
25.09.2025
Tədbirdə AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva, AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi seminarının sədri akademik Nərgiz Axundova, bölmə üzvləri, bölmənin elmi-tədqiqat müəsisələrinin əməkdaşları və aidiyyəti şəxslər iştirak ediblər.
Seminarı giriş sözü ilə AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb. O, bugünkü seminarda AMEA-nın Tarix və Etnologiya İnstitutunun Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Günel Musayevanın “Azərbaycan Konstitusiyasının tarixi yolu və dövlət suverenliyinin təkamülü” mövzusunda elmi məruzənin dinləniləcəyini bildirib.
Sonra AMEA-nın Tarix və Etnologiya İnstitutunun Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Günel Musayevanın “Azərbaycan Konstitusiyasının tarixi yolu və dövlət suverenliyinin təkamülü” mövzusunda elmi məruzəni təqdim edib.
Bildirib ki, Azərbaycanın dövlətçilik tarixində Konstitusiya quruculuğu xalqın milli iradəsini və müstəqillik arzusunu ifadə edən mühüm proses kimi formalaşmışdır. Bu proses təkcə hüquqi sənədlərin qəbulu ilə deyil, həm də tarixi şəraitin, ictimai-siyasi durumun və dövlətçilik iradəsinin inkişaf mərhələləri ilə sıx bağlı olmuşdur.
1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli respublika modeli olaraq müstəqil dövlətçiliyin əsaslarını formalaşdırmağa çalışdı. Konstitusiya tariximizdə ilk fundamental dönüş nöqtəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə baş verir. Həmin dövrdə qəbul edilən qanunvericilik aktları – xüsusilə “İstiqlal Bəyannaməsi” – ilk dəfə olaraq xalqın suveren hüququnu və milli dövlət iradəsini hüquqi formada ifadə etdi. Lakin Cümhuriyyətin süqutu bu inkişafı yarımçıq qoydu. 1920-ci ildə Azərbaycan Sovetlər tərəfindən işğal olundu və bu, milli hüquqi inkişaf prosesini uzun illər boyu dayandırdı.
“Sovet dövründə qəbul olunmuş 1921, 1927, 1937 və 1978-ci il konstitusiyaları Azərbaycan SSR-in idarəçilik çərçivəsini müəyyən etsə də, bunlar əsl suverenlik anlayışından uzaq idi. Yalnız 1978-ci il Konstitusiyasında ilk dəfə olaraq, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan dili”nin dövlət dili kimi təsbit olunması xalqımızın milli kimliyinin qorunması istiqamətində mühüm addım oldu. SSRİ kimi mərkəzləşdirilmiş və rus dilinin üstünlük təşkil etdiyi bir dövlət quruluşunda belə bir təşəbbüs xalqın milli şüuruna güclü təsir göstərdi. 1991-ci ildə dövlət müstəqilliyinin bərpası ilə Azərbaycan yeni bir mərhələyə qədəm qoydu. Lakin bu müstəqillik ilk illərdə ciddi təhlükələrlə üzləşdi. Siyasi qeyri-sabitlik, Ermənistanın hərbi təcavüzü, separatizmin artması və hüquqi əsasların olmaması ölkəni böhran həddinə gətirib çıxarmışdı. Məhz belə bir dönəmdə, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanda dövlətçiliyin əsaslarını bərpa etmək, hüquqi sistem qurmaq və ictimai-siyasi sabitliyi təmin etmək istiqamətində qətiyyətli addımlar atdı”, - deyə məruzəçi söyləyib.
G.Musayeva qeyd edib ki, 1994-cü ildə Konstitusiya layihəsinin hazırlanması üçün xüsusi Komissiyanın yaradılması, ictimai müzakirələrin təşkili və ekspertlərinin iştirakı ilə həyata keçirilən genişmiqyaslı iş nəticəsində 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq referendumu ilə qəbul olundu. Bu sənəd Azərbaycanın dövlət quruluşunun əsaslarını, idarəetmə modelini, insan hüquq və azadlıqlarını, iqtisadi və sosial hüquqları müəyyənləşdirən ilk milli konstitusiya idi. Eyni zamanda, bu sənəd suveren dövlətin hüquqi əsaslarının tam və aydın şəkildə təsbit olunması baxımından tarixi əhəmiyyət daşıyırdı.
O bildirib ki, Konstitusiya təkcə dövlət idarəçiliyini deyil, həm də milli mənəvi dəyərləri, xalqın mədəni kimliyini, demokratik idarəetmə prinsiplərini qoruyacaq və inkişaf etdirəcək mexanizmləri də özündə ehtiva edirdi. Prezident institutu, Milli Məclis, Konstitusiya Məhkəməsi kimi mühüm dövlət orqanlarının səlahiyyətləri müəyyənləşdirildi, insan hüquqları və azadlıqları prioritet kimi tanındı.
1995-ci ildən sonra Azərbaycan Konstitusiyasına zamanın tələblərinə uyğun olaraq bir neçə dəfə əlavə və dəyişikliklər edildi. 2002, 2009, 2016 və 2018-ci illərdə keçirilən ümumxalq referendumları ilə Konstitusiyada edilən islahatlar dövlətin hüquqi bazasının təkmilləşdirilməsi, idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədi daşıyırdı. Bu dəyişikliklər həm də ölkənin demokratik inkişafına, seçki sisteminin təkmilləşdirilməsinə və vətəndaş cəmiyyətinin güclənməsinə xidmət etmişdir.
Seçki sistemində proporsional və majoritar modellər arasındakı keçidlər, parlamentin formalaşdırılmasında siyasi təmsilçiliyin təmin olunması, vitse-prezidentlik institutunun yaradılması və digər dəyişikliklər dövrün siyasi-iqtisadi reallıqları ilə sıx bağlı olmuşdur. Bu islahatlar eyni zamanda beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmış və milli spesifikaya uyğunlaşdırılmışdır.
Bütün bu proseslərin məntiqi davamı kimi, 2023-cü il 20 sentyabr tarixində Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu. Qarabağ iqtisadi rayonunda qanunsuz silahlı birləşmələrin tərksilah olunması və Azərbaycanın konstitusiya quruluşunun bütövlükdə bərpa edilməsi ilə ölkənin ərazi bütövlüyü və suveren hüquqları tam şəkildə təmin edildi. Bu, Konstitusiyanın tətbiqini və suverenliyin bütün ərazilərimizdə bərqərar olduğunu nümayiş etdirən mühüm tarixi mərhələdir.
“Azərbaycan bu gün regional və beynəlxalq müstəvidə tam suveren, siyasi baxımdan müstəqil, iqtisadi baxımdan dayanıqlı və hüquqi əsaslarla idarə olunan bir dövlət kimi inkişafını davam etdirir. Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də milli inkişafın və siyasi sabitliyin qarantıdır. Hazırda Azərbaycan Konstitusiyası ölkəmizin bütün ərazilərində keçərlidir və bu, dövlətimizin suverenliyinin tam bərpasının göstəricisidir. Bütün bu mərhələlər Azərbaycan dövlətinin keçdiyi inkişaf yolunu, milli iradəyə söykənən konstitusiya quruculuğunun mərhələli və strateji xarakterini əks etdirir. Konstitusiya tarixi eyni zamanda xalqın suverenliyini, azadlıq və demokratiya arzularını reallığa çevirən mühüm dövlətçilik salnaməsidir”, - deyə Günel Musayeva diqqətə çatdırıb.
Elmi seminarda çıxış edən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə, həmin institutun şöbə müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əli İbrahimov, Tarix və Etnologiya İnstitutunun direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev və başqaları mövzu ətrafında fikirlərini bildiriblər.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir