Məmmədhəsən Hacınski (1875-1931)
Məmmədhəsən Cəfərqulu oğlu Hacınski 1875-ci il mart ayının 3-də Bakı şəhərində anadan olub. 1902-ci ildə Peterburq Texnologiya İnstitutunu bitirmişdir. Bir müddət Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunda mühəndis işləmişdir. Bakıya qayıdan Hacınski 1908-ci ildən Bakı şəhər idarəsində tikinti şöbəsinə başçılıq etmiş, Bakının abadlaşdırılması və inşaat işlərinin genişlənməsinə səy göstərmişdir; şəhərin baş planının (1898, müəllifi fon der Nonne) layihəsini təkmilləşdirmişdir. 1909-1910-cu illərdə Bakı dənizkənarı parkının salınması (tikintisi 1912-ci ildə başa çatdırılmışdır) və dəniz hamamının tikilməsi Hacınskinin fəaliyyəti ilə bağlıdır. Şəhərsalma və tikinti-inşaat sahəsində görkəmli təşkilatçı kimi tanınmışdır. 1912-ci ildə şəhər idarəsi Hacınskinin redaktəsi ilə Bakı küçələrinin abadlaşması haqqında kitab buraxmışdır. O, 1913-cü ildə qısa müddət Bakı şəhər idarəsinin rəisi olmuş, Şirvanşahlar sarayının qorunması və bərpasına dair təşəbbüs irəli sürmüşdür. Həmin təşəbbüsə əsasən, 1918-ci ildə memarlar Zivər bəy Əhmədbəyov və Ö.Abuyev Şirvanşahlar sarayının bərpa layihəsini hazırlamaq üçün elmi-tədqiqat işləri aparmışlar.
Hacınski 1902-17-ci illərdə Bakı şəhər dumasının üzvü olmuş və onun bir çox iclaslarına sədrlik etmişdir. O, 1904-cü ildə "Hümmət" sosial-demokrat təşkilatını yaradanlardan biridir. Hacınski, eyni zamanda, "Nəşri-maarif" cəmiyyətinin (1906) yaradılmasının təşəbbüsçülərindən biri, həmçinin "Nicat" cəmiyyəti idarə heyətinin, "Müsəlman xeyriyyə cəmiyyəti" Mərkəzi Komitəsinin üzvü olmuşdur. Hacınski "Müsavat" partiyasının ilk üzvlərindən idi. 1917-20-ci illər Hacınskinin ictimai-siyasi fəaliyyətinin qızğın dövrü olmuşdur. 1917-ci il martın 5-də təşkil edilən Bakı İctimai Təşkilatları Şurasının İcraiyyə Komitəsinə daxil idi. Hacınski martın 27-də yaradılmış Bakı Müsəlman İctimai Təşkilatları Müvəqqəti Komitəsinin sədri seçilmişdi. 1917-ci ilin aprelində Qafqaz müsəlmanlarının Bakı qurultayında iştirak etmişdi. O, qurultayı açmış və onun rəyasət heyətinə seçilmişdi. Həmin ilin mayında Hacınski Rusiya müsəlmanlarının Moskvada keçirilmiş qurultayında da fəal iştirak etmişdi. Hacınski "Müsavat" partiyasının birinci qurultayında (1917, 26-31 oktyabr, Bakı) Mərkəzi Komitənin üzvü seçilmişdi. 1917-ci il noyabrın 15-də yaradılmış Zaqafqaziya komissarlığında ticarət və sənaye komissarının müavini vəzifəsində çalışmışdır. Rusiya Müəssislər məclisinə üzv seçilmiş Hacınski Zaqafqaziya seymi təşkil edildikdə "Müsavat" partiyasından bu qurumun üzvü olmuşdur. Seymdə Osmanlı dövləti ilə danışıqlar aparmaq üçün seçilən nümayəndə heyətinə daxil idi. Trabzon konfransında (1918) iştirak etmiş, konfransda Zaqafqaziya seyminin danışıqları dayandırmaq haqqında qərarına qarşı çıxmış, bu qərarı sülhü pozmağa yönəldilmiş cəhd kimi qiymətləndirmiş və bu qərarı "beynəlxalq münasibətlər tarixində tayı-bərabəri olmayan bir təxribat" adlandırmışdı. A.Çxenkeli Hacınskinin məsləhətilə danışıqları tamamilə kəsməmiş, nümayəndə heyətinin bir neçə üzvü, o cümlədən, Hacınski Trabzonda qalmışdı. Hacınski Trabzonda Ənvər paşa ilə görüşündə Osmanlı dövlətinin Cənubi Qafqazla bağlı mövqeyi ətrafında danışıqlar aparmışdır. Osmanlı dövlətinin yeni sülh təşəbbüsü ilə çıxış etməsində Hacınskinin mühüm rolu olmuşdur.
Hacınski Zaqafqaziya Demokratik Federativ Respublikası (ZDFR) hökumətində ticarət və sənaye naziri vəzifəsini icra etmişdir. Seymin Batum konfransında iştirak edən 6 əsas nümayəndəsindən biri olmuş, Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə Azərbaycan tərəfini təmsil etmişdir. ZDFR-in süqutundan sonra (1918, 26 may) Hacınski mayın 27-də yaradılan Azərbaycan Milli Şurasının üzvü olmuşdu. O, Milli Şuranın Azərbaycanın İstiqlal bəyannaməsini qəbul edən 26 üzvündən biri idi.
Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci Hökumət kabinəsi təşkil olunarkən, Batumda olmasına baxmayaraq, Hacınski Azərbaycanın ilk xarici işlər naziri təyin edilmişdi. O, Osmanlı dövləti xarici işlər nazirliyindən Azərbaycanın müstəqilliyinin Rusiya və Avropa ölkələri tərəfindən tanınmasında vasitəçi olmasını xahiş etmişdi. Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq müqaviləsini (Batum müqavilələri (1918) Azərbaycan tərəfindən M.Ə.Rəsulzadə ilə birlikdə Hacınski imzalamışdır. Müqavilənin 4-cü bəndinə əsaslanan Rəsulzadə və Hacınski Osmanlı dövlətindən erməni-daşnak soyqırımlarına məruz qalan Azərbaycana hərbi yardım üçün müraciət etmişdilər. Osmanlı dövləti ilə Bakı-Batum neft kəmərinin istismarına dair, Cənubi Qafqaz dəmir yollarından istifadə haqqında sazişlər də imzalanmışdı. Hacınski 1918-ci il iyunun 14-də Gürcüstan Respublikası hökumətinə etiraz notası göndərmiş, gürcü qoşunlarının Borçalı qəzası hüdudlarından dərhal çıxarılmasını tələb etmişdi. Hacınski Cənubi Qafqaz respublikaları arasında sərhədlərin dəqiqləşdirilməsi üçün müştərək komissiyalar yaratmaq təklifi ilə Gürcüstan və Ermənistan respublikaları hökumətlərinə müraciət etmişdi. O, iyulun 15-də Hökumət başçısı Fətəli xan Xoyskiyə müraciət edərək, ermənilərin dinc türk-müsəlman əhalisinə qarşı törətdikləri soyqırımlarını təhqiq etmək üçün fövqəladə təhqiqat komissiyası yaradılmasının zəruri olduğunu bildirmişdi. Hacınski İstanbuldakı Azərbaycan nümayəndə heyətinin başçısı M.Ə.Rəsulzadə ilə müntəzəm rəsmi əlaqə saxlamışdır.
Azərbaycan Xalq Cümhuriyyəti 2-ci Hökumət kabinəsində xarici işlər naziri olmuş Hacınski 1918-ci il oktyabrın 6-dək həm də, müvəqqəti olaraq, nəzarət nazirliyinə rəhbərlik etmiş, 6 oktyabrdan isə maliyyə naziri olmuşdur. Hacınski maliyyə naziri kimi 1918-ci il noyabrın 28-də Azərbaycan Xalq Cümhuriyyəti ilə Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası arasında müqavilə imzalamışdır. Müqaviləyə görə, Dağlılar Respublikasına 10 milyon rubl faizsiz borc vermişdi. O, 3-cü Hökumət kabinəsində dövlət nəzarətçisi vəzifəsini tuturdu. Hacınski Azərbaycan Parlamentinin üzvü olmuşdur. O, Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris sülh konfransında (1919-20) iştirak edən nümayəndə heyətinin tərkibinə daxil idi. Paris sülh danışıqları zamanı Ə.Topçubaşovla birlikdə ABŞ, B.Britaniya, Almaniya, İtaliya, Türkiyə, İran və b. ölkələrin başçıları, dövlət nümayəndələri, diplomatları ilə görüşərək, Azərbaycan xalqının istiqlal mübarizəsi, ölkənin ağır iqtisadi vəziyyəti, zəngin neft ehtiyatı haqqında məlumat vermişdir. 1919-cu il sentyabrın 16-da Parisdə ABŞ vətəndaşı M.Robinovun Azərbaycan nümayəndə heyətinin maliyyə müşaviri təyin edilməsi haqqında Ə.Topçubaşovla birlikdə saziş imzalamışdır. Hacınski Parisdə də Azərbaycan Xalq Cümhuriyyəti və Dağlılar Respublikası arasında ikitərəfli sazişin hazırlanmasında iştirak etmişdir. Azərbaycana qayıdan Hacınski 1919-cu ilin noyabrında baş nazir Nəsib bəy Yusifbəyli ilə birlikdə Ermənistan hökuməti ilə danışıqlar aparmaq üçün Tiflisə getmiş, noyabrın 23-də Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan Respublikası arasında sülh sazişinin imzalanmasında iştirak etmişdir. Səfər zamanı Hacınski Parisdə Azərbaycan-gürcü birgə iqtisadi bölməsinin sədri kimi Gürcüstan hökumətinə məruzə etmiş, iri ingilis və amerikan cəmiyyətləri ilə Azərbaycan və Gürcüstan üçün çox mühüm və sərfəli olan iqtisadi müqavilələrin layihələrini gətirdiyini bildirmişdir. Hacınski Dövlət Müdafiə Komitəsinin 1919-cu il 9 dekabr tarixli qərarı ilə Fətəli xan Xoyski və Məmmədrza bəy Vəkilovla birlikdə Azərbaycan-Ermənistan konfransında iştirak edəcək hökumət nümayəndə heyətinə daxil edilmişdi. Konfransda (1919, 14-21 dekabr) çıxış edən Hacınski bildirmişdi ki, Azərbaycan və Ermənistan respublikaları arasında dostluq münasibətlərinin yaranmasına əsas maneə mübahisəli ərazilər məsələsidir. Qafqaz respublikaları müstəqil dövlət kimi ittifaqda - konfederasiyada birləşsələr, bu mübahisəli məsələlər öz-özünə həll ediləcəkdir. Hacınski "Müsavat" partiyasının 2-ci qurultayında (1919, 2-11 dekabr) partiyanın siyasi komissiyasının və MK üzvü seçilmişdi. Dekabrın 24-də N.Yusifbəylinin yeni Hökumət kabinəsində Hacınski daxili işlər naziri, 1920-ci il fervalın 18-dən isə ticarət, sənaye və ərzaq naziri vəzifəsini tutmuşdu. 1920-ci il fevralın 5-də Hacınski yollar naziri Xudadat bəy Məlik-Aslanovla Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan Respublikası arasında sərbəst yük daşınması haqqında tranzit müqaviləsi və ona əlavə saziş imzalamışdır. 1920-ci il martın 30-da Hökumət istefa verdikdə, Azərbaycan Cümhuriyyəti Parlamenti yeni Hökumətin təşkilini Hacınskiyə tapşırdı. O, bir müddət Parlamentdə fəaliyyət göstərən partiya və fraksiya nümayəndələri ilə danışıqlar apardı, hətta bolşeviklərlə də görüşdü və onlara öz hökumətində nazir vəzifələri də təklif etdi. Bolşeviklərdən müsbət cavab almayan Hacınski aprelin 22-də yeni hökumət təşkil etməyin mümkün olmadığını, Parlamentin sədrini əvəz edən Məmməd Yusif Cəfərova bildirmiş, həmçinin "Müsavat" partiyasından çıxdığını və bolşeviklər partiyasına daxil olduğunu bəyan etmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin taleyi üçün son dərəcə məsuliyyətli bir zamanda Hacınskinin lənglik göstərərək hökuməti təşkil edə bilməməsi hakimiyyət böhranını daha da dərinləşdirmişdi. Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra Hacınski Azərbaycan Sovet Sosialist Respublikası Ali Xalq Təsərrüfatı Şurasında, Zaqafqaziya Dövlət Plan Komitəsində müxtəlif rəhbər vəzifələrdə çalış mış, Azərbaycan şəhərlərinin abadlaşdırılmasında iştirak etmişdir. 1920-ci il mətbuatında Hacınskinin Azərbaycanın tikinti-quruculuq işlərinə dair məqalələri dərc edilmişdir. Sovet hakimiyyəti dövründə Azərbaycanın başqa görkəmli ictimai-siyasi xadimləri kimi Hacınski də repressiyaya məruz qalmışdır. L.Beriyanın göstərişi ilə 1930-cu il dekabrın 3-də Tiflisdə Zaqafqaziya Dövlət Siyasi İdarəsi (DSİ) tərəfindən həbs edilərək, ağır işgəncələr verilən Hacınski "Azərbaycan Milli Mərkəzinin" işi üzrə ittiham olunmuşdur. Ağır həbsxana həyatına dözməyərək ürək xəstəliyinə və vərəmə tutulan Hacınski, istintaq sənədlərinə görə, "özünü asmaqla" 1931-ci il, fevral ayının 9-da intihar etmişdir.
Ədəbiyyat: