AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

DİLAVƏR ƏZİMLİNİN XATİRƏSİNƏ

04.03.2021

ŞAHİN FAZİL

 

Vətənpərvər vətəndaş, qiymətli alim,

dilavər söz sahibi, Dilavər Əzimlinin

dünyanı tərk etməsi münasibəti ilə!

 

 

QƏZƏL

 

Əlimizdən elə zənn eyləyirik zər getdi,

Köksü zər sözlə dolu zərli o zərgər getdi.

 

Şeyx idi, pir idi, mürşüd idi bizdən ötəri,

Qalsa da xatirəsi öylə dilavər getdi.

 

Bəlli işdir hamıya gəldi-gedər dünyadə:

Hamını sarsıda bilmişmi məgər «hər getdi»?

 

Qarabağ gəldi ələ, nisgilimiz bitməkdə,

Qarabağ dərdi çəkən qayğılı bir ər getdi.

 

Məqsədi, qəsdi çalışmaq idi elm uğrunda,

Nə qədər niyyətə cismiylə bərabər getdi.

 

Elə bir hadisə baş verdi ki, əfsus deyirik,

Qələmi xəncər idi, əldən o xəncər getdi.

 

Nə oğul məclisi qurmuş, nə köçürmüş qızını,

Sinəsi sirlə dolu bir sinədəftər getdi.

 

Nə qədər arzusu qeyb oldu onun Arzusunun,

Arzunu tək qoyaraq getdi, mükəddər getdi.

 

Haradan gəldi bu virus bürüyüb Yer şarını?

Nə zaman bildirəcək yer bizə «kafər getdi»?

 

Oxuyub bilmiş idi hikmətini Qur’anın,

Hər bilən şəxs biləndərmi, biləndər – getdi.

 

Sözü də, söhbəti də, elmi də qiymətli idi,

Bir Vətən aşiqi, qeyrətli hünərvər getdi.

 

Mərd adam, cür’əti bəlli və cəsarətli kişi,

Qələmiylə döyüşən, dönməz olan nər getdi.

 

Elə insan idi insanlıq idi qayə ona,

Canlı mərcan idi, lə’l idi və gövhər getdi.

 

Duzlu söhbətləri var idi, şəkər timsalı,

«Şəkəri» vurğu ilə söylə, de «şəkkər» getdi.

 

Bu qəzəl mərsiyə oldu gözəl insanə bu gün,

Demədim çox sözü, qəlbimdəki sözlər getdi.

 

Onu xatırlayacaq hər tanıyan, ey Şahin,

Qalsa da xatirəsi Şeyx Dilavər getdi.

 

3 mart 2021

Paylaş: