriyə (1148-1161), Qum hakimi Sökmən ibn Qaymaza, Ərdəbil hakimi Ağ Quşa, Qəzvin hakimi Alp Arquna bu cür çağırışla məktub göndərdi.

Əmirlər birləşənə kimi Eldəniz onların hiylələrini bildi. İlk növbədə hicri 556-cı il şaban ayının 9-da (3.08.1161) şahzadə Mahmud şah ibn Məhəmmədin tərəfdarları Həmədan yaxınlığında darmadağın edildi. Eldəniz Reyi tutdu və oranı Cahan Pəhləvana iqta kimi verdi. Rey hakimi İnanc, Sultan Arslan şahdan vassal asılılığını qəbul etməyə və öz qızı İnanc xatını Cahan Pəhləvana ərə verməyə məcbur oldu. Bunun ardınca Qum və Ərdəbil hakimləri sultanın tərəfinə keçdilər. "Sultan və atabəy onların üzrxahlığını qəbul edib, bağışlanmaları haqqında təliqənamə yazdılar. Onlar Həmədanda sultan xidmətinə girdilər, onlann əyalətlərindən yığılan gəlir və xərac sultan xəzinəsinə gəlirdi". Bundan sonra Qəzvin hakimi Alp Arqun məğlub edildi və Qəzvin sultanın mülklərinə qatıldı. Daha sonra Eldəniz Marağa hakimi Nüsrətəddin Arslan-Abaya elçi göndərib, şahzadə Mahmud şah ibn Məhəmmədin verilməsini və özünün də sultan xidmətinə gəlməsini tələb etdi. Ancaq Nüsrətəddin bu tələbi yerinə yetirməkdən boyun qaçırdı və bildirdi: "Sultan mənim yanımda yaşayır!" Onda atabəy Eldəniz Cahan Pəhləvanın başçılığı altında ordu toplayıb, Marağa hakimi Nüsrətəddinə qarşı göndərdi. Nüsrətəddin yardım üçün Xilat hakimi şah-ərmən Seyfəddin Bək-Teymur ibn II Sökmənə (1128-1183) müraciət etdi və o da ordusunu köməyə göndərdi.

Səfidrud çayındakı döyüşdə Cahan Pəhləvan uduzdu və Həmədana qaçdı. Eldəniz və onun xələflərinin Marağa hakimi ilə münasibətləri uzun illər gərgin qalmış, yalnız Qızıl Arslan Marağa hakimini özünə tabe etdirə bilmişdi. Burası da qeyd edilməlidir ki, Marağa hakimi yalnız və yalnız vassal asılılığını qəbul etməklə öz borcunu bitmiş hesab edirdi. Eldənizin bir düşməni də - Fars hakimi Sunqur ibn Mədud qalırdı. Eldəniz İraq sultanlarının bir vassalı kimi ondan tələb etdi ki, Sultan Arslan şahın adına pul kəsilsin və xütbə oxunsun. Sunqur bu tələbi yerinə yetirməkdən imtina etdi. Eldəniz Farsın üzərinə yürümək üçün artıq qoşuna əmr vermişdi, ancaq 1161-ci ildə Sunqur ibn Mədud vəfat etdi və qardaşı Zəngi ibn Mədud (1162- 1175) onun yerinə Farsın hakimi oldu. Müəlliflərdən birində Zəngi ibn Modudun sultandan və atabəy Eldənizdən vassal asılılığı qəbul etməsinin ətraflı təsviri qalmışdır: "Sultan və Atabəy əmir Zəngiyə çağırış vərəqəsi göndərdilər. Onun ürəyini qorxu götürdü və onlara cavab verdi: "Mən sultanın məmlükü və onun quluyam! Mən onun əmrinə qarşı çıxanlardan və ona tabelikdən boyun qaçıranlardan deyiləm. Bəli! Mənim qardaşım səhv hərəkətə yol vermişdi, Allah da sultana görə ondan elə intiqam aldı ki, onun həyatı üzüldü və o, ölümün dadını anladı. Mən qorxuram ki, bundan ötrü sultanın və atabəy Eldənizin ürəyində mənə qarşı kin qalmış olsun və mən istəyirəm ki, özüm üçün təhlükəsizlik əldə edim və bundan arxayın olum ki, sultanın qulluğuna gəlim". "O öz elçisi ilə onların hər ikisinə hədiyyələr və bəxşişlər, nadir şeylər, bütün növlərdən olan müxtəlif geyimlər, həbəş qulamlarından olan xacələr, Qatif və başqa ərəb ölkələrindən alınmış ərəb atları göndərdi və çalışırdı ki, onlar onun xahişinin yerinə yetirildiyi haqqında elçi vasitəsi ilə ona iltizam versinlər..." "Elçi atabəy Zənginin yanına gələndən sonra, o, səliqə-sahmanla hazırlıq gördü və qoşunu ilə birlikdə sultanın qulluğuna yollandı. [Bu vaxt] sultan İsfahanda idi. Atabəy Eldəniz isə Zənginin qərargaha yaxınlaşdığını bilib, bütün ordunun təcili və tam silahlanmasına əmr verdi. Əmr yerinə yetirildi və qoşun yol boyunca düzləndi. Zənginin gələcəyi yerdə sultanla birlikdə qalan atabəy Eldənizdən başqa, bütün əmirlər onu qarşılamağa çıxmışdı. Zəngi sultanın yerləşdiyi yerə yaxınlaşıb təntənənin möhtəşəmliyini və əzəmətini gördü. Bu, onu qorxutdu və ağlını sarsıtdı. Onlar sultana yaxınlaşanda əmirlər və haciblər atlardan endilər, ona tələsməyi əmr etdilər. O tələsdi, onun ruhunu dəhşət və itaət bürüdü, ürəyi isə dondu. Atabəy Eldəniz bunu sezən kimi, öz atını ona sarı tərpətdi və haciblər [Zəngiyə] işarə ilə bildirdilər ki, bu Atabəydir. O istədi ki, [atabəyin] atının dırnaqları altındakı torpağı öpsün, ancaq atabəy buna imkan vermədi. O, atını Zənginin yanına sürüb, atın üstündə onu qucaqladı. Bu zaman Zəngi onun əllərindən öpdü və dedi: "Mənim ağam! Mən bağlaşmaya əsasən sənin yanına qulluğa gəlmişəm!" Sultan Zəngini Farsa və onun nahiyələrinə hakim təyin etdi, ona əmr etdi ki, ədalətli və insaflı olsun, rəiyyətə edilən zülmün qarşısını alsın". Farsın hakimi əvvəllərdə olduğu kimi, vergini ödəməyi davam etdirdi, Sultan Arslan şahın və atabəy Eldənizin adı ilə pul kəsdirməyə başladı.

Çox çəkmədi ki, Ərdəbil hakimi Nüsrətəddin Ağ Quş öldü. Eldəniz onun oğlu Məhəmməddən Ərdəbili və onun ətraf əyalətlərini aldı, onları öz vəliəhdi Cahan Pəhləvanın mülklərinə qatdı, Məhəmməd ibn Ağ Quşa onun əvəzində Həmədanın Bərucird əyaləti verildi. Bu addım, şübhəsiz, Atabəylər sülaləsinin Azərbaycanda yerləşən mülklərinin əsas ərazisini genişləndirməyə yönəldilmişdir. Azərbaycanda torpaq əldə etmək üçün Eldəniz sultanlığın paytaxtı sayılan Həmədanın çox mühüm əyalətini vassala vermişdi.

1167-ci ildə atabəy Eldəniz "Mosula elçi göndərib, sultanın adına xütbə oxutdurmağı, pul kəsdirməyi, əvvəllər Səlcuq sultanlarına nə göndərilirdisə, onları sultana göndərməyi tələb etdi. Onlar tabeçilik və itaətlə cavab verdilər: Sultan Arslan şah ibn Toğrulun adına Mosulda və onunla qonşu vilayətlər Diyarbəkr və əl-Cəzirədə xütbə oxumağa başladılar, ona hədiyyələr göndərdilər. [bunların arasında] məxmər, cins atlar, Bizans qatırları və Misirdə, Dəməşqdə hazırlanmış müxtəlif geyimlər var idi. Qütbəddin Mədud ibn Zəngi ilə atabəy Şəmsəddin Eldəniz arasındakı dostluq möhkəmləndi və onlar əl-ələ verib, Sultan Arslan şah ibn Toğrulun qulluğunda durdular". Bu gətirilən sitatdan görünür ki, Eldəniz belə bir halda öz dövlətinin mövqeyini möhkəmləndirmək üçün Mosul hakimlərinin Səlcuqilərə münasibətdə formal vassallıq münasibətlərindən necə də istifadə etmişdir. Axı məhz Mosul atabəyi Sultan Məsudun Abbasi xəlifələrinə qarşı mübarizəsində əsas qüvvələrdən biri olmuşdur. Mosul atabəyi ilə sülh münasibətləri Eldənizin hakimiyyəti altında olan şərq və cənub-şərq ərazilərində hərəkəti üçün əl-qolunu açdı.

Hicri 563 (17.10.1167-4.10.1168)-cü ildə Kirmanın hakimi Toğrul şah öldü və onun oğlanları arasında hakimiyyət uğrunda mübarizə başlandı. Toğrul şah ın ortancıl oğlu II Arslan şah qaçıb Həmədana -Sultan Arslan şah və atabəy Eldənizin qulluğuna gəldi. Onlar onun xahişini qəbul etdilər. Bu haqda əl-Hüseyni belə yazır: "Atabəy onu ucaltdı, ona hörmət və ehtiram göstərdi, onu təmin etdi. O, onu öz evinə qaytarmaq üçün hazırlığa başladı. O, onun üçün lazımi miqdarda qoşun müəyyənləşdirdi və onlara muzd verdi. O, bu qoşunlara Həmədan valisi əmir Cəmaləddin Məhəmməd ibn Ağ Quşu başçı təyin etdi. Atabəy onun bayrağı altında ən cəsarətli qəhrəmanları və təcrübəli süvariləri göndərdi. Əmir hicri 564 - cü ildə Həmədandan yola düşdü. O, paytaxtın yerləşdiyi Cüvaşirə çatanda oranın hakimi qaçdı və əmir Cəmaləddin Məhəmməd təntənə ilə şəhərə girdi. Qala ona təslim edildi, o da Sultanın və atabəy Eldənizin göstərişinə görə oranı Kirmanın hakiminə təhvil verdi..." II Arslan şah əmirə dedi: "Mən sultanın bu ölkədə canişiniyəm (naib), buna görə də qoşunun muzdu veriləndən sonra nə qalsa, mən sultana göndərəcəyəm. Özümə heç nə saxlamayacağam". Bu barədə o, özü sultana və atabəy Eldənizə yazdı".

Xuzistan hakimi Şimlə də atabəy Eldənizin vassalı idi. Bağdadda Sultan Arslan şahın adına xütbə oxunmasına xəlifənin etirazından sonra Şimlə Eldənizin göstərişi ilə hərəkət edib Bağdadın hüdudlarına hücum etdi və xəlifə Müstənciddən Bəsrə ilə Vasit arasındakı bir sıra torpaqları ona güzəştə getməsini tələb etdi. O bilirdi ki, bu torpaqlan iqta kimi Sultan Arslan şahdan və atabəy Eldənizdən almışdır. Xəlifədən bu torpaqlara yiyələnmək üçün fərman istədi. Yalnız bir neçə aydan sonra xəlifə qoşunları Şimləni tutduğu torpaqlardan çıxartmağa müyəssər oldu.

Beləliklə, atabəy Şəmsəddin Eldəniz Qafqaz dağlarından İran körfəzinə qədər uzanan nəhəng bir ərazini öz hakimiyyətinə tabe etdirdi. Eldənizin hakimiyyətində olan ərazi "Tiflis qapılarından Məkranadək uzanırdı. O, Azərbaycan, Arran, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandaran, İsfahan və Reyə yiyələnmişdi". Mosul, Kirman və Fars atabəyləri, Şirvan, Xuzistan, Xilat, Ərzən ər-Rum və Marağa hakimləri Eldənizin adına (xəlifə və sultanın adına sonra) pul kəsdirib, xütbə oxutduran vassallar idilər. Əl-Hüseyni belə yazır: "Atabəy Eldəniz əsil hökmdar idi. Əmrləri o verir, iqta torpaqlarını paylayır, dövlət xəzinəsinə nəzarət edirdi, Sultan Arslan şah ibn Toğrulun isə ancaq adı hökmdar idi". Şəmsəddin Eldənizin adları çəkilən nüfuzlu şəxslərdən, o cümlədən atabəylərin üzərində sultandan sonra ikinci siyasi hakimiyyət mövqeyi onun fəxri "Böyük atabəy" (atabəy əl-əzəm) adında da öz əksini tapmışdı. Beləliklə, öyrənilən dövrün ən böyük dövlət xadimi atabəy Eldənizin fəaliyyəti, birliyi, nisbi də olsa, ara mübarizələrinin zəiflədilməsi yalnız atabəyin sərəncamındakı hərbi qüdrətə, ehtiyat mənbələrinə və onun nüfuzuna görə əldə edilə bilən dövlətin - İraq sultanlığının mərkəzi hakimiyyətinin möhkəmlənməsinə imkan yaratdı. Eldəniz bir növ ikili hakimiyyətin yaradıcısı oldu: hicri 555 (1160)-ci ildə o, İraq sultanhğında hakimiyyəti öz əlinə aldığı vaxtdan etibarən Sultan dövlət başçısı rolunu formal ifa etməklə səlahiyyəti bitmiş bir şəxsə çevrildi. Qoşunların başçısı, vəsaitlərin sərəncamçısı, nəhayət, vassalların əsil süzerini Atabəy idi.

Əgər biz Böyük atabəy Şəmsəddin Eldənizin daha güclü rəqiblərinin onun yaratdığı dövlətlə qarşılıqlı münasibətlərini işıqlandırmasaq, onun fəaliyyət mənzərəsi yarımçıq olar. Bu rəqib, çarları ta monqol hücumlarına qədər Azərbaycan hakimləri Eldənizlərlə daimi münaqişədə olan Gürcüstan idi. Hicri 556-cı ilin şaban ayında (avqust, 1161) gürcü qoşunları çar III Georginin (1156-1184) başçılığı altında Azərbaycana hücum edib, "Arran ölkəsindəki Ani şəhərini tutaraq, burada çoxlu əhali qırdılar. Sultanın vassalı - Xilatın hakimi şah-ərman Seyfəddin Bəy-Teymur mühasirəyə alınmış şəhərə kömək göstərmək istədi, ancaq gürcülər tərəfindən məğlub edildi və güc-bəla ilə əsir düşməkdən yaxasını qurtardı. Şaban ayında 30 minlik gürcü qoşunu "yenidən islam ölkəsinə soxuldu və Dvini tutdu, bu, Azərbaycan ölkəsinin ucqarında, Rum ölkəsi yaxınlığında bir şəhərdir. Onlar 10 minə yaxın sakini qarət edib öldürdülər, çoxlu qadın və uşağı əsir apardılar. Bir müddətdən sonra gürcü qoşunları yenidən Azərbaycana soxuldu, Gəncə şəhərini tutdular, onu talan etdilər, əhalidən çoxlu əsir alıb, çoxlu hərbi qənimətlə birlikdə apardılar.

Bundan xəbər tutan atabəy Eldəniz öz qoşunlarını gürcü feodallarına qarşı yürüşə hazırladı. Xilatın hakimi Seyfəddin Bəy-Teymur, Marağa hakimi Nüsrətəddin Arslan-Aba, Ərzən ər-Rum hakimi Fəxrəddin, əmir Səltuq və başqa əmirlər də öz qoşunları ilə ona qoşuldular. Eldənizin qoşununun sayı 50 minə çatdı və 558-ci ilin səfər ayında (yanvar, 1163) əmirlərin birləşmiş qüvvələri Gürcüstana hücum etdi. Eldənizin qoşunları ilə gürcü ordulan arasında hərbi əməliyyat bir ay uzandı. Hicri 558-ci ilin şabanında (iyul, 1163) müsəlman əmirlərinin birləşmiş qüvvələri Eldənizin başçılığı altında yenidən gürcülərə qarşı yürüşə başladı. Eldəniz yandırılmış (kül edilmiş) Dvini gürcülərdən geri aldı və III Georgini ağır məğlubiyyətə uğratdı. Bu yürüşdə iştirak edən ibn əl-Əzraq əl-Fariqi yazır: " Gürcülər ən həqarətli məğlubiyyətə uğradılar. Onların varidatından o qədər çox qənimət götürülmüşdü ki, onu təsvir etmək və ya saymaq mümkün deyildi. Çarın axuru gümüşdən qayrılmış ilxı tövləsi ələ keçirilmişdi. Çarın anbarı və onda nə varsa, böyük gümüş çəlləklər də daxil olmaqla, hamısı zəbt edilmişdi. Bu gümüş çəlləklərdən biri sultana göndərildi. Onu və o cür başqa birisini daşımaq üçün bütöv bir araba lazım idi. Sultan onu və o dövrdə dövriyyədə olan dinar hesabı ilə iki min dinarlıq qəniməti öz sarayına göndərdi. O, qızıl və gümüş su qablarını göndərdi, adamların su içməsi üçün onlar Həmədan cümə məscidinə verildi. İkinci çəlləyi türkmənlər götürdü və onu tikə-tikə doğradılar. Müsəlmanlar çox böyük sayda qənimət əldə etdilər və çoxlu adam qırdılar, Abxaziya çarı qaçmağa üz qoydu və qalın meşədə gizləndi. Şah-ərmən üç tay yük ələ keçirdi; birində qızıl və gümüş qablar var idi, ikincisində tayı-bərabəri tapılmayan, müxtəlif qiymətli daş-qaşla örtülmüş, ölçülməz dəyərdə qızıl və cavahiratla bəzədilmiş qızıl və gümüş xaçları olan çar sovməəsi, üçüncü yükdə qızıl, gümüş və cavahirat olan çar xəzinəsi var idi ki, onların bəzilərinə qiymət vermək mürnkün deyildi". Əl-Fariqi yazır: "Mən 549-cu ildə abxaz çarının xidmətinə gələndə həmin meşədə [gələcəkdəki] döyüş yerini görmüşdüm".

Demək olar ki, bütün mənbələr gürcü qoşunlarının məğlubiyyətini Eldənizin yanına qaçıb, gürcü qoşunlannm mövqeləri haqqında ona xəbər verən hansı bir gürcününsə xəyanəti ilə izah edirlər. Alban tarixçisi Mxitar Qoş qeyd edir ki, gürcü qoşunlarının mövqeləri haqqında məlumatı atabəy Eldənizə gürcü çan İvanenin sipəhsaları Sumbat oğlu Orbeli vermişdi. Orbeli çar III Georgiyə qarşı qəsd düzəldən iri gürcü aznaurlarının dəstəsinə başçılıq edirdi. Qəsdçilər "çar taxt-tacını mənimsəmiş" III Georgini devirmək, taxta Georginin qardaşı oğlu, İvane Orbelinin kürəkəni və yetişdirməsi (İvane Demnənin atabəyi sayılırdı) Demnəni çıxarmaq istəyirdilər. Tarixçi Stepannos Orbelian əmir-sipəhsalar İvane Orbelinin xəyanətini məhz belə bir planda təsvir etmişdir: "İvanenin ona qarşı münaqişələrinə çar Georgi son qoymaq istədikdə İvane Lori qalasında gizləndi və oradan öz qardaşı Lipariti atabəy Eldənizin yanına göndərib xahiş etdi ki, öz qoşunları ilə Gürcüstana gəlsin". Gürcüstanın məğlubiyyətindən sonra Liparit atabəy Eldənizin yanında qulluqda qaldı. Onun oğullarından biri - Elikum Eldənizə xidmət etməyə başladı, başqa oğlu İvane isə Atabəyin Gəncədəki canişininin yanında qulluğa girdi.

Yuxarıda qeyd edilən hadisə Sədrəddin əl-Hüseyninin əsərində başqa cür təsvir olunur. Eldəniz Dvin gürcülər tərəfindən dağıldıqdan sonra öz qoşunlarını Gürcüstan üzərinə göndərəndə, gürcülərdən belə bir tələblə məktub aldı: "Hər il [bizim] çarın xəzinəsinə daxil olan Gəncə və Beyləqanın xəracı bizə çatır. Ancaq bir neçə ildir ki, xəzinəyə gələn gəlir kəsilmiş və biz arzu edirik ki, sən həmin pulu verəsən". Atabəy Şəmsəddin Eldəniz gürcülərə belə cavab verdi: "Mən İraqda qalmayıb, bu ölkəyə ona görə gəldim ki, qoşun toplayam, Tiflisə yürüyəm, onu tutanadək aramsız mühasirədə saxlayam. Əgər sizdə qüvvə varsa, onu meydana çıxarın, onsuz da mən sizin ölkənizə hücum edəcəyəm. Mən sizin üzərinizə [elə] qoşunla gəlmişəm ki, ondan sizi qılınc vurmaqdan və [nizə] uclarından başqa bir şey qurtara bilməz". Bundan sonra Atabəy Həmədandan Sultan Arslan şahı qoşunla çağırtdırdı və hər iki qoşun Naxçıvanda birləşən kimi, ordu hərəkətə gəldi və Gəncəyə çatdı. Gürcüstan çarı III Georgi Eldənizin və Sultanın nəhəng qoşunla gəldiyini bilib, Azərbaycana hücum etmək qəsdindən əl çəkdi və Atabəyə belə yazdı: "Mən səndən nəyi tələb edirdimsə, ondan imtina edirəm. Mən bir də sənə bədlik gətirən heç nə etməyəcəm. Mən sənə nə yararlıdırsa, onunla razıyam və nə istəyirsənsə, onu yerinə yetirməyə hazıram!" Gürcü elçisi çar III Georginin məktubunu gətirəndən sonra atabəy Eldəniz bütün əmirləri topladı və gələcək əməliyyatlar barəsində məsləhətləşməyə başladı. Hərbi şuradan sonra Eldəniz və Sultan, həmçinin bütün əmirlər Gürcüstan üzərinə yürüməyi qərara aldılar. Türkmənlərin iri birləşmələri də Sultan qoşununa qoşuldular. Gürcüstan çan onun ölkəsinə hücumu bildikdə, onlann qarşısını almağa tələsdi. O hazırlaşdı, silahlandı, dağılmış və səpələnmiş [qüvvələri] topladı, böyük bir qoşun və döyüş arabaları ilə hücuma keçdi. [Gürcü] çarı qoşunun çoxluğunu və bir-birinin ardınca köməyə gələn dəstələri görəndə, o və onun qoşunu öz mövqelərini buraxdılar və onları qabaqdan və arxadan qılınclar yaxaladı. Allahın sadiq bəndələrinin - müsəlmanların sayı kafir allahsızların yığnağının [sayını] keçdi, onlan od-alova yaxdı, atılıb-düşməyə və dingildəməyə məcbur etdi. Günortadan sonra müsəlmanlar Allahın darmadağın olunmuş düşmənlərinə qalib gəldilər, onların 10 minə yaxın qəhrəman və igidini qılıncdan keçirib, vəhşi heyvanlara və quşlara yem olaraq düzə tökdülər. Allahsızların əyan dəstəsi mühasirəyə alınıb əsir götürüldü. Onlan yandırılmağa məhkum edilmiş cinayətkarlar kimi sultan və atabəy Eldəniz olan yerə güclə aparırdılar... Gürcüstan çarı isə öz canını qaçmaqla qurtardı, qənimətsiz boş əllə, qələbə əvəzinə məğlubiyyətlə qayıtmasından razı idi. Müsəlmanlar hələ bu vaxtadək onlardan hər hansı birisinin və qoşunların ın ala bilməyəcəyi qənimətə yiyələndilər. Döyüşçülər atlar, çoxlu əşya, gözəl çadırlar, inci kimi təzə qulamlar və qənimətlərə qərq olmuşdular. Çarın ələ keçirilmiş varidatı içərisində çar atlarının suvarıldığı gümüş vedrələr, yemək hazırlanan qablar, kürsülər, boşqablar, məcməyilər, kuzələr var idi və bunların hamısı qızıldandı. Onun xəzinəsində böyük miqdarda qiymətli qaş-daş, inci və mərcan tapdılar". Belə bir məğlubiyyətə baxmayaraq, gürcü qoşunu hicri 559-cu il cumadi əl-əla ayında (aprel, 1164) yenidən Ani şəhərinə basqın etdilər və onu taladılar. Özünü yetirən atabəy Eldəniz onları şəhərdən qovdu və düşməni izləməyi Sürməri hakimi İbrahimə həvalə etdi. Eldəniz özü isə şəhərin bərpası haqqında göstəriş verdi və hicri 559 (1164)-cu ilin sonunda Anini əmirlərdən Şəddad və Fəzlunun qardaşı Əmir Şahənşaha (1164-1174) verdi. 561 (1166)-ci ildə böyük bir gürcü qoşunu Azərbaycana soxuldu. Gəncəyədək gəlib çatdı, orada qətlə və talanlara başladı. Hicri 569-cu ilədək nə gürcülər, nə də atabəy Eldəniz heç bir fəal fəaliyyət göstərmədi. 569-cu il qışın ortalarında (yanvar, 1174) Atabəyin qadını Mömünə xatın Naxçıvandan Həmədana gəlib, gürcü qoşununun yeni hücumu haqqında xəbər gətirdi.

Baharın gəlişi ərəfəsində, Atabəy və onun oğulları başda olmaqla ordu Naxçıvana yollandı, Qurban bayramı günü (yanvar, 1174) yürüş üçün hər şey hazır idi. Bir neçə gündən sonra ordu "torpaqları Naxçıvandan üç mənzil məsafədə olan" gürcülərə qarşı hücuma keçdi. Ancaq baş qaldıran taun xəstəliyi Atabəyin ordusuna böyük tələfat verdi: "Hər yüz döyüşçüdən, demək olar, hamısı ölürdü. Taun çox insan həyatı apardı. Buna baxmayaraq, Böyük atabəy və şah-ərmən (Nəsirəddin Sökmən) azsaylı qoşunla abxaz çarına qarşı yürüşü davam etdirdilər. Gürcülər əlçatmaz dağlarda və qalın meşələrdə gizləndilər". Atabəyin qoşunu Ağşəhər qalasını tutdu və ətraf nahiyələri talayıb Naxçıvana qayıtdı. Hicri tarixi ilə 570-ci il rəbiüləvvəl ayında (oktyabr, 1174) gürcü qoşunları bir neçə gün içində Anini mühasirəyə aldılar, şəhəri ələ keçirib taladılar və oraya öz canişinlərini təyin etdilər. Atabəy Eldəniz öz qoşunlarını Aninin hakimi Şahənşahın köməyinə göndərdi, ancaq "böyük döyüşdən" sonra gürcülər tərəfindən məğlub oldu. Bir müddətdən sonra Eldəniz yeni qüvvə toplayaraq bir daha gürcülərə qarşı çıxdı. Düşmən tərəflər Dvin yaxınlığındakı düzdə qarşılaşdılar, ancaq döyüş baş vermədi, Eldəniz qoşunlarını Naxçıvana qaytardı. Hicri 571-ci il məhərrəm ayında (avqust, 1175) atabəy Eldəniz, Sultan Arslan şah, Xilat hakimi Şahərman və Diyarbəkr hakiminin qoşunu Cahan Pəhləvanın başçılığı altında gürcülərə qarşı daha bir yürüş düzəltdilər. "Onlar Lori Dmanisi düzənliyinə çatdılar, vilayəti yağmaladılar, Axalkalaki ilə Trialeti arasında yerləşən Ağşəhər mahalına girdilər və buranı elə dağıtdılar ki, sanki burada qabaqlar bir kimsə yaşamamışdır. Gürcülərin çarı keçilməz sıx meşədə gizləndi. Eldəniz burada bir neçə gün qaldıqdan sonra Naxçıvana qayıtdı".

Atabəy Eldəniz və onun xəlifələri Gürcüstan ilə arasıkəsilməz mübarizədə Azərbaycan və qonşu vilayətlərin xristian əhalisini öz tərəflərinə çəkməyə ümid bəsləyirdilər. Azərbaycan Atabəyləri bu məqsədlə yerli ruhaniləri himayə edirdilər.

Sultan Arslan şahın və atabəy Eldənizin torpaqlarının uzaq şərqində Nişapur hakimi Müəyyid Ay-Aba onların vassalı idi. Böyük Sultan Səncərin ölümündən sonra, 1157-ci ildə Ay-Aba güclənməkdə olan Xarəzmşah İl-Arslan (1156-1172) tərəfindən gözlənilən təhlükənin qarşısını almaq məqsədilə sultanın yardımına, daha doğrusu, Atabəy Eldənizin yardımına ümid bəsləyərək, Sultan Arslan şahın adına xütbə oxutdurdu. Atabəyin köməyinə arxalanan Ay-Aba hicri 558 (1163)-ci ildə Kumis vilayətinə hücum etdi, Bistam və Dəmqan şəhərlərini tutdu, vilayətə öz canişini Tengizi təyin etdi, o isə Mazandaran şahı Rüstəmlə münaqişəyə girdi. 1163-cü ilin oktyabrında Rüstəm şahın ordusu əzildi və onun torpaqları Ay-Aba torpaqlarına birləşdirildi. Sultan Arslan şah və atabəy Eldəniz Ay-Abaya fəxri geyim, bayraq və hədiyyələr göndərdilər və onun İraq sultanlığının şərqində canişinlik rütbəsini təsdiqlədilər. Atabəyin təklifi ilə Ay-Aba hakimiyyəti altında olan bütün torpaqlarda Sultan Arslan şahın adına xütbə oxutdurmağa başladı. Hicri 562 (28.10.1166-16.10.1167)-ci ildə Ay-Aba Həmədana gəldi və atabəy Eldənizə bildirdi ki, Xarəzmşah İl-Arslan öz qoşunlarını Nişapuru tutmağa yönəltmişdir. O, Atabəyi qabaqcadan xəbərdar etdi: "Əgər siz ona qarşı çıxıb qabağını almasanız və qəsdlərinin yolunu kəsməsəniz, onda sizin qənşərinizdə [yerin altından] elə bir bulaq fəvvarə vuracaq ki, onun gözünü tıxaclaya bilməyəcək və elə dəniz yaranacaqdır ki, axınını dayandıra bilməyəcəksiniz". Atabəy Eldəniz Həmədandan Reyə yollandı və oradan Xarəzmşah İl-Arslanın yanına aşağıdakı məzmunda bir məktubla elçi göndərdi: "Doğrudan-doğruya bu Müəyyid Ay-Aba sultanın məmlükdür, Xorasan isə sultanın ölkəsidir, onun atalarının və babalarının yeridir. Eləcə də sənin qaldığın Xarəzm də onun mülküdür! Əgər sən Nişapura hərəkət etsən, onda mənim cavabım sənə qarşı hücum və bizim aramızda müharibə olacaqdır. Sən özün haqqında düşünmürsənmi!" Atabəy Eldənizin məktubu Xarəzmşahı qəzəbləndirdi və o öz qoşununu Nişapurun mühasirəsinə yönəltdi. Şəhərin mühasirəsi iki ay sürdü, ancaq Nişapur dayanıb tab gətirdi. Xarəzmşah Eldənizin qoşunlarının Bistama hücumunu eşidəndə, öz qoşununu Nişapurdan geri çəkdi və Bistamın divarları önündə Atabəylə üz-üzə gəldi. Onların arasındakı döyüş bir nəticə vermədi, ancaq yaxın bir vaxtda Müəyyid Ay-Aba özü Xarəzmşahın tərəfinə keçdiyindən, Nişapur İraq səlcuqiləri üçün itirilmiş oldu.

Hicri 563 (17.10.1167-04.10.1168)-cü ildə Marağa hakimi Nüsrətəddin ArslanAba əl-Əhmədili xəlifə Müstəncidə məktub göndərib ondan xahiş etdi ki, Bağdadda xütbəni Sultan Mahmudun adına oxutdursun. Atabəy Eldəniz qiyam qaldırmış vassalı itaətə gətirmək üçün oğlu Cahan Pəhləvanın başçılığı altında qoşunu silahlandırdı. Marağanın divarları önündə Nüsrətəddin Arslan-Aba məğlub edildi. Cahan Pəhləvan Marağanı mühasirəyə aldı, ancaq sonra banşıq bağladı. 564 (05.10.1168-24.09.1169)-cü ildə atabəy Eldəniz Rey şəhərini və nahiyəsini yenidən ələ keçirtdi. Buna səbəb Rey hakimi Əmir İnancın dövlət xəzinəsinə illik vergini ödəməkdən boyun qaçırması idi. Eldəniz vergini almağa öz adamlarını göndərəndə, İnanc rəsmən imtina etdi. Bu zaman Atabəy İraqdan bir məktub aldı. Ona sadiq adamlar bildirirdilər ki, Əmir İnanc İl-Arslanla sazişə gəlib, Atabəydən imtina etmək və Reyi ətrafı ilə birlikdə Xarəzmşahın hakimiyyətinə vermək qərarına gəlmişdir. Xarəzmşah da Reyi öz torpaqlarına birləşdirdikdən sonra, daha qərbə doğru hərəkət etməyə ümid bəsləyərək, İnancın köməyinə böyük bir ordu ayırdı. Xarəzmşah qoşunları ilə Eldəniz arasındakı döyüş Xarəzmilərin və Rey qalasında gizlənən İnancın məğlubiyyəti ilə başa çatdı. İnanc yenidən Eldənizlə sülh bağlamağa çalışdı və vəziri Sədəddin Aşallanı Atabəylə danışığa göndərdi.

Vəzir qərara gəldi ki, ən yaxşısı Eldənizin təklifıni qəbul etməkdir. Onun hiyləsi ilə üç qulam İnancı öldürdü və atabəy Eldəniz bunun müqabilində Sədəddini "şəhərin hakimi və Pəhləvanın demək olar ki, bütün işləri üzrə müvəkkil" qoymaqla mükafatlandırdı. 565-ci ilin şəvvalında (18.06.-16.07.1170) Mosulun hakimi, Sultan Arslan şahın və atabəy Eldənizin vassalı atabəy Qütbəddin Mədud öldü. Onun oğlu Seyfəddin Qazi Mosula yiyələndi. Ancaq onun əmisi Nurəddin Mahmud taxt-tac iddiasına düşüb, qoşunla qardaşı oğluna qarşı çıxdı. Belə olduqda, Seyfəddin Qazi öz qardaşı İzzəddin Məsudu Nurəddin Mahmuda qarşı yardım üçün atabəy Eldənizin yanına göndərdi. Eldəniz Nurəddin Mahmuda məktub göndərib, Mosula hücum etməyi ona qadağan etdi. Ancaq Nurəddin bu məktubu nəzərə almadı.

Sultanla Azərbaycan atabəyi arasındakı münasibətlərin qaydaya salınmasında böyük köməyi olan və bununla da ara müharibələrinin alovlanmasının qabağını alan, böyük atabəy Şəmsəddin Eldənizin qadını Mömünə xatın 571-ci il rəbiüləvvəl ayının ortalarında (19.09.-18.10.1175) Naxçıvanda vəfat etdi.

Salnaməçi Sədrəddin əl-Hüseyni dövlətdə sultanın asılı vəziyyətini, atabəy Eldənizin tam hökmranlığını və sultanın anası Mömünə xatının mövqeyini aydın təsvir etmişdir. O yazır ki, "Sultan Arslan yalnız formada, Eldəniz isə həqiqətdə hakim idi. [Atabəy] əmrlər verir, torpaqlan iqta kimi paylayır, xəzinələri özü istədiyi kimi ölkənin hər hansı bir yerinə köçürərək, onların ixtiyarını əlində saxlayırdı. Sultan isə bu barədə onunla ixtilafa girə bilmirdi və bəzən onun sinəsi atabəy Eldənizin idarə işlərindəki mütləqiyyətindən, əmrlər [verməsindən], istədiyi adama iqta paylamasından sıxılırdı. Sultan bu barədə danışanda, onun anası Mömünə xatın (o, Eldənizin qadını, həm də onun iki oğlu - Nüsrətəddin Pəhləvanla Müzəffərəddin Qızıl Arslanın anası idi) belə cavab verdi: "Özünü o yerə qoyma! Bu adam öz həyatını təhlükə altına qoymuş və dönə-dönə ağır döyüşlərə atılmışdı. [Bundan başqa] o, özünün ən qiymətli xeyirxahlığını əsirgəməmiş, səni sultan [taxtına] çıxaranadək özünün çoxlu qulam və silahdaşlarını ölümə göndərmişdi. Səlcuqilərin içərisində səndən böyükləri nə qədər var, ancaq həbslərdə yatırlar və həyatları sıxıntılı keçir. Onlar öz yerlərindən tərpənə bilsəydilər, qəsdləri yüksək olardı. Ancaq onlar bacarmırlar! Sən isə sultan taxtındasan, o da, onun iki oğlu da sənə qulluq edir, sənin qabağında durur, sənin düşmənlərinlə vuruşur, rəqiblərinə üstün gəlirlər, sən və sənin könlün isə bütün bunlardan azaddır! Atabəy hər nə edirsə - bağışlayır və ya geri alır - bunların hamısı sənin qüdrətli dövlətinin möhkəmləndirilməsi, sənin hakimiyyətinin daha da bərkiməsi üçün edilir. Qoy onun hərəkətləri səni kədərləndirməsin, onun cəhdləri səni qayğılandırmasın. O ki sənin məmlükündür! O, öz anasından bunları eşitdikcə susurdu".

Atabəy Eldəniz ölümündən bir az əvvəl öz qadını Mömünə xatının1 qəbri üzərində məqbərə tikdirməyə başladı, ancaq onun tikintisi yalnız atabəy Cahan Pəhləvanın vaxtında, 582-ci ilin məhərrəmində (aprel, 1186) başa çatdı. Məqbərəni o zaman məşhur memar Əcəmi ibn Əbu Bəkr inşa etmişdi.

Böyük atabəy Şəmsəddin Eldəniz öz arvadından bir ay sonra -571-ci ilin rəbiəssani ayında (19.10.-16.11.1175) öldü. Bu, onun ölümünün daha dəqiq tarixidir və rəsmi saray dairələrinə daxil olan Ravəndinin məlumatlarına əsaslanır. Ravəndi yazır ki, Sultan Arslan şah 571-ci il cumad əs-sani ayının ortalarında (17.12.1175-14.01.1176) öldü və əl-Hüseyni də bunu təsdiq edir. O yazır ki, sultan "Atabəy Eldənizin ölümündən iki ay sonra" öldü.

Azərbaycan Atabəyləri dövlətinin yaradıcısı Şəmsəddin Eldənizin hakimiyyətinə yekun vurarkən, qeyd etmək lazımdır ki, o, ona tabe ərazini genişləndirməyə çalışır və öz müasirləri vilayət hakimlərinin üsulları ilə - əmirlərlə vaxtaşın ittifaqdan istifadə edərək, həmin anda da həmçinin dönükcəsinə və saymazyana hərəkət edirdi. Buna baxmayaraq, Böyük atabəyin hər şeydən əvvəl mərkəzi hakimiyyətin hərbi qüvvələrinin və maddi ehtiyatlarının möhkəmləndirilməsinə yönəldilən fəaliyyətindəki yaradıcı anlar bizə daha əhəmiyyətli görünür. Bütün dövlət quruluşu sisteminin nizama salınması, hər şeydən əvvəl, vassalların mərkəzi hakimiyyətlə bağlılığının möhkəmləndirilməsi, sözsüz ki, hərbi qüdrətin gücləndirilməsi ilə bağlı idi. Bir daha yada salaq ki, Sultan Məsudun bütün hakimiyyət dövrü əmirlər ittifaqı ilə ara müharibələrində keçmiş və Sultan hökuməti məhz hərbi gücsüzlüyü ucundan bu mübarizədə sərt və müstəqil mövqe tuta bilmədi. Mərkəzdən qaçan qüvvələrin öz fəaliyyətlərini davam etdirmələrinə, xarici siyasətin mürəkkəbləşdiyi dövrdə əmirlərin mərkəzi hakimiyyətdən müstəqilliyə can atmalarının güclənməsinə baxmayaraq, adi sərkərdələrdən olmayan atabəy Eldənizin hərbi qüdrəti ilə sultan suverenliyinin birləşməsi, feodal iyerarxiyasında Böyük Atabəyin birinciliyinin rəsmi tanınması sultanlıq ərazisində siyasi vəziyyətin sabitləşməsinə səbəb olmuşdu. Eldəniz əsas qüvvələrini Gürcüstan ilə mübarizəyə təsadüfən toplamamışdı və öz hakimiyyətini bərqərar etdikdən sonra, adətən, güclü qonşuları ilə, xüsusən Xarəzmşahlar dövləti ilə uzun münaqişələrdən qaçırdı. Eldənizin ardıcıllığı və fəal gücü, sultan hakimiyyətinin nüfuzundan bacarıqla istifadə etməsi və bununla hakimiyyətin müdafiəçisi və feodal təşkilatının başçısı kimi yüksəlməsi, tədbirli xarici siyasəti -bütün bunlar göstərir ki, Azərbaycan Atabəyləri dövlətinin yaradıcısı öz dövrünün nəhəng siyasi xadimi olmuş və sultanın qəyyumu kimi mövqeyindən müvəqqəti nailiyyətlər üçün deyil, bir tərəfdən özülünü qoyduğu sülalənin torpaqlarının genişləndirilməsi, başqa bir tərəfdən isə mərkəzi hakimiyyətin qüvvətləndirilməsi üçün istifadə etdiyinə görə həqiqətən uzaqgörənlik etmişdir. Təsvir etdiyimiz bu vəziyyət mənbələrdə, o cümlədən Eldənizin müasirlərinin əsərlərində qeyd edilir. Əl-Hüseyni yazır ki, "Bağdad və onun ətrafından başqa, bütün ölkələr Eldənizin hakimiyyəti altına düşdülər". İbn əl-Əsir atabəy Eldənizin "Tiflis qapılarından Məkrana qədər uzanan" torpaqlarını daha ətraflı sadalayır. Tarixçi yazır: "O, Azərbaycan, Arran və Şirvana, Cibəl ölkəsinə, İraq, Həmədan, Gilan, Mazandaran, İsfahan və Reyə yiyələnmişdi. Xilat, Fars, Xuzistan, Mosul və Kirmanın hakimləri ona tabe idilər".

Ədəbiyyat:

  1. Bünyadov Z. Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər). Bakı: Şərq-Qərb, 2007, 312 s.
Paylaş: