AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Xəlil bəy Xasməmmədov (1873-1947)

Xəlil bəy Xasməmmədov (1873-1947)

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi və dövlət xadimlərindən biri. Gəncədə "Türk Ədəmi-Mərkəziyyət partiyasının yaradıcılarından biri.

Xəlil bəy Hacıbaba oğlu Xasməmmədov 1873-cü il, oktyabr ayının 25-də Gəncədə anadan olub. Gəncə klassik gimnaziyasında orta təhsil almışdır.  1895-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirib. Yekaterinodar (indiki Krasnodar) və Yelizavetpol (Gəncə) dairə məhkəmələrində işləmişdir. "İttifaqi-müslimin" təşkilatının din və hüquq komissiyalarının üzvü olmuşdur. 1907-ci ildə Yelizavetpol quberniyasından 2-ci Dövlət dumasına deputat seçilmişdir. Xəlil bəy Xasməmmədov Fətəli xan Xoyski ilə birlikdə Dumanın milli-dini bərabərlik komissiyasının, Dumanın ikinci şöbəsinin və beş komissiyasının üzvü olmuş, xalq azadlığı partiyasını təmsil etmişdir. Özlərini "solların gənc tatar partiyasına" aid edən Xoyski və Xasməmmədov fraksiyanın proqramını "Varlılar və zadəganlar üçün" nəzərdə tutulduğundan, tam şəkildə qəbul etmirdilər. Xasməmmədov Dumanın müsəlman fraksiyasının iclasında amnistiya məsələsini qaldırmış və onun qanunvericilik yolu ilə keçirilməsini təklif etmişdi. 3-cü Dövlət dumasında (1907-12-ci illər) Xasməmmədov Azərbaycanı təmsil edən yeganə deputat idi. O, Dumanın imperatora müraciət hazırlanması, sorğular, köçürmə işi, məhkəmə islahatı üzrə komissiyalannın üzvü idi. Xəlil bəy Xasməmmədov Qafqaz müsəlmanlarının mənafeyini müdafiə edərək Duma deputatlarına bəyan etmişdi ki, "dövlətimizin siyasi quruluşunun bu və ya başqa ciir adlanması qətiyyən vacib deyil, bu siyasi quruluşun tələbatımızı, istəklərimizi yerinə yetirməyə qadir olan məzmunu bizim üçün daha vacibdir”. Xasməmmədov Dumanın iki illik fəaliyyəti dövründə müsəlmanların hüquqlarının imperiyanın əsas əhalisi ilə bərabərləşdirilməsi, onların maariflənməsi, rifahının yüksəldilməsi üçün heç bir iş görülmədiyini Duma üzvlərinin nəzərinə çatdırmış, kəndlilərin torpaq azlığından əziyyət çəkdiyini vurğulamışdır.

Xasməmmədov Dumanın bütün fəaliyyəti dövründə müxtəlif sorğular və məsələlər üzrə (ədalətli idarəçilik, yerli əhaliyə torpaq verilməsi, xalq təhsili, hərbi mükəlləfıyyət, seçki, dini etiqad, zemstvə idarələrinin tətbiqi, yerli məhkəmənin dəyişdirilməsi və s.) çıxış etmişdir. Xalq təhsili məsələləri barədə çıxışlarında Xasməmmədov ibtidai məktəbdə ana dilində təhsili müdafiə etsə də, "dövlət dilini bilməyi zəruri" sayırdı. Xasməmmədov Zaqafqaziya (Qori) seminariyası Azərbaycan şöbəsinin Yelizavetpola (Gəncəyə) köçürülməsi və onun müstəqil seminariyaya çevrilməsi barədə Xalq Maarifı Nazirliyi qarşısında vəsatət qaldırmışdı. O, 1911-ci il noyabrın 30-da hərbi mükəlləfıyyət barədə qanun layihəsi üzrə çıxış edərkən hərbi mükəlləfiyyətin müsəlmanlara da şamil olunmasını tələb etmişdi.

Xasməmmədov 1913-1917-ci illərdə Yelizavetpol şəhər bələdiyyə rəisi işləmişdir. 1917-ci il Fevral inqilabından sonra Gəncədə "Türk Ədəmi-Mərkəziyyət partiyasının yaradıcılarından biri, 1917-ci ildə keçirilmiş Qafqaz (Bakı, aprel) və Ümumrusiya (Moskva, may) müsəlmanları qurultaylarının iştirakçısı olmuşdur. "Müsavat" partiyasının birinci qurultayında (Bakı, 1917-ci il, 26-31 oktyabr) Mərkəzi Komitənin üzvü seçilmişdir. Xasməmmədov Azərbaycan milli hərəkatının rəhbərlərindən biri, Yelizavetpol Qəza İcraiyyə Komitəsinin sədri, Zaqafqaziya komissarlığında Dövlət nəzarəti komissarı, Zaqafqaziya seyminin, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan (1918-ci il, 26 may) sonra Azərbaycan Milli Şurasımn (1918-ci il, 27 may) üzvü olmuşdur. O, 1918-ci ildə keçirilməsi nəzərdə tutulan İstanbul konfransına göndərilən Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinə daxil idi.

X.Xasməmmədov Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci Hökumət kabinəsində ədliyyə naziri, 2-ci kabinədə əvvəlcə portfelsiz nazir, 1918-ci il 6 oktyabr kabinədaxili dəyişikliklərdən sonra ədliyyə naziri, 3-cü kabinədə daxili işlər naziri, 5-ci kabinədə ədliyyə naziri vəzifələrində çalışmışdır. "Müsavat" partiyasından Azərbaycan Parlamentinin üzvü idi. X.Xasməmmədov Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz respublikaları konfransında (1919-cu il, aprel-iyun) iştirak etmişdir.

Xasməmmədov 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə səfiri təyin olunmuşdu. Aprel işğalından (1920) sonra Azərbaycana qayıtmamış, İstanbulda yaşamış, coşğun siyasi-publisistik fəaliyyət göstərmiş, “Yeni Qafqasya” (1923-1927), “Azəri-türk” (1928-1931), “Odlu yurd” (1920-1930), "Azərbaycan yurd bilgisi" (1932-ci ildən nəşr olunub) jurnallarında, Parisdə fransızca çıxan "Prometey" (1929-1938), rusca "Kavkaz" (1932-1938), Berlində Azərbaycan türkcəsində nəşr edilən "İstiqlal" (1932-1934) və "Qurtuluş" (1934-1938) qəzet və jurnallarında siyasi məzmunlu məqalələr dərc etdirmişdir.

Xasməmmədov Azərbaycan Milli Mərkəzi (1924-cü il, İstanbul) Mərkəzi Komitəsinin və "Müsavat" partiyası xarici bürosunun (İstanbulda fəaliyyət göstərirdi) 3 nəfərdən (Məhəmməd Əmin Rəsulzadə - sədr, Mirzə Bala Məmmədzadə - katib və Xəlil bəy Xasməmmədov - xəzinədar) ibarət rəyasət heyətinin üzvü idi. 1930-cu illərin əvvəlində Milli Mərkəz və Xarici Büro daxilindəki ixtilafların dərinləşməsi Azərbaycan siyasi mühacirətinin parçalanması ilə nəticələndi. Mustafa bəy Vəkiləv, Şəfi bəy Rüstəmbəyli və digərləri ilə birlikdə Xasməmmədov M.Ə.RəsuIzadəyə qarşı müxalif mövqedə dayanırdı. Sovet hökumətinin təzyiqi ilə M.Ə.Rəsulzadə Türkiyəni tərk etdikdən sonra Xəlil bəy, Şəfı bəy Rüstəmbəyli və başqalarının Avropadakı mərkəzdən göstəriş almadan, müstəqil fəaliyyət göstərmək meyli gücləndi. Nəticədə, Milli Müsavat Xalq Partiyasının konfransında (avqust 1936-cı il, Varşava) Xəlil bəy Xasməmmədov partiya sıralarından xaric edilmişdi.

Azərbaycanın bütün Qafqazın türk-müsəlman xalqlan ilə sıx birliyinin qızğın tərəfdarı olan Xasməmmədov Azərbaycan və Şimali Qafqaz mühacirləri tərəfındən yaradılmış "Azərbaycan-Dağlılar birliyi" adlanan qurumun ilk sədri seçilmişdi. 1942-ci ilin yazmda Almaniyanın Xarici İşlər Nazirliyi xətti ilə Berlinə görüşə dəvət edilmiş tanınmış Qafqaz siyasi mühacirləri sırasında Xəlil bəy Xasməmmədov da olmuşdur. Xəlil bəy Xasməmmədov 1947-ci ildə İstanbulda vəfat edib və Fəri Köy məzarlığında dəfn olunub.  

Ədəbiyyat:

  1. İbrahimli X., Azərbaycan siyasi mühacirəti, B., 1997;
  2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. II cild. Bakı: Lider nəşriyyat, 2005;
  3. Seyidzadə D., Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar, B., 1998;
  4. Oruclu M.R., Azərbaycanda və mühacirətdə Müsavat Partiyasının fəaliyyəti (1911-1992), B., 2001;
  5. Сеидзаде Д. Б., Азербайджанские Депутаты в Государственной Думе России., Б., 1991
Paylaş: