10.12.2024
Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin AMEA-nın Tarix və Etnologiya İnstitutu ilə birgə hazırladığı, Vətən müharibəsinə həsr edilmiş əvvəlki kitabın davamı kimi nəşr edilən yeni kitab 44 günlük müharibədən keçən dövr ərzində Azərbaycanda baş verən mühüm hadisələrə həsr olunub.
“Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabında birgünlük antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyinin bərpası, Xankəndi, Ağdərə, Əsgəran və Xocavənddə Dövlət Bayrağımızın ucaldılması, Xankəndidəki tarixi hərbi parad, qısa zamanda işğaldan azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, yeni infrastrukturun yaradılması, Böyük Qayıdış Proqramına uyğun olaraq keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı kimi mühüm tarixi hadisələr öz əksini tapıb. Nüfuzlu müəllif heyətinin məqalələrinin toplandığı kitab nəfis tərtibatda çap edilib.
Təqdimat mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatı Elman Nəsirov, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə və digərləri yeni kitabın əhəmiyyətini vurğulayıb, bu nəşrin müharibə həqiqətlərinin və sonrakı dövrdə qazanılan nailiyyətlərin təhlilinin, gələcək nəsillərə düzgün çatdırılmasının geniş təbliğində mühüm rol oynayacağını diqqətə çatdırıblar.
Qeyd edilib ki, yeni kitab xarici dillərə də tərcümə olunacaq.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir