AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

“Mahmut Kaşğarinin “Divanü Lüğatit-Türk” əsəri etnoqrafik mənbə kimi”

05.06.2024

3 iyun 2024-cü il tarixində AMEA A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Mahmut Kaşğarinin “Divanü Lüğatit-Türk” əsəri etnoqrafik mənbə kimi” adlı dəyirmi masa keçirilib.

İnstitutun elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev bildirib ki, Mahmud Kaşğari “Divani lüğat-it-türk” əsərini öz dövrünün ədəbi dili sayılan Xaqaniyyə dilində yazıb, burada 26 türk dialektində söz və nümunələr əksini tapıb. Kaşğari türk diyarlarını gəzərək türk dili, tarixi, coğrafiyası, folkloru vә mifologiyası ilə bağlı ədəbi xәzinә yaradıb. Müasir dövrdə türk dövlət və xalqlarının bir araya gəldiklərini, Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, iqtisadi, sosial və mədəni əlaqələrin genişləndiyini vurğulayan tarix elmləri doktoru İlqar Niftəliyev deyib ki, sanki düz min il əvvəl Mahmud Kaşğari Şərqdə gedən siyasi hadisələrin mənzərəsini aydın görüb, bu proseslərin inkişaf istiqamətini böyük uzaqgörənliklə duyub.

Tədbirdə əsərin Azərbaycan dilində nəşrində xüsusi xidmətləri olan tanınmış alim Ramiz Əsgərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd olunub ki, Kaşğarinin əsərinin dilimizə ilk tərcüməçisi özbək əsilli Xalid Səid Xocayev SSRİ EA-nın Azərbaycan filialında çalışıb, 1937-ci ildə repressiyaya məruz qalıb.

“Türk xalqlarının tarixi və etnologiyası” şöbəsinin müdiri, t.e.d. Güllü Yoloğlu bildirib ki, Mahmud Kaşğari 700 səhifəlik əsəri üzərində təqribən 15 il işləyib və 1083-cü ildə tamamlayıb, orijinalı bilinməyən əsərin ən qədim əlyazması 1266-cı ildə Muhamməd ibn Əbu-Bəkr ibn Əbu-l-Fəth tərəfindən üzü köçürülüb, hazırda İstanbul Millət Kitabxanasında saxlanılır.

“Divanü Lüğat-it-Türk”ün 950 illik yubileyi 2024-2025-ci illərdə YUNESKO çərçivəsində qeyd olunacaq tədbirlər siyahısına daxil edilib. Bu haqda qərar YUNESKO-nun Baş Konfransının 42-ci sessiyasında verilib.

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya şöbəsinin müdiri, t.ü.f.d., dosent Gülzadə Abdulova “Divanü Lüğətit-Türk”ün izi ilə etnoqrafik tapıntılar” adlı məruzəsində daha çox geyim elementlərinə toxunub, bildirib ki, Mahmud Kaşğari atalar sözləri və şeirlərdən istifadə edib və bu baxımdan türk dillərinin zənginləşməsinə böyük töhfə verib.

T.ü.f.d. G.Abdulova ayrı-ayrı sözləri araşdıraraq bir sıra sözlərin müasir ədəbi dilimizdə də istifadə edilməsinin vacibliyini söyləyib.

T.ü.f.d. Pərinaz Sadıqlı “Divanü Lüğat-it-Türk” əsərində türk xalqlarının etnoqrafiyasının təcəssümü” adlı məruzə ilə çıxış edib, Kaşğarlı Mahmudun müqayisəli üsuldan istifadə etdiyindən, ayrı-ayrı sözlərin günümüzdə də işlədildiyindən danışıb. O vurğulayıb ki, “Divanü Lüğatit-Türk” əsəri türk dillərinin tarixi inkişafını, tarixi leksikologiyasını öyrənməkdə, müqayisəli qrammatikasını tərtib etməkdə ilkin mənbələrdən biridir.

_____________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

Paylaş: