AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

AMEA Rəyasət Heyətinin iclası keçirilib

30.05.2023

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

İclasda, müasir dövrün çağırışlarına uyğun olaraq, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun və Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun strukturunda dəyişiklik edilməsi məsələsinə baxılıb. Vurğulanıb ki, hazırda AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi istiqamətlərindən birini etnoqrafik tədqiqatlar təşkil edir, lakin etnoqrafiya elm sahəsi kimi əsasən etnosların adət və ənənələrini, mədəniyyətini, tarixini, etnoqrafiyasını öyrənir. Qeyd olunub ki, institutda etnoqrafik tədqiqatlar Türk xalqlarının etnoqrafiyası, Tarixi etnoqrafiya və Müasir dövr etnoqrafiyası şöbələri tərəfindən həyata keçirilir və təhlillər göstərir ki, müəssisədə aparılan etnoqrafik tədqiqatlar daha çox tarixi istiqaməti əhatə edir. Buna görə də etnoqrafik tədqiqatların Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun fəaliyyət istiqamətləri ilə daha da sıx əlaqələndirilməsinə böyük ehtiyac yaranıb.

Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturuna daxil olan Türk xalqlarının etnoqrafiyası, Tarixi etnoqrafiya və Müasir dövr etnoqrafiyası şöbələri öz ştat vahidləri ilə birlikdə AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutuna keçiriliblər.

Akademik İsa Həbibbəyli bildirib ki, bu qərar müasir dövrün çağırışları işığında etnoqrafiya elmini daha da inkişaf etdirəcək, onu etnologiya elmi səviyyəsinə qaldıracaq və yeni mərhələdə aparılan tədqiqatların gələcəkdə Tarix İnstitutunda nəşri planlaşdırılan “Etnologiya” jurnalında çap olunması təmin ediləcəkdir.

Paylaş: