AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Tələbələrin iştirakı ilə elmi diskussiya keçirilib

14.03.2025

14 mart 2025-ci il tarixində AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı” şöbəsinin təşkilatçılığı ilə “Birinci Qarabağ müharibəsinə baxış: elmi-nəzəri təhlil” mövzusunda elmi diskussiya keçirilib.

İclasda institutun əməkdaşları ilə yanaşı, burada təcrübə keçən Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Bakı Slavyan Universitetinin tələbələri və Sumqayıt Dövlət Universitetinin magistrantları iştirak edib.

Tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev mövzunun əhəmiyyətindən danışıb və tələbələrin dünyagörüşünün genişlənməsində, bilik və təcrübələrinin artmasında belə diskussiyaların əhəmiyyətini vurğulayıb.

“Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev bildirib ki, Ermənistan-Azərbaycan müharibəsi tarixə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib, azərbaycanlılar etnik təmizləməyə, soyqırıma məruz qalıblar. Ermənistan-Azərbaycan müharibəsi nəticəsində 1 milyondan artıq soydaşımız məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub.

Tədbirdə tələbə və magistrantları maraqlandıran çoxsaylı suallara cavab verilib, müzakirələr aparılıb.

_________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

Paylaş: